Azərbaycan
Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin
prezidentinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin tərkibinə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic, Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi, Avropa Olimpiya Komitələrinin koordinasiya komissiyasının sədri Spiros Kapralos daxildir.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki I Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə dövlət başçısına təşəkkürlərini çatdırdı. O dedi: “Dünən Sizin paralimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim etməyiniz və onunla birlikdə fəxri kürsüdə durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənildi”.
Xoş sözlərə görə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə dərin minnətdarlığını bildirən dövlət başçısı həqiqətən də İlham Zəkiyevə qızıl medalın təqdim edilməsi mərasiminin bütün Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox təsirli məqam olduğunu vurğuladı. İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən dövlət başçısı ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşıdığını bildirdi. “O, məni fəxri kürsüyə dəvət etdi və mən böyük məmnunluqla bunu etdim”, - deyən Prezident İlham Əliyev həmin anların unudulmaz olduğunu bildirdi.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki İlham Zəkiyevin yüksək texnika göstərərək çox inamlı qələbə qazandığını vurğuladı.
Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərinə Azərbaycanda idmanın inkişafına, I Avropa Oyunlarının təşkilində göstərdiyi xidmətlərə görə və şəxsən Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə bu işlərdə böyük əməyinə görə səmimi qəlbdən minnətdarlığını bildirdi. Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Avropa Olimpiya ailəsinin və şəxsən Patrik Hikkinin Azərbaycana olan inamının ifadəsi kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin bu etimadı layiqli şəkildə doğrultmaq üçün səylərini əsirgəmədiyini qeyd etdi.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin koordinasiya komissiyasının sədri Spiros Kapralosun və Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin bütün üzvlərinin möhtəşəm, unudulmaz ilk Avropa Oyunlarının keçirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirdi.
Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic dedi: “Çox sağ olun, cənab Prezident. Avropa Oyunlarının təşkilindəki xidmətlərinizə görə çox minnətdarıq. Xalqınızın əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan odlar ölkəsi, Bakı küləklər şəhəridir. Lakin mən buraya “gülərüzlü insanlar ölkəsi” ifadəsini də əlavə etmək istərdim. Bütün həyatımboyu bu qədər gülərüzlü gənc insan görməmişdim. Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq. Dünən İlham Zəkiyevə medal təqdimetmə mərasimində onun Azərbaycanın Dövlət himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O, əsl vətənpərvərdir. Biz insanlarınızın və şəxsən Sizin I Avropa Oyunlarının təşkili işinə verdiyiniz dəstəkdən şərəf hissi duyuruq”.
Dövlət başçısı həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın əməyinin, xüsusilə də gənc könüllülərin peşəkarlığının və yüksək əhval-ruhiyyəsinin onda da böyük təəssürat yaratdığını dedi. Prezident İlham Əliyev bir daha Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə və nümayəndə heyətinin üzvlərinə xoş sözlərə görə minnətdarlığını bildirdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 28 iyun.- S. 2.