“Zəfər günləri” növbəti zəfərlərin təməli oldu

 

İdman tarixində ilk dəfə Azərbaycanda əsası qoyulan I Avropa Oyunları başa çatdı. Möhtəşəm bağlanış mərasimi ilə də tarixə öz möhürünü vuran “Bakı-2015”in bütün günləri bir-birindən maraqlı mübarizələrlə yadda qaldı. Həmin günlərdə Azərbaycan idmançıları da Avropanın ən yaxşılarından olduqlarını öz parlaq qələbələri ilə bir daha sübuta yetirib ümidləri doğrultdular. 291 atletimizin mübarizə apardığı beynəlxalq yarış Azərbaycan üçün tarixi rekordla da əlamətdar oldu. Yığmamız “Bakı-2015”i 56 medalla başa vurdu və 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanaraq yalnız Rusiya komandasından geri qaldı. Avropa Oyunlarını həm yığmamız, həm də ölkəmiz üçün böyük nailiyyət hesab etmək olar. Gələcək uğurlar üçün digər vacib məqam ondan ibarətdir ki, idmançılarımız yaxşı təcrübə qazandılar.

Milli Olimpiya Komitəsinin “Hər gün bir tarix, hər gün bir zəfər” devizi altında təşkil etdiyi “Zəfər günləri” adlı tədbirlər də beynəlxalq idman bayramına əlavə çalar qatdı. MOK medalçıları təbrik edib onları dəyərli hədiyyələrlə mükafatlandırdı. “Zəfər günləri” üçün hazırlanmış nar ağacının simvolik bəhrələrinə imza atan atletlərimiz və ailə üzvləri sevinc hisslərini bu mərasimə gələn idman ictimaiyyəti və media nümayəndələri ilə bölüşdülər.

İyunun 29-da MOK-da Avropa Oyunlarına həsr olunan “Zəfər günləri”nə yekun vuruldu. Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, Avropa Oyunlarında Avropanın ən güclüləri olduqlarını sübut edən idmançılarımızın şanlı qələbələri, rekordları davam edəcək: “Əslində böyük uğurlarımız hələ qabaqdadır və biz çox zəfərlər görəcəyik. “Bakı-2015”in “Zəfər günləri” isə yekunlaşmaq üzrədir. Möhtəşəm bağlanış mərasimi ilə yenə tarixi uğura umza atan Azərbaycan Avropa dövlətləri sırasında 2-ci yeri tutmaqla bir daha həm də idman ölkəsi olduğunu dünyaya nümayiş etdirdi. Bütün idmançıları, məşqçiləri qələbə günü münasibəti ilə bir daha təbrik edirik”.

Çingiz Hüseynzadə əminliklə onu da bildirdi ki, Azərbaycan qarşıdan gələn Olimpiya Oyunlarında da böyük uğurlar qazanacaq. Çünki Avropa Oyunları idmanımızın inkişafına böyük təkan oldu.

Avropa Oyunlarının 16-cı günündə uğur qazanan boksçularımız - qızıl medalçılar Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq), həmçinin gümüş mükafat əldə edən Xaybula Musalov (75 kq) simvolik bəhrələrə imza atdılar və onlara hədiyyələr təqdim olundu. Onlar təəssüratlarını bizimlə belə bölüşdülər:

 

“Qızıl medal məsuliyyətimi daha da artırdı”

 

Pərviz BAĞIROV,

Avropa Oyunlarının qalibi:

- Avropa Oyunlarına çox ciddi, məsuliyyətlə hazırlaşırdıq. Məşqçilərimiz yaxşı nəticələr göstərməyimiz üçün əllərindən gələni etdilər. Şükürlər olsun, qızıl medal qazanıb, mənə bəslənən ümidləri doğruldub himnimizi səsləndirdim.

Keçirdiyim görüşlərə gəlincə isə deyim ki, çox gərgin keçdi. Çünki rəqiblərim güclü idilər. Ən çətini isə final görüşü oldu. Rəqibim rusiyalı Avropa çempionu Aleksandr Besputin idi. Ümumiyyətlə, Rusiyadan zəif idmançı görməmişəm. Onlar həmişə güclü olublar. İlk dəfə idi ki, Besputinlə rinqdə üz-üzə gəlirdik. Amma onu tanıyırdım. Əsas odur ki, qalib gəldim.

Bilirəm ki, Avropa Oyunlarında qızıl medal almaq məsuliyyətimi daha da artırdı. Ona görə də qarşıdan gələn dünya çempionatına çox ciddi hazırlaşmalıyam. Oktyabrda keçiriləcək dünya çempionatında çıxış edib qarşıdakı Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyirəm. Onu da deyim ki, bu uğurumdan sonra artıq rəqiblər mənimlə maraqlanırlar. Ümumiyyətlə, bütün idmançılar öz çəki dərəcəsində çıxış edən rəqiblərini tanıyırlar və başlayırlar ona uyğun hazırlaşmağa. Əvvəl mən rəqiblərimə uyğun hazırlaşırdım. İndi onlar mənə uyğun hazırlaşacaqlar. İkiqat məşq edəcəm. Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında medal qazanmağı qarşıma məqsəd qoymuşam.

 

Arzum çin oldu

 

Albert SƏLİMOV,

Avropa Oyunlarının qalibi:

- Çox sevincliyəm. İdmançının hər qazandığı medal böyük zəhmət tələb edir. Mən bu qızıl medal üçün böyük əmək sərf etdim, bəhrəsini gördüm. İlk Avropa Oyunlarının medalını əldə etmək çox önəmli idi. Bir az dincələndən sonra məşqlərə başlayacağam. Mənə dəstək olan hər bir şəxsə dərin təşəkkürümü bildirirəm.

Onu da qeyd edim ki, son vaxtlar bəxtim heç gətirmirdi, uğursuzluqlar məni izləyirdi. Trabzonda keçirilən yarışda zədələnməyim məni London Olimpiadasından məhrum etmişdi. Ona görə karyeramı başa vurmağı düşünürdüm. Lakin Avropa Oyunları mənə əlavə stimul verdi. Ancaq arxayınlaşmaq olmaz, məşqləri davam etdirmək lazımdır. Qarşıda dünya çempionatı Yay Olimpiya Oyunları var. Orda da gücümü göstərməliyəm.

Avropa Oyunları gözləniləndən qat-qat maraqlı keçdi

 

Abdulqadir ABDULLAYEV,

Avropa Oyunlarının qalibi:

- Bütün medal alan idmançılarımız kimi, mənim təəssüratlarım çoxdur. Avropa Oyunları valehedici yarış oldu. Çox sevinirəm ki, bu möhtəşəm yarışda qızıl medalçılarından biri oldum.

Bu yarışa qədər çox zəhmət çəkdik, məşqlərdə var gücümüzlə iştirak etdik. Yarışa çempion olmaq arzusu ilə çıxmışdım. Əvvəldən məqsədim Avropa Oyunlarının çempionu olmaq idi. Azarkeşlər bizə yaxşı dəstək verdilər. Ona görə onlara, Boks Federasiyasının hər bir üzvünə minnətdaram.

Bilirsiniz ki, mən finalda mübarizə aparmadım. Çünki Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyan zədəsinə görə döyüşə çıxmadığı üçün qızıl medala sahib oldum. Ancaq çox istəyirdim ki, erməni boksçu ilə döyüşüm baş tutsun. Azərbaycanın boksda da güclü olduğunu sübut etmək üçün əlimdən gələni edəcəkdim. Axı, bizim üçün rəqibin kimliyinin önəmi yoxdur, istənilən boksçuya qalib gələ bilərik. Düzdür, əvvəllər həmin erməni ilə qarşılaşmamışam. Ancaq inanırdım ki, ona qalib gələcəyəm, özü çox asan.

 

Azarkeşlərin dəstəyi yüksək idi

 

Xaybula MUSALOV,

Avropa Oyunlarının gümüş mükafatçısı:

- Artıq Avropa Oyunları başa çatdı. Azərbaycan bu yarışa çox yüksək səviyyədə evsahibliyi etdi. İdmançılarımız isə öz qələbələri ilə Avropa dövlətləri sırasında 2-ci olduqlarını göstərdilər. Bu, böyük uğurdur.

Yarışlara gəldikdə deyə bilərəm ki, bütün görüşlər gərgin keçdi. Bakıya güclü boksçular gəlmişdilər. Məqsədim final oynayıb qızıl medala sahib çıxmaq idi. Ancaq qismət belə imiş. Mən əlimdən gələni etmişəm. Gümüş medal qazanmaq hər halda uğurdur. Təskinlikverici odur ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orada Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacağam.

Avropa Oyunlarında tamaşaçıların, azarkeşlərin dəstəyi çox yüksək idi. Afərin! Müəyyən qədər onların da döyüşdə təsiri olur. Mən adətən rinqə həmişə qələbə üçün çıxıram. Çalışacağam ki, mənə bəslənən ümidləri gələcəkdə qızıl medallarla doğruldum.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.-30 iyun.- S.9.