Azərbaycan-Lixtenşteyn münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin rolu müzakirə olunub

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iyunun 27-də Lixtenşteyn Knyazlığı parlamentinin sədri Albert Frik ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov ölkələrimiz arasındakı əlaqələrdən danışıb. Bildirib ki, bu əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Oqtay Əsədov Albert Frikin Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsində yeni səhifə açacağına, parlamentlərarası münasibətlərin inkişafına təkan verəcəyinə inandığını deyib, iqtisadi əməkdaşlıq üçün mövcud imkanlardan söhbət açıb.

Milli Məclisin sədri regionun lider dövləti olan Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından da bəhs edib. Bildirib ki, Azərbaycan həm də idman ölkəsidir. Hər bir azərbaycanlı bu Oyunların yüksək səviyyədə təşkil olunmasına görə fərəh hissi keçirir. Yarışlarda iştirak edən idmançılar da belə bir təşkilatçılıqdan razı qaldıqlarını qeyd edirlər. Qarşıdakı illərdə ölkəmiz daha bir neçə belə mötəbər idman bayramına ev sahibliyi edəcək.

Lixtenşteyn parlamentinin sədri Albert Frik Azərbaycana səfərindən və burada ona göstərilən yüksək qonaqpərvərlikdən məmnunluqla söz açıb. O, əvvəllər də ölkəmizə səfər etmək istəyində olduğunu deyib. Bu səfərin həm də birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün bir fürsət olduğunu vurğulayıb. Qonaq ölkəsini yarışlarda təmsil edən idmançılarla da görüşdüyünüonlar üçün yaradılan şəraiti yüksək qiymətləndirdiklərini bildirib.

Görüşdə gələcək əməkdaşlıq imkanları, münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 28 iyun.- S.6.