Lixtenşteyn parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

 

İyunun 26-da Lixtenşteyn Knyazlığı parlamentinin sədri Albert Frik Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Lixtenşteyn parlamentinin sədri Albert Friki Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və digər rəsmi şəxslər qarşıladılar.

Lixtenşteyn parlamentinin sədri Albert Frik aeroportda jurnalistlərə müsahibəsində qeyd edib ki, bu, onun parlament sədri kimi Azərbaycana ilk səfəridir. Qonaq deyib: “Azərbaycanın Lixtenşteyndəki səfiri ilə çox yaxşı münasibətlərimiz var. Onunla tez–tez görüşür, müxtəlif məsələlər barədə söhbətlər aparırıq. Ondan Azərbaycan haqqında müntəzəm məlumatlar alıram. Dəfələrlə məni Azərbaycana dəvət edib. İndi Azərbaycana bu səfəri böyük məmnuniyyətlə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı həyata keçirirəm. Oyunların bağlanış mərasimində iştirak edəcəyəm. Eyni zamanda, Azərbaycan parlamentində görüşlərim olacaq”.

Albert Frik bildirib ki, Azərbaycan ilə Lixtenşteyn arasında əlaqələr başlanğıc mərhələsindədir. Biz əlaqələrimizi indidən etibarən inkişaf etdirməyə başlayırıq. Düşünürəm ki, bu başlanğıcın ilk Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf etməsi çox gözəl haldır. Lixtenşteyn Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 6.