Antiazərbaycançı dairələrin
məramı xülyadır
Elə bil ki, sıraya düzülüb növbə gözləyirdilər. Əvvəlcə Avropa Parlamenti, ardınca Almaniya Bundestaqı, Avropa Şurası Parlament Assambleyası, axırda da ABŞ Dövlət Departamenti... Sanki Azərbaycandan başqa dərd-sərləri yoxdur. Hamısı bir-ağızdan Azərbaycanda insan hüquqları sahəsində yaranmış vəziyyətdən elə canfəşanlıqla danışırlar ki, guya Avropanın, dünyanın yeganə problemi elə budur və məsələ yoluna qoyulmasa, bəşər sivilizasiyası məhvə doğru gedər. Hamısı da hakim qismində çıxış edir.
Özləri deyirlər ki,
idmanı siyasətə qarışdırmaq olmaz.
Amma özləri də bu prinsipi
pozurlar. Yuxarıda adı çəkilən
qurumlar Azərbaycana qarşı qaryaxma kampaniyasını məhz
Bakıda başa çatmış I Avropa Oyunları ərəfəsində
və Oyunların gedişində həyata keçirdilər. Görəsən, Azərbaycanda insan hüquqları məsələsini
başqa vaxt müzakirə etmək olmazdımı? Yəqin ki,
olmazdı. Axı Azərbaycan
özünü nəinki
Avropaya, hətta dünyaya tanıtmaq üçün yaxşı
fürsət qazanmışdı,
bu isə ölkəmizdə vəziyyəti
yalnız qara rəngdə təqdim etməyə çalışan
qüvvələrə sərf
etmirdi. Bir tərəfdən, qitənin
siyasi dairələri Avropa Oyunlarını “görmür”, digər tərəfdən isə,
aparıcı KİV mühüm
idman tədbirindən
xəbər tutmamağa
çalışır, ya
da Bakıda idman yarışları foununda baş verən hansısa xoşagəlməz təsadüfi
hadisəni qabartmağa
cəhd edirdi.
İlk “zərbə”
Avropa Parlamentindən
(AP) gəldi. İyunun 10-da AP-da “İdman
və insan hüquqları” mövzusunda
Azərbaycanla bağlı
“dinləmələr” keçirildi.
Üzdəniraq təşəbbüsün müəllifləri və
onalrın dəmtutanları
qitənin ilk Oyunlarını
təşkil edən Bakını insan hüquqlarını pozmaqda
ittiham edib AP adından sərt mövqe ortaya qoymaq istədilər.
Lakin bu cəhd baş
tutmadı. Bir sıra
parlamentarilər Azərbaycanın
evsahibliyi etdiyi Avropa Oyunlarını müsbət qiymətləndirdilər,
ölkəmizə qarşı
belə təzyiqlərin
düzgün olmadığını,
rəsmi Bakı ilə qarşıdurma əvəzinə, dialoqun zəruriliyini vacib saydılar. Onlar AP-ın “prinsipial”
deputatlarını başa
saldılar ki, Azərbaycanı öyrətmək
bəsdir, çünki
“başqalarını öyrətdikcə
özümüz onlardan
təcrid olunuruq”.
Antiazərbaycançılara izah edildi ki, Azərbaycan qitə olimpiadasını
təşkil etməklə
heç bir günah işlətmir, əksinə, Avropanın görməli olduğu işi görür və ona görə
də tənqidə yox, təşəkkürə
layiqdir. Beləcə AP-ın Azərbaycana münasibətdə təzyiq
həmləsi uğursuzluğa
düçar oldu.
AP-dan sonra “estafet”i Almaniya Bundestaqı qəbul etdi. İyunun 12-də alman parlamentində
keçirilmiş “dinləmələr”də
də çıxış
edənlər daha mütəşəkkil idilər.
Elə bir təsəvvür vardı ki, Azərbaycanı “yıxıb-sürümək”
üçün əməlli-başlı
ssenari hazırlanmışdı.
“Dinləmələr”in iştirakçıları misli-bərabəri
olmayan yekdilliklə Azərbaycana hücum etdilər, AP-dan fərqli olaraq, daha irəli getdilər, yəni sərt məzmunlu qətnamə qəbul etdilər.
Növbəti “dinləmə” dayanacağı
Avropa Şurası Parlament Assambleyası oldu. Qurumun Monitorinq Komitəsinin
Azərbaycan üzrə
həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin hazırladıqları “Azərbaycanda
demokratik institutların
fəaliyyəti” adlı
qətnamə layihəsi
üzrə müzakirələr
keçirildi. Yenə
də antiazərbaycançı
qüvvələr iş
başında idi. Yenə də tənqid-iftiranın
ardı-arası kəsilmirdi.
Azərbaycanın yaşadığı
insanlıq faciəsini
- ölkə ərazisinin
20 faizinin Ermənistanın
işğalı altında
qalması, 1 milyondan artıq azərbaycanlının
yurd-yuvasından didərgin
salınması faktı
antiazərbaycançıları dayandırmadı. Səs çoxluğu ilə qəbul edilmiş sənədin mətnindən
hətta “Azərbaycanın
Ermənistan tərəfindən
işğal edilmiş
Dağlıq Qarabağ
və digər yeddi rayonu barədə”
ifadəsi çıxarılaraq
“Dağlıq Qarabağ
münaqişəsi barədə”
ifadəsi ilə əvəz olundu. Halbuki bir sıra deputatlar
Azərbaycan ərazilərinin
işğal olunması
faktının BMT-nin dörd qətnaməsində
və AŞ PA-nın
qətnamələrində əks olunduğunu yada salmışdılar.
Məsələn, ispaniyalı
parlamentari Diaz Teyera nəzərə çatdırmışdı
ki, müzakirələrdə
ərazi bütövlüyü
məsələsi elə
ən vacib məsələlərdəndir: “Krımdan danışarkən
deyirik ki, ilhaq olub. Dağlıq
Qarabağın işğal
edilməsinin bircə
fərqi bunun 20 il bundan
əvvəl baş verməsidir. Nə vaxt baş verir-versin, işğal elə işğaldır”.
AŞ PA-nın Azərbaycan üzrə keçmiş
həmməruzəçisi, maltalı Jozef Debano Qrexin antiazərbaycançılara
yönəlik müraciəti
isə haqlı ittiham kimi səslənirdi:
“Mən anlaya bilmirəm, o qədər postsovet ölkəsində
problemlər olur, amma mən burada
həmişə Azərbaycanın
adını eşitmişəm...
Hamı istəyirdi ki, Qəzzafidən, Səddam
Hüseyndən azad olsun. İndi Qəzzafidən yaxa
qurtardıq, Səddamdan
yaxa qurtardıq.
Əvəzində nə əldə
etdik? Yalnız xaos! Nədir, biz Azərbaycanda xaos istəyirik?”
Cənab Qrex haqlıdır. İstər Avropanın
sözügedən dairələrinin,
istərsə də
ABŞ Dövlət Departamentinin
insan hüquqları sahəsində Azərbaycana
“dərs vermək” cəhdləri ortadadır.
İnsan
hüquqları yalnız
bəhanədir. Qərbin özündə,
eləcə də onun müdafiə etdiyi bədnam ölkələrdə, məsələn,
işğalçı Ermənistanda
insan hüquqları sahəsində problemlərin
sayı-hesabı yoxdur.
Həmin
problemləri müzakirə
etmək üçün
onillərlə vaxt lazımdır. Amma antiazərbaycançı
qüvvələrə bu
cür “dinləmələr”
keçirmək sərf
etmir. Rəsmi Bakıya təzyiqlərin
məqsədi isə aydındır: Azərbaycanı
müstəqil siyasət
yürütməkdən çəkindirib
öz diktəsinə
tabe etdirmək, əks təqdirdə isə, ölkəni xaosa sürükləmək
- Liviyada, Suriyada, Yəməndə olduğu
kimi.
Ancaq antiazərbaycançıların
öz məramlarına
çatacağı xülyadır. Azərbaycan dövləti
kifayət qədər
güclüdür və
bədxah qüvvələrin
təzyiqlərini dəf
etməyə hazırdır.
Allahverdi MEHDİYEV,
Azərbaycan.-2015.-30 iyun.- S.11.