Hamburqda konfrans keçirilmişdir
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin xarici ölkələrin ictimaiyyətinə çatdırılması məqsədi ilə bir sıra uğurlu layihələr həyata keçirilir. Belə layihələrdən biri Humanitar Araşdırmalar İctimai Birliyi və Almaniyadakı Hamburq Türk Birliyinin 27-28 iyun tarixlərində Hamburq şəhərində birgə təşkil etdikləri konfrans olmuşdur. “Ermənistanın Azərbaycana təcavüzünün Avropa təhlükəsizliyinə təsiri” adlı konfransı Hamburq əyaləti parlamentinin üzvü, Hamburq Türk Birliyinin sədri Nebahat Güclü açmışdır. Sonra Humanitar Araşdırmalar İctimai Birliyinin sədri, dosent Nurlana Mustafayeva layihə haqqında məlumat vermiş və “Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi şəraitdə Azərbaycan - Türkiyə qardaşlığının və birgə fəaliyyətinin əhəmiyyəti” mövzusunda məruzə etmişdir. Milli Məclisin deputatı, professor Musa Qasımlı “Ermənistanın Azərbaycana qarşı təcavüzü və nəticələri” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Ermənistanın təcavüzünün davam etməsinə və ağır nəticələrinə baxmayaraq, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri böyük bir inkişaf yolu keçmişdir. İşğalçı Ermənistan isə iflas səviyyəsindədir. Professor M.Qasımlı vurğulamışdır ki, işğalçı Ermənistan uydurma erməni soyqırımını tanıtma iddialarını artırmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunun və digər ərazilərinin işğalı faktını unutdurmağa çalışır. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Avropa qitəsində təhlükəsizliyə ciddi təhdid törətdiyindən dünya ölkələri terroru himayə edən və işğalçı dövlət olan Ermənistanın siyasətini pisləməlidirlər.
Daha sonra Almaniya Federativ Respublikası bundestaqının keçmiş deputatı, professor Hakkı Keskin “Ermənistan, beynəlxalq qərarlar və Qafqazda sülh” mövzusunda məruzə etmişdir. O, Xocalıda törədilən soyqırımından danışmış, Ermənistanın təcavüzünün davam etməsini Avropa təhlükəsuzliyinə təhdid kimi qiymətləndirmiş, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsinin və işğalçı ölkəyə təzyiqlər edilməsinin vacibliyini vurğulamışdır.
Dr. Ali Söylemezoğlu “Son hadisələrin işığında “erməni soyqırımı” iddiaları: bizim münasibətimiz necə olmalıdır?” mövzusunda məruzə etmişdir.
Konfrans iştirakçılarına Ermənistanın təcavüzü və nəticələrinə, qədim və müasir Azərbaycan tarixinə dair Heydər Əliyev Fondunun Azərbaycan, alman, ingilis və türk dillərində nəşr etdirdiyi kitab, broşüra və xəritələr paylanmışdır. Məruzələr ətrafında geniş müzakirələr keçirilmiş və suallara cavablar verilmişdir. Çıxış edənlər konfransın faydalı olduğunu vurğulamışlar.
Konfransın sonunda görkəmli
ssenarist və rejissor Serkan Koçun uydurma erməni soyqırımından bəhs
edən sənədli filmi nümayiş
etdirilmişdir.
Azərbaycan.-2015.-30 iyun.- S.11.