Hər dəqiqəsi
bir tarix, hər günü bir zəfər
İyunun 12-də möhtəşəm açılış mərasimi ilə start götürən “Bakı-2015” Avropa Oyunlarına bu gün yekun vurulacaq. İlk dəfə Azərbaycanda reallığa çevrilən bu Oyunlarda hər keçən gün bir-birindən maraqlı mübarizələrlə yadda qaldı. Azərbaycan idmançıları qazandıqları qızıl medalların sayına görə də ölkəmizin dünyada böyük idman dövlətlərindən biri olduğunu sübut etdilər.
Ümumiyyətlə Avropanın idman tarixində yeni səhifə açan Azərbaycan 17 gün ərzində əsl bayram libasına büründü. İdmançılarımızın şanlı qələbələri bütün Azərbaycan xalqını sevindirirdi. Milli Olimpiya Komitəsinin təşkil etdiyi “Zəfər Günləri” isə bu idman bayramına əlavə çalarlar qatdı. İyunun 13-dən başlayaraq medal qazanan hər bir idmançı ertəsi gün MOK-a dəvət edilərək hədiyyələrlə mükafatlandırıldı. İyunun 26 və 27-də təşkil olunan “Zəfər Günləri”ndə isə sevinc-sevincə qarışmışdı. Medal qazanan idmançıların şərəfinə təşkil olunan mərasim Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə təsadüf edirdi. MOK inzibati binasına yenə də idmançılar, media və idman ictimaiyyətinin nümayəndələri toplaşmışdı. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Olimpiya çempionu Fərid Mansurov və “Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqovun qatıldığı görüşdə yarışların 15-ci günündə uğur qazanan idmançılara - qızıl medalın sahibi Teymur Məmmədov (boks, 81 kq), gümüş medalçılar Orxan Səfərov (cüdo, 60 kq) və Sevil Bünyadova (qılıncoynatma, sablya), bürünc mükafatçılar Sevinc Bünyadova (qılıncoynatma, sablya) və Tayfur Əliyevə (boks, 56 kq) dəyərli hədiyyələr təqdim olundu və onlar nar ağacına öz imzalarını atdılar.
Mərasimdə çıxış edən MOK-un vitse prezidenti Çingiz Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibəti ilə ölkə ictimaiyyətini və idmançılarımız arasında olan hərbçiləri təbrik edərək dedi: - Bu gün ikiqat bayramdır. Həm silahlı qüvvələrin yaranması günü, həm də medalçılarımızın şərəfinə təşkil olunan “Zəfər Günləri”dir. Yarışların 15-ci günündə atletlərimiz 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla Azərbaycan millisinin aktivinə daha 6 medal əlavə ediblər. Qazanılan medallarla Azərbaycan ikinci sıradakı mövqeyini daha da möhkəmləndirib.
Ç.Hüseynzadə daha sonra dedi ki, Azərbaycan idmanı tarixinə daha bir qızıl hərflə yazılacaq hadisə baş verib. Qılıncoynatma yarışlarında iştirak edən Sevil və Sevinc Bünyatova bacıları tarixdə ilk dəfə bu yarış növündə Azərbaycana gümüş və bürünc medal qazandırıblar. Biz onlardan yaxşı çıxış gözləyirdik, onlar da öz uğurlu çıxışları ilə bizlərdə həyəcan yaşatdılar. Bu isə onu göstərir ki, Azərbaycan idmançıları Avropa Oyunlarında möhtəşəm çıxışlarını davam etdirirlər. İnanırıq ki, son günlərdə də medallarımızın sayı artacaq.
Milli Məclisin deputatı Hadı Rəcəbli də tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi. O da dedi ki, bu gün simvolik bir gündür. Hər kəs bayram əhval-ruhiyyəsindədir. İnşallah Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə növbəti zəfər günlərini Dağlıq Qarabağda qeyd edəcəyik.
İdman oyunları bir ölkənin sülhsevərliyindən xəbər verir. Azərbaycan idmançılarının qazandıqları medallar da sübut edir ki, dövlətimiz idman sahəsinə böyük diqqət ayırır. İdmançılarımızın qələbələri, himnimizin səslənməsi gənc nəsildə vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edəcək. Sonra idmançılara dəyərli hədiyyələr təqdim olundu.
Mərasimdən sonra medalçılar sevinc hisslərini bizimlə belə bölüşdülər:
“Bakıda arzuma
çatdım”
Teymur
MƏMMƏDOV, I Avropa Oyunlarının
qalibi:
- Avropa Oyunlarına çox ciddi hazırlaşmışdım. Zədəm olsa da məqsədim qızıl medal qazanmaq idi. Sevinirəm ki, istəyimə çatdım.
Görüşlərə gəlincə isə deyə bilərəm ki, boksda mənim üçün də çox vaxt ilk döyüş çətin olur. Çünki diqqətlər sənə köklənir və psixoloji cəhətdən oyun ağır keçir. Qalib gələndən sonra isə ruh yüksəkliyi yaranır və irəliləyirsən. Final görüşünə tam ciddi hazırlıq gördüm. Bilirdim ki, rəqibim güclüdür. Buna baxmayaraq inamla döyüşdüm və mübarizədən qalib çıxdım.
Çox xoşbəxtəm ki, medalı boynumdan Prezident İlham Əliyev asıb məni təbrik etdi. Bundan gözəl nə ola bilər ki? Özümə bundan artıq nə arzulaya bilərəm? Cənab Prezident London Olimpiadasında da mənim mübarizəmi izləmişdi, mənə azarkeşlik edirdi. Londonda bürünc medal qazandım. Orada finala layq idim. Hər şey hakimlərin səhv qərarı nəticəsində baş verdi. Şadam ki, bu yarışda öz sözümü dedim. Bu, Prezidentə də xoş oldu. Xalqımıza xoş anlar bəxş etdiyim üçün çox sevincliyəm.
London Olimpiadasını bürünc medalla başa vurdum. Avropa Oyunlarının çempionu oldum, Braziliyadan da vətənə qızıl medalla dönmək arzusundayam.
“Zədə
öz sözünü dedi”
Orxan
SƏFƏROV, I Avropa Oyunlarının
gümüş mükafatçısı:
- Qızıl medal ala bilmədiyim üçün bir qədər məyusam. Ancaq Avropa Oyunlarının gümüş mükafatçısı olmaq da hər idmançıya qismət olmur. Ona görə də sevinirəm. Mən öz səhvim ucbatından qızıl medalı qazana bilmədim. Hesabda irəlidəydim. Son dəqiqələrdə həyəcanlı idim. Həm də, yarımfinalda zədələnmişdim. Finalda isə xəbərdalığım var idi və üçüncü cəriməni ala bilərdim. Ona görə də risk etdim ki, rəqibimi fəndə salım. Amma özüm fəndə düşdüm.
Onu da deyim ki, Avropa Oyunları həm də cüdoçular üçün Avropa çempionatı idi. Yəni Avropa Oyunları həm də Avropa çempionatı statusunu daşıdığından, mən bu yarışın da gümüş mükafatçısı adına layiq görüldüm. Ona görə də digər idman növlərindən fərqli olaraq, bizə iki medal verdilər. Çünki bu dəfə ayrıca Avropa çempionatı olmayacaq. I Avropa Oyunları bizə gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalı verdi.
“Azərbaycan
idmanı tarixində ilkə imza atdığım
üçün çox sevinirəm”
Sevil BÜNYADOVA, I
Avropa Oyunlarının gümüş
mükafatçısı:
- Azərbaycan idmanı tarixinə imza atdığım üçün çox sevinirəm. Düzdür, finalda uduzmuşam, amma gümüş medal qazandığım üçün də sevincliyəm.
Oyunlarım həmisə həyəcanlı keçdi. Ancaq inamla irəliləyirdim. Finalda tələsməyim məni qızıl medaldan məhrum etdi. Amma Azərbaycanın aktivinə daha bir gümüş medal yazdığım üçün fəxr edirəm. Bacım Sevinc də yaxşı mübarizə aparırdı. Elə ikimiz də eyni idmançıya uduzduq. Mən bir zərbəyə görə məğlub oldum. Orada hardasa hakimin də səhvi var idi. Amma onu da çox günahlandıra bilmərəm. Çünki axırıncı zərbə zamanı tələsdim. Bəlkə də qızıl medalı tez əldə etmək istədiyim üçün belə etdim. Hesabda fərq çox olsaydı bu məni yandırmazdı. Amma cəmi bir zərbəyə görə uduzanda, insan çox pis olur.
Bu yarışda medal qazandıqdan sonra özümüzə inam daha da artıb. Fikirləşirəm ki, gələcəkdə, bütün yarışlarda daha da güclü olacağıq və medal qazanıb, Azərbaycanı layiqincə təmsil edəcəyik.
“Avropa
Oyunlarında qazandığım təcrübə mənə
çox kömək edəcək”
Tayfur
ƏLİYEV, I Avropa Oyunlarının
bürünc mükafatçısı:
- I Avropa Oyunlarında çıxış etdiyim üçün çox sevinirəm. Çünki bu yarış tarixdə ilk dəfə keçirilir. İllər ötəcək, amma bütün tarixboyu ilk Avropa Oyunları yadda qalacaq.
Döyüşlərimə gəldikdə, çıxışımdan çox da razı qalmadım. Mən daha çox döyüşmək istəyirdim. Amma rəqib bilmirəm çəkinirdi, ya nədən idi, vuruşmaq istəmirdi. Daha çox zədə yetirmək istəyirdi, aqressiv döyüşürdü. Bu da mənim döyüşümə təsir göstərdi. Rəqibin güclü olması mənim üçün problem deyildi. Amma çox təcrübəli idi. Bütün görüşlərimə baxmışdı, mənə qarşı necə döyüşməli olduğunu bilirdi. Bilirəm ki, döyüş baxımından rəqibimə uduzmadım. Yalnız təcrübə çatışmazlığı oldu. Gələn görüşlərdə ona qarşı daha yaxşı döyüşüb, əvəzini çıxmağa çalışacağam. Onu da deyim ki, ilk dəfə idi böyüklər arasında yarışa qatılırdım. Bundan sonrakı yarışlarda Avropa Oyunlarında qazandığım təcrübə mənə çox kömək edəcək.
“Çətini
ilk səddi aşmaqdır”
Sevinc
BÜNYADOVA, I Avropa
Oyunlarının bürünc mükafatçısı:
- Azərbaycan idmanında uğura imza atmağıma görə mən də çox sevinirəm. Düzdür, əvvəllər nəticəmiz olub. Ancaq Avropa Oyunlarında medal qazanmaq tam fərqlidir. Mən də bacım kimi Azərbaycan yığma komandasının üzvüyəm. İtaliyada keçirilən yarışda dünya üzrə 4-cü komanda olmuşduq. Sonra Fransada klublar arasında 3-cü yeri tutmuşuq. Təklikdə isə ilk uğuru Avropa Oyunlarında qazandıq.
Oyunlara gəldikdə isə deyə bilərəm ki, rəqiblərim çox güclü idilər. Lakin yarımfinalda uduzduğum üçün çox da təəssüflənmirəm. Çünki Azərbaycana qılıncoynatma növündə beynəlxalq turnirlərdə ilk medalı mən qazandırdım. Dediyim odur ki, çətini ilk səddi aşmaqdır. Onu da biz bacılar etdik. Ona görə mən də çox sevincliyəm.
Bacımla qarşımıza məqsəd qoymuşuq ki, uğurlu çıxışlarımızı davam etdirək və yeni-yeni qələbələr qazanaq. Bizə dəstək olan hər kəsə, minnətdarlıq edirəm. Bütün yarışlarda azarkeşlər idmançılarımızı ürəklə alqışlayır, onlara hər cür dəstək olurlar. Bu da onu göstərir ki, Azərbaycanda idmana maraq daha da artıb.
İyunun 27-də təşkil olunan “Zəfər Günləri”ndə yarışların 15-ci günündə medal qazanan idmançılarımız Elvin Məmişzadə (boks, 52 kq), Lorenso Sotomayor (boks, 64 kq) və İlham Zəkiyev (paracüdo, +90 kq), Səbinə Abdullayeva (paracüdo, 57 kq) və Zakir Mislimov (paracüdo, +90 kq) iştirak edirdilər.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə paracüdo yarışında qızıl medal qazanan İlham Zəkiyevin uğurunu xüsusi vurğuladı: “İlham Zəkiyev dünənki çıxışı ilə hər kəsə çox sevincli, qürurlu anlar yaşatdı. Azərbaycan paralimpiyaçısı yenidən öz gücünü bütün dünyaya nümayiş etdirdi və I Avropa Oyunlarının çempionu oldu. Prezident İlham Əliyev ona qızıl medalı təqdim edəndə də həyəcanlı dəqiqələr yaşandı. Gözünün işığını Qarabağda - torpaqlarımızın müdafiəsi uğrunda itirən İlham Zəkiyev dünən nəyə qadir olduğunu bir daha göstərdi. O, sübut etdi ki, heç vaxt məğlub olmur, həyatda da, idmanda da qalibdir”.
Vitse-prezident qeyd etdi ki, Azərbaycan yarışların 15-ci günü də idmançılarımızın parlaq qələbələri ilə yadda qalıb. Onlar iyunun 26-da - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq xalqımıza ikiqat sevinc bəxş ediblər.
Ç.Hüseynzadə daha sonra dedi: “Bakı-2015” I Avropa Oyunları dünya idman tarixinə qızıl hərflərlə yazılacaq. Sabah Avropa Oyunlarının bağlanış mərasiminə toplaşacağıq. İnanırıq ki, açılış mərasimi kimi, bağlanış mərasimi də dünyanı heyran edəcək”.
Xüsusi şərəf lövhəsinə imza atan bu idmançılarımıza da hədiyyələr təqdim olundu. Mərasimdən sonra atletlərimiz təəssüratlarını media nümayəndələri ilə bölüşdülər:
“Azərbaycan
xalqı məndən bu “qızıl”ı gözləyirdi”
İlham
ZƏKİYEV, I Avropa Oyunlarının
qalibi:
- Avropa Oyunlarına çox ciddi hazırlaşmışdım. Uzun müddət Olimpiya yığması ilə birgə hazırlıq keçdim. Müəyyən zədələrim olsa da, bu yarışda ölkəmizi layiqincə təmsil etməyə mane olmadı. Azərbaycan xalqı bu qızıl medalı məndən gözləyirdi.
I Avropa Oyunlarında cənab Prezident İlham Əliyev və “Bakı-2015”in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən mənə xüsusi missiya tapşırılmışdı. Açılış mərasimində məşəli alovlandırdım. Atəşgahda məşəli yandıranda cənab Prezidentə dedim ki, iyunun 26-da - Silahlı Qüvvələr günündə qızıl medal qazanacam. Ali Baş Komandana söz vermişdim. Bu qızıl medalı cənab Prezidentə, Azərbaycan xalqına həsr edirəm. Bir də ki, oğlum Həmzənin 2 yaşı tamam olur. Atası tərəfindən bu medal ona da ən böyük hədiyyədir.
Finalda qarşılaşdığım Ukrayna təmsilçisi ilə iki il əvvəl Avropa çempionatının komanda yarışında üz-üzə gəlmişdim. Görüşümüz iki dəqiqə çəkmədi. Qələbə qazandım. O mənə dedi ki, məşq edib sənə qalib gələcəm. Mən də cavab verdim ki, get, məşq elə. Bakıda isə qolundan tutub dedim ki, məşq etmisən məni məğlub etməyə? O da dedi ki, İlham, səni yenmək olar?
Mən öz yaramdan utanmıram. Gözlərimin nurunu Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirdiyimə görə fəxr edirəm. Hər dəfə məndən harada yaralandığımı soruşanda fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm. Bizim xalqımız mübariz xalqdır. Şükür olsun ki, biz bunu bir daha sübut etdik.
“Bu qızıl
idman karyeramda ən yüksək nəticəmdir”
Elvin
MƏMİŞZADƏ, I Avropa Oyunlarının
qalibi:
- İlk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyini bildikdən sonra biz tam ciddi formada hazırlıqlara başladıq. Yeni məşqçilərimiz bizimlə çox çalışdılar. Meksikada təlim- məşq toplanışındakı hazırlığımız göstərdi ki, Azərbaycan boksçuları daim ən yaxşılar sırasındadırlar.
Döyüşlərə gəlincə isə, birincidən başlayaraq sonuncu görüşə qədər yaxşı döyüşdüm. Məşqçilərim də bunu mənə dedilər. Ən çətini bolqar boksçusuna qarşı keçirdiyim döyüş idi. Ancaq onu da deyim ki, finalda rəqibimi əvvəlcədən tanıdığım üçün döyüş mənim üçün normal keçdi. Asan qələbə qazandım. Finalda keçirdiyim görüş əvvəlkilərdən asan oldu. Bildiyiniz kimi, final döyüşüm iyunun 26-na Azərbaycanın Silahlı Qüvvələr Gününə təsadüf etdi. Buna görə qələbəmi ailəmə və səngərdə olan əsgərlərimizə həsr etdim.
Bu qızıl idman karyeramda ən yüksək nəticədir. Çünki I Avropa Oyunlarında qızıl medal almaq böyük şərəfdir. Məqsədim gələcək dünya çempionatında medal qazanıb Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.
“Azarkeşlərin
möhtəşəm dəstəyi mübarizəyə ruh
verirdi”
Lorenso SOTOMAYOR, I Avropa
Oyunlarının qalibi:
-
Çempion olduğum üçün çox sevinirəm. Şadam ki, Azərbaycanın bayrağını
yüksəklərə qaldırdım. Məşqçimin
də zəhməti çox olub. Məni dəstəkləyən
hər kəsə təşəkkür edirəm.
Keçirdiyim görüşlərə gəlincə
onu deyim ki, son final döyüşüm mənim
düşündüyüm kimi normal keçdi. Finalda rəqibim
italiyalı Vinçenzo Manqiakapreyə heç bir şans verməyib
qızıl medala sahib çıxdım. Ardıcıl beş parlaq qələbə qazanaraq fəxri
kürsünün ən yüksək pilləsinə
qalxdım və bu sevinci yaşadım. Neçə
gündür Azərbaycan idmançılarının
qazandıqları qızıl medal sevincinin necə olduğunu
mən də hiss etdim. Hər bir idmançı
bunu istəyir. Ancaq gərək zəhmət
çəkib tər tökəsən.
Azərbaycanlı
azarkeşlərə isə söz ola bilməz.
Yarışlara başlayan gündən
finalın son dəqiqəsinə kimi bizə dəstək
verdilər. Yorulmadılar, hər dəfə
qalib gələndə ayaqda alqışladılar. Gözəl mənzərə yaranırdı. Hər bir idmançı belə vaxtlarda unudulmaz
anlar yaşayır.
Mənə də qızıl medalı Prezident İlham
Əliyev təqdim etdi. Çox gözəl sevinc hissləri
keçirdim.
“Mən də qürur duyuram”
Səbinə ABDULLAYEVA, I Avropa
Oyunlarının gümüş mükafatçısı:
- I Avropa
Oyunlarında çıxış etdiyim üçün
qürur duyuram. Tarixə düşmək,
öz ölkəmdə, xalqımın qarşısında
çıxış etmək çox məsuliyyətli idi.
Digər yarışda uduzmaq, bəlkə də,
insana çox təsir etməz. Amma
xalqının səni dəstəklədiyini, qələbəyə
səslədiyini bilə-bilə məğlub olmaq hər bir
idmançıya pis təsir edərdi. Avropa
Oyunlarının məsuliyyəti finala qədər irəliləməyimə
kömək etdi. Düşünürdüm
ki, Azərbaycan xalqı məni dəstəkləyir. Buna görə də, həddindən artıq məsuliyyətli
idim.
Çox şadam ki, yarışı medalla başa çatdırdım. Yarımfinalda ayağımda problem oldu və keyidici iynə vurdular, ayağımı sarıdılar. Finala böyük zədə ilə çıxmışdım. Buna baxmayaraq, ilk dəqiqələrdə hesabda öndə idim. Lakin sonra zərbə ilə düşdüm və uduzdum. Onu da qeyd edim ki, cüdoya 3 il əvvəl başlamışam. Digər idmançılardan fərqli, idmana gec gəlmişəm.
“Zəkiyev olan
yerdə “bürünc” də əla nəticədir”
Zakir
MİSLİMOV, I Avropa Oyunlarının
bürünc mükafatçısı:
- Azərbaycanda keçirilən ilk Avropa Oyunlarına yaxşı hazırlaşmışdıq. Nəticə göstərəcəyimizə inanırdıq. Ancaq mən zədə almışdım. Ona görə də görüşlərim çox çətin keçdi. Əlimdən gələni etdim ki, yaxşı nəticə qazanım. Çox sevinirəm. Bürünc medal qazanmağın özü də yaxşı nəticədir.
I Avropa Oyunlarında +90 kq çəki dərəcəsində mübarizə aparırdım və bu çəkidə ən yüngül idmançı oldum. Buna baxmayaraq, əlimdən gələni edib özümdən ağır cüdoçularla döyüşdüm. İlham Zəkiyevlə eyni qrupda mübarizə aparırdım. Çox şadam ki, iki Azərbaycan idmançısı fəxri kürsüyə çıxdı.
Bürünc medal uğrunda keçirilən
görüşdə qarşılaşdığım
Yunanıstan təmsilçisi çox güclü idi.
Üç dəfə Paralimpiya Oyunlarının
iştirakçısı olub. Dəfələrlə Avropa
çempionatının medallarını qazanıb və
Dünya Kubokunun sahibidir. Onunla dördüncü dəfə
idi qarşılaşırdım. Sevinirəm ki, ona da qalib gəldim.
Necə deyərlər İlham Zəkiyev olan yerdə
“bürünc” də əla nəticədir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 28 iyun.- S. 8, 9.