“Qərb də, bütünlükdə bəşəriyyət də yaşam qaydalarını dəyişməlidir”

 

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovun “Azərbaycan”a eksklüziv müsahibəsi

 

- Kirsan Nikolayeviç, Siz Beynəlxalq Şahmat Federasiyasının prezidenti kimi dünyada heç olmasa bir milyard insanın şahmat oynamasına nail olmaq istəyirsiniz. 20 ildir ki, FİDE-nin prezidenti vəzifəsini icra edirsiniz, həm də 17 il Kalmıkiya Respublikasının Prezidenti olmusunuz. Eyni zamanda iki prezident kürsüsündə əyləşən şəxs kimi Ginnesin rekordlar kitabında adınız qeydə alınıb. Lakin Sizin bioqrafiyanızı vərəqləyəndə belə qənaətə gəlmək olur ki, Ginnesin rekordlar kitabı başqa bir əməlinizi keçmiş SSRİ-də nadir hünər nümunəsi kimi qeydə ala bilərdi: Siz yeganə sovet tələbəsisiniz ki, ali məktəbdən xaric olunduqdan sonra Sov.İKP MK-nın Siyasi Bürosu səviyyəsində hüquqlarınızı bərpa etməyə çalışmısınız və qalib gəlmisiniz.

- Mən nəinki Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan, hətta partiyadan da qovulmuşdum, yataqxanadan da çıxarılmışdım. 1988-ci ilin aprelində dostlarım məndən yazdılar ki, mən hind, əfqan casusuyam. MDBMİ adi təhsil müəssisəsi deyildi, burada rəqabət var idi, qısqanclıq olurdu. Ümumiyyətlə, həmin illərdə Sovet İttifaqı miqyasında yeni proseslərə təkan verilmişdi. O zaman mən adi tələbə idim. Lakin Heydər Əliyev kimi zəka sahibini də ədalətsizcəsinə Siyasi Büro üzvlüyündən uzaqlaşdırmışdılar. Mən tələbə ilə Siyasi Büronun üzvü arasında paralel aparmaq fikrində deyiləm. Lakin bu iki fakt birlikdə zamanı qiymətləndirməyə imkan verir.

Məni ali məktəbdən elə belə xaric etməmişdilər, əmr belə tərtib edilmişdi: “İctimai yerdə spirtli içki içdiyinə görə”. Əslində isə aprelin 5-də mənim ad günüm idi, dostlarım gəlmişdi: Babrak Karmalın oğlu, Andrey Qromıkonun oğlu. Bir yerdə şahmat oynayırdıq. Onda 26 yaşım var idi. Təbii ki, bir qədər içə bilərdik. Odur ki, şəkil çəkdirdik, bir az şampan içdik. Bu şəkilləri Lubyankada DTK-ya gətirmişdilər. Məni orada iki polkovnik dindirirdi, soruşurdular ki, sən kommunistsən və necə olub ki, ad günündə içmisən? O vaxt Sov.İKP alkoqolizmlə mübarizə ilə bağlı qərar qəbul etmişdi. Sonra mən Qorbaçovla dəfələrlə görüşəndə bunu xatırladırdım. Partiya mübarizə aparırdı, mən isə kommunist idim, MDBMİ-nin partiya təşkilatının büro üzvü idim, nümunəvi olmalı idim.

- Hə, düz deyirsiniz, o zaman Moskvada belə bir məşhur tələbə şüarı da var idi: “Bizi içdiyimizə görə yox, ilişdiyimizə görə ali məktəbdən qovurlar”.

- Əlbəttə, bu əmrdən sonra geri çəkilmək, dayanmaq olardı. Bizim kalmık çöllərində belə bir atalar sözü var: mən dəvə deyiləm ki, başqasının yükünü daşıyım. Mən DTK-nın sədri Çebrikova yazdım, Sov.İKP-nin Baş katibi Qorbaçovun özünə müraciət etdim. Kommunist kimi bu instansiyalara müraciət etmək hüququm var idi və mən ondan istifadə edirdim. Bütün bunlardan başqa Şevardnadzeyə də yazdım. Düz 6 ay mübarizə apardım. Onda anladım ki, əgər sən haqlı olduğuna inanırsansa, hətta sistemə qarşı gedə bilərsən. İdmanda da belədir, çalışırsan və nəticə əldə edirsən. Mənim məsələm Xarici İşlər Nazirliyində, sonra DTK-da müzakirə olunub instituta göndərildi. Aydınlaşdırdılar ki, heç bir dövlətin casusu və alkoqolik deyiləm. İnstituta bərpa edildim. Sonra isə mənə verilən şiddətli töhmətin də üstümdən götürülməsinə nail oldum. Sübut etdim ki, adi bir gənc də sistemə qarşı mübarizə apara bilər. Bundan daha sanballı misal gətirmək istəyirəm. Yəqin ki, çoxları Heydər Əliyevin Naxçıvana qayıtmasını, xalqın təkidi ilə Milli Məclisə deputat seçilməsini və Azərbaycana yenidən rəhbərlik etməsini xatırlayır. Bu yaxınlarda Naxçıvanda olduq, ulu öndərin ad günü ərəfəsində onun xatirəsinə həsr olunmuş şahmat turniri keçirdik. Heydər Əliyev muzeyinə getdik. Xüsusi qeyd etmək istəyirəm ki, Heydər Əliyev öz bioqrafiyası ilə sübut etdi ki, istənilən şəxs istənilən çıxılmaz vəziyyətdən, şahmatın dili ilə desək, pat vəziyyətindən belə çıxış yolunu taparaq qalib gələ bilər. Heydər Əliyev də ən ağır tarixi məqamda, ona qarşı hücumların kükrədiyi vaxtda etiraz etdi, ayağa qalxıb haqqını qorudu, rəqiblərini məğlub edərək xalqın tələbi ilə rəhbərliyə qayıtdı, ölkəyə başçılıq etdi.

- Bəşəriyyəti inancına görə iki yerə bölmək olar: yarısının Tanrısı göylərdə, digərinkilərin, o cümlədən, Sizin Budda isə yerdədir. Lakin Siz Roma papasını ziyarət edirsiniz, gələcəyi görən Vanqa ilə 40 dəfə (!) görüşürsünüz.

- 50 dəfə Dalay Lama ilə görüşmüşəm.

- Lakin ondan da maraqlısı Sizi uzaq fəzalardan başqa dünyaların sakinlərinin axtarmasıdır. Görüşünüzə uçan boşqabda yadellilər - yadplanetlilər gəlir, Sizi götürüb aparırlar, Sizinlə sivilizasiyanın aqibətini müzakirə edirlər. Tanrınız və vəzifəniz yerdə olsa da, göylərlə əlaqəniz kəsilmir. Bunu necə başa düşmək olar?

- Mən sizin kimi göyləri yerdən ayırmazdım. Xristianlığı götürək, bütpərəstliyi də nəzərdən keçirək. Bəşəriyyətə tarixin müxtəlif dönəmlərində müəllimlər göndərilib. Onlar öz dövrlərinə müvafiq öz xalqlarına mənəvi bilikləri, elmləri gətiriblər. Xeyir və şər, ölümdən sonrakı həyat bəşəriyyəti düşündürən mövzulardır. Məni uşaqlığımdan nənəm ruhanilərin dünyası ilə tanış edib. Lakin zaman keçdikcə, yaşa dolduqca belə bir qənaətə gəlmişəm ki, Onu necə adlandırmağımızdan asılı olmayaraq, Allah birdir. Və bizim dünyamız əbədi deyil. Hətta Günəşin də tükənməsinə, deyəsən, 5 milyard il qalıb. Biz zamanın nisbiliyinin nə demək olduğunu anlamırıq. 5 milyard il bir saniyə kimi - göz qırpımında ötüb keçə bilər. Onda Günəş sönəcək və bu əbədi zülmətə bürünən Yerdə həyat olmayacaq. Ona görə də fəzanın bir haldan başqa hala keçməsi - ölməsi və yenidən yaranması belə bir qənaətə gəlməyimə səbəb oldu: bütün kainatın, fəzanın yalnız bir yaradıcısı, daha doğrusu, kosmosu dəqiq idarə edən sistem mövcuddur. Və biz bu dünyada tək deyilik. Müxtəlif peyğəmbərlərin gəlişi də təsadüfi sayılmamalıdır. Onları kimsə göndərir. Mənə görə Eynşteynin və Nyutonun da gəlişi təsadüfi deyil. Biz Yer kürəsinin yeganə şüurlu sakinləri deyilik. Lakin nədənsə insanlar elə düşünürlər ki, onlar Yer kürəsinin yeganə şüurlu sakinləridir. Axı it, at, delfin ağıllı və həm də insana sədaqətli məxluqlardır. Bəs nə üçün biz onları öldürürük, yeyirik? Bizim qalaktikada 20 milyon ulduz olduğu halda biz nə üçün tək olduğumuzu düşünürük? Məgər başqa varlıqların mövcudluğu mümkün deyilmi? Birinci raketin yaradıcısı Siolkovski yazmışdır ki, bizim qalaktika başqa şüurlu varlıqlarla və sivilizasiyalarla qaynaşır. O yazmırdı ki, çoxdur, “qaynaşır” yazırdı. Yəni onlar çoxdur. Həddən artıq çoxdur. Mən buna inanıram və ona görə də erkən yaşlarımdan Patriarx II Aleksi ilə, Avropada çıxış edərkən məni öz dostu adlandıran müqəddəs XIV Dalay Lama ilə dəfələrlə görüşmüşəm. Vanqa dəfələrlə zəng vururdu ki, yanıma gəl və mən gedirdim. Kosmosla əlaqəsi olan qeyri-adi insanlarla dostluq və ünsiyyəti zəruri saymışam. Bu dünyada müxtəlif sivilizasiyalar olub, bəlkə elə bizi də bu planetə yadellilər kimi hansı planetdənsə gətiriblər. Kainatın əvvəli və sonu, onun təkrar yaranışı təbii bir prosesdir.

- Siz yad planetdən gələnlərlə görüşmüsünüz. Bu haqda dünyanın ən məşhur telekanallarına və qəzetlərinə müsahibələr də vermisiniz. Lakin Sizə fərqli sual vermək istərdik. Bu görüşdən sonra xarakterinizdə, təbiətinizdə və həyata münasibətinizdə nə dəyişdi? Onlar sizə zənginlik bəxş edə bildilərmi, yoxsa Sizdən öyrəndilər?

- Mən görüşədək çox şeyi bilirdim, daha doğrusu, hiss edirdim. Və bu görüşdən sonra nəyinsə dəyişdiyini deməzdim. Biz bütpərəstlərin dediyi kimi, hər bir insan özünə görə bir planetdir. Bu görüşlərdə onlar soruşurdular ki, siz nə üçün bir-birinizi yeyirsiniz? Mən başa düşmədim, etiraz etdim ki, bu necə ola bilər? Biz inkişaf etmiş sivilizasiyayıq, kosmik gəmilərimiz, inkişaf edən elmlərimiz var. Onlar ironiya ilə gülümsəyib bildirdilər ki, siz nə danışırsınız? Sizin sivilizasiya özünə bənzərləri, öz qardaşlarını yeməklə məşğuldur. Əvvəl çiy yeyirdiniz, indi isə öyrənmisiniz, buğa verirsiniz, qaynadırsınız, qızardırsınız.

Həqiqətən də müxtəlif ölkələrdə müxtəlif yeməklər var. Məsələn, meymunun kəllə qapağını diri-diri açırlar, onu qəfəsə yerləşdirib beynini qiymətli yemək kimi süfrəyə verirlər. Meymun isə ağrıdan qışqırır, haray salır. Restoranlarda itin içalatını diri-diri çıxarıb müştərinin yanında qızardırlar. Onlar deyirlər ki, siz eqoist və eqosentriksiniz, həyat tərziniz, qidalanmanız, düşüncə, təfəkkür tərziniz sizə belə qənaətə gəlməyə əsas verir ki, siz nəinki bu dünyada, hətta bütün kainatda yeganə şüurlu varlıqsınız. İnsan özü və bütün bəşəriyyət bu dünyada yeganə şüurlu varlıq olmadığını nə qədər tez dərk edərsə, bizim inkişafımız bir o qədər sürətlə gedəcək. Onlar belə dedilər. Lakin bu tərəqqinin mahiyyəti ondan ibarət deyil ki, bir kosmik gəmi yüzünə çevrildi, bir mobil telefon onu ilə əvəzləndi. Onlar belə hesab edirlər ki, müasir sivilizasiyanın inkişafı intellektin və beynin inkişafına xidmət etmir. Onlar deyirlər ki, beyninizi inkişaf etdirin, başqalarına qarşı münasibətlərinizi dəyişin və bilin ki, onlar da sizin kimidir. Mən etiraz etdim ki, əgər belədirsə, siz niyə bu barədə bizim sivilizasiya ilə açıq danışmırsınız? Onlar cavab verdilər ki, məgər siz qarışqalarla danışmağa cəhd etmisinizmi? Axı onların da öz sivilizasiyası, müəyyən sistemi mövcuddur.

- İndi göylərdən yerə qayıdaq. Məşhur simalarla görüşləriniz Sizin üçün hansı mənanı kəsb edir?

- 5-6 dildə danışa bilirəm. Lakin bu o qədər vacib deyil. Ən vacibi odur ki, mənim görüşdüyüm məşhur insanların müxtəlif nəsillərə çıxışları var. Onların biliklərindən və təcrübələrindən faydalana bilirəm. Onların müdriklik dünyası ilə təmasda oluram. Mən bir neçə dəfə Heydər Əliyevlə görüşmüşəm. O yalnız yüksək rütbəli dövlət məmuru, prezident deyildi, o həm də dərin düşüncəyə və ciddi həyat fəlsəfəsinə malik olan mütəfəkkir idi. Mən şəxsən həyatımda çox şeyə görə Heydər Əliyevə borcluyam. Mən çox gənc - 30 yaşımda Kalmıkiya Respublikasının Prezidenti seçilmişəm. Onun tövsiyələri həmişə əlimdən tutub. O, Harri Kasparovu necə çempion etdiyindən danışıb. Əlbəttə ki, əgər Heydər Əliyev olmasaydı, Harri Vaynşteyn də olmazdı (o, sonralar Kasparova çevrildi). Heydər Əliyevin dövlət başçısı kimi atalıq qayğısı olmasaydı, Kasparov şahmat üzrə 13-cü dünya çempionu ola bilməyəcəkdi. O, Rəcəbova, Məmmədyarova kömək etməsəydi, Azərbaycanda belə mahir şahmatçılar yaranmayacaqdı. Məhz o, hamıya ata kimi kömək edirdi. Bu onun müdrikliyindən irəli gəlirdi. O bilirdi ki, insanların yeni nəslini yetişdirmək lazımdır. Bu baxımdan Dalay Lama, Vanqa ilə görüşlərim də məni zənginləşdirirdi.

- Sizi Beynəlxalq Şahmat Federasiyasının prezidenti kimi Bakıda I Avropa Oyunlarının açılış mərasimində görmək xoş idi. Kirsan Nikolayeviç, təəssüratlarınızı bölüşə bilərsinizmi?

- Mən öncə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə belə bir layihəni yüksək səviyyədə reallaşdırdıqlarına, I Avropa Oyunlarının açılış mərasimini bənzərsiz zövqlə təşkil etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Oyunların gedişi, Azərbaycan idmançılarının qazandığı qələbələr belə qənaətə gəlməyə imkan verir ki, bütün istiqamətlərdə ciddi hazırlıq gedib. Mən çoxsaylı olimpiya, kontinental oyunların açılış mərasimlərində iştirak etmişəm. Xüsusi qeyd etmək istəyirəm ki, Bakıda müqayisəolunmaz dərəcədə yüksək təşkilatçılıq məharətinin şahidi oldum. Belə ki, Afrika və Asiya oyunlarının keçirilməsinin müəyyən ənənələri artıq mövcud idi. Lakin Avropa Oyunları birinci dəfə, özü də sizin paytaxtda təşkil olunurdu. Bu Oyunların Bakıda keçirilməsinin təşəbbüskarı kimi Azərbaycanın çıxış etməsi, təşkilatçılıqda ən incə məqamların belə nəzərə alınması Bakı mərasimini təkrarolunmaz hadisəyə çevirdi. Bundan sonra da Avrooyunlar keçiriləcək, lakin Bakının tədbiri dünya idman tarixində unudulmaz bir hadisə kimi həkk olunacaq, tarixə düşəcək və heç vaxt unudulmayacaq.

- Sizin birinci gəlişinizdən üzü bəri Azərbaycanda dəyişən nədir?

- Azərbaycana dəfələrlə gəldiyim üçün ölkənin müxtəlif illərdəki durumu yaxşı yadımdadır. 1996-cı ildə Xəzəryanı Kalmıkiya Respublikasının Prezidenti simasında Heydər Əliyevlə ticarət, mədəni və idman əlaqələri ilə bağlı müqavilə imzaladıq.

Azərbaycanın müharibədən, faciəvi hadisələrdən sonrakı vəziyyətini yaxşı xatırlayıram. Ölkə o zaman baş verən hadisələrdən sonra tədricən dirçəlir, ayağa dururdu. Problemlər yetərincə çox idi: yeni müəssisələr qurmaq, zavod və fabriklər tikmək, yollar salmaq bir yana qalsın, hətta maaşları, təqaüdləri verməyə pul çatmırdı. Aradan 20 ilə yaxın bir vaxt keçib. Bu müddət ərzində ölkəniz təsəvvür edilməsi mümkün olmayan dərəcədə nəhəng dəyişikliklərə məruz qalıb. Azərbaycan artıq fərqli bir dövlətdir, bu fantastik yeniliklərə imza atan müasir, yeni Azərbaycandır, yeni ölkədir.

Bilirsinizmi, ölkənin səviyyəsi insanların üzünün ifadəsi, onların əhvali-ruhiyyəsi ilə ölçülür. Nə qədər gülümsəyən, açıq, mehriban üz çoxdursa, nə qədər baxışları aydın, gələcəyə nikbin baxan insan çoxdursa, bu o deməkdir ki, həmin ölkənin gələcəyi işıqlıdır, orada perspektivlərə köklənən yaradıcı nəsil mövcuddur. Biz nə qədər yollar salsaq da, nə qədər idman sarayları və qurğuları tiksək də, zavod və fabrikləri işə salsaq da, ölkəsinin işıqlı gələcəyinə inanan, öz mədəniyyətinə və tarixinə bağlı olan ziyalı, mədəni və savadlı nəsil olmasa, dinamik inkişafa nail ola bilmərik. Azərbaycanda nəzərə çarpan odur ki, bu illər ərzində insanlar dəyişib, onların üzləri əvvəlki illərə nisbətən daha açıq və daha nikbin görünür. Hiss olunur ki, xalq tarixən qırılmaz tellərlə genetik köklərinə bağlıdır. Bəşər tarixində elə hallar olur ki, böyük faciələrdən sonra xalq özünə qapanır, insanların baxışları bulanır və sönükləşir. Sizin xalq təkamül yolunu fərqli keçir, ona görə ki, özülünüz möhkəm, perspektivləriniz genişdir.

- Bəs Bakının dünəni ilə bugününü necə fərqləndirərdiniz?

- 1996-cı ildə bura gələndə şəhəri Heydər Əliyevlə birlikdə gəzdik. Bakı bulvarının ozamankı görkəmini xatırlayıram. O bir o qədər də böyük deyildi və indiki müasir görkəmi də yox idi. Bulvarda böyük anbarlar, fəaliyyətini dayandıran bir neçə müəssisə var idi. Bakı bir qədər qayğı görməyən uşağı xatırladırdı. Şəhər müəyyən gözəlliyə malik olsa da, bu mənzərələr ayrı-ayrı parçalar kimi paytaxtın ümumi mozaikası ilə vəhdət təşkil etmirdi.

Bugünkü Bakı müasir Asiya və Avropa memarlığının sintezindən yaranan dünyəvi bir şəhərdir. Burada Şərq koloriti var, qədim abidələrin çoxu qorunub saxlanılır, həm sovet, həm də Avropa memarlığının təsiri hiss olunur. Son 20 ilin möhtəşəm tikililəri xüsusilə diqqəti cəlb edir. Bakı artıq super müasir şəhərdir, dünyanın ən məşhur memarlarının ultramüasir abidələri ilə köhnə Bakının şah əsərləri arasında bir zaman bağlılığı, harmonik əlaqə mövcuddur. Qədimliklə müasirliyin vəhdəti şəhərə Şərqlə Qərbin sintezindən doğan ecazkar bir gözəllik bəxş edir.

- Siz Azərbaycan Prezidentini şəxsən tanıyırsınız, səmimi münasibətlərinizin olması da sirr deyil. İlham Əliyev müasir siyasi xadim kimi Sizə necə təsir bağışlayır?

- Tanışlığımızın 30 ildən uzun tarixçəsi var. İkimiz də SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişik. Mən ali məktəbə qəbul olunanda İlham Əliyev təhsilini başa vururdu. Təkrar görüşümüz o, Azərbaycanda Olimpiya Komitəsinə rəhbərlik edəndən sonra baş tutdu. Onda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Anton Samaranç ilə görüşümüz oldu. Yəni əlaqələrimiz daim inkişaf edib. Azərbaycan xalqının bəxti onda gətirib ki, ölkənin sükanını İlham Əliyev kimi hamı tərəfindən tanınmış, dərin təfəkkürə, praqmatik düşüncə tərzinə malik dünya miqyaslı lider idarə edir. Ona görə ki, İlham Əliyevin bütün istiqamətlərdə - iqtisadi, siyasi, mədəni və idmanın inkişafı istiqamətlərində gördüyü işlər çoxsaylı ölkələrin dövlət başçılarına örnək olası nümunədir.

FİDE-yə dünyanın 187 ölkəsi daxildir. Vəzifə borcumla əlaqədar daim müxtəlif ölkələrin prezidentləri ilə əlaqə saxlayıram. Bəzən elə olur ki, Asiyada, Afrikada və ya Amerikada həftədə iki-üç dövlətin başçısı ilə görüşməli oluram. Mənim İlham Əliyevi başqa dövlət başçıları ilə müqayisə etmək imkanım var. O, başqalarından ilk növbədə yüksək ziyalılığı və dərin erudisiyası ilə seçilir. Zənnimcə, bu zənginlik ona atadan, soykökündən və Azərbaycan xalqının genetik yaddaşından bəxş edilib. O, sözün əsl mənasında müqayisəolunmaz liderdir. Bəzən elə olub ki, başqa dövlətlərin prezidentləri, baş nazirləri ilə görüşərkən elə qənaətə gəlirsən ki, qarşındakı bu gün prezident olub, sabah olmaya da bilər. İlham Əliyevlə söhbət edəndə isə qətiyyətli və cəsur dövlət xadiminin qarşısında oturduğunu anlayırsan.

Şahmatla bağlı demək istərdim. FİDE-yə daxil olan ölkələrin hamısı müəyyən mənada şahmatı dəstəkləsə də, 2009-cu ildə məhz İlham Əliyev şahmatın inkişafı ilə bağlı dövlət proqramına imza atdı. Yəni şahmatın inkişafı ilə bağlı dövlət səviyyəsində qərar qəbul edən birinci ölkə Azərbaycan, bu sənədə imza atan birinci Prezident İlham Əliyev oldu. Artıq neçə ildir ki, bu proqram əsasında yeni şahmat məktəbləri açılır, şahmat klubları yaradılır. Bu müəssisələrdə gənc şahmatçılar məşq edir, yüksək səviyyəli tədbirlər təşkil olunur. Məsələn, bu ilin sentyabrında biz Bakıda dünyanın məşhur şahmatçılarının qatılacağı Dünya kuboku yarışını keçirəcəyik. Oyunların açılış mərasimində, sizin Prezident İlham Əliyevin dediyi kimi, 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək və bura dünyanın 200-ə yaxın ölkəsindən 3 mindən artıq şahmatçı gələcək.

- Sizin tutduğunuz vəzifə ilə təzad təşkil etmirsə, belə bir suala da cavab verməyinizi xahiş edərdik: I Avropa Oyunları keçirilərkən Azərbaycan Qərb dövlətləri tərəfindən ciddi, demək olar ki, ultimativ təzyiqlərə məruz qaldı. Oyunlara hazırlıq ərəfəsində və yarışlar keçirilərkən bu əks-təbliğat maşını, qarayaxma kampaniyası bütün sivil qaydalara rəğmən pik həddini aşaraq görünməmiş gərginliyə səbəb oldu.

- Mən FİDE-nin prezidenti kimi 1988-ci ildə Nalçikdə qadınlar arasında dünya şahmat çempionatı keçirilərkən telejurnalistlərə vəziyyəti açıq danışdım. Şahmatçıların çoxuna bir sıra Qərb ölkələrində, məsələn, Hollandiyada, Almaniyada və Fransada xarici işlər nazirlikləri səviyyəsində rəsmi məktublar göndərilərək, bəhanə gətirilirdi ki, Rusiyada insan haqları pozulduğuna görə vəziyyət gərgindir və hamıya tövsiyə olunurdu ki, yarışlara getməsinlər. 1998-ci ildə Kalmıkiya Respublikasında şahmat üzrə dünya çempionatı keçiriləndə də xaricdən başqa, elə Rusiyanın psevdodemokratları da bütün şahmatçılara müraciət edərək onları Elista şəhərinə gəlməməyə çağırdılar ki, İlümjinov insan haqlarını pozur. Əslində belə çağırışlar beynəlxalq hüququn pozulması deməkdir, bu, daxili işlərə qarışmaq deməkdir. İdman özü siyasətdən kənar olmalıdır. Ona görə ki, idmanın özünün bəşəriyyəti sülhə çağıran müqəddəs missiyası var. Məgər antik Yunanıstanda ilk olimpiya oyunları elə bu məqsədlə keçirilmirdimi? Mən bu haqda fikirlərimi həmişə açıq səsləndirmişəm. Niyə belə edirəmsə, izah edim: bu, bazardır və heç kim onu ləğv etməyib. İstehlak bazarlarını ələ keçirmək, nüfuz dairəsini genişləndirmək üçün mübarizə gedir. Bütün bəyanatlarda insan haqları əldə bayraq edilsə də, hər şey güclü dövlətlərin şəxsi maraqlarına xidmət edir. Həqiqətən də nüfuz dairəsinin genişləndirilməsi və iqtisadi bazarların ələ keçirilməsi üçün mübarizə gedir. Azərbaycan ayağa qalxır, sürətlə inkişaf edir, qabaqcıl və inkişaf etmiş dövlətə çevrilir. Güclü dövlət kimə lazımdır ki? Belə dövlət heç kimə lazım deyil! Onlar istəmir ki, bu Oyunlarda Azərbaycanın imici müsbətə doğru dəyişsin. 50 ölkədən idmançıların nəhəng ordusu gəlir, dünyanın hər yerindən ölkənizə gələn turistlərin, azarkeşlərin sayı kəskin surətdə artır. İnsanlar eşitdiklərinə yox, gördüklərinə inanırlar. Onlar Azərbaycanın müasir və sivil bir dövlət kimi inkişaf etdiyini görürlər, yeni, mədəni bir xalqla tanış olurlar. Bu onlara sərf etmir. Necə Rusiya haqqında deyirlərsə ki, burada sərxoş ayılar gəzir, Azərbaycanı da elə təqdim edirlər: burada heç nə yoxdur, bütün jurnalistləri ucdantutma edam edirlər. Lakin Avropanın müxtəlif ölkələrindən gələnlər müasir Azərbaycanı, üzündə təbəssüm gəzdirən mehriban, qonaqpərvər insanları görəndə fikirləri dəyişir. Görürlər ki, Bakı onlara təqdim edildiyi kimi tinbaşı həbsxanalardan ibarət şəhər deyil. İnsanların siması açıqdır. Əlbəttə, onlar geri qayıdanda başqa xatirələri aparacaqlar, Azərbaycanla bağlı zəngin təəssüratlar yaranacaq. Birbaşa ünsiyyət, birbaşa görüşlər televiziyadan da, internetdən də güclüdür. Onlar geri dönəndə öz dairələrində, ailəsində, internet resurslarında Bakıda gördüklərindən danışacaqlar. Fərqli hisslər, fərqli duyğular onların ürəklərinə hakim kəsiləcək. Onlar görəcəklər ki, hər şey qaydasındadır, xalq azaddır.

Problemlər var, lakin onlar istənilən ölkədə mövcuddur. Hər yerdə həmişə kimsə kiməsə nisbətən yaxşı və ya pis yaşayacaq. Buddanın dediyi kimi, həyat iztirablardan ibarətdir. Səmavi kitablar da həyatın toy-bayram olmadığını bildirir. Hər bir insan istəsə də, istəməsə də, qayğılarının yükünü çəkir. Dünyaya uşaq gətirən ana sevincdən yox, ağrıların dözülməzliyindən qışqırır. Yaxın bir insan dünyasını dəyişəndə biz itkilərimizin acısına yanırıq. Bütün bunlar təbiidir.

Təbii olmayan isə odur ki, onlar müxtəlif vaxtlarda Kalmıkiyada, Soçidə, Tripolidə keçirilən dünya şahmat çempionatlarını da boykot etmək istəyirdilər. Lakin buna baxmayaraq, Tripolidə keçirilən çempionata ABŞ da gəldi, İngiltərə və İsrail də. Və biz Tripolidə çempionatı keçirə bildik. Mən Liviyanın NATO təyyarələri ilə bombalanmasının əleyhinə idim. Baxın, Liviyanı bombaladılar, orada xalq yoxdur, orada dövlət yoxdur. İnqilab ixracçıları nəsə qazandılarmı? Mən demokratiyanın belə ixracının əleyhinəyəm! Artıq demokratiya həqiqi mənasında yox, ideoloji silah kimi tətbiq edilir. Əgər əvvəl sosializm vardısa, Qərb ona qarşı mübarizə aparırdı. İctimai mülkiyyət var idi, o da Qərbi qane etmirdi. Kapitalistlər xüsusi mülkiyyətə üstünlük verirlər. İki sistem, iki mülkiyyət forması mübarizə aparırdı. Axı indi həm Azərbaycanda, həm də Rusiyada kapitalist münasibətləri formalaşmışdır. Lakin yenə Qərbin xoşuna gəlmirik, yenə də biz pisik! Nə üçün? Ona görə ki, biz dəyişirik, güclənirik. Güclü dövlət kimi biz onları qane etmirik! Onlara gücsüz, zəif dövlətlər lazımdır. Məsələ bundadır! Qərb də, bütünlükdə bəşəriyyət də yaşam qaydalarını dəyişməlidir.

- Müsahibəyə görə çox sağ olun, Kirsan Nikolayeviç.

- Siz də sağ olun və xahiş edirəm ki, xeyirxah Azərbaycan xalqına mənim salamlarımı çatdırasınız.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 11.