Azərbaycan
Avropanın idman tarixində yeni səhifə açdı
2015-ci il müstəqil Azərbaycan dövlətinin və xalqının tarixinə daha böyük zəfərlərlə yazılır. Dünyanın nəzərləri Azərbaycana dikilib. Bunun səbəbləri az deyil. Xüsusilə I Avropa Oyunlarına evsahibliyi ölkəmizlə daha yaxından tanışlıq üçün fürsət yaratdı. Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qəbul etdiyi qərar bir sıra amillərə əsaslanırdı. Bu amillərin ön sırasında idmana güclü dəstək, bu sahədə müasir infrastrukturun yaradılmasıdır. Oyunların Avropa idmanı tarixində yeni səhifə açdığını isə artıq görürük. I Avropa Oyunlarının təşkili, ona evsahibliyi etmək həm böyük şərəf, həm də ciddi məsuliyyətdir.
“Bakı-2015” bütün gələcək Avropa Oyunları üçün standartları müəyyən etdi. I Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində keçirilməsi barədə beynəlxalq ekspertlərin fikirləri mətbuatda yetərincə görünməkdədir. Oyunların yüksək səviyyədə keçirilməsi üçün zəruri olan bütün işlərin vaxtında və keyfiyyətlə görülməsi öz bəhrəsini verdi.
Avropanın hər yerindən gələn atletləri bir araya toplayan bu möhtəşəm idman bayramına ciddi hazırlıq görüldüyü təsdiqini tapdı. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi üçün qəbul edilən qərar xalqımızın və dövlətimizin böyük nailiyyəti idi. Bununla belə antiazərbaycançı şəbəkənin qarayaxma kampaniyası ilə də üzləşdik, baxmayaraq ki, onlar heç nəyə nail ola bilmədilər - Oyunların necə yüksək səviyyədə keçirildiyi isə nəinki idman mütəxəssislərinin, hətta dünyanın geniş ictimaiyyətinin müsbət fikirlərində öz əksini tapdı. Bu məsələ heyranlıq dərəcəsində bildirildi. Azərbaycan möhtəşəm açılış tədbiri ilə Oyunların yüksək səviyyədə keçirilməsinə start verdikdən sonra avropalı idmançılar bir-birinin ardınca qələbələrə imza atdılar.
Əlbəttə, biz I Avropa Oyunlarının evsahibi kimi həm də çox istəyirdik ki, qonaqlarımız ölkəmiz haqqında daha ətraflı məlumatlar əldə etsinlər. Azərbaycan müstəqil dövlət kimi gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti var. Azərbaycan Böyük İpək Yolu üzərində, Qərblə Şərqin qovuşuğunda yerləşdiyindən, bir sıra mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Ümidvarıq ki, qonaqlar qədim diyarımız, eyni zamanda, gənc, yeniləşən Azərbaycan haqqında daha çox məlumat əldə ediblər. Burada fəaliyyət göstərən könüllülərlə yanaşı, respublika ictimaiyyətinin də üzərinə böyük və məsuliyyətli məsələlər düşüb. Sevindirici haldır ki, qonaqlarımız vətənimizlə daha yaxından tanış olublar, çünki tariximizə, mədəniyyət və məişətimizə bələdçilik imkanı yaradıldı. Avropanın aparıcı KİV-lərinin kameraları Azərbaycanın hər guşəsinə, qədim köklərə malik xalqımızın milli-mənəvi dəyərlərinə işıq salırdı. Bu da dünyada tanınmaq və təbliğ üçün olduqca vacibdir.
Oyunların gedişi onu da təsdiqlədi ki, ölkəmiz mühüm beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində nümunəvi təcrübəyə malikdir. Bakıda müntəzəm olaraq müxtəlif beynəlxalq tədbirlər keçirilib. Onların yüksək səviyyədə təşkili həm idmançılar, həm də nümayəndə heyətlərinin üzvləri tərəfindən daim xüsusi qeyd edilib.
Axı beynəlxalq, o cümlədən siyasi, iqtisadi, sosial-mədəni, idman tədbirlərinə evsahibliyi etmək heç də asan məsələ deyil. Lakin istənilən ölkəni dünyada tanıtmaq üçün bu, həm də ən yaxşı vasitələrdən biridir. İdman müxtəlif millətlər arasında münasibətlərin doğmalaşdırılması üçün də çox vacibdir. Çünki o da musiqi kimi, xalqların ünsiyyəti üçün ümumi bir dildir. İdman gəncləri həvəsləndirmək və insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün lazımdır. I Avropa Oyunları Azərbaycana yalnız keçirildiyi müddətdə deyil, sonrakı dövrlərdə də böyük faydalar gətirəcək. Çünki tədbirlə bağlı Bakıya müxtəlif ölkələrdən çoxlu idmançılar, onların azarkeşləri gəlib. Həmçinin dünyanın müxtəlif ölkələrindən çoxlu sayda insanlar bu oyunlara tamaşa edib. Onlar Azərbaycanın özəlliklərini və gözəlliklərini görüb, təbii ki, ailələri ilə ölkəmizə turist kimi səfər etmək istəyəcəklər. Bu isə gələcəkdə də Azərbaycan iqtisadiyyatının, xüsusən də turizm sektorunun inkişafına böyük imkanlar yaradacaq.
İndiki möhtəşəm tədbir Azərbaycanın gələcəyi, onun xüsusilə də Avropada qazandığı mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Bakı-2015” I Avropa Oyunları xoş məramlara xidmət etdiyi halda, bəzi qüvvələrin qarayaxma kampaniyası aparması isə deməyə əsas verir ki, belələri əslində, mədəniyyətlər, dinlərarası dialoqun və multikulturalizmin möhkəmləndirilməsində, irqi ayrı-seçkiliyin və Avropada ciddi problem olan islamofobiyanın, radikal meyillərin aradan qaldırılmasında maraqlı deyillər. Etiraf edilməlidir ki, yalnız idman obyektlərinə görə deyil, ümumi inkişaf, ölkədaxili və beynəlxalq nəqliyyat infrastrukturunun və digər zəruri şərtlərin olması baxımından heç də hər bir dövlət Olimpiya Oyunları miqyasında olan “Bakı-2015” I Avropa Oyunları kimi tədbirə evsahibliyi etmək iqtidarında deyil. Azərbaycan isə çox qısa müddətdə qitə səviyyəsində bu əhəmiyyətli tədbirə evsahibliyinə layiq olduğunu sübut etdi. Avropa Oyunlarına qarşı əks-təbliğat aparan dairələr də başa düşürlər ki, bu mötəbər tədbirdən sonra Azərbaycan uğurlu inkişaf strategiyasının davamı olaraq beynəlxalq nüfuzu və çəkisi baxımdan tamamilə yeni bir mərhələyə qədəm qoyacaq.
Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin və “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yarışları izləmələri, qalib idmançıların bir neçəsinə medalları şəxsən təqdim etmələri bir daha göstərir ki, bu beynəlxalq yarışa xalq və hakimiyyət birlikdə maraq göstərib.
Umud MİRZƏYEV,
Azərbaycan Mətbuat
Şurasının sədr müavini
Azərbaycan.- 2015.- 28 iyun.- S. 12.