NATO Qərargahında Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd olunub

 

Silahlı Qüvvələrimizin yaranmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəliyi tərəfindən NATO-nun Brüsseldəki mənzil qərargahında rəsmi ziyafət verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə dövlətlərin NATO yanındakı səfirləri, diplomatik korpusun digər üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin hərbi nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun idarə və agentliklərinin üzvləri, bu təşkilatın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri iştirak ediblər.

Tədbir zamanı qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumat verilib. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusi qeyd edilib.

Qəbulda Azərbaycan və onun Silahlı Qüvvələri barədə, həmçinin hazırda Bakıda keçirilən birinci Avropa Oyunlarına dair videomateriallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri və “Bakı-2015” ilə bağlı rəmzi hədiyyələr təqdim olunub.

 

Azərbaycan.- 2015.- 28 iyun.- S. 15.