“Times
of Israel”: Qarayaxma kampaniyalarına baxmayaraq,
bu çirkli
dumanın arxasından tolerantlıq və dostluq
mesajları işıq saçır
İsrailin “Times of Israel” nəşri birinci Avropa Oyunları barədə “Avropa Oyunları dostluğu və tolerantliği əks etdirir” sərlövhəli geniş məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, İsrailin Oyunlara 142 nəfərdən ibarət böyük nümayəndə heyəti ilə qatıldığını qeyd edən müəllif Azərbaycanda yəhudilərə qarşı tolerantlığın ən yüksək nümunəsinin sərgiləndiyini vurğulayır. Müəllif bildirir ki, Oyunlara 50 ölkədən 6 min atlet qatılıb. İsrail Azərbaycan dostluğunun 200 ildən yuxarı bir zaman kəsiyinə dayandığı qeyd olunan məqalədə Azərbaycanda multikulturalizmin və dinlərarası harmoniyanın mövcudluğuna diqqət çəkilir.
Müəllif yazır ki, son həftələrdə beynəlxalq mətbuatda Azərbaycana qarşı xüsusi təşkil olunmuş əks kampaniya başlanıb. Bu kampaniyanın Azərbaycanı dünya ictimaiyyətinin qarşısında gözdən salmağa və çiçəklənən, güclü Qafqaz ölkəsini öz yolundan döndərməyə yönəldiyi vurğulanır. Qeyd olunur ki, Azərbaycan sürətli inkişaf tempinə malik, istər strateji mövqeyi, istərsə də siyasi, iqtisadi göstəriciləri ilə xüsusi seçilən ölkədir.
Məqalədə Azərbaycanda İsrailin nümayəndə heyətinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğu və açılış mərasimində arenaya daxil olarkən atletlərin alqışlarla qarşılandığı vurğulanır.
“Qafqazda böyük önəm daşıyan Azərbaycanın cəsarətli addımları çoxları tərəfindən həsəd və qərəzlə qarşılanır. Azərbaycanın neft-qaz resursları, eləcə də buradan çəkiləcək qaz kəməri Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq. Beynəlxalq terrorizmə qarşı mübarizədə də Azərbaycan mühüm rol oynayır. ABŞ dövlət departamentinin ekstremizm, terrorçuluq, çirkli pulların yuyulmasına dair hesabatında da Azərbaycan uğurlu tərəfdaş kimi göstərilib. Ölkə bu məsələlərdə ABŞ və NATO-nun həqiqətən də uğurlu tərəfdaşıdır,” – deyə müəllif qeyd edir.
Vurğulanır ki, bütün çirkli qarayaxma kampaniyalarına baxmayaraq,
bu çirkli
dumanın arxasından tolerantlıq və dostluq
mesajları işığını saçır və heç bir böhtan və iftira
kampaniyası bu işığı
kölgələyə bilmir.
Azərbaycan.- 2015.- 28 iyun.- S. 10.