AZƏRTAC-ın 95 illik
yubileyi münasibətilə təntənəli
mərasim
Azərbaycan
Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın 95 illik
yubileyi münasibətilə martın 2-də Bakıda, “Four
Seasons” otelində təntənəli mərasim keçirilib.
Mərasimə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakı iclasının iştirakçıları, yubiley tədbirinə dəvət olunmuş bir sıra xarici ölkələrin aparıcı informasiya agentliklərinin baş direktorları və nümayəndə heyətləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və QHT-lərin rəhbərləri qatılıblar.
AZƏRTAC-ın
baş direktoru Aslan Aslanov çıxış edərək
agentliyin 95 illik yubileyi mərasiminin bütün
iştirakçılarını salamladı və onlara minnətdarlığını
bildirdi.
Baş direktor xatırlatdı ki, bu gün səhər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Konqres Şurası üzvləri və AZƏRTAC-ın 95 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş digər mötəbər qonaqlarla görüşü olub. Səmimi keçən görüş zamanı müasir dünyamızda informasiyanın yeri və rolu, media qurumlarının üzərinə düşən ümdə vəzifələrlə bağlı dəyərli fikirlər səslənib.
Aslan Aslanov dedi: “Bu gün biz həm də Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclasını keçirdik. Yəqin bilirsiniz ki, bu nüfuzlu qurumun V Konqresi 2016-cı ildə Bakıda keçiriləcək və 2019-cu ilədək Konqresə AZƏRTAC sədrlik edəcək. Bizə göstərdikləri yüksək etimada və dəstəyə görə dəyərli həmkarlarıma bir daha təşəkkür edirəm”.
Baş direktor qeyd etdi ki, Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC 95 illik yubileyini onun üçün xüsusilə əlamətdar olan belə bir dövrdə, eyni zamanda, qloballaşan dünyada dəyər sistemlərinin yeniləndiyi, həyatın bütün sahələrində fundamental transformasiyaların baş verdiyi, yeni informasiya texnologiyalarının yarandığı, sosial media bumunun yaşandığı bir dövrdə qeyd edir.
“AZƏRTAC-ın bugünkü səviyyəyə gəlib çatması, dünya informasiya məkanına çıxması bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Biz eyni qayğını Prezident İlham Əliyevdən də görürük. Dövlətimizin başçısının agentliyimizin adının dəyişdirilməsi, AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə 13 əməkdaşımızın Azərbaycan Respublikasının bir sıra fəxri adları və mükafatları ilə təltif edilməsi barədə imzaladığı sərəncamlar bizdə böyük sevinc doğurub”, - deyə baş direktor bildirdi.
Diqqətə çatdırıldı ki, hazırda AZƏRTAC ölkədə və regionda 7 dildə informasiya, 5 dildə videoxəbər yayan agentlikdir. Sosial medianın təhlili ilə məşğul olan ABŞ-ın SocialBakers analitik şirkətinin statistikasında AZƏRTAC-ın Azərbaycan dilində Facebook səhifəsi ölkənin ən sürətlə artan profilləri və media səhifələri sırasında ilk beşlikdə yer alır, informasiya agentlikləri arasında isə birincidir. SocialBakers-in göstəricilərində AZƏRTAC-ın Tvitter və YouTube profilləri də Azərbaycan üzrə “Media” kateqoriyasında daim ilk beşlikdə yer tutur.
İki qitənin mötəbər media qurumlarının və xəbər agentlikləri rəhbərlərinin, dünya informasiya siyasətini müəyyənləşdirən çox nüfuzlu insanların bu gün yenidən Bakıda bir araya gəlməsi yəqin ki, təsadüfi deyil və səylərimizin bəhrə verməsi bizi olduqca sevindirir.
Biz bu ənənəni 2016-2019-cu illərdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına və Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyimiz dövründə daha da zənginləşdirmək niyyətindəyik.
Aslan Aslanov AZƏRTAC-ın yubiley mərasiminin bütün iştirakçılarına bir daha təşəkkürünü bildirdi.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək bu gün Bakıda iki mühüm hadisənin – AZƏRTAC-ın 95 illik yubileyinin və Dünya Xəbər Agentlikləri Konqresi Şurası (NACO) iclasının keçirildiyini vurğuladı.
2016-cı ildə Azərbaycanın Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi edəcəyini diqqətə çatdıran Əli Həsənov ölkəmizin bu tədbirə xüsusi hazırlaşdığını bildirdi. Ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin geniş vüsət aldığını qeyd edən Prezident Administrasiyasının rəsmisi vurğuladı ki, banisi ümummilli liderimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycan dövləti bu gün ictimai, siyasi, mədəni, idman və digər mühüm tədbirlərin keçirildiyi beynəlxalq mərkəzə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, xalqımız öz inkişafının sürətini gündən-günə artırır, müasirləşir, dünyanın qabaqcıl ölkələri və xalqları arasında layiqli yerini tutur.
Əli Həsənov tədbirdə iştirak edən xarici qonaqların Azərbaycanın, o cümlədən paytaxt Bakının sürətli inkişafının şahidi olduqlarını vurğulayaraq onların öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlarına əminliyini bildirdi.
Bu gün AZƏRTAC-ın 95 illik yubileyini qeyd etdiyini xatırladan Əli Həsənov bildirdi ki, agentliyin kollektivi Azərbaycanın 95 illik tarixinin yazılı salnaməsini yaradıb. Azərbaycan jurnalistikasının ən fədakar nümayəndələri AZƏRTAC-da və digər xəbər agentliklərində çalışırlar. AZƏRTAC-ın baş direktoru başda olmaqla bu kollektiv iyirmi ildən artıqdır müasir müstəqil Azərbaycanın yazılı salnaməsini yaradır, ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafını təbliğ edirlər.
Prezident Administrasiyasının rəsmisi qeyd etdi ki, dövlətimizin başçısı İlham Əliyev AZƏRTAC-ın fəaliyyətini daim qiymətləndirərək onun əməkdaşlarını bir neçə dəfə yüksək dövlət mükafatları, orden, medal və fəxri adlarla təltif edib. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Azərbaycan dövlətinin yüksək ordeni olan “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif olunub. AZƏRTAC-ın digər əməkdaşları da fəxri adlar, orden və medallar, Prezidentin təşəbbüsü ilə inşa olunan binada mənzillər və digər dövlət təltiflərinə layiq görülüblər.
Çıxışının sonunda AZƏRTAC-ın bütün kollektivinə uğurlar arzulayan Əli Həsənov əminliklə bildirdi ki, agentlik bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada daha geniş coğrafiyada yayılması istiqamətində səylə çalışacaq.
Mərasimdə AZƏRTAC ilə Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq haqqında sazişlər, Rumıniyanın AGERPRES Agentliyi ilə Anlaşma Memorandumu imzalandı.
Sonra AZƏRTAC-ın 95 illik yubileyinə həsr olunan film nümayiş etdirildi.
Daha sonra “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı təqdimat oldu.
Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari çıxış edərək Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində idmanın Azərbaycanın milli missiyasına çevrildiyini vurğuladı. Bildirdi ki, 20 ildən çoxdur müstəqilliyini bərpa edən Azərbaycan bu müddətdə mötəbər idman yarışlarında uğurla iştirak edib. Bakıda keçiriləcək ilk Avropa Oyunları Azərbaycanı qitənin idman xəritəsinə bir daha təqdim etmək üçün olduqca gözəl fürsətdir.
O dedi ki, birinci Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda böyük irs qoyacaq. On yeddi gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaq. İdman növlərinin 16-sı Olimpiya növüdür. Yarışları 600-dən çox jurnalist işıqlandıracaq. Oyunlar 18 idman qurğusunda, o cümlədən xüsusilə bu yarışlar üçün tikilmiş 5 yeni obyektdə keçiriləcək. Avropa Oyunlarında həm Azərbaycandan, həm də qitə ölkələrindən 16 mindən çox könüllü iştirak edəcək. Altı mindən çox incəsənət xadiminin ifasında təqdim olunacaq açılış və bağlanış mərasimləri dünyanın 100-dən çox ölkəsində birbaşa yayımlanacaq.
“Bakı-2015”in mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs isə Avropa Oyunları zamanı mətbuat xidmətlərinin təşkili ilə bağlı məlumat verdi. Oyunların işıqlandırılmasında iştirak üçün 1200-dən çox jurnalistin müraciət etdiyini vurğulayan Ceyn Pirs mətbuat nümayəndələrinin media şəhərciyində yerləşəcəklərini söylədi. O dedi: “Biz çalışacağıq ki, media nümayəndələrinə Olimpiya səviyyəli xidmətlər göstərək və jurnalistlər üçün hər cür şərait yaradaq”.
Ceyn Pirs “Bakı-2015” Əməliyyat Komitəsinin AZƏRTAC ilə rəsmi tərəfdaşlıq və Azərbaycan tərəfindən Oyunları rəsmi xəbər agentliyi kimi işıqlandırması barədə danışıqların aparıldığını diqqətə çatdırdı.
Sonra “Bakı-2015”ə həsr olunan videoçarx nümayiş etdirildi.
Yubiley mərasimi incəsənət
ustalarının maraqlı konsert
proqramı ilə davam etdi.
Azərbaycan.-2015.- 3 mart.- S.4.