ABŞ Dövlət Departamentinin
mətbuat katibi E.Nalbandyanın azərbaycanlı
girovların məsələsi ilə əlaqədar bəyanatlarını
təkzib edib və bu
məsələdə ABŞ-ın mövqeyini
təsdiqləyib
Xəbər
verildiyi kimi, ABŞ Dövlət Departamentinin mətbuat katibi
Cen Psaki bu həftə bildirib ki, onun ölkəsinin
administrasiyası erməni tərəfə müraciətlə
Azərbaycanın işğal olunmuş ərazilərində
girov götürülmüş iki azərbaycanlı əsiri
- Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azad etməyə
çağırıb. C.Psaki fevralın 23-də Dövlət
Departamentində keçirilmiş brifinqdə qeyd edib ki, bu
çağırışlar ATƏT-in Minsk qrupunun həmsədri
Ceyms Uorlik, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland
və digər amerikalı diplomatlar vasitəsilə erməni
tərəfinə çatdırılıb.
Lakin
iyirmi ildən artıq müddətdə öz
qoşunlarını Azərbaycandan çıxarmaq barədə
dünya birliyinin çağırışlarına və
suveren dövlətlərin beynəlxalq miqyasda
tanınmış sərhədlərinə hörmət etmək,
BMT Təhlükəsizlik Şurasının erməni
qoşunlarının Azərbaycanın Qarabağ regionundan
qeyd-şərtsiz və dərhal
çıxarılmasını tələb edən 822, 853,
874 və 884 nömrəli dörd qətnaməsinə, BMT
Baş Məclisinin 62/243 nömrəli qətnaməsinə və
digər beynəlxalq təşkilatların qətnamələrinə
əməl etmək tələblərinə məhəl
qoymayan rəsmi Yerevan bu dəfə də Vaşinqtonun
çağırışlarına əhəmiyyət vermir.
Ermənistan qəzetlərinin 25 fevral tarixli nömrələrində
yazılanlara inansaq, bu ölkənin xarici işlər naziri
Edvard Nalbandyan bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən
heç biri Ermənistan tərəfini azərbaycanlı
girovların Azərbaycana qaytarılmasına
çağırmayıb.
Fevralın
27-də keçirilən növbəti brifinqdə
AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif
Babanlı erməni nazirin bəyanatlarını Dövlət
Departamentinin mətbuat katibinin nəzərinə
çatdıraraq C.Uorlikin Ermənistanı azərbaycanlı
girovları azad etməyə və onları Azərbaycana verməyə
çağırıb-çağırmadığını
təsdiqləməsini xahiş edib. C.Psaki bu sualın
cavabında qeyd edib ki, o, özünün əvvəlki bəyanatında
Dövlət Departamenti nümayəndələrinin
açıq bəyanatlarına (C.Uorlikin bəyanatları nəzərdə
tutulur - AZƏRTAC) istinad edib. Mətbuat katibi daha sonra
vurğulayıb ki, o, özü də azərbaycanlı
girovların azad edilməsi barədə
çağırışlarla çıxış edib. Bu
faktın özü Dövlət Departamentinin və ABŞ
Administrasiyasındakı bütün yüksəkvəzifəli
şəxslərin mövqeyini ifadə edir.
Xatırladaq
ki, keçən ilin yayında üç nəfər azərbaycanlı
- Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov
Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Kəlbəcər rayonunda öz
doğmalarının məzarlarını ziyarət etmək
niyyəti ilə həmin ərazidə olarkən Dilqəm
Əsgərov və Şahbaz Quliyev girov
götürülüb, Həsən Həsənov isə orada
öldürülüb.
Ermənistanın
oyuncaq rejimi Xankəndidə “daxili istehlakçılar”
üçün nəzərdə tutulan məhkəmə
şousu təşkil edərək Dilqəm Əsgərovun
ömürlük, Şahbaz Quliyevin isə 22 il azadlıqdan məhrum
edilməsi barədə hökm çıxarıb.
Azərbaycan.-2015.- 1 mart.- S.2.