Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyeva
Moskvada Xocalı soyqırımı
ilə bağlı tədbirdə iştirak edib
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
iştirakı ilə Rusiya Federasiyasının Moskva şəhərində
Xocalı soyqırımının 23-cü ildönümü
ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya
Federasiyasındakı səfirliyi, Rusiya-Azərbaycan Gənclər
Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan
Konqresi tərəfindən təşkil edilib.
Tədbirdə
çıxış edən Leyla Əliyeva Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü zamanı
törədilmiş Xocalı soyqırımının təfərrüatları,
baş verdiyi şərait və fəsadları barədə
iştirakçıları məlumatlandırıb. Heydər
Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini
bir daha yad edərək, bu hadisələrdən 23 il keçməsinə
baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini
bildirib. Leyla Əliyeva Xocalı soyqırımına dünya
ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin
verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin
qlobal səviyyədə tanınması istiqamətində səylərin
artmasını, o cümlədən bir çox dövlətlərin
qanunverici orqanlarında Xocalı soyqırımı ilə
bağlı qətnamələrin qəbul olunmasını təqdir
etmişdir. Leyla Əliyeva, həmçinin
iştirakçılara “Xocalıya ədalət”
kampaniyası çərçivəsində həyata
keçirilən tədbirlər barədə məlumat verib.
Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad
Bülbüloğlu çıxış edərək
Xocalı soyqırımının Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün ən faciəvi
səhifəsini təşkil etməsi ilə yanaşı,
onun yeganə hal olmadığını bildirib və diqqəti
Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə,
inkişafa mənfi təsirinə, eləcə də regionda
sülh və təhlükəsizliyin təmin edilməsinə
yönəldib.
Tədbir
zamanı Azərbaycanın və Rusiyanın
tanınmış musiqiçilərinin - Alim Qasımov, Fərqanə
Qasımova, Fərhad Bədəlbəyli, Dimirti Yablonski və
Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş muğam və
etno-caz janrında musiqi parçaları səslənib,
işğal altında olan ərazilərə və Xocalı
soyqırımına aid videomateriallar təqdim edilib.
Tədbirdə
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində
nəşr olunan yeni toplunun rus dilində
buraxılışının təqdimatı da keçirilib.
Topluya Leyla Əliyevanın video müraciətindən,
Xocalı soyqırımı ilə bağlı sənədli
filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də
Xocalı hadisələrinin fotoları, “Xocalıya ədalət”
kampaniyasının yeni loqosu və promo məhsullarının
olduğu fləşkart daxildir. Topluda, eyni zamanda, Xocalı
soyqırımı ilə bağlı tərtib edilmiş
elektron təqdimat da var. Bu təqdimatdan müxtəlif maarifləndirmə
tədbirləri zamanı, xüsusən də xarici auditoriya
üçün geniş istifadə edilməsi nəzərdə
tutulub.
Tədbir
çərçivəsində Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımı nəticəsində
hər iki valideynini itirmiş gənclərlə
görüşüb, onların yaşadığı dəhşətli
xatirələri dinləyib və kədərləri ilə
bölüşüb.
Daha
sonra azərbaycanlı və rusiyalı uşaqların
Xocalı soyqırımı ilə bağlı rəsmlərinin
sərgisi ilə tanışlıq olub.
Azərbaycan.-2015.- 1 mart.- S.3.