Təhsil dövlət siyasətinin prioritetləri sırasında ilk yerlərdən birini tutur

 

Son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət sosial həyatımızın bütün sahələrinin, o cümlədən elm və təhsilin tərəqqisinə güclü təkan verib. Bu bir reallıqdır ki, müasir dövrdə ölkələrin tərəqqisi elm və təhsilin inkişafı ilə birbaşa bağlıdır. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına çevrilməsi, bilik iqtisadiyyatının formalaşması müəyyən edir.

2015-ci ilin başlanğıcında ölkə təhsili üçün uğurlu oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq olunması bu baxımdan xüsusilə mühüm əhəmiyyətə malikdir.

Ölkə başçısının təhsilə, təhsil ictimaiyyətinə hər zaman göstərdiyi həssas münasibət baxımından dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması böyük qayğının nəticəsi idi. Region ölkələrində büdcənin sosial xərclərinin azaldıldığı və dünya bazarında neftin qiymətinin endiyi bir vaxtda belə bir qərarın verilməsi əlbəttə ki, gözlənilməz oldu. Bu, bizim üçün - təhsil işçiləri üçün böyük bir hədiyyə olmaqla yanaşı, eyni zamanda, təhsil ictimaiyyətinin üzərinə böyük məsuliyyət qoyur.

Ölkə Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 19 yanvar 2015-ci il tarixli sərəncamı bu ilin təhsil sisteminin inkişafı baxımından dönüş ili olacağını deməyə əsas verir. Dövlət Strategiyasının Fəaliyyət Planında təhsilin bütün pillə və səviyyələri üzrə gələcək tədbirlərin icrası ilə bağlı dəqiq və əhatəli istiqamətlər əksini tapıb.

İlk növbədə qeyd etməliyik ki, təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər istiqamətlər üzrə islahatların intensivləşdirilməsi məqsədlərinə xidmət edən bu qərar bir daha dövlət siyasətinin prioritetlərini və ölkə rəhbərinin təhsilə olan xüsusi qayğısını əks etdirir. Təsadüfi deyil ki, cənab İlham Əliyev üçüncü dəfə ölkə Prezidenti seçiləndən sonra imzaladığı ilk sənədlərdən biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub.

2014-cü ildə təhsil sahəsində islahatlar və tədbirlər uğurla davam etdirilib. Azərbaycanın müstəqillik illərində aktual sahə kimi yanaşılan məktəbəqədər təhsilə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir.

Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl sektorun da bu sahədəki inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanuna əsasən 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad ediliblər. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması ilə yanaşı, bu sahənin inkişafının təkcə dövlət sərmayələri ilə deyil, həmçinin özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə təmin etmək məqsədi daşıyır.

Dövlət Strategiyasında ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması əsas məqsəd kimi qoyulur. Buna nail olmaq üçün isə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, onların şərait və təchizatının yaxşılaşdırılması, habelə bu sahədə müxtəlif tipli, məsələn, icma və ailə tipli müəssisələrin yaradılmasına xüsusi önəm verilir.

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması üçün tədbirlər görülür. Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb. Bu qruplar uşaqların tədrisə hazırlıqlı başlaması və ilkin bilikləri əldə etməsi məqsədlərinə xidmət edir. Bu qruplara cəlb edilən uşaqların vaxtından əvvəl I sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul olunub.

Dövlət Strategiyasında eyni zamanda, məktəbəqədər təhsil üzrə kurikulumun tətbiqinin sürətləndirilməsi zəruri hesab edilir. Kurikuluma əsasən məktəbəqədər təhsil uşağın ətraf aləmlə harmoniyasını təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmaq baxımından əhəmiyyətlidir.

“Məktəbəqədər təhsilin proqramı (kurikulumu)”nın pilot qaydasında tətbiqi məqsədilə respublikanın 15 pilot şəhər və rayonunda məktəbəqədər təhsil müəssisələrinin pedaqoji işçiləri üçün təlimlər keçirilib. Bu təlimlərdən 3093 tərbiyəçi keçib. Bu il təlimlərin bütün məktəbəqədər təhsil müəssisələrinin pedaqoji işçiləri üçün təşkil olunması nəzərdə tutulur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fond yeni layihəyə - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib. Proqramda ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin genişmiqyaslı tikintisi, yenidənqurulması və əsaslı təmirinin dəstəklənməsi nəzərdə tutulur.

Ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərinə uyğun olaraq, sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblərin idarəedilməsinin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətlərində fəaliyyət 2014-cü il ərzində də uğurla davam etdirilib.

Ölkəmizdə ilk dəfə olaraq ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun və 20 sentyabr 2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil məktəblərində çalışan 30 mindən çox müəllimin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən pilot layihə kimi xüsusi elektron qaydada dərs bölgüsü aparan proqram hazırlanaraq 20 məktəbdə sınaqdan keçirilib. Bununla yanaşı, qiymətləndirmənin nəticələri bütün ümumi təhsil məktəblərində dərs bölgüsü zamanı nəzərə alınıb.

Bakıdakı məktəblərdə çalışan 30 min müəllimin dərs yükü orta hesabla 18 saat civarındadır. Odur ki, müvafiq sərəncamın icrası çərçivəsində heç bir müəllimin ixtisarı nəzərdə tutulmur.

Qeyd etdiyim kimi, Prezident İlham Əliyev tərəfindən müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsinin nəticələri nəzərə alınaraq, bu prosesdə iştirak etmiş müəllimlərin dərs yükü və əməkhaqqı artırılıb. Dövlət başçısının sərəncamı təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, pedaqoji sahədə çalışanların ruh yüksəkliyinə səbəb olub. Müəllimlərin həm dərs yükünün, həm də əməkhaqqının artırılması ehtiyacı sistemin qeyri-optimal olmasından qaynaqlanırdı.

Hər zaman müəllimlərin əməkhaqqının artırılması məsələsi müzakirə olunarkən bunun icrası yolları və forması əsas suallardan biri kimi qarşıda dururdu. Düşünürdük ki, əməkhaqqı artımı, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir.

Bu sərəncama nəzər salarkən aydın şəkildə görünür ki, dövlət başçısı üçün insan kapitalının inkişafı nə dərəcədə vacibdir. Sözsüz ki, hər bir ölkənin ən böyük sərvəti insanlardır. İnsan kapitalının inkişafı daha rəqabətli, Azərbaycanın maraqlarını hər bir sahədə - iqtisadi, sosial və siyasi sahədə daha uğurla təmsil etməyi bacaran insanların yetişdirilməsindən ibarətdir.

Bütün bu məsələlərin həlli üçün aparılan müzakirələrdə təhsil sisteminin səmərəli fəaliyyət imkanları tapıldı və ən qısa müddətdə təhsil alanların bunu hiss etməsi üçün yollar müəyyənləşdirildi. Növbəti mərhələdə isə diaqnostik qiymətləndirmə ilə ölkəmizin bütün regionlarında çalışan müəllimlərin əhatə edilməsi nəzərdə tutulub.

Yeri gəlmişkən onu da qeyd edim ki, hazırda qanunvericiliyə uyğun olaraq, regionlardakı ucqar kənd məktəblərində çalışan bir çox müəllimlərə əlavə ödənişlər və əlavə güzəştlər tətbiq olunur. Belə ki, Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib. Həmin qərar nəticəsində müvafiq təhsil müəssisələrindəki vakansiyaların azaldığını müşahidə edirik. Bütün bunlar təhsil sistemində kadr potensialının optimallaşdırılması üçün tətbiq olunan təşviq mexanizmlərindən biridir.

Təhsil sisteminin optimallaşdırılmasına uyğun olaraq, müəllim-şagird nisbətinə diqqət yetirilməsi olduqca vacib məsələlərdəndir. Bu gün region ölkələri ilə müqayisədə Azərbaycanda bir müəllimə düşən şagird sayı göstəricisi daha aşağıdır. Müəllimlərin dərs yükünün müvafiq həddə çatdırılması ilə müəllim-şagird nisbəti də normal məcraya düşəcəkdir.

Bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılmasını prosesin ilk mərhələsi kimi səciyyələndirə bilərik. Növbəti mərhələdə isə müəllimlərin fəaliyyət keyfiyyətinə, bilik və bacarıqlarının səviyyəsinə görə diferensial əməkhaqqının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Müəllimləri maraqlandıran bir məsələyə də toxunum ki, paytaxt məktəblərində çalışan, diaqnostik qiymətləndirilmədə hər hansı bir səbəbdən iştirak etməmiş müəllimlərə də bu prosesi keçmək imkanı yaradılacaqdır.

Təhsilin inkişafı ilə bağlı beş əsas istiqaməti ehtiva edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsilverənlərə, yəni müəllimlərə xüsusi yer ayrılır.

Məlumdur ki, hər bir təhsil sisteminin səviyyəsi bu sahədə çalışan müəllimin gücündən artıq ola bilməz. Bu baxımdan müəllimlərin bilik və bacarıqlarının artırılması, müəllim nüfuzunun yüksəldilməsi, istedadlı gənclərin pedaqoji sahədə çalışmaq üçün stimullaşdırılması yönündə Təhsil Nazirliyi tərəfindən bir sıra addımlar atılmaqdadır. Sevindirici haldır ki, müəllimlərin böyük bir qismi yeniliklərin tətbiqindən məmnundur və islahatlara həvəslə dəstək verirlər.

Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən ilk dəfə 2014-2015-ci tədris ilindən pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə “Gələcəyin müəllimi təqaüdü” verilib. Təqaüdün təsis edilməsi peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.

Hesab edirəm ki, cəmiyyətdə müəllim nüfuzunun yüksəldilməsi üçün ilk növbədə təhsilə, tərbiyəyə, böyüklərə və müəllimlərə hörmətə xüsusi yer verilən milli dəyərlərimizi qorumalıyıq. Təhsil Nazirliyi gənclərdə bu peşəyə marağı artırmağa çalışır. Bu istiqamətdə dövlət başçısının tapşırığı ilə pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Orada gələcək müəllimlərin dünyagörüşünün formalaşdırılması və keyfiyyətli təhsil almaları üçün səmərəli mühit yaradılacaqdır.

Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Müqayisə üçün qeyd edək ki, ərazisinə və iqtisadi imkanlarına görə Azərbaycandan üstün olan, sürətlə inkişaf edən Qazaxıstanda isə bu dövrdə 700 məktəb inşa olunub.

2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib. 2015-ci ildə isə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsində isə cari təmir işlərinin aparılması nəzərdə tutulub.

Ötən il əsas məqsədi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsi və şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasının təşkilindən ibarət olan İnformatika üzrə Olimpiada Mərkəzi açılıb. Həmçinin Təhsil Nazirliyinin təşəbbüsü ilə riyaziyyat və təbiət elmləri üzrə fənn müsabiqələri keçirilib.

2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbində 15 pilot “Sağlam təhsil sinfi” fəaliyyət göstərir. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.

Keyfiyyətli təhsildən danışırıqsa, müvafiq tələblərə cavab verən tədris resursları və dərsliklər əsas yerlərdən birini tutur. Bu baxımdan qarşıda duran vəzifələri yerinə yetirmək üçün Təhsil Nazirliyi tərəfindən kompleks işlər görülməkdədir. Belə ki, Dərslikləri Qiymətləndirmə Şurasının müsabiqə əsasında yeni tərkibi formalaşdırılıb. 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olunan bu kitablar vaxtında bütün məktəblərə çatdırılıb. Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə olunan gəlirin istifadəsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub.

Növbəti dərs ili üçün VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə təqdim edilən və qalib gələn dərsliklər məhdud sayda çap edilərək pilot məktəblərdə sınaqdan keçirilir. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edilib növbəti dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaqdır. Həmçinin növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017-ci dərs ilindən istifadəyə veriləcək.

“Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq ötən il Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib. Yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb. 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər ilk dəfə “Müəllim andı” içərək fəaliyyətə başlayıb.

Kənd məktəblərində ciddi ehtiyac duyulan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.

Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil edilib. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumtəhsil müəssisələrinə direktor təyin olunub. Artıq ümumtəhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən ikinci müsabiqə başa çatmaq üzrədir.

2014-2015-ci tədris ilindən ölkəmizin ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Bu sıraya riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisasları daxildir.

Məktəblilərin vətənpərvərlik tərbiyəsinin daha yaxşı təşkili məqsədilə 2014-2015-ci tədris ilindən ümumtəhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur.

2014-cü ilin fevral-may aylarında rayon və şəhərlərdəki ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində “Müstəqil Azərbaycan tarixi” mövzusunda əlavə dərslər tədris olunub. Dərslər şagirdlərə müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsi məqsədilə təşkil edilib. Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir. Qeyd olunan dərsləri tədris edəcək müəllimlər və dərslərin mövzuları əvvəlcədən müəyyənləşdirilib. Həmçinin müəllimlərə kömək məqsədilə müvafiq tezislər və tövsiyələr hazırlanıb.

İnternat məktəblərdə təhsil alan uşaqlara qayğı ildən-ilə artır. Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində internat məktəblərinin bir çoxu əsaslı tikinti və yenidənqurmadan sonra yeni görkəm alıb. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə cari ildə təmir işlərinə başlanılması nəzərdə tutulur.

Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı istiqamətində 2014-cü il ərzində də təsirli tədbirlər görülüb. Təhsil müəssisələrinə 6000 ədəd kompüter, 3000 ədəd nooutbuk, 700 ədəd proyektor, 1377 ədəd elektron lövhə verilib. 200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub.

Ötən ilin ən böyük uğurlarından biri də elektron dərslik portalının (www.e-derslik.edu.az) istifadəyə verilməsi olub. Portal təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradır. Məktəblilər portal vasitəsilə istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artıracaq, onların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradacaqdır. Həmçinin elektron resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, videodərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.

Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verilib. Belə ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalıyığan kombayn, 3 dərmançiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb. İlk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə belə texnika və avadanlıqlar 25-30 il əvvəl verilib.

Avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələrinə 11 ədəd “Renault Logan” markalı nəqliyyat vasitəsi verilib. Bütün bunlar müvafiq sahədə fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, mütəxəssis hazırlığı işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.

Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üzrə Kredit Sazişi imzalanıb. Layihənin büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcəkdir. Təhsil Nazirliyi və Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu layihə çərçivəsində pilot olaraq bir neçə peşə məktəbində yeni idarəetmə modelinin tətbiqi, tədris materiallarının hazırlanması, mühəndis-pedaqoji heyət üçün yeni ixtisasartırma, yenidənhazırlanma və ixtisasdəyişmə modelinin tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında ikitərəfli anlaşma memorandumları imzalanıb. Memorandumlar Təhsil Nazirliyi ilə müvafiq qurumlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi, müasir tələblərə cavab verən kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.

İlk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirmək məqsədilə “Liderlik və idarəetmə” təliminə başlanılıb. Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə təşkil edilən ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan təlim iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilib.

Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq 15 667 yerdən 11 266 yerə endirilib. Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alır. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları tətbiq edilib.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci, eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb.

Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə ali təhsil sahəsində həyata keçirilmiş islahatların əsas prioritetləri sırasında olan SABAH (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili ali təhsil müəssisələrinin fəaliyyətinin effektivliyinin təmin olunması, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi, dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması, ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə tədris proqramlarına (standartlarına) yenidən baxılması, abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi, aztəminatlı gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi, dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması kimi məsələlər əsas yer tutur.

Ölkənin 7 ali məktəbində 37 ixtisas üzrə SABAH qrupları fəaliyyətə başlayıb. Hazırda 769 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. Tələbələrdən 200 nəfəri yataqxana ilə təmin olunub. Layihənin əsas hədəfi ali təhsilin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, tədrisin təşkilində mütərəqqi forma və metodları tətbiq etməklə keyfiyyətin yüksəldilməsidir.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 1-ci SABAH Forumu keçirilib. İki günlük forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib. Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsi və tələbələr arasında dialoqun yaradılmasından ibarətdir.

Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə 2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq olunub. 2013-2014-cü tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artırılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.

Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavriat buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisas qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişi əsasında aparılıb.

2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanıb. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılır.

Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatoru yaradılıb. Layihənin əsas missiyası gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə və gənclərin biznesə cəlb edilməsidir. Layihənin əsas hədəfi tələbə startapçılara bizneslərinin qurulmasında dəstək göstərmək və innovativ iqtisadiyyatın inkişafina töhfə verməkdən ibarətdir.

Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışı keçirilib. Layihə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin təbliği məqsədi daşıyır. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib.

2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib. Dövlət proqramı çərçivəsində namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılıb və obyektiv seçim edilib. Dövlət proqramına 2014-2015-ci tədris ili üçün namizədlərin seçimi prosesində şəffaflığın təmin olunması məqsədilə müsahibə zamanı ilk dəfə audio-videoçəkiliş aparılıb. Aparılmış seçim nəticəsində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.

Dövlət proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan seçimlər zamanı bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 310 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayiş etdirmiş 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.

Sevindirici haldır ki, ilk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Tələbələr əsasən Türkiyə, Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə təhsil almağa üstünlük veriblər. Bununla yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb. Dövlət proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni dövlət proqramı hazırlanır.

2015-2016-cı tədris ilində isə azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.

Eyni zamanda, bu il prioritet ixtisas istiqamətlərinin əhatəliyinin genişlənməsi, yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq geniş seçim imkanı yaradacaqdır. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin səmərəliliyinin artırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Belə ki, ötən il Təhsil Nazirliyinin yeni Telefon Məlumat Mərkəzi və Vətəndaşların Qəbulu Mərkəzi istifadəyə verilib. Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Vətəndaşların Qəbulu Mərkəzində ötən il 58370 vətəndaşa xidmət göstərilib.

Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı və keyfiyyəti artırılıb. Hazırda 6 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.

Təhsil Nazirliyinin KİV və QHT-lərlə daha səmərəli münasibətlərin qurulması üçün həyata keçirilən siyasət ictimaiyyətlə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edir. Bu məqsədlə “dəyirmi masa”lar, seminar və brifinqlər keçirilib, jurnalistlərin və QHT təmsilçilərinin təhsil müəssisələrinə səfərləri təşkil olunub. Həmçinin təhsil və müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə cəbhəyanı bölgəyə - Ağdam, Tərtər, Ağcabədi, Qazax və Tovuz rayonlarına səfərlər çərçivəsində media nümayəndələri ümumtəhsil müəssisələrində olub, gənclərin çağırışaqədərki hazırlığı və digər dərslərdə iştirak ediblər. Eləcə də media nümayəndələri və şagirdlər hərbi hissələrdə əsgərlərin döyüş hazırlığı səviyyəsini nümayiş etdirən çıxışlarını izləyiblər.

Azərbaycan təhsilinin inkişafı istiqamətində 2014-cü ildə həyata keçirilən işlər bir məqsədə - təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi və keyfiyyətinin artırılması ilə bağlı qarşıda duran vəzifələrin uğurlu həllinə xidmət edir.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan.-2015.- 1 mart.- S.4.