AZƏRTAC və Türkmənistan Dövlət İnformasiya Agentliyi

 əməkdaşlıq haqqında saziş imzalayıblar

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Sazişi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və TDX-nin baş direktoru Bekdurdu Amansarıyev imzalayıblar. Sazişə əsasən, hər iki agentlik Azərbaycan və Türkmənistanın daxili və beynəlxalq həyatının aktual hadisələri haqqında müntəzəm informasiya mübadiləsi həyata keçirəcək.

Tədbirdə çıxış edən TDX-nin baş direktoru Bekdurdu Amansarıyev Azərbaycan və türkmən xalqlarını dərin tarixi köklər birləşdirdiyini, hər iki ölkənin ortaq mədəniyyətə malik olduğunu dedi. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin getdikcə intensivləşdiyini bildirən baş direktor bu sənədin Azərbaycan və Türkmənistanın informasiya sahəsində əməkdaşlığına böyük töhfə olacağını vurğuladı.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Türkmənistanın aparıcı informasiya agentliyi ilə müqavilə imzalanmasını xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə təkan verəcək əlamətdar hadisə adlandırdı. O bildirdi ki, iki agentlik arasında əlaqələrin daha da möhkəmlənməsi cəmiyyətlərimizin siyasi, iqtisadi, mədəni həyatını əks etdirən məlumatların müntəzəm mübadiləsi üçün əlverişli şərait yaradacaq.

Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan geniş istifadə etdiyini, dövlət başçılarının əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiklərini bildirdi. Diplomat AZƏRTAC və TDX arasında genişlənən əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradacağına əminliyini vurğuladı.

İmzalanma mərasimindən sonra Aslan Aslanov və Bekdurdu Amansarıyev arasında görüş keçirildi. Danışıqlar zamanı informasiya sahəsində müasir tendensiyalar, media sahəsində təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparıldı.

 

Azərbaycan.-2015.- 1 mart.- S.5.