Puç olan erməni təxribatı
1988-ci il fevral ayının sonlarında Sumqayıt
şəhərində baş verən hadisələr ermənilərin
və havadarlarının Azərbaycan xalqı ilə
bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic
yaratmaq məqsədi güdən qanlı cinayətlərindən
biri idi. Həmin hadisələr zamanı Sumqayıtda müxtəlif
millətlərdən olan 32 nəfər həlak olub, 400-dən
çox insan bədən xəsarəti alıb, 200-dən
çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət
obyekti dağıdılıb.
Niyə
Sumqayıt?
Yaşlı
və orta nəslin nümayəndələri 27 il əvvəl - 1988-ci il fevralın 27-28-də
Sumqayıtda erməni millətçilərinin xaricdə
yaşayan havadarlarının və “Daşnaksütyun”
partiyasının dəstəyi ilə necə qanlı aksiya
törətdiyini yaxşı xatırlayırlar. Hadisəni törətməkdə başlıca məqsəd
erməni şovinistlərinin azərbaycanlıları başkəsən,
quldur və qaniçən millət kimi dünya ictimaiyyətinə
təqdim etməsi idi. Separatçı, millətçi
və terrorçu erməni və ermənipərəst
qüvvələr tərəfindən Sumqayıtda törədilən
iğtişaşları araşdırmaq üçün
SSRİ Baş Prokurorluğu tərəfindən 1855461-88
nömrəli xüsusi cinayət işi açılıb,
444 adam məhkəmə qarşısında cavab verib, onlardan
400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılıb, bir
neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfər
- Əhməd Əhmədov ölüm cəzasına məhkum
olunub və bu hökm tələsik yerinə yetirilib.
Sumqayıtda törədilmiş hadisələr barədə
Sovet İttifaqının və xarici ölkələrin mətbuatında
dərc olunmuş, dünyanın kütləvi informasiya vasitələrində,
radiolarda, televiziya kanallarında səslənmiş
materialların əksəriyyəti erməni mövqeli, birtərəfli,
qərəzli xarakter daşımışdır. İnformasiya
müharibəsində erməni tərəf qabaqcadan
hazırlıq görüb azərbaycanlılar haqqında
böhtan xarakterli yalanlar yaymağa müvəffəq olub.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra bir sıra məsələlərlə
yanaşı, Sumqayıt hadisələrinə də
aydınlıq gətirildi və onun başvermə səbəbləri
araşdırıldı. Məhz bundan sonra ermənilərin
əsl siması üzə çıxdı. Məlum oldu ki, Sumqayıt hadisələri əvvəlcədən
planlaşdırılmış ssenari əsasında həyata
keçirilib. Ermənilər əslində
bununla gələcəkdə həyata keçirəcəkləri
digər faciələri ört-basdır etmək niyyəti
güdürdülər.
Sumqayıt
hadisələrinin başvermə səbəbləri
araşdırılarkən ortaya belə bir sual
çıxır: ermənilər öz təxribatlarını
həyata keçirmək üçün niyə məhz bu yolu
seçdilər? Cavab məlumdur: ölkəmizin əleyhinə
güclü ideoloji mübarizə aparmaq, habelə
soydaşlarımızın indiki Ermənistandan zorla
qovulmalarının səbəblərini ört-basdır etmək.
Onlar belə bir ssenarini beynəlxalq aləmdə
Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq məqsədilə
reallaşdırdılar. Xəyanətkar
qonşularımız dünyaya əvvəlcədən guya azərbaycanlıların
Sumqayıtda yaşayan ermənilərə qarşı
zorakılıq etdiklərini, təzyiqlər göstərdiklərini
planlaşdırılmış formada təqdim etməyə
can atırdılar. Halbuki insanları qətlə
yetirənlər elə ermənilərin özləri idilər.
Respublikamız həmin dövrdə güclü
informasiya blokadasına alınmışdı. Dünyaya
birbaşa çıxışımız
olmadığından əsl həqiqətləri beynəlxalq
aləmə çatdıra bilmirdik, xarici aləmdən təcrid
olunmuşduq. Azərbaycanın digər
bölgələrində baş verən iğtişaşlar
da “Krunk” təşkilatının gizli dəstəyi ilə
hazırlanmış məxfi əməliyyatların tərkib
hissəsi idi. Sov.İKP MK-nın birinci katibi
M.Qorbaçovun, akademik Aqanbekyanın, digər yüksək vəzifəli
ermənilərin, habelə SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi əməkdaşlarının da bu işdə
xüsusi rolu vardı.
O vaxtlar
şəhərin icra qurumlarının, hüquq-mühafizə
orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən
ciddi şəkildə nəzarətə
götürülmüşdü. SSRİ
Prokurorluğunun xüsusi istintaq qrupu, DTK nümayəndələri
şəhərə ezam olunmuşdular. Hadisələr
baş verərkən soydaşlarımızın qeyri-qanuni həbs
edilmələri, ölüm cəzasına məhkum
olunmaları məhz bu amillərlə bağlı idi. Şəhərə əvvəlcədən çəkiliş
və terrorçu qrupların göndərilməsi, xarici
müşahidəçilərin dəvət edilməsi bu
hadisələrin məqsədyönlü şəkildə
düşünülmüş planın tərkib hissəsi
olduğunu göstərirdi.
Ermənilər Sumqayıtı əbəs yerə hədəf
seçməmişdilər. Həmin ərəfədə
minlərlə soydaşımız Ermənistandan - öz
ata-baba yurdlarından qaçqın
düşmüşdü. Soydaşlarımız
Sumqayıta pənah gətirərkən burada gizli erməni təxribatçıları
fəaliyyət göstərirdilər. Planlı
şəkildə aparılan qətllər, talanlar və digər
cinayət halları göstərir ki, proseslər şəhərdəki
qüvvələr tərəfindən idarə edilirmiş.
Hadisələrin Moskvadan göndərilmiş
yüksək səlahiyyətli şəxslərin gözləri
qarşısında törədilməsi onların hər
şeydən məlumatlı olduğunu söyləməyə
əsas verirdi.
Ümumiyyətlə,
1988-ci il fevral ayının 27-də
Sumqayıtda iğtişaşlara əvvəlcədən
planlaşdırılmış şəkildə start
verilmişdi. İtaətsizlik baş alıb
gedirdi. Hüquq-mühafizə orqanları
iflic vəziyyətə düşmüşdü. Bütün silahlar onlardan alınmışdı.
Nəticədə bir çox ticarət,
ictimai-iaşə və məişət obyektləri
dağıdıldı, maşınlar yandırıldı.
Mitinq iştirakçılarını sakitləşdirmək
qeyri-mümkün idi. Həmin anlar sovet hərbi
bölmələri Sumqayıtın ayrı-ayrı məhəllə
və mikrorayonlarına dislokasiya olunmuşdu. Lakin hadisələrin qarşısını almaq
üçün müdaxilə edilmirdi. Fevral
ayının 28-də və 29-da şəhərdə
qanlı aksiya baş verdi. Mart
ayının 1-də isə şəhərdə komendant
saatı elan olundu. İndi o günləri
xatırlayanda hələ də aktuallığını itirməmiş
suallarla üzləşirsən. Məsələn,
hərbçilər niyə gözləmə mövqeyi
tutmuşdu? M.Qorbaçov 1988-ci il
iyul ayının 18-də SSRİ Ali Sovetinin iclasında
“Qoşunlar Sumqayıta bir saat gecikmişdi” fikrini söyləmişdi.
SSRİ müdafiə naziri Yazov isə
“Sumqayıtın əks-sədası” sənədli filminin
çəkiliş qrupuna verdiyi müsahibəsində bu
faktı təkzib etmişdi.
Erməni ekstremistləri məhz Sumqayıt şəhərini
ona görə seçmişdilər ki, orada 10 minə yaxın
yeniyetmə texniki peşə məktəblərində təhsil
alırdı.
Azərbaycanın müxtəlif regionlarından
gələn həmin gənclərin əksəriyyəti
valideyn nəzarətindən uzaq idi. Şəhərdə
kriminogen vəziyyət xoşagələn deyildi. Həmin günlər 100-dən yuxarı saqqallı
və qara gödəkçə geyinmiş erməni
ekstremisti Sumqayıtda idi. Əksəriyyəti
“Dalğa” və “Sumqayıt” mehmanxanalarında qalırdı.
Onlar əhali arasında müxtəlif şayiələr
yayır, aranı qızışdırır, insanları ermənilərin
evlərinə soxulmağa təşviq edirdilər.
Ermənistan rəhbərliyi, ideoloqları Sumqayıt
hadisələrindən kart kimi istifadə edərək azərbaycanlıları
quldur millət kimi dünya ictimaiyyətinə təqdim etmək
üçün təbliğat mexanizmini işə saldı. “Azərbaycanda ermənilər
qırılır, qətlə yetirilir, başları kəsilir,
yandırılır” və s. kimi cəfəng uydurmalar
yayılırdı. Hadisələr zamanı
Sumqayıta xaricdən ezam olunmuş Artaşes Qabrielyan
videokamera ilə hadisələrin bəzi məqamlarını
lentə alırdı, sonralar onlar montaj olunub xarici telekanallarda
göstərildi.
Sumqayıtda baş verən hadisələrdə əsas
təşkilatçılardan və icraçılardan biri
Eduard Qriqoryan idi. O, iki dəfə məhkum olunmuşdu və heç
yerdə işləmirdi. “Krunk”un fəal
üzvü idi. İstintaq qrupunun materiallarından aydın
olur ki, 1988-ci il fevral ayının
ortalarında onun yaşadığı mənzilə Yerevandan
bir qrup emissar gəlibmiş. Qriqoryan təlimatlandırılmış,
ona pul, narkotik vasitələr verilmişdi. “Paşa” ləqəbli
Edik ertəsi gün ətrafına bir neçə
azyaşlı yeniyetmə və gəncləri toplayıb
yaxın günlərdə bəzi əməliyyatlarda
iştirak etsələr, çoxlu pul verəcəyini bildirərək
onları şirnikləndirmiş və 1988-ci il
fevral ayının 27-29-da Sumqayıtda iğtişaşlara rəhbərlik
etmişdi. Onun barəsində ən dəqiq proqnozu SSRİ
Baş Prokurorluğunun mühüm işlər üzrə
müstəntiqi, o vaxtlar istintaq qrupunun rəhbəri Qalkin
verib: “Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Dəfələrlə həbs olunsa da, nəticə
çıxarmayıb. O, Sumqayıtın azyaşlı
uşaqlarını başına toplayıb beyinlərini
dumanlandırmış, iğtişaşlara rəhbərlik
etmişdir. Sumqayıtda baş verən hadisələrdə
onun cinayət əməlləri nəticəsində 5 erməni
qətlə yetirilmiş, 8 qadın zorlanmışdır...”
Həqiqəti
ört-basdır etməyə hesablanan yalanlar, uydurmalar,
şayiələr
1988-ci il fevralın 28-dən 29-na keçən gecə
erməni terrorçuları xaricdə yaşayan
havadarlarının köməyi ilə Sumqayıtda qan
tökdülər. Bununla bağlı mətbuat
səhifələrində yayılan böhtanlar, erməni millətçilərinin
çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə
başladı. Yerevanda nəşr olunan
“Sumqayıt, genosid, aşkarlıq” kitabı başdan-başa
böhtan və iftira toplusuna çevrilmişdi. Hətta təkzibolunmaz faktlar bilərəkdən və
qəsdən təhrif olunmuş, rəqəmləri
şişirtməklə dünya ictimaiyyətini
çaşbaş salmaq istəmişdilər.
“İzvestiya” qəzetinin 1988-ci il 30 mart
tarixli nömrəsində belə bir sərlövhə ilə
yazı dərc olunmuşdur: “Sumqayıt: istintaqa şayiələr
mane olur”. Həqiqətən ermənilər mərkəzi
- SSRİ Baş Prokurorluğunun istintaq qrupunu da
çaşdırmaq üçün hər cür yalan və
hiylələrə əl atırdılar. Sumqayıt
hadisələrində həlak olanların sayını bəzən
ağlagəlməz dərəcədə
artırırdılar. “Pravda” qəzeti 4 aprel 1988-ci il tarixli nömrəsində yazırdı ki,
Ermənistanın Moskvadakı nümayəndəliyinin
yaydığı məlumata görə, Sumqayıtda 1000 nəfərə
qədər adam öldürülüb. Ermənilərin
saxta mənafeyi qorunmayanda köhnə vərdişlərindən
əl çəkmir, şərə və böhtana üstünlük
verirdilər. Toplantılarında Moskvaya, Mərkəzi
Komitəyə, rus xalqına inamsızlıq ifadə edən
bəyanatlar yayırdılar... O vaxtlar Qarabağ komitəsinə
rəhbərlik edən Ermənistanın eks-prezidenti Levon
Ter-Petrosyan idi. Deməli, hələ sovet
vaxtından xaricdə yaşayan erməni lobbisinin vəsaiti və
köməyi ilə Dağlıq Qarabağı Azərbaycandan
qoparıb Ermənistana birləşdirmək üçün
çirkin və məkrli oyunlar gedirdi. Sumqayıtda
törədilmiş qanlı cinayətlər də əvvəlcədən
hazırlanmış həmin ssenarilərin davamı idi.
1988-ci il mart ayının əvvəllərində
hadisələr bir qədər səngisə də, şayiələrin,
uydurmaların miqyası genişlənirdi. Komendant saatından
sonra 2 minə yaxın adam həbs
olunmuşdu. Qəribə burasıdır ki, cəmi
iki-üç gündə dünyanın ucqar yerlərindən
ermənilərin tərəfdarları və təbliğatçıları
peyda olmuşdu. Hadisələrin
sabahısı İsveçrədən gələn
yuxarıda adını qeyd etdiyimiz Artaşes Qabrielyan adlı
erməni videokamerası ilə Sumqayıtın küçələrini
gəzirdi. O, lentə aldığı materiala belə ad
qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin”. Bu hadisələrdən sonra Azərbaycana
qarşı böyük təbliğat kampaniyası
başladı. “Azadlıq” radiosunun erməni
redaksiyasının baş redaktoru Eduard Ohanesyan hadisələri
öz xeyirlərinə şərh etmək üçün hər
cür böhtana, şərə əl atırdı. Ölənlərin sayını artırır, yalan
və qərəzli məlumatları mətbuat səhifələrində
yayırdılar. Sumqayıt hadisələrindən
sonra erməni tarixçiləri fəallaşdılar, iftira və
təhrifə üstünlük verməklə çoxlu sayda
kitablar nəşr etdirdilər.
Sumqayıt hadisələrini araşdıran siyasi
analitiklər, bu mövzuda yazan jurnalistlər, eləcə də
hadisələrin mahiyyəti ilə maraqlanan insanların
çoxu hələ o vaxtlar yaxşı dərk etmişdilər
ki, iğtişaşların ssenarisi Moskvada - Sov.İKP
MK-nın Siyasi Bürosunda hazırlanmışdı.
1988-ci ilin fevralında Sumqayıtda iğtişaşların
törədilməsinin bir neçə səbəbi vardı. Ermənilər
Azərbaycandakı soydaşlarının zorakılığa
məruz qalması görüntüsü ilə nəinki bu
şəhərin sakinlərinin, bütövlükdə azərbaycanlıların
şəxsində düşmən obrazı yaratmaq, bununla da
mənfur niyyətlərini ört-basdır etmək fikrində
idilər. Həmin illərdə
Sumqayıtda gənclər çoxluq təşkil edirdi.
Onlar müxtəlif bölgələrdən gəlir,
işə düzəlir, yataqxanalarda yaşayırdılar.
Müxtəlif millətlərin nümayəndələrinin
yaşadığı şəhərdə hər cür adam tapmaq mümkün idi. Müşahidəçilər
sonralar yazacaq və deyəcəkdilər ki, ermənilər
sumqayıtlı gənclərə pulsuz olaraq tərkibinə
müxtəlif uyuşdurucu maddələr qatılmış
çoxlu miqdarda alkoqollu içkilər
paylamışdılar. Ermənistandan
qaçqın düşərək respublikamıza pənah gətirənlərin
böyük hissəsi də Sumqayıtda məskunlaşmışdı.
Doğma yurd-yuvalarından zorla qovulan bu
adamların təbii narazılıqlarından imkan daxilində
istifadə etmək, eləcə də hadisələrin guya
onlar tərəfindən törədildiyini bəyan etmək
daha inandırıcı görünürdü.
Üç
minə yaxın günahsız şəhər sakini həbs
edildi
Martın 1-dən keçmiş SSRİ Prokurorluğunun
istintaq qrupu hadisələri araşdırmaq üçün
fəaliyyətə başladı. Bu qrupa keçmiş
SSRİ Prokurorluğu Baş İstintaq İdarəsi rəisinin
müavini Nenaşev və Baş Prokurorluq yanında
xüsusilə mühüm işlər üzrə müstəntiq
Qalkin başçılıq edirdilər. Keçmiş
SSRİ DTK-nın və SSRİ Hərbi Prokurorluğunun
xüsusi qrupları da Sumqayıtda idilər. Üç minə yaxın günahsız şəhər
sakini həbs edildi. Onların bir qismi
inzibati məsuliyyətə cəlb olundu, bir qismi çətinliklə
də olsa azadlığa çıxa bildi. 94 nəfər haqqında isə cinayət işi
başlanıldı. İstintaq zamanı
tutulanların zorakılıqla bir-birinə qarşı ifadələr
verməsində adıçəkilən qrupla yanaşı,
Azərbaycanın müvafiq qurumlarının üzüyola əməkdaşlarının
da “xidməti” olmuşdur. Məhkəmələr
yuxarıların göstərişlərini əsas tutmuş,
baxılan cinayət işlərində qanunun aliliyi prinsiplərini
kobudcasına pozaraq ədalətsiz hökmlər
çıxarmışlar. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi
Ə.Əhmədovun, İ.Cəfərovun, T.İsmayılovun
cinayət işlərinə baxmış, prosesdə müttəhimlərə
qarşı ittihamların əsassızlığı
sübut olunmuşdu. Ona görə də həmin iş
bütövlükdə yenidən istintaqa qaytarılmalı
idi. Buna baxmayaraq, yalnız İ.Cəfərovun
və T.İsmayılovun cinayət işinin materialları
yenidən təhqiqata verilmiş, Ə.Əhmədova isə
heç bir tutarlı dəlil-sübut tapmadan hadisələrin
təşkilatçısı damğası vurularaq güllələnməyə
məhkum edilmiş və hökm Moskva şəhərində
icra olunmuşdu. Haqsız yerə həbs
olunmuş Elçin Gəncəliyev ona verilən işgəncələrə
dözməyərək həbsxanada intihar etmişdi.
Ermənilərin
Sumqayıt hadisələri zamanı bir nəfər də
olsun azərbaycanlının öldürülməməsi ilə
bağlı iddialarına baxmayaraq, cinayət işləri
öyrənilərkən müəyyən olunmuşdur ki,
şəhərə qoşun yeridilərkən 5 azərbaycanlının
öldürülməsinə dair Bakı Qarnizonu Hərbi
Prokurorluğunda başlanan istintaq işinə əsassız
olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə
aparılan əlavə istintaq zamanı sübut olunmuşdur
ki, Bakıdakı 1 nömrəli avtobus parkının
sürücüsü, milliyyətcə erməni olan Valeri
Markaryan içərisində hərbçilər olan avtobusu
Sumqayıtda dinc əhalinin üstünə sürmüş
və nəticədə 4 azərbaycanlı həlak
olmuşdur. Hazırda bu fakt üzrə istintaq-əməliyyat
tədbirləri davam etdirilir. Sumqayıt
hadisələrindən sonra erməni tərəfi dərhal
antiazərbaycan informasiya kampaniyasına
başlamışdı. Onlar hadisələrdən
mümkün qədər çox bəhrələnmək,
dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların
zalım, qəddar, qaniçən obrazını yaratmaq və
guya bu səbəbdən də onlarla birgə
yaşamağın mümkün olmaması haqqında fikir
formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmirdilər.
Ermənilər indi də bu hadisələrin azərbaycanlılar
tərəfindən onlara qarşı soyqırımı
törədildiyi fikrini formalaşdırmağa
çalışır, hadisələrə siyasi qiymət
verilməsinin vacibliyini vurğulayırlar.
Araşdırmalar
isə göstərir ki, Sumqayıt hadisələrinin ən
azı üç tərəfi olmuşdur: birincisi, “yenidənqurma”,
“yeni siyasi düşüncə” şüarları ilə pərdələnən
Mixail Qorbaçovun rəhbərliyi ilə dünya sosializm
sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini
həyata keçirən qüvvələr, ikincisi,
yaranmış fürsətdən istifadə edərək
Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan
qoparmaq və Ermənistana birləşdirmək istəyən
erməni və ermənipərəst millətçi və
separatçı qüvvələr, üçüncü tərəf
isə hadisələri icra edən xüsusi hazırlıq
keçmiş təxribat qrupu tərəfindən təhrik
olunmuş yeniyetmələr, müxtəlif cinayətkar
ünsürlər və yetkinləşməmiş gənclər.
Sumqayıt
şəhərinin keçmiş güc strukturları əməkdaşlarının
bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin
istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar
da, müəyyən etmişlər ki, şəhərdə
özlərini “Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim
edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət
göstərib. Bu barədə onlara hətta bəzi
zərərçəkmiş ermənilər də məlumat
vermişlər. Həmin məlumatlar
SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna
çatdırılsa da, yoxlanılması təşkil edilməmiş
və nəticəsiz qalmışdır. O vaxtlar
SSRİ Baş Prokurorluğunun istintaq qrupunda tərcüməçi
kimi fəaliyyət göstərmiş Nofəl Əhmədov
bildirir ki, həmin təxribat qrupunun ifşa edilməsi
üçün cüzi də olsa tədbirlər
görülməmişdir. DTK-nın Sumqayıt şəhər
şöbəsi tərəfindən hadisələrin əsas
təşkilatçılarından və
icraçılarından biri olan “Paşa” ləqəbli Eduard
Robertoviç Qriqoryan barəsində məlumat SSRİ
DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat
sahəsinə rəhbərlik edən Yevgeni Popova
çatdırılsa da, o, buna şübhə ilə
yanaşmış, milliyyətcə erməni olan şəxsin
öz soydaşlarına qarşı cinayət törətdiyinə
inanmadığını demişdir. Martın əvvəllərində
DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev
ona Eduard Qriqoryan barədə məlumatın doğru
çıxdığını və artıq həbs
olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə
iştirakı və onun əlaqələrinin müəyyən
edilməsi üçün qeydiyyat-əməliyyat işi
açılmış, əməliyyatın gedişində
“Paşa”nın əslən
qarabağlı, milliyyətcə erməni olan Osipov və ya
Osipyan soyadlı bir “həmkarı” ilə söhbətlər
aparılmışdır. Sonradan Osipovun
(Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən
islah-əmək müəssisəsində cəza çəkməsi
barədə məlumat alınmış və bu ölkənin
müvafiq orqanlarına sorğu göndərmək qərarına
gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş
nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə
imzalamaqdan və göndərməkdən imtina etmişlər.
Sumqayıt hadisələrinin törədilməsində
sovet rəhbərliyinin maraqlı olduğu göz
qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət
qədər hərbi və silahlı qüvvələri
olduğu halda hadisələrin qarşısının
alınması üçün lazımi tədbirlər
görülməmiş, bununla bağlı hətta SSRİ
DTK-nın sabiq sədr müavini Filip Denisoviç Bobkov
Sumqayıtda olarkən ona müraciət etdikdə
bildirmişdi ki, hadisələrin qarşısını almaq
barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin
səlahiyyəti var. SSRİ Baş Prokurorluğunun istintaq
qrupu isə cinayətin təşkilatçılarının
müəyyən edilməsi istiqamətində obyektiv iş
aparmamış, çox vaxt təşkilatçılar
qismində azərbaycanlıları məsuliyyətə cəlb
etməyə çalışmış, beləliklə, əməliyyat
tapşırıqlarının nəticələri demək
olar ki, kölgədə qalmışdır.
Ermənilərə
külli miqdarda silah və canlı qüvvə verilirdi
Ermənistanın rəhbərləri, hərbçiləri,
qatı millətçiləri Dağlıq Qarabağın və
Azərbaycanın digər torpaqlarının
işğalında təkcə öz imkanlarından istifadə
etməmişdilər. Əgər kənardan kömək
olmasaydı, onlar cürət edib Azərbaycan
torpaqlarını zəbt edə bilməzdilər. Buna cəsarətləri
çatmazdı! Sovet hərbçiləri bu
işdə onlara dəstək idilər. Ermənilərə
külli miqdarda silah və canlı qüvvə verilirdi.
Parisdə
nəşr olunan “Jurnal dyu dimanş” qəzeti 1990-cı il yanvar ayının 24-də yazırdı:
“Axır günlər Livandan Yerevana minomyot və avtomatlar
daşıyan təyyarələr gəlməkdə davam edir.
Onların boşaldılması erməni
gömrük işçilərinin nəzarəti altında
gecələr həyata keçirilirdi. Artıq
neçə gündür ki, aeroportun gömrüyündə
bir nəfər də olsun rus xidmət etmir. Bu
silahların daşınması ola bilsin
ki, sentyabrdan başlanıb. Dağlıq
Qarabağda vətəndaş müharibəsi
qızışan andan Yerevanda və kəndlərdə, Azərbaycanla
sərhəd ərazidə daha çox silahlı adamlara, həmçinin
hər şeyə hazır olan qızışmış gənclərə
rast gəlinir. Bu dəstələrin
başında çox vaxt Beyrutdan və Dəməşqdən
gəlmiş erməniləri görmək olar. Onların bəziləri Livan terrorçularına və
silahlanmış xristian qruplarına yaxındırlar. Küçə döyüşləri
taktikasını yaxşı bilən yüzlərlə Livan
ermənisi bura vizasız gəlib. Onların
bir hissəsi Yerevanda yerləşir, əksəriyyəti isə
sərhəd rayonları olan Gorus və Xanlar ətrafına
yola düşüb. Qonşu respublikalarda
olduğu kimi, “Qarabağ Komitəsi” bu təşkilatları
Azərbaycana qarşı öz əlində saxlayır”.
Ermənilər ideoloji silahdan da məharətlə
istifadə etməyə çalışırdılar. Erməni və
ermənipərəst qüvvələr dünyanın
ayrı-ayrı mətbuat səhifələrində guya
“böyük Ermənistan”ın mövcud olduğunu iddia edir,
Osmanlı imperiyası tərəfindən
dağıldığını ön plana çəkirdilər.
Fransız sovetşünası Lemerse-Kelkeje “Azərbaycana
xaricdən təsir” məqaləsində Azərbaycan tarixini təhrif
edir, qonşu dövlətlərə (ermənilər nəzərdə
tutulur) qarşı xəyanətkar olduğunu sübut etməyə
çalışırdı.
Erməni ideoloqları öz havadarlarının pulu
hesabına xaricdə kütləvi informasiya vasitələrində
Azərbaycan haqqında mənfi imic yaratmaqla məşğul
idilər. Məsələn,
1989-cu il iyun ayının 29-da “Yurmala” qəzetinin
26-cı nömrəsinin birinci səhifəsində belə
bir başlıq verilmişdi: “Qəzetin bu nömrəsi Ermənistana
və erməni xalqına həsr olunur”.
Qərb
ölkələri, transmilli korporasiyalar, xarici mətbuat Azərbaycanda
gedən ictimai-siyasi proseslərdən, Sumqayıtda baş verən
qanlı aksiyadan, Dağlıq Qarabağ problemindən SSRİ-nin
dağıdılmasında və Kommunist Partiyasının ləğvində
bir alət kimi yararlandılar. Erməni millətçiləri
isə bu hadisələrdən tarixi şans kimi istifadə etməyə
çalışdılar. Həmin illər
ermənilər informasiya müharibəsində
üstünlük qazanmışdılar. Fransada, Kaliforniyada,
Hollandiyada kütləvi informasiya vasitələrində ermənilər
və ermənipərəst siyasətçilər, politoloqlar
Azərbaycanın ünvanına böhtanlar, hədyanlar
yağdırırdılar. “Sandi Tayms” qəzeti yazırdı:
“Azərbaycanlılar ermənilərdən aciz və
gücsüz deyillər. İnformasiya müharibəsində
isə azərbaycanlılar ermənilərdən aciz və
gücsüzdürlər”.
Sumqayıtda qanlı terror fevralın 27-də baş
tutsa da, bu ssenari çoxdan hazırlanmışdı. Ssenari
çox məxfi şəkildə
hazırlandığından iğtişaşlar başlanandan
sonra da həqiqət dünyadan, cinayətkarlar isə
istintaqdan gizlədildi. Hadisələrin
xronikası, ardıcıllığı sübut edir ki, erməni
millətçi və separatçı qüvvələri bu
qanlı terrorun məxfi planını, parol və işarələrini
çoxdan hazırlamışdılar. Bir-birinin
ardınca təşkil olunan aksiyalar, siyasi gedişlər də
bunu sübut edir. Eyni vaxtda Xankəndidə
və Yerevanda Qarabağ uğrunda mitinqlər təşkil
olunur, yığıncaqlar keçirilirdi. Ermənistanda yaşayan azərbaycanlılar kütləvi
şəkildə ata-baba yurdlarından zorla qovulurdular. İlk qaçqınlar Bakıya, Sumqayıta gəlirdi.
Bunun ardınca cavab aksiyaları təşkil
olunurdu. Nümayişçilər,
yürüşçülər arasında Azərbaycan dilində
sərbəst danışan saqqallı erməni emissarları
görünürdü. Erməni
separatçıları məqsədlərinə çatmaq
üçün hər cür hiyləyə əl atır, dəridən-qabıqdan
çıxırdılar. Moskva isə
hadisələri sükutla izləyir, əslində, daha riyakar
və dəhşətli planların konturları
cızılırdı.
1988-ci il fevral hadisələrindən sonra
M.Qorbaçov yüksək dairələrdə Sumqayıt faciəsinə
siyasi qiymət verilməsinin qarşısını aldı. Çünki o vaxtlar Sumqayıt hadisələrinə
siyasi qiymət verilsəydi, həmin əməliyyatın
yüksək dairələrdən idarə olunması faktı
ortaya çıxa bilərdi. SSRİ-nin
milli münaqişələr zəminində
dağıdılması ssenarisinin əsl müəllifləri
ittiham olunardı, Sumqayıtda törədilmiş
iğtişaşların Dağlıq Qarabağ problemi ilə
bağlılığı üzə çıxardı.
Bir də ermənilərin dünyaya bəlli olan iç
üzləri açılardı. Hələ bir vaxtlar ermənilərin
vəhşiliyindən dəhşətə gələn
fransız jurnalisti Jan-İv yazırdı: “Mən müharibədə
çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını
eşitmişəm. Amma ermənilər
onları ötüb keçiblər. Onlar
5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə
öldürürlər”. Əslində dünya ictimaiyyəti
erməniləri belə tanıyır: zalım, qəddar,
qaniçən, bir sözlə, ümumbəşəri bəla
kimi...
Doğrudur, hadisələrin mahiyyətini açmaq,
baş verənlərə hüquqi qiymət vermək
üçün SSRİ Baş Prokurorluğu istintaq qrupu
yaratdı. İlk baxışda gözləmək olardı ki, əsl
həqiqət üzə çıxacaq. Amma
belə olmadı, şəhərdə kütləvi həbslər
başladı. Günahsız adamlar istintaqa
cəlb olundu. Əsl cinayətkarlar məsuliyyətdən
kənarda qaldılar.
Moskvadan gələn
müstəntiqləri qanlı təxribatı təşkil edənlər
maraqlandırmırdı...
Fevralın
27-də Sumqayıt şəhər prokuroru İsmət
Qayıbov baş vermiş iğtişaşlarla bağlı
cinayət işi başlatsa da, dörd gün sonra Moskvadan
göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq
qrupu bu işi öz icraatına götürərək
Sumqayıtın və ümumiyyətlə, Azərbaycanın
hüquq-mühafizə orqanlarının əməkdaşlarını
istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırdı.
Belə bir şəraitdə ermənilərin əvvəlcədən,
qeyd-şərtsiz zərər çəkmiş tərəf
kimi tanınması asanlaşdı, tutulan ermənilərin
hamısı “səhvən yaxalanmışlar” kimi
azadlığa buraxıldı.
Hərbçilər tərəfindən tutulmuş
E.Qriqoryanın ifşa edilməsi isə istintaqın yox, zərərçəkmiş
Mejlumyan bacılarının onu özlərinə
qarşı zorakılıq edənlərdən biri kimi
tanımaları nəticəsində mümkün oldu. Qriqoryan uzun
müddətə azadlıqdan məhrum edilsə də,
sonradan cəzasının qalan hissəsini çəkmək
üçün onun Ermənistana göndərilməsi də
çox şeydən xəbər verir.
Moskvadan gələn müstəntiqlər Sumqayıtda
özlərini həyasızcasına aparır, dindirmələr
zamanı azərbaycanlılarla çox sərt rəftar
edirdilər.
SSRİ DTK-nın baş müstəntiqi polkovnik Zubtsev
Sumqayıt milisinin əməkdaşlarını sorğu-suala
tutarkən aydın başa düşülürdü ki, sovet
rəhbərliyini qanlı təxribatı təşkil edənlər
yox, yerli partiya və sovet orqanlarının, təsərrüfat
və istehsalat sahələri rəhbərlərinin şəxsi
həyatları barədə kompromat xarakterli məlumatlar daha
çox maraqlandırır. Bütün bunlar isə,
təbii ki, həmin şəxslər barəsində “zəruri”
tədbirlər görmək üçün yox, azərbaycanlı
rəhbər işçiləri ləkələmək və
həbs etmək üçün lazım idi. Belə faktlar azərbaycanlıların əleyhinə
növbəti çığır-bağır kampaniyası
qaldırmağa “əsas” verirdi.
Hadisələr ərəfəsində yerli hakimiyyət
strukturları yuxarı hakimiyyət orqanlarına əsl vəziyyət
barədə məlumat vermişdilər. Moskvadan gəlmiş
yüksək vəzifəlilər, qoşun hissələrinin
və digər orqanların səlahiyyətli nümayəndələri
Sumqayıtda idilər, iğtişaşlar və talanlar
onların gözü qarşısında törədilmişdi.
Bu fakt da sübut edir ki, hadisələr Moskvadan
idarə olunur və izlənilirdi.
Sumqayıtda yaşayan ermənilərin bir qisminin millətçi-ekstremist fikir daşıyıcıları olmasına dair məlumatlara keçmiş Azərbaycan SSR DTK-nın arxivində saxlanan və istintaqa təqdim edilmiş “Nalyotçik” (“Basqınçı”) kodu altında əməliyyat işinin materialları arasında olan sənədlərdə də rast gəlinir. Məsələn, əməliyyat işinin rus dilində tərtib edilmiş 146-147-ci vərəqləri Sumqayıt şəhərindəki hadisələr ərəfəsində DTK orqanları tərəfindən hazırlanmış 47 ekstremist erməni barəsindədir. Qeyd edək ki, adları çəkilən ermənilərin heç biri şəxsən zərər çəkməmişdir.
1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevrilişlə əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupu tərəfindən intihar etmiş sabiq SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında aparılan axtarış zamanı rəflərdəki sənədlər arasında Məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağla və digər bu kimi hadisələrlə əlaqədar sənədlər aşkar edilmişdir. Sənədlərdə Dağlıq Qarabağda fəaliyyət göstərmiş “Krunk” təşkilatı, onların üzvləri barədə, ümumən Dağlıq Qarabağ hadisələri haqqında SSRİ DİN-ə daxil olan ilk məlumatlar öz əksini tapmışdır. Bu məlumatlar həm Ermənistan, həm də Azərbaycan Daxili işlər nazirliklərinin arayışlarından, eləcə də SSRİ DİN-in müvafiq idarələrinin məlumatlarından ibarət olmuşdur. Bu faktın özü də onu göstərir ki, baş verənlər barədə SSRİ rəhbərliyinin ilk günlərdən ətraflı məlumatı olmuş, lakin müəmmalı səbəblərdən hadisələrin qarşısını almağa heç bir cəhd göstərilməmişdir.
Sumqayıt hadisələrinin ermənilərin
maraqlarına xidmət edən təxribat olduğu faktlarla
sübut edilib. Bu, əvvəlcədən
düşünülmüş və həyata
keçirilmiş bir aksiya idi. Ermənilər bu
qanlı əməllərindən öz mənafeləri
üçün istifadə etməyə, beynəlxalq miqyasda
xalqımız haqqında mənfi rəy
formalaşdırmağa cəhd göstərsələr də,
zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin
haqsız olduğunu sübuta yetirdi.
Azərbaycan.-2015.- 1 mart.- S.7.