Yaşının bu
çağında da tikib-qurmaqla
məşğuldur
Atalar “Dünya bir pəncərədir, hər gələn baxar, gedər” - deyiblər. O pəncərə ki, ondan baxanda, ilk növbədə insanın ömür yolu görünür. Adına bəxt, tale yolu deyilən bu görüntüdə izi qalanı da var, qalmayanı da. Bu isə insanın özündən asılı olan bir işdir. Çünki insanın şəxsiyyətini onun dünyada necə yaşamaq istəyi formalaşdırır. Kimi qurub-tikməyi, kimi də hazırın naziri olmağı sevir. İllər keçəndən sonra insanlar arxada qalan ömür yollarına boylananda nəyi qoyub, nəyi itirdiklərini də onda bilirlər.
Deyirlər, cavanlığından doğru yolu seçənlər qocalığında peşmançılıq hissi keçirmirlər. Belələri keçdikləri ömür yollarından, gördükləri işlərdən qürurla danışırlar. Haqları da var. Barəsində söhbət açdığımız Calal Qurbanov keçdiyi şərəfli ömür yolundan danışmağa haqqı çatan ağsaqqallarımızdandır.
Calal Qurbanov 1 mart 1935-ci ildə dahi Nizaminin vəsf etdiyi qədim Bərdə şəhərində dünyaya göz açıb. Uşaqlıqdan oxumaq, təhsil almaq istəyi güclü olub. Orta məktəbi əla qiymətlərlə başa vuran Calal Qurbanov 1957-ci ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasına daxil olsa da, hiss edib ki, neftçi olmaq onluq deyil, istəyi tikib yaratmaqdır.
Akademiyanı fərqlənmə diplomu ilə bitirən Calal Qurbanov “Artyomneft” Neft Mədənləri İdarəsinə baş mexanik kimi təyinat alır. Lakin o, bu vəzifədən könüllü şəkildə imtina edir. Sözü də bu olur ki, institutda nəzəri biliklərə mükəmməl yiyələnsə də, işə praktiki olaraq aşağı səviyyədən başlamaq istəyir. Beləliklə, o, əmək fəaliyyətinə çilingər kimi başlayır və işinə görə qısa müddətdə hamının hörmətini qazanır. Odur ki, ona yenidən baş mexanik vəzifəsi təklif edilir.
Amma ürəyindəki arzusu Calal Qurbanovu rahat buraxmırdı. Bu səbəbdən indiki İnşaat və Memarlıq Universitetində qiyabi təhsil alır. Təyinat müddəti başa çatdıqdan sonra isə - 1960-cı ildən inşaatçı kimi əmək fəaliyyətinə başlayır. Sənaye Tikinti Nazirliyinin 2 nömrəli Dəmir-Beton Zavodunda baş mexanik vəzifəsinə təyin olunur. O dövr tikinti işlərinin icrası indikindən fərqli idi. Tikinti üçün lazım olan bütün dəmir-beton konstruksiyalar bu zavodda hazırlanırdı. Ona görə də Calal Qurbanovun işi başından aşırdı. O bu barədə belə deyir: “İşə səhər tezdən gedib evə gecə gəlirdim. Uşaqlara bir ata kimi istədiyim qayğını göstərə bilmirdim. Ancaq peşman deyildim. Çünki faydalı işlə məşğul idim. İndi Bakıda gəzərkən, ölkənin bölgələrinə səyahət edərkən tikdiyim obyektləri görəndə qürur hissi keçirirəm”.
Ümumiyyətlə, bu qocaman inşaatçının xatirələri maraqlıdır: “Bəlkə səmimiyyətimə inanmayacaqsınız, ancaq bu, olan işdir. Kənd Tikintisi Nazirliyində trest rəisi işləyirdim. Onu da deyim ki, həmin dövrün qabaqcıl mütəxəssislərindən olmuş, bu tresti mən yaratmışdım. Bunun üçün gecə-gündüz çalışmışdım. Təkcə baş müəssisə yox, onun bölgələrdəki rayonlararası 18 idarəsi də mənim zəhmətimin nəticəsi idi. Bir gün məni nazirliyə çağırdılar. İşimdən razılıq edib dedilər ki, səni nazir müavini təyin edirik. Etiraz etdim. Təəccübləndilər, axı o vaxt kim belə vəzifədən imtina edərdi?! Özü də həmin vəzifəni tutmaq üçün nə qədər namizəd var idi. Ərizə yazıb trest rəisi vəzifəsindən də çıxdım. Bunu eşidənlər məni qınadı. Ancaq indi də o fikirdəyəm ki, düzgün qərar qəbul etdim. Rahat kabinetdə oturub kimlərəsə göstəriş verməyi sevmirəm. Tək istədiyim işin üstündə olub, onun keyfiyyətlə görülməsinə nəzarət etməkdi. Ən əsası da, gördüyüm iş başa çatanda ondan aldığım zövqdür”.
“Yaxşı işçi işsiz qalmaz, - deyib sözünə davam edir: -Yuxarılar biləndə ki, işdən çıxmışam, böyük söz-söhbət oldu. Araşdıranda isə məlum oldu ki, işdən çıxmağımın səbəbi nazir müavini təyin olmaqdan imtina etməyimdir. Bu, çoxlarını təəccübləndirdi. Nə isə, uzun sözün qısası, məni SSRİ Nəqliyyat Tikinti Nazirliyinin Bakı Körpü və Tunel Dəmir-Beton Zavoduna direktor təyin etdilər. Həmin vaxt zavod qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmirdi. Belə ki, dəmir-beton konstruksiyalar tikinti obyektlərinə vaxtında çatdırılmadığı üçün işlər plan üzrə icra edilmirdi. Arada böyük fasilələr yaranırdı ki, bu da tikintidə işlərin ləngiməsinə səbəb olurdu. Belə bir çətin vəziyyətdən çıxmaq üçün bütün qüvvəmi sərf edib çalışdım. Qısa zamanda tikinti sahələri vaxtında dəmir-beton konstruksiyalarla təmin olundu və tikintidə yaranan fasilələrə son qoyuldu”.
Onu da bildirək ki, Calal Qurbanov bir dəfə də yüksək vəzifədən imtina edib. Bu barədə özü belə deyir: “Bir gün məni təcili Bakı Şəhər Partiya Komitəsinə çağırdılar. Dedilər ki, indi Xətai adlanan rayonun icraiyyə komitəsinə sədr təyin edilirsən və sabah Mərkəzi Komitədə birinci katibin qəbulunda olmalısan. Etiraz etdim. Çünki inşaatçı peşəsindən ayrılmaq istəmirdim. Amma qarşıma o dövr üçün çox ciddi sayılan tələb qoydular. Dedilər ki, sən kommunistsən, buna görə də partiyanın tapşırığını yerinə yetirməlisən. Beləliklə, 1983-cü ildən 1991-ci ilə kimi həmin vəzifədə çalışdım. O dövr ən çox tikinti işləri sözügedən rayonda gedirdi. Yeni məhəllələr, istehsal və sosial müəssisələrin tikintisi rayonun bütün ərazisini əhatə edirdi. Mən də vəzifəmə uyğun olaraq rayonda abadlıq-quruculuq işlərinin görülməsi üçün var qüvvəmi əsirgəmirdim. Daim insanlarla ünsiyyətdə olub onların qayğı və problemləri ilə maraqlanırdım. İmkan daxilində hamıya kömək göstərir, tələblərini yerinə yetirirdim. 1990-cı ildə isə bir daha başa düşdüm ki, insanlar çəkilən zəhməti, görülən işi, xeyirxahlığı unutmurlar. Ali Sovetə deputat seçilmək üçün namizədliyimi irəli sürdüm. Rayon sakinləri ilə görüşlərdə hər yerdə hörmət gördüm. Dedilər ki, sizə səs verəcəyik. Sözlərini də tutdular. 1990-1995-ci illərdə parlamentin deputatı oldum”.
Calal Qurbanov ötən əsrin 70-80-ci illərinin durğunluq dövrü kimi xarakterizə edilməsi ilə qəti razılaşmır. Bu barədə öz fikirlərini bizimlə belə bölüşdü: “Həmin illər SSRİ-nin başqa yerlərində necə olduğunu deyə bilmərəm. Amma ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o dövr respublikamız üçün quruculuq illəri olub. Bir inşaatçı kimi deyə bilərəm ki, keçən əsrin 70-ci illərində Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu bütün dövrlərdən çox tikinti işləri həyata keçirilib. Təkcə özüm ulu öndərin rəhbərliyi altında müxtəlif təyinatlı onlarla sənaye, mülki və sosial obyektin tikintisini həyata keçirmişəm, Balakən, Ağdam, Bərdə dəmiryol xətlərinin, çoxsaylı körpü və tunellərin tikintisində çalışmışam, rayonlarda saysız-hesabsız üzüm emalı, konserv, yem, pambıq zavodlarının, çay fabriklərinin, məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında iştirak etmişəm. Mənim kimi yüzlərlə tikinti idarə rəhbəri var idi ki, onlar da həmin dövrdə genişmiqyaslı tikinti işlərində çalışıblar. Sözsüz ki, bütün bu işlər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə yerinə yetirilirdi. Ümummilli lider o illərdə Azərbaycanda peşəkar inşaatçılar nəsli də yetişdirdi. İndi onlar müstəqil ölkəmizdə müasir, dünya standartlarına uyğun layihələr icra edirlər”.
Calal müəllim həmişə yüksək vəzifələrdə çalışsa da, heç vaxt ədalı, təkəbbürlü məmur olmayıb. Tabeliyində olan işçilərə qarşı tələbkar olduğu qədər də qayğıkeşlik göstərib. Onun insanlığından, qayğıkeşliyindən bir epizodu oxucuların diqqətinə çatdırmaq istəyirik: Calal Qurbanov həmişə tikinti sahəsində rəhbər vəzifələrdə çalışsa da, uzun illər özünün evi olmayıb, kirayədə qalıb. Hər dəfə mənzil bölgüsü zamanı işçilərini qabağa salıb. Hətta bir neçə dəfə ona çatacaq mənzili başqalarına verib.
Ömrünün 80-ci baharını yaşayan Calal Qurbanov bu gün də sevimli peşəsi ilə məşğuldur. Hazırda Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətində direktorun birinci müavini vəzifəsində çalışır. O, sevdiyi peşəsinə sona qədər sadiq olan insandır. Çalışdığı şirkət də bu gün paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərində yaxından iştirak edir. C.Qurbanov deyir ki, hər dəfə şəhərə çıxanda tikdiyi binaları görüb qürur hissi duyur, anlayır ki, ömrünü hədər yerə keçirməyib, Azərbaycan üçün faydalı işlər görüb.
Rüstəm KAMAL,
Azərbaycan.-2015.- 1 mart.- S.8.