Bakıda Dünya Xəbər
Agentlikləri Konqresi Şurasının
3-cü iclası keçirilib
Martın
2-də Bakıda, “Four Seasons” otelində Dünya Xəbər
Agentlikləri Konqresi Şurasının 3-cü iclası
keçirilib.
İclasda
2016-cı ildə Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə
keçiriləcək Dünya Xəbər Agentliklərinin V
Konqresinə hazırlıq işləri müzakirə olunub.
AZƏRTAC-ın
baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentliklərinin
V Konqresinə hazırlıq işlərinin plana uyğun həyata
keçirildiyini, qurumun baş katibliyi və Şuranın digər
üzvləri ilə sıx şəkildə müzakirələrin
aparıldığını qeyd etdi. Baş direktor əminliklə
bildirdi ki, AZƏRTAC bu Konqresin yüksək səviyyədə
keçirilməsi üçün bütün zəruri tədbirləri
görəcək.
Dünya
Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə
Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd
Əl-Hüseyn gələn il AZƏRTAC-ın ev sahibliyi ilə
keçiriləcək V Konqresin təşkilatı işlərinin
gedişinin lazımi səviyyədə olduğunu bildirdi. O,
bir çox məsələlərdə SPA-nın Konqresin
keçirilməsi ilə bağlı təcrübəsini
bölüşməyə hazır olduğunu qeyd etdi.
İclasda,
həmçinin Avropa Xəbər Agentlikləri
Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın Press
Association agentliyinin baş icraçı direktoru Klayv
Marşal, Asiya və Sakit Okean Ölkələri İnformasiya
Agentlikləri Təşkilatının (OANA) prezidenti,
Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş
direktorun birinci müavini Mixail Qusman, Reuters xəbər
agentliyinin Avropa üzrə vitse-prezidenti Yoaxim Şmalts,
Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, Dünya
Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis
Sorensen, Avropa Xəbər Agentlikləri Alyansının (EANA)
baş katibi Erik Naylen, Ərəb Xəbər Agentlikləri
Federasiyasının (FANA) baş katibi Fərid Əyyar,
Argentinanın TELAM agentliyinin institusional əlaqələrin
inkişafı üzrə meneceri Jan Manuel Fonruj və
Türkiyənin Anadolu agentliyinin beynəlxalq əlaqələr
şöbəsinin müdiri Ercan Göçer iştirak ediblər.
İclasda
növbəti Konqresin keçiriləcəyi vaxtın, məruzəçilərin
və iştirakçıların tərkibinin, panel
iclaslarının mövzularının müəyyənləşdirilməsi
və digər məsələlərlə bağlı
müzakirələr aparılıb.
Xatırladaq
ki, Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı
ildə Bakıda keçirilməsi və 2016-2019-cu illərdə
quruma AZƏRTAC-ın sədrlik etməsi haqqında qərar
2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı
Krallığının paytaxtı Ər-Riyad şəhərində
dünyanın 70-dən çox mötəbər xəbər
agentliyinin və beynəlxalq informasiya təşkilatlarının,
həmçinin SKY News Arabia, Los-Anceles Times, Guardian, BBC kimi
aparıcı media qurumlarının və məşhur MSN,
Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin
iştirak etdikləri IV Konqresdə qəbul olunub.
Dünyanın
müxtəlif ölkələrindən xəbər agentliklərinin
daxil olduğu bu beynəlxalq qurumun əsas məqsədi qərəzsiz
xəbər çatdırılmasını, mətbuat
azadlığı prinsipini, xəbər agentliklərinin
inkişafını dəstəkləmək, media biznesində
qabaqcıl təcrübəni bölüşmək, rəqəmsallaşma,
sosial media və alternativ biznes modellərini təkmilləşdirmək
işinə yardım etməkdir.
Dünya
Xəbər Agentliklərinin əvvəlki dörd konqresi
Rusiya, İspaniya, Argentina və Səudiyyə Ərəbistanında
keçirilib.
Azərbaycan.-2015.- 3 mart.- S.3.