“Bölgələrdən paytaxta”
adlı yeni layihənin
növbəti təqdimatı Qəbələyə
həsr olunub
Mədəniyyət
və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta”
adlı yeni layihəsi Bakı sakinlərini regionların
sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri
ilə tanış etməkdə davam edir.
AZƏRTAC
xəbər verir ki, layihə çərçivəsində
növbəti tədbir Qəbələyə həsr olunub. Tədbir
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsi və Qəbələ Rayon Mədəniyyət
və Turizm şöbəsinin birgə təşkilatçılığı
ilə martın 2-də Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları Qəbələ rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb.
Nazir vurğulayıb ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının “Bölgələrdən paytaxta” adlı mədəni tədbirləri təşkil olunacaq. Bu yeni layihədir və artıq onun icrasına start verilir. Layihə çərçivəsində Quba, Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarının Bakı şəhərində mütəmadi tədbirləri keçiriləcək. Bu təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verəcək.
Bildirilib ki, bu layihə yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsinə səbəb olacaq.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son illər rayonda reallaşan layihələrdən, həyat keçirilən işlərdən, bölgənin inkişafı naminə icra edilən əhəmiyyətli proqramlardan söz açıb.
Natiq ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirib. “Bölgələrdən paytaxta” adlı yeni layihə respublikamızın hər bir guşəsində olduğu kimi, Qəbələdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Sonra rayonun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən rolik nümayiş olunub.
Gecədə rayonda fəaliyyət
göstərən musiqi kollektivlərinin
və incəsənət ustalarının
çıxışları alqışlarla
qarşılanıb.
Azərbaycan.-2015.- 3 mart.- S.5.