Aqrar sektor daxili bazarın təminatı ilə bərabər, ixraca da istiqamətlənir

 

Kənd təsərrüfatı ili-2015

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransın materiallarını oxuyanda, çıxışları nəzərdən keçirəndə dövlətin aqrar sektora yanaşmasında müasir dünya təcrübəsinin və biliklərinin tətbiqinə köklənmə, bütünlükdə perspektivlərə nikbin və konstruktiv yanaşma aydın hiss olunur. Neftin qiymətinin düşməsi fonunda aqrar sektorun önə çəkilməsi və bu ilin “Kənd təsərrüfatı ilielan edilməsi də günün çağırışlarına cavab verir.

Azərbaycan Prezidenti İlham Əliyev həmin konfransdakı giriş nitqində bütünlükdə aqrar sektorun fəaliyyətini müsbət dəyərləndirdi, gələcək nailiyyətlərin möhkəm təməlinin qurulduğunu bildirdi: “İki nəhəng meqalayihəni icra etmişik - Şəmkirçay və Taxtakörpü su anbarları, kanallar, elektrik stansiyaları. Bu da Azərbaycana bundan sonra xidmət edəcək. Yəni, onilliklər, yüzilliklər bundan sonra bu anbarlar, çəkilən bu kanallar kənd təsərrüfatının inkişafına xidmət edəcək. Eyni zamanda, suların idarə edilməsi məsələlərinin həllində də bu layihələrin böyük əhəmiyyəti var. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq biz bunu etmişik. Bir daha demək istəyirəm ki, infrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda, qeyd etdiyim kimi, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idiketmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik”.

Aqrar sektorun intensiv metodlar üzərində qurulması, fermer təsərrüfatlarının və bütünlükdə sahibkarlığın inkişafı, bölgələrdə müasir texnologiyalara əsaslanan emal sənayəsinin qurulması sayəsində kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı azalmış, özünütəminetmə səviyyəsi sürətlə yüksəlmişdir. 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi nəticəsində son 3 ildə ət və ət məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalmışdır. 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin ayrılması daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanlarını da artırmışdır.

Bu uğurların əldə olunmasında dövlətin müasir dünya təcrübəsinə, aqrar elmin yeniliklərinə söykənməsi başlıca amildir. Şəmkirdə təməli qoyulmuş və məhsulların istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparkı bu sahənin son modelidir. Burada artıq praktik müstəviyə keçən işlər daha böyük nəticələrin əldə olunacağına ümid verir. Xızıda da analoji parkın yaradılması məqsədilə baş planın hazırlanması, Bərdə və Xaçmazda aqrar-sənaye komplekslərinin yaradılması belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan “Kənd təsərrüfatı ili”ndə daha ciddi, daha böyük nailiyyətlərə imza atmağı hədəfləyib.

Azərbaycanda 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynamaqla yanaşı, istehlak bazarında qiymətləri sabit saxlamağa imkan verir. Aqrar sektorun xarici bazarlara daha müvəffəqiyyətli çıxışının təmin edilməsi üçün bu il Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi başa çatdırılacaq. Gələcəkdə Azərbaycanın ixrac coğrafiyasını genişləndirmək, ixrac həcmini artırmaq məqsədilə digər ölkələrdə də belə mərkəzlərin yaradılması perspektivləri araşdırılır.

Dünya Bankının məlumatına görə, son 10 il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8, Azərbaycanda 48,9 faiz, ərzaq məhsullarının artımı dünyada 18, ölkəmizdə 39 faiz olmuşdur. Göründüyü kimi, bizdə əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artmışdır. Konfransda o da qeyd olundu ki, hesabat ilində kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat olmuş, meyvə-tərəvəz məhsullarının ixrac həcmi artaraq təxminən 300 milyon ABŞ dollarına yaxınlaşmışdır. Ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə azalaraq 25,2 milyon ABŞ dolları həcminə düşmüşdür. Rəqəmlər onu deməyə əsas verir ki, ərzaq məhsullarına daxili bazarın tələbatının ödənilməsində yerli istehsalın rolu əvvəlki illərlə müqayisədə xeyli artmışdır.

Ərzaq təhlükəsizliyi dünya üçün önəmli və prioritet sayılsa da, bir sıra ölkələrdə iqtisadiyyatın bu sahəsində tətbiq ediən güzəştlərin azalması müşahidə olunur. Ölkəmizdə isə əksinə, güzəştlərin geniş spektri tətbiq edilir: dövlət tərəfindən texnika alınmasına kreditlər verilir, güzəştlə satılan mineral gübrələrin həcmi artırılır. Yalnız ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz artmışdır.

Beləliklə, dövlət sitemli və davamlı surətdə aqrar sektorun inkişafında ən son nailiyyətləri tətbiq edir, qabaqcıl ölkələrin təcrübəsindən uğurla faydalanır. İri fermer təsərrüfatlarının yaradılması, fermerlərin kooperativlərdə birləşməsi üçün ciddi səy göstərilir. İqtisadi İnkişaf Nazirliyi yerlərdə sahibkarlarla maarifləndirici tədbirlər, pilot layihələrin təqdimatını keçirir. Bunlar isə nəticəsiz qalmır.

Təəssüf doğuran hallar da var. Məsələn, dövlətin aqrar siyasəti bütün təfərrüatı ilə ölkənin tən yarısını təşkil edən kənd əhalisinə yetərincə çatdırılmır. Qəzetlərdən fərqli olaraq geniş audutoriyaya çıxış imkanına malik telekanallar faydasız bir çox məqamlarda ziyanlı şouların yedəyində gedir. Ekranlarda çox vaxt toy müğənnilərinin bəsit hətta tənqidə layiq olmayan əcaib verilişləri nümayiş etdirilir. Aqrar mövzu, müasir kəndliyə dəstək verən maarifləndirici layihələr yox həddindədir. Halbuki kəndlinin, torpaq sahibinin maarifləndirilməsi istiqamətləndirilməsi günümüzün ən aktual məsələsidir.

Kənd təsərrüfatının inkişafını ləngidən digər səbəb əkilib-becərilməyən torpaqlardır. Prezident adı çəkilən konfransda bu məsələyə münasibətini belə bildirdi: “İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb elə qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir”. Bizcə artıq şərhə ehtiyac yoxdur.

Daxili bazarın tələbatının tam təmin edilməsi, xarici bazarlara çıxışın genişlənməsi neftdən büdcəyə axını kəsilən məbləğin ciddi bir qismini bərpa edə bilər. Azərbaycanın qonşu xarici bazarlara ənənəvi çıxışı var, o bazarlarda məhsullarımız tanınır, keyfiyyəti ilə seçilir, tələbat da kifayət qədərdir. Fermeri savadlandırmaq, onu təhlükəsiz ərzaq keyfiyyətli məhsul istehsal etməyə alışdırmaq üçün maarifləndirmə sisteminin geniş şəbəkəsinin qurulması, eyni zamanda, istifadəsiz qalmış torpaqların əkinə cəlb edilməsi hesabına istehsalın artırılması bizə rəqabətdə daha irəli getməyə, Avropa bazarlarına çıxmağa imkan verər. Lakin bütün bunlar, Prezidentin qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi ixracı bir sistem halında olmalı, kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Dövlət başçısı konfransdakı nitqində bu məsələyə toxunmuşdur: “Qeyd etdiyim kimi, təşviq sistemi yaradılmalıdır. Bir çox ölkələrdə belə sistem var. Əvvəllər biz buna o qədər meyilli deyildik, çünki bizim ixrac potensialımız da yox idi, ancaq hələ idxaldan asılılığı azaltmaqla məşğul idik. İndi isə ixrac potensialımız var, ona görə təşviq sistemi yaradılmalıdır. Mən İqtisadiyyat Sənaye Nazirliyinə tapşırıram ki, bu mexanizmi işləyin. Yaxın vaxtlarda biz bunu müzakirə edəcəyik. Bu, sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlar öz məhsullarını xaricə satsınlar”.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 3 mart.- S.8.