Bəsləsən atlas
olar tut yarpağından
Hər sahədə olduğu kimi, aqrar bölmədə
də uğurla həyata keçirən islahatlar sürətli
yüksəlişdən xəbər verir. Ötən
illərin burulğanında bir növ, dağılıb gedən,
unudulan, yaddan çıxan ənənəvi təsərrüfat
sahələri tədricən bərpa olunur. Belə sahələrdən biri də ipəkçiliyin
əsası sayılan baramaçılıqdır.
İpəyi adətən, qızıla bərabər
tuturdular. Vaxt olub, pul əvəzinə işlənib. Tərəzinin bir gözünə ipəyi
qoyurdular, birinə qızılı. Tarixin
yaddaşında belə bir fakt qalır: monqollar ilk dəfə
gələndə gəncəlilər başdan etmək
üçün onlara çoxlu daş-qaş versələr
də, əl çəkməyiblər, yalnız xeyli ipək
alandan sonra çıxıb gediblər.
Barama, ipək hələ çoxdan, lap çoxdan Azərbaycan
torpağının sərvəti, şöhrəti olub. Bəllidir ki, böyük
İpək yolu iki min il bundan əvvəl
barama qurdunu Çin ölkəsindən üzü bəri gətirib.
Çox keçmədən Azərbaycan ipəkçiliyin
məskəninə çevrilib.
Antik dövrün yadigarı olan “Alban tarixi” kitabında
Kür qırağının tut meşələrindən
gen-bol danışılır. Orta əsrlərin ərəb
səyyahları Bərdə və Şirvan ipəyini tərifləyib
göyə qaldırırdılar.
Zəkəriyyə Qəzvini isə Gəncə ipəyini
başqa ölkələrin məhsulundan daha üstün
tuturdu. Xüsusən qədim şəhərin Nizami məqbərəsi
səmtindən keçən arxın suyunda yuyulan məhsul
qumaş və atlas üçün əvəzsiz imiş.
Xeyiri, bərəkəti
bilindikcə barama əhalinin gözündə daha da
ucalırdı: “Cənnət qurdları”, yaxud “qızıl
qurdlar” kimi tanınan barama qurdlarına qayğı
artırdı. Barama bəslənən otaqlar yad
baxışdan, bədnəzərdən pünhan saxlanar, haram
əlli, yalan dilli, adı bədnam adamlar ora yaxına
buraxılmazdı. Baramaaçma günü əsl
toy-bayramına çevrilərdi...
İllər, əsrlər boyu Azərbaycan baraması, Azərbaycan
ipəyi dünya bazarında geniş şöhrət
qazandı. Neçə-neçə baxışda, sərgidə
başa keçdi, üstünlük əldə etdi. Ötən əsrdə - 1900-cü ildə Qafqaz ipəkçilərinin
ilk qurultayında şəninə çoxlu tərif deyildi.
Beləcə əzizlənə-əzizlənə bəsləndi,
bollaşdı və 1910-cü ildə, mənbələrin məlumatına
görə, Azərbaycan baraması ən uca zirvəyə
çatdı: həmin il ölkəmizdə
3.587 ton barama istehsal edildi.
Sonralar da
baramanın, ipəyin şöhrəti heç də az olmayıb. Xüsusən ötən
əsrin yetmişinci illərində ulu öndər Heydər
Əliyev respublikamıza rəhbərlik edəndə kənd
təsərrüfatının hər sahəsinə, eləcə
də baramaçılığa, ipəkçiliyə
böyük diqqət yetirildi. İpəkçiliyin
inkişafı üçün geniş qərar qəbul
edildi. Yeni avadanlıq hesabına Şəki
ipək kombinatının gücü xeyli artırıldı.
Xankəndidə, Ordubadda və Şuşada
baramaaçma və toxuculuq fabrikləri yaradıldı.
Həmin illərdə professor Rəhim Hüseynovun və digər
alimlərin əli ilə “Azad”,” Azərbaycan”,”Rəhimli 2”, “Gəncə
-1”, “Zərif”, “Şirvan” və başqa tut-ipəkqurdu cinsləri
yetişdirildi. Ölkədə yeni-yeni
bağlar salındı, barama qurdu istehsal edən müəssisələr
tikildi, baramaaçan fabriklər, ipək kombinatları
inşa olundu.
Bütün bunlara düzgün istiqamət verilməsi
üçün elmi-tədqiqat institutunun dayaq məntəqələri,
damazlıq stansiyaları yaradıldı. Bu minvalla illər
boyu xeyli inkişaf əldə edildi. Çəkilliklərin
sayı, sahəsi artdı. Barama tədarükü əvvəlki
illərə nisbətən iki-üç dəfə
çoxalaraq beş min tona çatdı. Azərbaycan yaş barama istehsalının həcminə
görə Yaponiya, Çin, Cənubi Koreya, Hindistan, KXDR,
Özbəkistan və Braziliyadan sonra səkkizinci yeri tuturdu.
Sovetlər diyarında isə respublikamız
Özbəkistandan sonra ikinci yerə çıxırdı.
Azərbaycan ipəkçiliyin vətəni
sayılırdı. Bir ildə toxunan Şəki ipəyinin
uzunluğu Yer kürəsinin diametrinə bərabər idi.
Azərbaycan ipəyi sovetlər məkanında
250-dən çox şəhərə gedir, beynəlxalq sərgi
və baxışlarda önəmli yer tuturdu. Təkcə
bir faktı xatırladaq ki, Şəki və Ordubad ipəyi
müxtəlif sərgi və baxışlarda beş
qızıl medal almışdı.
İstehsal
müddəti az, gəliri isə çox
olan barama hər yanda həvəslə yetişdirilirdi. Şəmkir
rayonunun Düyərli kəndində bir neçə ailə
tanıyırdım ki, hər il xeyli məhsul
götürür, baramanın qazancı hesabına evlər
tikir, maşınlar alırdı. Digər
bölgələrdə də barama əsl gəlir, qazanc mənbəyinə
çevrilmişdi.
Ulu öndər Heydər Əliyev Moskvaya gedəndən
sonra çox sahələrdə olduğu kimi, barama və ipək
istehsalında da geriləmə yarandı. Əvəzsiz
məhsula ögey münasibət bəslənilməyə
başlanıldı. Bir də onda
ayıldıq ki, ötən əsrin axırında
durğunluğun, yalançı yenidənqurmanın, sonra da
burulğanlı doxsanıncı illərin ab-havasında
çox şey məhv olub getdi.
Tarixən xalqı ucaldan, ona çörək verən,
cəmi bir-iki ay müddətinə evə-ailəyə bir
illik qazanc gətirən bu məhsula laqeyd münasibət nəticəsində
Qazax-Gəncə zonasında baramaçılığın
kökü kəsildi. Minlərlə hektarlıq
Kürqırağı tut bağları sıradan
çıxdı. Muğan-Salyan zonası
da onun kimi. Baxımsızlıq üzündən Goranda,
Sabirabadda, Zaqatala-Balakən bölgəsində də
üzüm bağları kimi çəkilliklər də
kor-koranə söküldü, ləğv edildi, pay
torpaqları kimi paylandı.
Bağlar getdi, adamlarda adət, vərdiş
öldürüldü, əl soyudu. Bu işlərin nizama
salınması üçün göstərilən bəzi
sönük cəhdlər də nəticəsiz qaldı.
Müəyyən edilmiş tədbirlərdən
çoxu icra olunmadı. 25 rayonda nəzərdə
tutulan 281 ictimai kümxananın biri də tikilmədi, çəkilliklər
salınmadı. Barama qəbulu və ilkin
emalı üçün lazımi obyektlərin heç
yarısı inşa edilmədi. Laqeydlik,
biganəlik üzündən qalan işlər də
dağıldı.
Baramanın yolu qrenzavodlardan, daha doğrusu, damazlıq
stansiyalarından başlanır. Axı, qrenzavodlara
damazlıq toxumu onlar verirlər. Respublikamızda
iki stansiya fəaliyyət göstərirdi. Biri Qaxda, digəri
Gəncədə. İkisinin də fəaliyyəti pozuldu. Baxımsızlıq üzündən qrenzavodlar da tədricən
sıradan çıxdı.
Gəncəli alimlərin yaratdıqları “Pioner-2”, “Rəhimli-2”
və başqa cinslərin hibritləri sınaqdan uğurla
çıxaraq təsdiq də olunmuş, hətta sərgidə
gümüş medal da almışdı. Lakin həmin
hibritlər sovetlər dövrünün yöndəmsiz idarəçilik
quruluşunu yarıb geniş miqyasda istehsalata çıxa
bilmədi. Qayğısızlıq üzündən iki
damazlıq ipəkçilik stansiyasının, 7 barama toxumu
zavodunun, 30-dək barama qurutmaxananın, bunların əhatə
etdiyi 80-ə yaxın barama tədarükü və ilkin
emalı məntəqəsinin, Şuşa, Şəki, Ordubad
baramaaçma və toxuculuq fabriklərinin istehsal fəaliyyəti
tamamilə dayandı. Bir sözlə, baza
dağıldı, maraq azaldı. Ən
pisi isə ənənə yox oldu. Əvvəllər ildə
beş-altı min ton barama istehsal olunduğu halda, son illərdə
bu rəqəm on-on beş tona endi. Yaxşı yadımdadır, ötən əsrin
doxsanıncı illərinin əvvəllərində
alıcı olmadığına görə Zaqatala qrenzavodda
külli miqdarda barama qalırdı.
Azərbaycan müstəqilliyini bərpa edəndən
sonra sosial iqtisadi həyatın hər sahəsində misilsiz
işlər görülməyə başlanıldı. Regionların
sosial iqtisadi inkişafı, ərzaq təhlükəsizliyinin
təminatı və xalqın gün-güzəranının
yaxşılaşdırılmasına getdikcə daha
böyük diqqət yetirilir. Dövlət
başçısı İlham Əliyev son bir il
ərzində aqrar sahənin inkişafı ilə əlaqədar
üç mühüm sənəd imzalayıb. Xüsusən idarəetmənin təkmilləşdirilməsi
üçün görülən və görüləcək
tədbirlər daha çox diqqəti cəlb edir. Bu ümumi qayğı və diqqətin
axınında baramaçılığın və ipəkçiliyin
inkişafına da böyük inam, ümid yaranır.
R.Hüseynov
adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik
İnstitutunda alimlərlə görüş zamanı
xalqımızın bu ənənəvi təsərrüfat
sahəsi barədə geniş söhbət getdi. İnstitutun direktoru, aqrar elmlər doktoru, professor
Allahverdi Seyidov Kənd Təsərrüfatı Nazirliyinin
köməyi ilə son vaxtlarda görülən işlərdən
danışdı. Professor dedi ki, institutda
baramaçılığın və ipəkçiliyin
inkişafı üzrə geniş konsepsiya hazırlanır. “Şəki ipək” Açıq Səhmdar Cəmiyyətində
bu sahədə müəyyən işlər
görülür. Ötən il burada
on beş ton barama istehsal olunub. Gəncədə
isə alimlərin köməyi ilə Faxralı eksperimental təcrübə
şöbəsində 35 hektar tut genefondu bərpa edilir.
Bunlar ilk addımlardır. Mütəxəssislər
deyirlər ki, respublikada bu mühüm işlərin geniş
tətbiqi üçün Bərdə, Goranboy, Ucar, Kürdəmir,
Göyçay, Zərdab, Ağcabədi, Qəbələ,
Qax, Şəki, Zaqatala, Balakən rayonlarından
başlanılması məqsədə uyğundur.
Bəllidir ki, ipəkçiliyin inkişaf etdirilməsi
üçün ilk növbədə barama
toxumçuluğunun və onun damazlıq işlərinin, yem
bazasının qaydaya salınması vacibdir. Bu məqsədlə
ipəkçilik institutu əməkdaşlarının səyi
ilə bir milyondan çox yüksək yarpaq məhsuldarlığına
malik iri tinglik yetişdirilmişdir.
İşlər deyəsən yoluna düşür. Bununla əlaqədar olaraq kənd təsərrüfatı akademiyasında və texniki peşə məktəblərində baramaçılıq üzrə mütəxəssislərin hazırlanması vacibdir. Bölgələrdə isə ruhdan düşmüş baramaçılar və torpaq sahibkarları arasında geniş izahat işləri aparılmalı, həvəsləndirmə tədbirləri görülməlidir.
Baramanın qiymət məsələsinə də yenidən baxılmasına ehtiyac duyulur. Hazırda ölkəmizdə bir kiloqram yaş baramanın maya dəyəri 5-6 ABŞ dolları təşkil edir. Çin Xalq Respublikası, Hindistan və digər ölkələr baramanı dünya bazarlarında 2,7-3 dollara təklif edilir. Belə bir şəraitdə taxılçılıqda olduğu kimi, baramaçılıq sahəsinə də subsidiyaların verilməsi, fermerlərin, torpaq sahibkarlarının maddi-mənəvi cəhətdən həvəsləndirilməsi üçün müəyyən tədbirlərin görülməsi vacibdir.
Əminik ki, ölkədə hər sahənin, eləcə də aqrar bölmənin belə coşqun inkişaf etdiyi bir dövrdə baramanın, ipəyin əvvəlki şöhrətinin qaytarılması üçün də əməli tədbirlər görüləcəkdir. Baramaya, ipəkçiliyə göstərilən zəhmət heç vaxt hədər getməz. Məşhur misalda deyildiyi kimi:
Bəsləsən atlas olar, tut yarpağından.
Əhməd
İSAYEV,
Azərbaycan.-2015.- 3 mart.- S.8.