Od çərşənbəsi

 

İlaxır çərşənbələrdən ikincisi sayılan Od çərşənbəsi Zərdüştilikdən çox əvvəl xalqımızın mifik təfəkküründə Günəşə, oda tapınma inamından qaynaqlanmışdır. Professor Azad Nəbiyev bu müqəddəsliyin əsrlər boyu davam etdirildiyini bildirərək yazırdı: “Ulu Zərdüşt Odun və Günəşin bu müqəddəsliyini saxlamış, oda sitayiş anlamı və etiqadını yaratmış, onu etiqad düşüncəsinə çevirmiş, zərdüştilər Günəş-Od-Atəş istisinin beş növü ilə əlaqədar şənliklər keçirmişlər. Həmin şənliklər də təxminən Od çərşənbəsi günlərində başlamış və yaddaşlarda Azər şənlikləri kimi yaşamışdır.

Zərdüştiliyə görə, Günəş-Od-Atəş tapınmasının ilk nümunəsi - mənbəyi Ağacın gövdəsindəki istiliklə bağlı idi. Əski etiqadlarda insanın qızındığı istiliyin mənbəyi də Ağac kultu hesab olunurdu. Atəşpərəst etiqadlarına görə, “müqəddəs oduinsana ağac vermişdir, daha doğrusu, insan iki ağacı bir-birinə sürtməklə od əldə etmişdir. Ulu babalarımız bunun şərəfinə Novruz ərəfəsində şöhrətli “Şəhrivər” şənlikləri keçirərdilər.

İnsan bədənində və təbiətin özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunardı. Elə bu istiliyi saxlamaq şərəfinə keçirilən “Şəddə” şənlikləri çox geniş yayılmışdı.

Odistinin əsas mənbəyi isə Günəşin istisi hesab olunardı. Onu çağıran Qodu (hodu) nəğmələri xalq arasında daha qədimdir. Günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzəldilərdi. Bu şənliklərin bir çoxu Zərdüştiliklə bağlı olub, türk xalqları içərisində öz dayaqlarını möhkəmlətmiş və bu günə qədər gəlib çatmışdır.

Atəşgahlarda və ocaqlarda saxlanan odun şərəfinə isə Çırağan şənlikləri keçirilərdi”.

Göründüyü kimi, oda, Günəşə inamla səsləşən qədim mifik görüşlərimiz tarixin qismən sonrakı dönəmlərində Zərdüştiliklə çarpazlaşmış, qaynayıb-qarışmış, hətta bu inamla bağlı şənlik mərasimləri öz şaxələrini artıraraq, daha da genişləndirmişdir. Belə ki, odun, Günəşin müqəddəsliyini əks etdirən Od çərşənbəsi özünü Zərdüştilikdə Azər şənlikləri şəklində qoruyub yaşatmışdır. İstiliyin mənbəyi hesab edib yandırdıqları və qızındıqları ağac-oduncaqla bağlı, ağac kultu ilə əlaqəli müqəddəs odun şərəfinə Novruz ərəfəsi Şəhrivər şənliyinin keçirilməsi də atəşpərəstlikdəki atəşə, oda tapınmanın əsas izlərinin Od çərşənbəsi və Novruz mərasimlərindən qaynaqlandığını göstərir. Həmçinin insan bədənindəki, təbiətdəki istiliyi qorumaq naminə Şəddə şənlikləri, Günəşin istiliyi şərəfinə Azərkan şənlikləri, atəşgah və məbədlərdə saxlanan odun şəninə keçirilən Çırağan şənlikləri də öz mənşəyini xalqımızın əski dünyagörüşlərində özünə yer eləmiş Novruz bayramından və Novruzqabağı keçirilmiş Od çərşənbəsindən götürürdü. Beləliklə, Zərdüştilikdə oda tapınma ilə bağlı 5 növdə - Azər, Şəhrivər, Şəddə, Azərkan və Çırağan şənliklərinin keçirilməsini qeyd edən A.Nəbiyev bunların kökünün xalqımızın əski çağ dünyagörüşündəki NovruzOd çərşənbəsi mərasimindən gəldiyini əsaslandırırdı. Bu, həm də birbaşa onu deməyə əsas verir ki, Zərdüştilikdəki atəşpərəstliyin bu qədər geniş yayılmasına səbəb özündən əvvəlki mifik çağlara - Od çərşənbəsi və Novruz mərasimlərinə bağlanır. Demək, Zərdüştilik özündən əvvəlki mədəniyyət hadisəsini özünəxas şəkildə daha da genişləndirməklə odu əsas inam mənbəyi kimi müqəddəsləşdirmişdir.

Başqa sözlə, xalq arasında “Üskü çərşənbə”, “Üskü gecəsi”, “Addı çərşənbə” kimi adlarla da tanınan Od çərşənbəsi xalqımızın təfəkküründə mifik çağlardan bu günə kimi müxtəlif dini və dünyəvi dünyagörüşləri ilə qovuşub-çarpazlaşmış, mərasim mədəniyyətimizdə və məişət həyatımızda tam oturuşmuş və möhkəmlənmişdir. Əgər Zərdüştilikdə, atəşpərəstlikdə od ünsürü ilə bağlı inam və etiqadlarımız sövq-təbii bir şəkildə daha da sabitləşmiş, özünə yaddaşda - düşüncədə daha möhkəm yer eləmişdirsə, nisbətən sonrakı dövrlərdə islam mədəniyyətini qəbul etdikdən sonra da odla, Günəşlə bağlı inanclarımız beyinlərimizdəki, ürəklərimizdəki öz oturuşmuş mövqelərini nəinki tərk etməmiş, əksinə, islami görüşlərlə də sıxlaşıb vəhdət təşkil etmiş, islam inancları ilə paralel olaraq bir sırada dayanıb qərarlaşmışdır. Bunun nəticəsidir ki, müasir çağda daOd haqqı”, “İşıq haqqı”, “Ocaq haqqı”, “Günəşə and olsun”, “O ocağa kor baxım ki” və s. tipli inanc və andlarımız öz aktuallığını, əhəmiyyətini itirməmiş, heç zaman da itirməyəcəkdir. Bunun ən bariz nümunəsi isə Od çərşənbəsi rituallarında, mərasim və oyunlarımızda özünü qabarıq büruzə verir. Tədqiqatçı M. Məmmədova diqqəti bu mərasimlərə yönəldərək yazır:

Od çərşənbəsi mərasimi keçirilən zaman kiçik çilləni, boz ayı qorxutmaq və baharı, yeni ili - Novruzu gətirmək məqsədilə “Duman qaçritual oyununu oynayaraq belə oxuyardılar:

Duman qaç, qaç, qaç,

Duvağını , , .

Səni sal qayadan asaram,

Buduna qara damğa basaram.

Sonra isə yeri isindirmək, qızdırmaq üçün Günəşi çağıraraqGün çıx” ritual oyununu oynayardılar. Böyüklərin icra etdikləri bu oyun hətta sonralar əyləncəli uşaq oyunları içində yer almışdır. Günü çağıraraq ondan keçəl qızı (Qış günəşi) deyil, saçlı qızın (Yaz günəşi) gətirilməsi istənənGün çıxtəkərləməsinin bölgələrimizə görə fərqlilik variantları olsa da, demək olar ki, təkərləmənin ilk 4 misrası hər bölgə üçün eynidir:

Gün çıx, Gün çıx,

Kəhər atı min çıx.

Keçəl qızı evdə qoy,

Saçlı qızı götür çıx.”

Bəli, Od çərşənbəsi mərasiminin keçirilməsində başlıca arzu-niyyət yaz gecə-gündüz bərabərliyini gətirən və Günəşli günlərin uzanmasına aparan Novruz günəşini, yaz Günəşini çağırmaqdan, müqəddəs bildikləri günəşin hərarətinə isinməkdən və bu istidə yeni həyat nəfəsi qazanmaqdan ibarətdir. Çünki Günəş həyat mənbəyidir, Günəş şüası olmasa, günün hərarəti olmasa təbiətin canına isti keçməz və donmuş təbiət cana gəlməz. Günəş şüası olmasa, təbiətdə bitkilər aləmində həyat, dirilik üçün zəruri amil olan fotosintez prosesi getməz və canlılar aləmi üçün oksigen - təmiz hava yaranmaz. Deməli, od ünsürünün (Odun mənbəyi olan günəşin) olmaması digər bir yaradıcı ünsürün - hava stixiyasının (dirilik üçün çox vacib olan təmiz havanın, yeni havanın - oksigenin) olmamasına gətirib çıxarar. Nəticədə yeni həyat rəmzi olan yaradılış ünsürünün ikincisiyaranmaz. Deməli, yaradıcı ünsür olan od özlüyündə həm də hava ünsürünün də yaranmasını şərtləndirir. Buradan o məqam da aşkara çıxır ki, Günəş təkcə odun təmsilçisi deyil, həmçinin digər bir ünsür olan havanın da yaranması üçün əsaslı zəmin rolunu oynayır. Bir az da dərindən düşünsək, Günəşi çağırma mərasimində oxunanQodu xan” nəğməsində Qodunun iki əksliyin başlanğıcı olduğunu - Günəşi (odu) və yağışı (suyu) özündə təmsil etdiyini görərik. Professor Qəzənfər Paşayev bu barədə yazır: “Azərbaycan folklorunda Qodu Günəşin rəmzi, onun bəlgəsidir. Günəşin rənginə uyğun qırmızı parçadan düzəldilən gəlincik “Qodu” adlanır. O da maraqlıdır ki, Qodu ikili səciyyə daşıyır; Günəşi çağırmaq, aramsız yağışı kəsmək, başqa bir tərəfdən də yağışı çağırmaq”. Bu minvalla düşündükdə, Od çərşənbəsindəki od ünsürü mahiyyətcə Günəşlə sıx bağlıdır. Günəş üstəlik həyat, dirilik mənbəyi olmaqla təkcə istiliyi - odu yox, həmçinin yağışı - su ünsürünün, hava ünsürünü də, hələ desək, göydən yerə - torpağa nur (Od) ələməklə torpaq ünsürünün də canlanıb hərəkətə gəlməsinə stimul yaradır. Bu məntiqdən hesaba aldıqda, Od çərşənbəsi yaradılış ünsürü kimi təkcə od stixiyası ilə məhdudlaşmır, digər yaradılış ünsürləri olan su, yel (hava) və torpağa da stimulverici güc bəxş edir. Bu isə Od çərşənbəsinin cövhərindəki istilik - enerji ionları ilə yüklənmiş odun yeni həyatın əsasını təşkil etdiyini göstərir.

Od çərşənbəniz mübarək!

 

Şakir ALBALIYEV,

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,

 filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2015.- 3 mart.- S.9.