IV Respublika Muğam müsabiqəsinin qalibləri məlum olub

 

 

Azərbaycan Milli Konservatoriyasında IV Respublika Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

Müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi, Təhsil NazirliyiMilli Konservatoriyanın təşkilatçılığı ilə  “Xanəndə” və “İnstrumental muğam ifaçılığı” nominasiyaları üzrə 2 turda təşkil olunub.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək  son illər Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, bütün bunlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğamımıza göstərdiyi hörmət və ehtiramının nəticəsidir. UNESCO-nun Bəşəriyyətin ŞifahiQeyri-maddi İrsinə dair Şah Əsərlərin Dünya Siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası əməkdaşlıq potensialına malik olduğunu sübut edir.

Sonra qaliblər mükafatlandırılıblar. Müsabiqəyə qatılmış 68 iştirakçıdan “İnstrumental muğam ifaçılığı” üzrə Tofiq Məmmədov (tar) və Aygül Həsənova (qanun) birinci, Toğrul Orucov (kamança) və Baxış Binyatov (balaban) ikinci, Zərqələm Cəfərova (kamança) və Mustafa Aşurov (tar) üçüncü yerlərə layiq görülüb. “Xanəndə” nominasiyası üzrə isə birinci yeri Orxan Hüseynli, ikinci yeri Hüseyn Məlikov və Xətai Hacıyev, üçüncü yeri isə Zümrüd Məmmədova və Güllü Muradova qazanıblar. Altı nəfər isə fəal iştirakına görə fərqləndirilib.

Qalibləri respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti seçib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi muğam müsabiqəsinin ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd edib. O, müsabiqənin maraqlı keçdiyini söyləyərək instrumental ifaçılığı xüsusi vurğulayıb.

Sonda müsabiqə qaliblərinin yekun konserti təqdim edilib.

Qeyd edək ki, bu müsabiqədə qalib gələn iştirakçılar “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək gənc muğam ifaçılarının müsabiqəsində ölkəmizi təmsil etmək hüququ qazanıblar.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 7 mart.- S.8.