Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya parlamenti Milli

 Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Şuranın sədri Mitya Bervar Sloveniya Respublikasının Prezidenti Borut Pahorun salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Prezident Borut Pahorun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

Azərbaycan.-2015.- 4 mart.- S.1.