Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın

inkişafı üçün əlverişli imkanlar var

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Sloveniya Milli Şurasının sədri Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.

Mitya Bervar Sloveniyanın qanunverici orqanında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş bəyanatı xatırladaraq, bu bəyanatda münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyini diqqətə çatdırıb.

İyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarına görə Azərbaycanı təbrik edən Mitya Bervar Sloveniya idmançılarının bu yarışlarda geniş tərkibdə iştirak edəcəyini söyləyib.

Elmar Məmmədyarov Azərbaycan ilə Sloveniya arasında tarixi əlaqələrin olduğunu qeyd edərək, Sloveniyanın faşizmdən azad edilməsində şücaət göstərmiş azərbaycanlıların, xüsusilə Mehdi Hüseynzadənin xatirəsinin Sloveniya xalqı tərəfindən də əziz tutulmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyən Elmar Məmmədyarov ölkələrimiz arasında enerji, iqtisadiyyat və ticarət, sərmayələrin qoyulması, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və bütün dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğunu bildirib.

 

Azərbaycan.-2015.- 4 mart.- S.2.