AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri

Baş Prokurorluqda olublar

 

Martın 3-də baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə baş prokuror AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək Prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini bildirən baş prokuror ötən il, o cümlədən ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Bakıda korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransların əhəmiyyətindən bəhs edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror respublikamızda İnsan Hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini vurğulayıb.

Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edən Pedro Aqramunt əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2015.- 4 mart.- S.2.