Azərbaycan və Çexiya
arasında ticarət dövriyyəsi 2 dəfə artıb
Ötən il Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 2 dəfə artıb və bu dinamika bu ilin əvvəlində də davam edir. Çexiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,2 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Çex şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər.
Bu barədə Bakı Biznes Mərkəzində rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes forumunda məlumat verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşəbbüsü ilə təşkil edilən biznes forumda hər iki tərəfdən sənaye, bankçılıq, İKT, turizm, kənd təsərrüfatı, logistika, tikinti, maşınqayırma və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə 23 sənəd imzalanıb. Ölkələr arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışan Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, İKT, turizm, infrastruktur sahələrində, o cümlədən Çexiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında, Azərbaycan iş adamlarının isə Çexiyada həyata keçirilən layihələrdə iştirak imkanlarını biznes forum iştirakçılarının diqqətinə çatdırıb. Nazir iş adamlarını yaradılmış əlverişli imkanlardan istifadə etməklə fəal əməkdaşlığa dəvət edib.
Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzi olan Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunduğunu, ölkəmizin bir sıra iri infrastruktur və enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu diqqətə çatdırıb.
Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, ölkələrimiz arasında əlaqələrin genişləndiyini vurğulayıb, Çexiyanın iqtisadiyyatı, Azərbaycan-Çexiya iqtisadi əlaqələri barədə məlumat verib. Yan Mladek çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək, bu gün keçirilən işgüzar görüşlər və biznes forumun da ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verməklə, sahibkarların yeni əlaqələr qurmasına imkan yaratdığını deyib. Biznes forumda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları, Çexiyanın Ticarət və Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Frantişek Masopustas Çexiyanın biznes mühiti və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat veriblər.
Tədbir iş adamları arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
AZƏRTAC
Azərbaycan.-2015.-
4 mart.- S.3.