Azərbaycanın müasir dünyada yeri

 

Bu gün müasir dövlətçilik praktikası bir əsr bundan əvvəlki proseslərdən çox fərqlidir: nə vaxtsa güclü ordu, möhkəm sərhəd məftilləri nisbi bir sabitlik üçün kifayət edirdi. Elə Sovetlər birliyi bunun danılmaz timsalı idi. Kolxoz kəndinin verdiyi minimal ərzaq az olsa da, insanlar bu aza öyrəşib yaşayırdılar. Lakin texniki və informasiya inqilabları hər şeyi dəyişdi. Tərəqqi, doğrudan da, qarşısıalınmaz bir prosesə çevrildi. O zaman sovetlərin mənən qocalmış rəhbərləri nədənsə bunları görmək istəmirdi. Rəhbərlərin başı daxili çəkişmələrə qarışmışdı, lakin sabitlik bu çəkişmələrin sonucu kimi açıq-aydın görünürdü.

Bizim nəsil cavan olanda ölkəyə Qərbdən saqqızlar, filtrli siqaretlər, mürəkkəbsiz qələmlər, elektrik ütüləri, cins şalvarlar, maqnitofonlar, balaca radioqəbuledicilər gətirilirdi. Bunları almaq bolluq və rifah rəmzi kimi görünürdü, amma buna pulu çatmayanlar ürək rahatlığı üçün deyirdilər ki, bir parça çörək olsun, cins şalvarsız da keçinərik. Və yaxşı-pis keçindik də. Amma ölkənin xaricinə çıxmaq əsilzadəlik rəmzi oldu. Sovetlərin başında duranlar güclərini tank və top düzəltməyə verdilər. İqtisadiyyatı insanların ehtiyaclarına yönəldən ölkələrə “istehlak cəmiyyətləri” deməyə başladıq, əlbəttə ki, istehza ilə. Guya Allahın verdiyindən gen-bol istifadə etmək qüsur imiş. Amma get-gedə məlum oldu ki, qüsur yox, normal həyat imiş. Və elə iqtisadi-sosial tərəqqi də bu imiş: hər şeyi insanların ehtiyacına yönəltmək, dünyanın nemətlərindən hər kəsin istifadə edə biləcəyi bir şərait yaratmaq.

O zaman xaricə gedənlər orada insan yaşayışı gördülər. Hər xaricə çıxan öz torpağına məhəbbətini itirdi, ən ağılsızlar isə nifrət etməyə başladı. İnsanlar o biri həyatı gözləri ilə görmüşdülər, yaşadıqları real dünya nəzərdən düşmüşdü.

Əslində tərəqqi - o biri həyata çatmaq üçün çalışmaqdı. O biri həyat üçün çalışan nə qədərdisə, tərəqqi o qədərdi. Bu çalışmaya yardım edən dövlətlər irəli getdilər. Öz sərhədlərini aşıb dünyanı birləşdirdilər. Dünya vahid bazar oldu: maşın-neft bazarı, kompüter-telefon bazarı, ...əyləncə bazarı. Bəziləri uyğunlaşmağa çalışdı, yenilikləri öyrəndi və tətbiq etdi. Bəzi cəmiyyətlərin isə başı qarışdı daxili çəkişmələrə, olanı bölməyə. Sonra bölünəni bölməyə. İşləmək, irəli baxmaq yaddan çıxdı, ildən-ilə ölkələr yoxsullaşdı, çünki işləməsən, dişləməzsən.

Tənbəlliyə meyillilər Qərbdə də tapıldı. Onlara antiqlobalist deyirlər. Nə yoğurur, nə yapırlar, ancaq meydanda at çapırlar. Etiraz edirlər: küçələrə çıxıb çığırır, bağırır, maşınları yandırır, polislərə daş atırlar. Və bir plakat düzəltməyi çox sevirlər. Onlar gələcəyi keçmişdə görürlər, hamını oraya qayıtmağa çağırırlar. Deyirlər, hər kəs istədiyi kimi yaşamalıdır. Çox da düz deyirlər. Amma əməldə istəyirlər ki, hamı onlara baxıb onlar kimi yaşasın. Onlara oxşamayana rəğbət bəsləmirlər.

Qloballıq dövründə dövlətçilik çətindir, ən çox dediklərimizə görə. Dünya dəyişib və get-gedə daha da dəyişir. Tərəqqinin və yaşayışın vahid standartları yaranıb. Bütün dövlətlər və cəmiyyətlər buna uyğunlaşmalı, bunun üçün daim nəsə etməlidirlər. Ən azı ona görə ki, qlobal mübadilədə sənin də verməyə nəyinsə olmalıdır. Malın, pulun olmalıdır. Bunlar isə əməkdən yaranır. Bu uyğunlaşma ən çox Uzaq Şərqdə yaxşı gedir: Çində, Sinqapurda, Türkiyədə və s.

Qlobal dünyaya uyğunlaşma ən çox dövlətlərin xarici siyasətidir. Və bu siyasət bu gün cəmiyyətlərdəki sabitliyin və rifahın ikinci şərtidir. Birinci isə, şübhəsiz, zəhmət və istehsaldır. Rusiya və Ukrayna kimi dünən ən varlı olan ölkələr bu gün ağır böhran içindədirlər. Ona görə ki, bu ölkələr Sovetlər dağılandan, yəni 25 ildir ki, Sovetlərin mirasının bölünməsi və yenidən bölünməsi ilə məşğuldurlar. Qərbdəki məmurlar da bölgüdən qazanırlar. Amma normal ölkələrdə bölgü qazancdan gedir, ona görə sosial gərginlik olmur. Kasıb ölkələrdə bölgü mirasdan gedir, ona görə kasıblığa, gərginliyə və bəzən sosial fəlakətlərə səbəb olur.

Müasir dünyada xaricə uyğunlaşma sözünü çox vaxt inteqrasiya ilə əvəz edirlər. Çünki artıq dövlətin maraqlarını qorumaq azdır, onun dünya ilə qaynayıb-qarışmasına, xüsusilə əmək və mübadilə bölgüsündə iştirakına nail olmaq lazımdır. Mən gözəl vətənimizin müasir dünyadakı yerini belə görürəm. Bizim ölkəmiz nisbətən balacadır, dövlətçiliyimiz cavandır. Amma hesab edirəm ki, dövlətlərin həcmi onların dünyadakı qlobal birliyə inteqrasiyası üçün mütləq bir maneə deyil. Avropanın özündə, o biri qitələrdə normal yaşayan Finlandiya, Cənubi Koreya, İsrail kimi dövlətlər göz qabağındadır. Azərbaycan da yaxın tarixi dövr ərzində onların sıralarında inamla addımlayacaqdır.

Belə düşünmək üçün əsaslar vardır: həm ölkəmizin daxilindəki quruculuq və tərəqqinin sürəti, həm də onun xarici siyasəti, bu siyasətin miqyas və hədəfləri bunun üçün çox böyük əsaslar verir. Amma ən böyük əsas və ümid yeri Prezident İlham Əliyevin təkidli və ardıcıl modernləşdirmə siyasətidir. Bu siyasət bir reallıqdır: şəhər və qəsəbələrin, doğma Bakımızın simasında gündən-günə artan yeniləşmə gerçək bir həqiqətdir, elə həqiqətdir ki, onu hamı görür və heç kim dana bilməz. Mən deyərdim ki, Prezident seçildiyi gündən bu, onun siyasəti, modernləşdirmə eksperimenti idi. Amma buna beş il əvvəl bəlkə də eksperiment demək olardı: bu qədər dəyişiklikdən, müasirləşmədən sonra hazırda belə demək olar: gerçəkləşən modernləşdirmə siyasəti!

Bu siyasəti mümkün edən mühüm prinsip bizə ulu öndər Heydər Əliyevdən qalıbdır: Azərbaycan Qərb və Rusiyaya münasibətdə həmişə balanslı və məsafəli siyasət yeritməlidir. Əslində bu, Dağlıq Qarabağ münaqişəsindəki itkilərimizin ən mühüm dərsidir. Xətir xəstəsi olmaq lazım deyil, böyük dövlətlər nə qədər istəyirlər, qoy rəqabət aparsınlar, bu rəqabətdə vasitəyə, alətə çevrilmək məhv olmağa bərabərdir. Ukrayna xalqının fəlakətləri buna növbəti misaldır. Yalançı millətçilər, siyasi avantüristlər Avropaya can atan, savadlı, istedadlı bir xalqı vətəndaş müharibəsinə saldılar. Biz bunlardan, yalançı millətçilərin diktatından keçmişik. Kim bizlə deyilsə, xaindir. Bizə tanış məntiqdir, parçala, hökm sür! Xəyanətə bərabər hakimiyyət davası!

Ukraynanın və öz timsalımızda bir şey də aydındır: qlobal dünyada milli dövlətlər üçün ən böyük təhlükə kasıblıqdır, ələbaxımlıqdır. Kasıb ölkələr ordusunun və polisinin sayından asılı olmayaraq asanlıqla “narıncı inqilab”a düçar olur. Ərəb ölkələrinin çoxunda yarıhərbi rejimlər vardı, amma “narıncı inqilab”lar baş verdi.

Bu həm də o deməkdir ki, qlobal dünyaya inteqrasiya kasıb ölkələrin təhlükəsizliyi üçün birinci dərəcəli şərtə çevrilmişdir. Həm də bu inteqrasiya ilk növbədə qabaqcıl ölkələrdəki iqtisadi, texniki tərəqqiyə qoşulmaq, çinlilər və yaponlar kimi onların nəticələrindən tərəddüdsüz istifadə etmək deməkdir. İnteqrasiyanın belə anlayışında dövlət özü Qərbə inteqrasiyanın əsas subyektinə çevrilir və küçə adamlarının yaratdıqları dərnəklərin canfəşanlığına yer qalmır. Bu baxımdan da ölkəmizdə aparılan xarici iqtisadi fəaliyyətin, dünya ilə əlaqələrin bütün xətlər üzrə inkişafının doğru və düzgün bir siyasi xətt olduğunu dərk etməliyik.

Bu gün dünyada təhlükəsizlik durumu pisdir və getdikcə daha da pisləşir. Terrorçular və quldurlar, şəxsi orduların tör-töküntüləri, hərbi muzdlular birləşir və hakimiyyətə can atırlar. Həm də açıq-aşkar can atırlar. Bəzi Qərb dövlətlərinin xarici siyasətində açıq zora və dolların hökmünə əsaslanan şıltaqlıqlar da beynəlxalq qanunların yuyulmasına, siyasi qərarlarda normasızlığa yol açır. İnqilabların və müharibələrin bir paradoksu da siyasi meydana bütöv nəsillərin daxil olmasıdır. İndi bəşəriyyət rəngli inqilabların və antiterror müharibələrin yaratdığı aqressiv siyasətçilər nəsli ilə üz-üzə dayanmışdır. Onlar hər yerdə - Əfqanıstanda, ərəb ölkələrində, Fələstində, Yuqoslaviyada hakimiyyət istəyirlər. Dünən utana-utana dollar şəklində qrant alan bu adamlar hakimiyyət istəyirlər. Bu da təbiidir, çünki ələbaxan olublar, heç bir işə yaramırlar. Onlardan bəziləri hətta Avropaya inteqrasiyadan danışır, xəbərləri yoxdur ki, Azərbaycan artıq bu inteqrasiyanı edir.

Amma bu insanlar sadaladığım ölkələrdə böyük bir sosial qrupa çevriliblər, sayları da çoxdur, iddiaları da, köhnə şüarlar da əllərindədir. Bu da reallıqdı və bu adamların iddiaları dünya siyasət meydanında çaşqınlıq və xaos yaradır. Qrantları kəsiləndə onlar öz ağalarının üzünə ağ olurlar, silaha da, terrora da, vətəndaş müharibəsinə də gedirlər. Onlar reallıqları anlamırlar, amma siyasət dəllalıdırlar.

Fikrimcə, biz ölkəmizi belə təhlükələrdən qorumalıyıq, dünyada gedən prosesləri də izləməliyik. Bu proseslərdə heç kəsin tərəfini tutmaq lazım deyildir, əksinə, bütün imkan və fürsətlərdən ölkəmizin mənafeləri üçün istifadə etməliyik. Buna gözəl bir misal da çəkə bilərik: Ukrayna böhranının qızğın vaxtında Bakıda “Şahdəniz-2” konsorsiumunun yaradılması barədə Türkiyə, Albaniya, Gürcüstan, Xorvatiya, İngiltərə, İtaliya, ABŞ, Çernoqoriya, Avropa Komissiyasının rəsmiləri tərəfindən sənəd imzalandı. Otuz beş milyard dollarlıq bu layihə 30 min yeni iş yerinin açılmasına xidmət edəcək. Bu ölkələrin çoxundan keçəcək kəmər Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına qoşulmasında mühüm mərhələ oldu. Bu layihənin potensialı ölkəmizə uzun tarixi dövr ərzində xidmət edəcəkdir. Bu hadisə diqqəti lazımi qədər cəlb etmədi, amma çoxları Bakı-Ceyhandan sonra bu beynəlxalq layihəni Bakının xarici siyasətində ən böyük qələbə sayırlar.

Sağlam və sabit inkişaf üçün tövsiyə və şüarlar, xaricdə yazılmış planlar və partiyalar lazım deyildir! Bizə ən əvvəl texnologiyalar, onları bilən kadrlar lazımdır. Bir də bu işlərdə təkid və ardıcıllığa, nəticələrə nail olmalıyıq. Məsələn, yayda ölkəmizdə Avropa Oyunlarının keçirilməsi üçün işlər görülür. Ölkə Prezidentinin siyasi iradəsi və ardıcıllığı sayəsində ölkəmiz və onun siyasi imici üçün böyük əhəmiyyəti olan nəhəng tikintilər başa çatmaqdadır. Zığ hava limanı yolunun kənarındakı idman şəhərciyinə, Böyükşordakı idman meydançasına baxanda heyrətlənirsən. Bəs əvvəllər necə idi? Vaxtilə xaricdə gördüklərimizdən heyrətlənirdik. İndi öz işlərimizə, dünyaya göstərə bildiklərimizə görə heyrətlənirik. Bax, bu, tərəqqidir, başqa bir keyfiyyət səviyyəsinə, o biri həyata doğru böyük addımlardır.

İdman Avropada artıq dəyər deyildir, idman orada həyat tərzidir. Bu mənada ölkədə son 10 ildə idman obyektlərinin və infrastrukturunun yaradılmasına qoyulan böyük vəsaitlər sadəcə idmanın inkişafı yox, artıq vətənimizdə həyatın yeni bir keyfiyyətinə keçiddir, cəmiyyətin real modernləşdirilməsinin əsas tərəfidir. Zahirən bu da inteqrasiyadır, Avropa idman dünyasına daxil olmaqdır. Amma bundan daha çox öz milli həyatımızın yeni bir keyfiyyətinə keçiddir. Avrointeqrasiyanın hədəfi də budur: öz-özümüzü dəyişmək. Məhz özümüz! Çünki kənardan heç nə vermirlər. “Eurovision” müsabiqəsini götürək. Bakı onun təşkilatçısı seçiləndən sonra nə qədər quruculuq işləri görüldü, yeni obyektlər istifadəyə verildi. Tədbir bunsuz da keçə bilərdi. Amma ortada öz siyasi iradəmiz oldu, tədbir münasibətilə cəmiyyətin mənəvi tərəqqisinə xidmət edən obyektlər tikildi. Tədbir bir-iki gün davam etdi, qonaqlar getdilər, amma özümüz üçün qurduqlarımız qaldı, indi də bizə xidmət edir.

Dünyaya inteqrasiya elə budur: ora baxıb özümüzü təkmilləşdirmək, müasirləşdirmək. Dünya standartları səviyyəsinə qalxmaq, bunun üçün hər gün nə isə etmək. Bu işlə Prezident özü, Xarici İşlər Nazirliyi, Milli Məclisin qurumları da məşğuldur və bu, belə də olmalıdır. Amma bunların sırasında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın apardığı işlər xüsusilə bəhrəli və nəticəlidir. Bu işlərin, bu tədbirlərin nəticəsi Azərbaycanın dünyadakı dostlarının sayının artması olur. Həm də bu dostlar kimdir? Dünyada sözü keçən, səsi tanınan və eşidilən insanlar. Onlar ölkəmizə gəlib bizim yaşayışın həqiqətlərini, xalqımızın nəcibliyini və tərəqqisini gözləri ilə görürlər və dünyaya çatdırmaqda keçirici olurlar. Namərd qonşularla ideoloji mübarizədə bunun əhəmiyyəti misilsizdir.

Məsələnin o biri üzü də var: biz də bu tədbirlər sayəsində dünyanı daha yaxşı tanıyırıq. Axı inteqrasiya ən əvvəl insan münasibətləri üzərində qurulur. Biz də öyrənirik, biz də tanıyırıq, bizim məmur və alimlərimiz də, elmi qüvvələrimiz də, fəal gənclərimiz də bu tədbirlərdən qazanır. Təəssüf ki, həmin tədbirlər, onların sənədləri kifayət qədər təbliğ edilmir. Amma çoxsaylı humanitar tədbirlər bizim elmi-humanitar informasiya baxımından dünyaya daxil olmamıza, qaynayıb-qarışmağımıza böyük yollar açır.

O biri tərəfdən, Mehriban xanım Əliyeva ölkə daxilində də humanitar proqramlar həyata keçirir. Xalqın sabahı üçün köklü rolu olan məktəb tikintisini, təhsil proqramlarını, kimsəsizlərə maddi yardım kampaniyalarını, səhiyyə layihələrini bir normaya çevirir. İnsanlar bunu görür və qiymətləndirirlər. Əlbəttə, biz bədxahları, böhtançıları da görürük. Onların xaricdən maliyyələşdiyini, qərəzli niyyətlər daşıdıqlarını da görürük.

Ölkəmizdə xarici diasporlarla işə də ciddi önəm verilir. Müasir miqrasiyaya, işçi qüvvəsinin sərhədsiz hərəkətinə müsbət yanaşmaq lazımdır. Çünki bu prosesləri ancaq siyasətlə bağlamaq doğru deyildir. Qloballaşma işçi qüvvəsi bazarını da birləşdirib, sərhədsiz edib. Bu, az qala inteqrasiyanın ən qlobal formasına çevrilib. Unutmayaq ki, inteqrasiyadan gələn məhsuldar informasiyanın əsas daşıyıcısı insanların yaddaşıdır və bu, həmişə belə olacaqdır. Əlbəttə, miqrasiya mənfi dəyərlər də gətirir, amma ipin həmişə iki ucu olur. Bağlılıq təhlükədir, çünki cəmiyyətləri qlobal dəyərlərdən uzaq qoyur və nəticədə texniki-iqtisadi geriliyə də səbəb ola bilir. Tərəqqinin ibtidai impulsu isə insanların bilikləridir, bundan doğan istək və ehtiyaclarıdır.

Ona görə, fikrimizcə, təhsilin və elmin dünya ilə informasiya mübadiləsinə daha artıq fikir verilməlidir. Bu işdə xaricdə təhsilin də, elmi informasiya mübadiləsinin də mühüm rolu vardır. Universitetlərin xarici əlaqələrinin artmasına hər cür yardım edilməlidir. Ən istedadlı mütəxəssislərin xaricdə ixtisas artımına, təkmilləşməsinə şərait yaradılmalıdır. İngilisdilli kitab fondlarının yaradılmasına fəal kömək edilməlidir, universitet və kitabxanalara bu hədəf uçun ayrıca sərtlə vəsaitlər ayrılmalıdır. Nazirlər Kabineti nəzdində yaradılan Tərcümə Mərkəzi bu istiqamətdə düzgün addımdır.

Dünyaya inteqrasiya həm də öz milli dəyərlərimizi, tarix və mədəniyyətimizi daha yaxşı öyrənməyə, araşdırmağa kömək etməlidir. Bu dəyərlər sırasında ana dilimiz, onun tədrisi və inkişafı qayğıları əsas yer tutmalıdır. Təəssüf ki, ana dilindən söz düşən kimi bəzi dilçilərimiz orfoqrafiyaya yeni dəyişikliklər təklif edirlər. Hamı onu sadələşdirmək istəyir. Məncə, dilimizi daha çox öyrənmək və onu daha artıq sevmək lazımdır. Orfoqrafiyaya “qayğı” göstərmək istəyənlər bir dəfə demirlər ki, nə üçün indiyəcən kompüterlər üçün normal heca proqramı, orfoqrafiya proqramı yoxdur? Bəziləri yazı qaydalarını ərəb əlifbasındakı normalardan ayırmaq istəyirlər. Bu bizi cənublu qardaşlarımızdan ayırmazmı? Onlar sözləri ərəb əlifbasında yazılan şəkildə tanıyırlar. O biri tərəfdən, dilimizdə XIII əsrdən “i”siz yazılan “ism” sözünü “i” ilə yazmaq, və ya “cəmiyyət” sözünü bir “y” ilə yazmaq yenilik deyil, orfoqrafiyanın prinsiplərini dağıtmaqdır. Fikrimcə, orfoqrafiyanı sadələşdirmək absurd söhbətdir. Biliklər, texnologiyalar, informasiya şəffaflığı qlobal dünyanın əsas dəyərləridir. Ona görə cəmiyyəti qlobal dünyaya yaxınlaşdıran əsas baza təhsili və onun keyfiyyətidir. Təhsil təkcə baza deyil, keyfiyyətli təhsil sosial tərəqqinin əsas hərəkətvericisidir. Təhsilin zəifliyi, formallığı dünyaya inteqrasiyaya ciddi əngələ də çevrilə bilər. Ona görə də bizim üçün vətəndaşımızın ölkə daxilində, ya xaricdə uğurlu fəaliyyəti eyni dərəcədə vacibdir. O biri tərəfdən, qloballaşma texnologiyalarını mənimsəmə sürəti də insanların bilik və ixtisas səviyyəsindən asılıdır. Çünki təhsilə qayğı, onun keyfiyyəti taleyüklü məsələdir, dövlətimiz tərəfindən bura maddi və mənəvi qayğı həmişə gündəmdədir.

Azərbaycanın dünya səviyyəli bir problemi də Dağlıq Qarabağdır. Bu problem də bizə dünyadakı dəyişikliklərdən bir nəticə kimi gəldi və təəssüf ki, biz buna kifayət qədər hazır deyildik. Davakar, amma qorxaq millətçilər də bu itkimizdə amil oldu. Amma biz torpaqlarımızın itirilməsi ilə heç zaman barışan deyilik. Erməni fitnəkarlığı ilə mübarizə çətindir. Amma son on beş ildə biz öz ədalətli mövqeyimizi beynəlxalq miqyasda daha çox ortaya qoya bilirik. Prezident münaqişənin dinc yolla həlli strategiyasına sadiqdir və ermənilər beynəlxalq miqyasda get-gedə daha çox uduzurlar.

Təhlükəsizlik sahəsində çoxlu çağırış və problemlərə baxmayaraq, dünya sürətlə yeniləşir: çətinlikləri dəf edir və yeniləri ilə üzləşir. Bu mürəkkəblik səviyyəsində olmaq üçün biz öz içimizdəki mənəviyyat və iqtisadiyyatımızda olan ən yaxşı keyfiyyətlərə güvənməliyik. Bu keyfiyyətlər bizə daxili birliyimizi möhkəmlətməyə və gələcəyimizə nikbin baxmağa qüvvət verməlidir. Hamı inanmalıdır ki, tərəqqi və azadlıq potensialı bizim özümüzdədir. Kənardan azadlıq və rifah gəlmir, heç bir kreditlə də alınmır. Gələcəyi qurmaq - hamının milli maraqlara dərindən inanması və məhəbbətlə xidmət etmək istəməsidir.

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, professor

Azərbaycan.-2015.- 4 mart.- S.5.