Gəncə dünya səviyyəli
şəhərə çevrilir
Ötən bir ildə görülən işlər bunu təsdiqləyir
2014-cü il qədim Nizami yurdu üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. Bu barədə 2014-cü ildə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev ətraflı bəhs etmişdir. E.Vəliyev vurğulamışdır ki, Gəncə şəhər ictimaiyyəti hələ də Prezident İlham Əliyevin ötən il ərzində üç tarixi səfərini, həmçinin ölkənin birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səfərlərini böyük ehtiram və minnətdarlıq duyğuları ilə xatırlayırlar. Dövlət başçısının səfərləri Gəncənin sosial-iqtisadi inkişafının sürətlənməsinə əhəmiyyətli şəkildə təsir etmiş, verdiyi tapşırıq və tövsiyələr, məsləhətlər şəhər icra hakimiyyətinin gələcək fəaliyyətinə stimul vermişdir.
Dövlətin yüksək qayğısı sayəsində Gəncənin hərtərəfli inkişaf tempi 2014-cü ildə də davam etdirilmişdir. Ötən ilin yekununa görə, Gəncənin inkişafını xarakterizə edən əsas makrogöstərici - ümumi məhsul buraxılışı 12 faiz və ya müqayisəli qiymətlərdə 88 milyon manat artaraq 819,7 milyon manata çatmışdır. Əhalinin hər bir nəfərinə düşən ümumi məhsulun həcmi 12,6 faiz artaraq 2 min 540,1 manat təşkil etmişdir. Ümumi daxili məhsulun 71 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür.
E.Vəliyev qeyd etmişdir ki, qeyri-neft sektorunda ötən il şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən 201 milyon 537 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehsal edilən mal və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 12,1 faiz artmış, ümumi istehsalın 88,3 faizi sənaye mallarının 11,7 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Özəl bölmədə istehsalın həcmi də əvvəlki illə müqayisədə 1,6 faiz artaraq sənaye məhsulunun 51,9 faizini təşkil etmişdir.
2014-cü ildə sənayenin emal bölməsində istehsal olunmuş məhsulun 4,5 faizi qida məhsullarının, 7,6 faizi içki məmulatlarının, 39 faizi metallurgiya və hazır metal məmulatları istehsalı sahələrinin, 48,9 faizi isə digər bölmələrin payına düşür. 2014-cü ildə istehlakçılara 199 milyon 439 min manatlıq və ya bütün sənaye istehsalının 99,0 faizi qədər məhsul göndərilmiş, xidmətlər göstərilmişdir. Realizə olunan məhsulun 65,2 faizi respublika daxilində satılmış, 34,8 faizi isə xarici dövlətlərə ixrac olunmuşdur.
Məhsul istehsalı və xidmətlərin həcmində əvvəlki illə müqayisədə Gəncə Avtomobil Zavodunda, “Gəncə Şərab-2” və “Cihazqayırma zavodu” ASC-lərdə, “MKT İstehsalat Kommersiya” MMC-nin “Gəncə-Tekstil” filialında, “ELBA” MMC və digər müəssisələrdə artım müşahidə olunmuşdur. Bu müəssisələrin ahəngdar işləməsi nəticəsində əvvəlki illə müqayisədə əlavə olaraq 39,2 milyon manatdan çox məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ölkəmizdə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işləri daha da genişləndirmiş və sənayeləşməni sürətləndirmişdir.
“Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” ölkə Prezidentinin 2013-cü il 23 aprel tarixli sərəncamı ilə Gəncə şəhərində dəmir istehsalından başlamış polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2015-ci ildə Alüminium Kompleksinin istehsal gücünün artırılması, Gəncədə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görülməsi istiqamətində ardıcıllıqla işlər aparılır. Prezident İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş və dövlət başçısının iştirakı ilə 2014-cü il yanvarın 21-də Gəncə “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin 2 zavodu - metaltökmə və fasiləsiz yayma, həmçinin təzyiqlə emal və boyama zavodları istifadəyə verilmişdir.
Ötən il oktyabrın 18-də Prezident İlham Əliyev “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. “Railway İnternational Distribution” MMC İsveçrənin “Stadler” şirkəti ilə birlikdə ən müasir standartlara cavab verən sərnişin vaqonlarının və lokomotivlərin istehsalına dair zavodun tikintisi davam etdirilir.
“Gəncə-Dəyirman” MMC-də müəssisənin istehsal gücünün artırılması məqsədilə un, buğda anbarları inşa edilmiş və müasir avadanlıqlar quraşdırılmışdır. “Gəncə Tekstil” ASC-də yeni açılan əl ilə toxunan xalça sexində 18 xana quraşdırılaraq istifadəyə verilmişdir. Burada 25 nəfər çalışır. 2014-cü ildə istehsal gücü 400 kq/saat kompozit və istehsal gücü 300 kq/saat olan plastik su boruları və fitinqlər istehsal edən “SEMPA” QSC müəssisəsi fəaliyyətə başlamışdır. “Elba Kəsim və Emal Fabrikası” MMC-nin tikintisi sürətləndirilmişdir. Bu fabrik 2015-ci ildə istifadəyə veriləcəkdir. Müəssisənin işə salınması ilə 75 nəfər işlə təmin ediləcəkdir.
“Gəncə Avtomobil zavodu” İstehsalat Birliyində 2014-cü ildə ağırtonnajlı yüklərin daşınması məqsədilə qoşqu və yarımqoşquların istehsalına başlanılmış, iki modifikasiyada mini traktorların istehsalı təşkil edilmiş, Rusiya Federasiyasının Naberejni Çelni şəhəri ilə “KAMAZ” markalı yük maşınlarının yığılması barədə müqavilə bağlanmışdır. Vəli Xuluflu və Vaqif küçələrinin kəsişməsində gündəlik istehsal gücü 10 ton olan müasir çörək istehsalı zavodunun tikintisi davam etdirilir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Gəncə şəhərində zəngin tarixi-mədəni və milli ənənələr qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yenilənməsi sahələrində mühüm tədbirlər həyata keçirilmişdir.
Ulu öndərin adını daşıyan bənzərsiz görkəmə malik Heydər Əliyev Park Kompleksində 4 min kvadratmetr ərazidə Əyləncə Mərkəzinin və Qış Parkının, həmçinin 17 hektar ərazidə beynəlxalq standartlara cavab verə biləcək Gəncə Olimpiya Parkının tikintisi davam etdirilməkdədir.
Azərbaycan Prezidentinin xeyir-duası ilə təməli qoyulmuş 1200 tamaşaçı yeri olan Gəncə Dövlət Filarmoniyasının və tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulmuş Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası da davam etdirilir. 2015-ci ildə filarmoniyanın və Sahil parkında inşası başa çatmaq üzrə olan Mətbuat evinin istifadəyə verilməsi gözlənilir.
Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və himayəsi sayəsində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən olan “İmamzadə” kompleksində tikinti-təmir, bərpa və abadlıq-quruculuq işləri sürətləndirilmişdir. Kompleksin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Atatürk prospektində qəza vəziyyətində olan 264 və 266 nömrəli binaların yerində inşa edilən 50 mənzilli beşmərtəbəli yaşayış binasında aparılan tikinti işləri sürətləndirilmişdir, ilin ikinci yarimilliyində binanın istifadəyə veriləcəyi gözlənilir. Eyni zamanda, həmin prospektdə 3,3 hektar ərazidə ümumi yaşayış sahəsi 32 min 819 kvadratmetr olan 4 ədəd yeddimərtəbəli, 2 ədəd beşmərtəbəli yaşayış binasının, Ş.İ.Xətai prospektində 4,96 ha ərazidə çoxmərtəbəli yaşayış evinin və qeyri-yaşayış obyektlərinin inşası davam etdirilir.
ŞİH başçısı məruzəsində şəhərdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərdən də söz açmış və bildirmişdir ki, şəhərdaxili yollar genişləndirilir, yol kənarındakı tikililərin dam örtükləri dəyişdirilir, binaların fasadları prospekt və küçələrin ümumi kompozisiyasına uyğun olaraq müasir və klassik memarlıq üslubunda yenidən işlənir.
H.Cavid, Qənbər Hüseynli, H.Hüseynzadə küçələrində avtomobil yolu genişləndirilmiş və həmin küçələrdə 35-ə yaxın evin fasad hissəsi, hasarı kərpiclə yerli memarlıq üslubunda üzlənmiş, tikililərin dam örtüyü yenidən qurulmuşdur. Ayrı-ayrı küçə və prospektlərdə - Ş.İ.Xətai, Nizami prospektlərində və Ə.Əliyev, Şəddadilər, Z.Hacıyev, Ə.Hüseynzadə və digər küçələrdə, “İmamzadə” yolunda binaların fasadları, həmçinin fərdi evlərin hasarları Gəncəyə xas qədim memarlıq üslubunda kərpiclə üzlənmişdir. Şəhərdaxili və məhəllədaxili yolların təmiri davam etdirilməklə, M.İbrahimbəyov, H.Ə.Hüseynzadə, Q.Nəbi, Bahəddin, Z.Hacıyev, Həsən Əliyev, İ.Məmmədov, Ü.Hacıbəyov, M.Qaşqay, F.Əliyev və digər küçələrdə, həmçinin Məhsəti, Natəvan, Şıxzamanlı və Hacıkənd qəsəbələrində yollara və səkilərə 110 min 350 kv.metrə yaxın asfalt örtüyü salınmışdır.
Şəhərlə “İmamzadə” kompleksini birləşdirən yol genişləndirilmiş, yeni asfalt örtüyü salınmış, yol kənarlarındakı divarlar dekorativ kərpiclə üzlənmiş, fəvvarə inşa edilmiş və bu işlər hazırda da davam etdirilir. Heydər Əliyev prospekti ilə Fərhad Əliyev küçəsinin kəsişməsində və Ş.İ.Xətai prospektində “Füzuli” bağı qarşısında yerləşən keçidlər əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmişdir.
Ekoloji vəziyyətin yaxşılaşdırılması və sakinlərin sağlam həyatını təmin etmək üçün məhəllələrdə, qəsəbə və yaşayış massivlərində şəhərin bütün müəssisə, idarə və təşkilatları tərəfindən, eyni zamanda yerli sakinlərin iştirakı ilə yeni yaşıllıq zolaqları salınır, onlara müntəzəm aqrotexniki qulluq göstərilir. Sakinləri narahat edən mənzil məişət problemlərinin həlli istiqamətində irimiqyaslı tədbirlər görülərək il ərzində ictimai yaşayış binalarında dam örtükləri, zirzəmilər təmir edilmiş, lift təsərrüfatı yenidən qurulmuşdur.
Son illər geniş miqyasda aparılan abadlıq, təmir-bərpa və yenidənqurma işləri Gəncə şəhərinin simasını ilbəil, aybaay yeniləşdirir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: “Gəncə dünya səviyyəli şəhərə çevrilir”.
Prezident İlham Əliyevin “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, sahibkarlığın inkişafı Gəncədə də iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Şəhərdə iş adamlarının biznes mühitindən yararlanması dəstəklənməklə, onların güclənməsinə və inkişafına diqqət və qayğı göstərilmiş, özəl bölmənin inkişafı və sərbəst fəaliyyəti üçün münbit şərait yaradılmışdır. Milli iqtisadiyyatın aparıcı sahəsi olan özəl sektora dövlət dəstəyinin gücləndirilməsi nəticəsində müəyyən nailiyyətlər əldə edilmiş, sahibkarların işgüzarlıq səviyyəsi, fəaliyyət istiqamətləri və güzəştli kreditlərin çıxış imkanları genişlənmişdir.
Sahibkarlığa Kömək Milli Fondu Gəncənin iş adamlarına kənd təsərrüfatı məhsullarının tədarükünün saxlanılması və satışı üzrə tutumu 20 min ton olan Logistik Mərkəzinin yaradılması üçün biznes layihəsinin həyata keçirilməsini təklif edir. Bununla yanaşı, Gəncədə illik emal gücü 20 min ton olan meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması da nəzərdə tutulur. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına şəhər üzrə 32 sahibkarlıq subyektinə 4 milyon 5 min manat güzəştli kredit verilmiş və nəticədə 98 yeni iş yeri açılmışdır.
Dövlətin dəstəyi ilə Gəncə sürətlə inkişaf edir, yeni istehsal sahələri yaradılır, əhalinin məşğulluq səviyyəsinin artırılması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. 2014-cü il ərzində açılmış 5937 daimi iş yerindən 7,6 faizi yeni, 7,4 faizi isə mövcud müəssisə və təşkilatlarda, qalan 85,0 faizi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yaradılmışdır.
Ölkə rəhbərinin dəstəyi ilə reallaşan Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində Gəncənin su və kanalizasiya sisteminin tikintisi ilə bağlı işlər ardıcıllıqla davam etdirilmişdir. Sentyabrın 14-də Gəncə şəhərində Azərbaycan Respublikası hökumətinin, Almaniya İnkişaf Bankı (KfV) və İsveçrənin SECO təşkilatının mötəbər nümayəndələrinin iştirakı ilə layihə çərçivəsində 24,2 km uzunluğunda, diametri 500 mm olan Göygöl-Gəncə magistral su kəməri, həmçinin Teleqüllə ərazisində 4 min kubmetrlik bir ədəd su anbarı və həmin su anbarından mövcud 518 nömrəli su anbarına çəkilən 500 mm-lik və 250 mm-lik su xətləri istismara verilmişdir. Şəhərin digər su mənbəyi olan Qızılqayada drenaj sistemlərinin və uzunluğu 2 min 136 km, en kəsiyi 700 mm olan Qızılqaya-Totanlı magistral xəttin çəkilişi yekunlaşmış və şəhərə suyun verilməsinə hazırlıq işləri görülür. Hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı Göygöl-Gəncə magistral su xətti ilə təmin olunur, 2015-ci ildə isə Qızılqaya-Totanlı su xətti istifadəyə veriləcəkdir.
Eyni zamanda, Gəncə şəhərinin digər etibarlı su mənbəyi olan Şəmkirçay su anbarından 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral su kəmərinin inşası artıq yekunlaşmaq üzrədir.
Təhsil müəssisələrinin maddi-texniki və tədris-metodiki bazasının yaxşılaşdırılması və informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, mövcud tədris binalarının təmiri, yenisinin tikilməsi Gəncə Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmaqla, bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir. Ümumi sayı 2 min 161 yerlik 12, 26 və 40 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılmış, 32 nömrəli tam orta məktəbin isə əlavə tədris korpusu inşa edilmiş, müasir fənn kabinələri ilə təchiz olunaraq istifadəyə verilmişdir. Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 930 şagird yerlik binası əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilərək 15 sentyabr 2014-cü il tarixdə istifadəyə verilmişdir. Hazırda məktəbin yeni əlavə tədris korpusunun inşası davam etdirilir. M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə 930 şagirdlik mövcud bina əsaslı təmir olunmuş, 960 yerlik yeni korpus inşa edilmiş və Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü il oktyabrın 18-də açılışı olmuşdur.
Gəncə Şəhər Təhsil İdarəsinin yeni inzibati binası 2014-cü il dekabrın 24-də şəhər ictimaiyyətinin iştirakı ilə istifadəyə verilmişdir. Burada işləyənlər üçün hər cür şərait yaradılmış, binada 190 nəfərlik iclas zalı, tədris-təlim kurslarının təşkili, eləcə də innovativ texnologiyaların tətbiqi üçün avadanlıqlar quraşdırılmışdır. Məktəblərin əsaslı təmiri və yenidən qurulması sahəsində görülmüş işlərin əvvəlki illərlə müqayisədə təhlili göstərir ki, 2003-cü ildən indiyədək mövcud 49 ümumtəhsil məktəbindən 35-də əsaslı təmir işləri aparılmışdır. Bunlardan əvvəlki 8 ildə 11, son 4 ildə isə 24 məktəb əsaslı təmir olunmuşdur.
Gəncənin sürətli və hərtərəfli inkişafı Prezident İlham Əliyevin qayğısı ilə şərtlənir. Gəncəlilər bu qayğıya cavab olaraq uğurların artırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da gücləndirilməsinə öz töhfələrini vermələri üçün daha əzmlə çalışacaqlarını bəyan edirlər.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2015.- 5 mart.- S.7.