Multikulturalizm təhlükəsizliyin və
inkişafın mühüm
dayaqlarından biridir
Tanınmış yazıçı Maksim Qorki deyirdi ki, “mədəniyyətin inkişafı prosesi çətinliklərin dəf olunması prosesidir”. Bu ifadə mədəniyyətlərin və ənənələrin, dinlərin və sivilizasiyaların kəsişməsində yerləşən, buna görə də demokratik inkişafın özünəməxsus milli spesifikasına malik olan Azərbaycanın hazırkı inkişafı şəraitində xüsusi məna və əhəmiyyət kəsb edir.
Əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkəmizdə dünyəvilik ənənələri çox güclüdür. Bu səbəbdən bəzi müsəlman ölkələrindən fərqli olaraq, dövlətin teokratik əsaslar üzərində bərqərar olmasından söhbət gedə bilməz. Azərbaycan müsəlman aləmində əsl dünyəvi dövlətçiliyin nadir nümunələrindən biridir. Müxtəlif etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin, dillərin və ənənələrin nümayəndələri burada əmin-amanlıq içərisində yaşayır və inkişaf edir.
Azərbaycan Konstitusiyasına əsasən irqindən, dinindən və dilindən asılı olmayaraq, hər bir şəxsin hüquq və azadlıqlarının qorunmasına təminat verilir. Respublikamızda yaşayan bütün azsaylı xalqların mədəni orijinallığı müxtəlif qanunlar və hüquqi-normativ aktlarla təmin olunur. Müxtəlif xalqların və konfessiyaların sülh və tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşamaları multikulturalizm yolunu tutmuş ölkəmizin sosial-mədəni inkişafında mühüm amillərdir.
Odur ki, bu gün Azərbaycan dünyaya təkcə enerji resursları ilə zəngin bir ölkə kimi deyil, həm də bəşəriyyətin humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınmaqdadır. Reallıq odur ki, multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Multikulturalizmin nisbətən yeni məfhum olmasına baxmayaraq, o, əsrlər boyunca Azərbaycan xalqına xas xüsusiyyət olmuşdur. Müxtəlif dinlərin və millətlərin nümayəndələri əsrlər boyunca Azərbaycanda bir ailə kimi yaşamışlar”.
Məhz Prezident İlham Əliyevin təşəbbüsü sayəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmişdir. Multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsi təsis olunmuşdur. Yeni formalaşmasına baxmayaraq, dövlət müşaviri xidməti cəmiyyətlə birgə fəaliyyət nəticəsində Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, dilinin inkişafı, tarixinin öyrənilməsi, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm işlər görməkdədir.
Respublikamızda həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Bu məqsədlə ötən ilin mayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək olan beynəlxalq mərkəzin məhz Bakı şəhərində yaradılması bu sahədə həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır.
Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən Heydər Əliyev Fondunun da böyük əməyi var. Azərbaycanda multikultural ənənələrin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya səviyyəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.
Son dövrlərdə Azərbaycanın əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti, öz növbəsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub. Xüsusilə qeyd etməliyik ki, artıq paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Bu qəbildən dörd ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bu forumlar sayəsində Bakı artıq beynəlxalq mədəni-humanitar dialoq və əməkdaşlıq üçün bir növ “intellektual Davos”a çevrilib. Prezident İlham Əliyev dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda multikulturalizmə ən düzgün qiyməti vermişdir: “Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizim alternativi yalniz ayrı-seçkilik, irqçilik, ksenofobiya, islomafobiya və antisemitizm ola bilər”.
Bu kontekstdə Roma katolik kilsəsinin rəhbəri, Papa II İoann Pavelin 2002-ci ildə Azərbaycana səfər etməsini xatırlamaq da yerinə düşər. Özünün təbrik çıxışını Papa “Qoy Allah Azərbaycana yar olsun” sözləri ilə başlamışdı. Roma pontifikinin fikrincə, Azərbaycan bir çox xalqların və dinlərin mədəni dəyərlərini özündə cəmləşdirmişdir. Papa həm də qeyd etmişdir ki, xristianlar Azərbaycanda digər dinlərin nümayəndələri ilə sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşayırlar ki, bu da yalnız “tolerantlıq və qarşılıqlı dözümlülük sayəsində” mümkün olmuşdur.
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Müasir cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycanın inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Bu baxımdan Azərbaycanda həyata keçirilən multikulturalizm dünyaya nümunədir. Ölkəmizin inkişafında cəmiyyətdə vətəndaş həmrəyliyinin mövcudluğu mühüm rol oynayır. Bu mənada etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq ərazisində məskunlaşan hər bir vətəndaş dövlətimizin sərvətidir.
Tamerlan VAHABOV,
siyasi ekspert
Azərbaycan.-2015.- 5 mart.- S.7.