Qorqudşünaslıq elminin genişlənən imkanları

 

“Kitabi-Dədə Qorqud” dastanlarının tapılmasından 200 il ötür

 

“Kitabi-Dədə Qorqud” dastanlarının alman şərqşünası Fridrix Fon Dits tərəfindən 200 il əvvəl tapılıb dünyaya bəyan edilməsindən sonra bu möhtəşəm şifahi xalq ədəbiyyatı abidəsi haqqında Şərqdə və Qərbdə yüzlərlə kitablar nəşr edilmişdir. Fikrimizcə, “Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı, dünya epos-dastan mühitində böyük boşluq meydana çıxardı. Dünyada “Dədə Qorqud” dastanlarının yerini doldura biləcək bu səviyyədə başqa bir epos təsəvvür etmək çətindir.

“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycanla yanaşı Avropada və Türkiyədə kitab halında nəşr edilməsi və haqqında tədqiqat əsərlərinin meydana çıxması mühüm əhəmiyyətə malik olan ədəbiyyat və mədəniyyət hadisəsi faktlarıdır. Bununla belə, “Kitabi-Dədə Qorqud” dastanlarının dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətidir. Xüsusən, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə imzaladığı fərmanın əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər sözün böyük mənasında, “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir.

Mühüm tarixi əhəmiyyətə malik olan dövlət fərmanının işığında UNESCO-nun iqamətgahında təşkil olunan beynəlxalq simpozium və konsert, Bakıda türk dövlətləri rəhbərlərinin iştirakı ilə gerçəkləşən zirvə görüşü “Dədə Qorqud” dastanlarına yeni həyat bəxş etmişdir. Yubiley münasibətilə nəşr edilmiş iki cildlik “Dədə Qorqud” ensiklopediyası və digər elmi-bədii əsərlərlə qorqudşünaslığın yeni epoxası başlanmışdır. “Dədə Qorqud” dastanının ilk dəfə olaraq Drezden nüsxəsinin faksimilesi ilə yanaşı, Vatikan nüsxəsinin də Bakıda nəşr edilib oxuculara çatdırılması qorqudşünaslığın tarixində nadir hadisələrdir. Eyni zamanda, Heydər Əliyev kimi böyük dövlət xadiminin “Kitabi - Dədə Qorqud” dastanları haqqında müəyyən etdiyi aşağıdakı istiqamət dastana münasibətin ana xəttinə çevrilmişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

Məhz 1300 illik yubileyi haqqında fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda əbədiləşdirilməsi sahəsində ilkin addımlar atılmışdır. Dədə Qorqud heykəlinin 1999-cu ildə Naxçıvan şəhərindəki Təbriz meydanında ucaldılması bu böyük işin möhkəm bünövrəsinə çevrilmişdir. Xüsusən, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan şəhərindəki Dədə Qorqud abidəsini ziyarət etməsi geniş ictimaiyyətin və yaradıcı ziyalıların bu mövzuya marağını daha da qüvvətləndirmişdir. Aparılmış məqsədyönlü və ardıcıl siyasət “Dədə Qorqud” mövzusunu müstqil dövlətçilik və vətənpərvərlik tərbiyəsinin əsas istiqamətlərindən biri mövqeyinə çıxarmışdır. Xüsusən, Azərbaycanda müstəqilliyin möhkəmləndirilməsi dövründə “Dədə Qorqud”un qəhrəmanlıq, vətənpərvərlik və birlik ideyalarının dövlət səviyyəsində diqqət mərkəzinə çəkilməsi son dərəcədə müdrik və uzaqgörən bir addımdır.

“Kitabi-Dədə Qorqud” dastanlarının xalqımızın milli-mənəvi özünüdərkinin və dövlət müstəqilliyinin mühüm hadisəsi kimi qiymətləndirilməsi siyasətini yaradıcılıqla inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dədə Qorqud anlayışında millilik və dövlətçilik ideyalarının vəhdətinin ifadə olunduğunu daim diqqət mərkəzinə çəkmişdir. Bu mənada Dədə Qorqud mövzusu müstəqillik dövrü Azərbaycan siyasətində milli-mənəvi özünüdərk proseslərinin genişləndirilməsində mühüm yer tutur. Dədə Qorqudun adının əbədiləşdirilməsinə dair ölkə miqyasında tədbirlərin həyata keçirilməsi həmin ardıcıl siyasətin real nəticələridir.

Bakı şəhərində 13 dekabr 2013-cü ildə Dədə Qorqud abidəsinin ucaldılması və “Dədə Qorqud parkı”nın salınması ilə Qorqud Atanın ölməz adı Azərbaycan paytaxtında rəsmi olaraq əbədiləşdirilmişdir. Heykəltəraş Göyüş Babayevin yaratdığı “Kitabi-Dədə Qorqud” abidəsində təkcə Oğuz elinin böyük və müdrik ağsaqqalı Dədə Qorqudun yox, bütövlükdə dastanın 12 boyunda təsvir edilmiş hadisələrin əsas motivləri orijinal şəkildə əks etdirilmişdir. Bu, Azərbaycanda dastan qəhrəmanına deyil, geniş mənada dastana ucaldılmış birinci heykəltəraşlıq nümunəsidir. Kitab-abidənin də əhatə olunduğu Dədə Qorqud parkında həmin dövrün mühitinin ana xətləri canlandırılmışdır. Prezident İlham Əliyevin Dədə Qorqud kompleksinin açılışı mərasimində haqlı olaraq dediyi kimi, “Bu abidənin ucaldılması böyük hadisədir. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı müxtəlif ərazilərində yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur... Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür... Artıq Bakıda “Dədə Qorqud parkı”, Dədə Qorqud abidəsi vardır”.

Bu böyük mədəniyyət hadisəsindən dərhal sonra 28 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” imzaladığı sərəncamında da dastanın “azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyəti” və “gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolu” xüsusi olaraq nəzərə çarpdırılmışdır. Dövlət sərəncamında ifadə olunan aşağıdakı fikirlərdə “”Kitabi-Dədə Qorqud” dastanlarının çox mühüm azərbaycançılıq hadisəsi olması öz əksini tapmışdır: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində “Kitabi-Dədə Qorqud” özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət “Kitabi-Dədə Qorqud” Ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət və ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir”.

Ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanlarına həm də dünya eposu miqyasında, xüsusən də türk dünyasının zəngin şifahi xalq ədəbiyyatı səviyyəsində yüksək qiymət vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarına münasibətində də azərbaycançılıqla yanaşı, bu ədəbi abidənin “yüksək bəşəri idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olması” fikri və “bütün türk dünyasını daha sıx birləşdirməsi” ideyası xüsusi yer tutur. Prezident İlham Əliyev “Dədə Qorqud” dastanlarında “ortaq tarix və ortaq köklər” ideyasının da ifadə olunduğunu, buna görə də Dədə Qorqudla əlaqədar həmin istiqamətdə Azərbaycanda atılan addımların “bütün türk dünyasında gözəl əks-səda verəcəyini” diqqət mərkəzinə çəkmişdir. Dövlət başçısının 2004-cü ildə Avropa Birliyi Təşkilatının yerləşdiyi Belçikanın paytaxtı Brüssel şəhərində ucaldılmış Dədə Qorqud abidəsinin meydana çıxmasına diqqət yetirməsi və həmin abidənin açılışında iştirak etməsi möhtəşəm eposa dünya mədəniyyəti miqyasında baxışın daha bir ifadəsi idi.

Fikrimizcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı 20 fevral 2015-ci il tarixli sərəncamı da mahiyyət etibarilə bu böyük azərbaycançılıq abidəsinin dünya mədəniyyəti hadisəsi səviyyəsində dəyərləndirilməsi istiqamətinin daha da dərinləşməsinə uğurla xidmət edən ardıcıl dövlət siyasətinin məntiqi davamıdır. Bu sərəncamdan irəli gələn məsələlərin həlli artıq dünya elmi fikrinin faktına çevrilmiş qorqudşünaslığın beynəlxalq miqyasda inkişaf etdirilməsinə yeni imkanlar açacaqdır. Bundan başqa, “Kitabi-Dədə Qorqud” dastanlarını ilk dəfə dünya ictimaiyyətinə çatdırmış görkəmli alman şərqşünası Fridrix Fon Ditsin xidmətlərinə də böyük ehtiramı ifadə edən dövlət sərəncamı həmin şəxsiyyətin həyatı və fəaliyyətinin Azərbaycanda və xarici ölkələrdə daha yaxından tanıdılmasına da şərait yaradacaqdır. Bununla da, qorqudşünaslıq elmində müəyyən epizod şəklində adı etiraf olunan Fridrix Fon Dits məsələsi ilə bağlı mövcud boşluq aradan qalxmış olacaqdır. Bu sərəncam müstəqil Azərbaycan Respublikasının Avropa ölkələri ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni imkanlar açan qiymətli bir dövlət sənədi kimi də özünəməxsus əhəmiyyətə malikdir.

Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanlarına müstəqil Azərbaycanda dövlət səviyyəsində ardıcıl və davamlı bir münasibətin bəslənilməsi ölkəmizdə milli-mənəvi özünüdərk və inteqrasiya proseslərinin genişləndirilməsi və möhkəmləndirilməsi ideyasının əsasını təşkil edir. Bütün bu parlaq hadisələr müstəqil Azərbaycan dövlətinin yeni tarixi epoxadakı Dədə Qorqudnaməsidir. “Kitabi-Dədə Qorqud”a sədaqət və ehtiram millətə, ölkəyə və dövlətə sədaqətin rəmzidir. “Kitabi-Dədə Qorqud” dastanlarına hər qayıdış Azərbaycanı, türk dünyasını və bütövlükdə dünyanı yenidən və daha əsaslı şəkildə qavramağın və müasir inkişaf yollarını müəyyən etməyin əhəmiyyətli dərslərini mükəmməl şəkildə öyrənmək deməkdir.

* * *

“Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının nadir hadisəsidir. Görkəmli türk ədəbiyyatşünası Fuad Köprülüzadə “Dədə Qorqud” dastanlarının əhəmiyyətini qabarıq şəkildə nəzərə çarpdırmaq üçün aşağıdakı kimi bir müqayisə aparmışdır: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, “Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfi ağır gələr.”

Biz isə “Kitabi-Dədə Qorqud” abidəsinə dünya dastanı irsi miqyasında nəzər salaraq belə bir müddəa irəli sürürük: Əgər dünya şifahi xalq ədəbiyyatındakı dastanları tərəzinin bir gözünə, “Dədə Qorqud”u o biri gözünə qoysaq, yenə də “Dədə Qorqud” dastanı ağır gələr. Belə ki, bizə görə Qərb dastanlarında salnaməçilik, Şərq dastan tipində isə qafiyə ritmi daha çox diqqəti cəlb edir. Bunlardan fərqli olaraq, “Dədə Qorqud” dastanlarındakı epik təhkiyə mükəmməl bədii nəsr nümunəsidir. Dastanın aparıcı tərəfi olan bədii nəsr epos təfəkkürünün kamil bədii ifadəsidir. Dastanın yarandığı VII əsrə qədərki dövrdə, yaxud da boyların tam halda yazıya köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə “Dədə Qorqud” səviyyəsində bədii nəsr nümunəsi olmuşdur.

“Dədə Qorqud” dünya miqyasında bədii nəsr təfəkkürünün möhtəşəm abidələrindən biridir. Bu, “Dədə Qorqud” dastanlarını yaradan xalqın epos təfəkkürünün bədii mükəmməlliyinin klassik nümunəsidir. Epos təfəkkürü isə bədii fantaziyadan daha çox xalqın özünüdərkinin, sabit milli düşüncəsinin, torpaq və millət qavrayışının dastan səviyyəsində ifadəsi deməkdir. Bu mənada “Dədə Qorqud” dastanları oğuz türklərinin, Azərbaycan xalqının yurd və torpaq andının manifestidir. Bu, ölkəsini, torpağını, millətini dərindən dərk edən bir xalqın vətən və torpaq sevgisinin möhtəşəm oğuznaməsidir. Dədə Qorqud qəhrəmanları dastanlaşmış obrazlardan çox, həyat və düşüncə adamlarıdır. Dastanda rütbə, titul etibarilə yüksək mövqeyə malik olan insanlar əsas, real cizgiləri ilə əks etdirildiyi halda, cəmiyyət həyatında kiçik yer tutan sadə adamlar mümkün olduğundan qat-qat güclü şəkildə təsvir edilmişdir. “Dədə Qorqud” kiçik insanları da qüdrətli olan böyük xalqın mükəmməl dastanıdır.

“Kitabi-Dədə Qorqud” dastanlarının şeirləri sərbəst şeirin klassik nümunəsidir. Dastandakı bir çox halda müəyyən hekayəti də ifadə edən poetik nümunələr mənsur şeir təsiri bağışlayır. “Dədə Qorqud”un nəsr təhkiyəsində də mənsur şeirlik müşahidə olunur. Dastandakı bir çox şeirlər vəznli sərbəst şeir xüsusiyyətlərinə malikdir. “Dədə Qorqud” şeirlərinin özünəməxsus qafiyə sistemi də vardır:

Allah-Allah deməyincə işlər düzəlməz,

Qadir Tanrı verməyincə kişi varlanmaz.

... Qovuşaraq sular daşsa, dəniz dolmaz.

Təkəbbürlük eyləyəni Tanrı sevməz.

Könlünü uca tutan adamda ağıl olmaz.

Yad oğulun saxlamaqla oğul olmaz.

Qarabaşa don geydirsən də, qadın olmaz.

Lopa-lopa qarlar yağsa, yaza qalmaz.

Gül-çiçəkli göycə çəmən payıza qalmaz.

Köhnə pambıq bez olmaz,

Qarı düşmən dost olmaz.

... Kişi malına qıymayınca adı çıxmaz.

Qız anadan görməyincə öyüd almaz.

Oğul atadan görməyincə süfrə açmaz.

Oğul atanın yetirməsi, iki gözünün biridir.

Ağıllı oğul olsa, ocağının közüdür.

Oğul daha neyləsin, ata ölüb mal qalmasa,

Ata malından nə fayda, başda ağıl olmasa.

“Dədə Qorqud” şeirləri sanki Azərbaycan torpağındakı qayaüstü rəsmlərlə əruz və ya heca vəznində yazılmış şeirlər arasında əlaqələndirici vasitədir. Bu şeirlər əruz, yaxud heca vəznli şeirlərdən çox, dastanın nəsrinə yaxındır. “Dədə Qorqud” şeirləri sanki dastançının hadisələri hekayət etməkdən yorulub dayandığı hallarda yenidən davam etmək üçün qazandığı nəfəslikdir. Bu şeirlər dastan əhvalatlarını bir-biri ilə əlaqələndirən, bağlayan bədii vasitədir. Bəzən isə “Dədə Qorqud” şeirləri dastandakı boyların məntiqi yekunu, ümumiləşdirici nəticəsi funksiyasını yerinə yetirir. Hətta dastanda elə şeir mətnləri də vardır ki, geniş mənada eposun ideyasını tam halda özündə ifadə edir:

Qanı öydüyümüz bəy ərənlər?

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya!

Son ucu ölümlü dünya!

Əl aqibət üzun yaşın

Ucu ölüm, axırı ayrılıq.

* * *

Qorqudşünaslıqda “Dədə Qorqud” dastanlarının mahiyyəti və əhatə dairəsi haqqında əsasən iki fikir üstünlük qazanmışdır. Birinci qənaətə görə “Dədə Qorqud” ümumtürk təfəkkürünün özünüifadəsi olan eposdur. İkincisi isə “Dədə Qorqud” konkret bir coğrafiyanın, daha dəqiq desək, Azərbaycan ulusunun oğuznaməsidir. Fikrimizcə, bu mülahizələrdən hər ikisi obyektiv gerçəkliyi ifadə edir. Azərbaycan oğuzları geniş mənada əsas türk soylarından biri olduğu üçün “Dədə Qorqud”un da ümumtürk oğuznaməsi hesab olunması təbii haldır. Bundan başqa, türk dünyasının müxtəlif coğrafiyalarında da Dədə Qorqud rəvayətlərinin mövcudluğu Qorqud Ata motivinin ümumtürk miqyasından xəbər verir. Eyni zamanda, Türkiyədə Bayburd şəhərində, Dərbənddə və Qazaxıstanda Sır-Dərya ətrafında, Kərkükdə Dədə Qorquda aid edilən məzarların olması da dastanın süjetinin geniş miqyasını nəzərə çarpdırır. Bununla belə, “Dədə Qorqud” Azərbaycan coğrafiyasının, Bayat boyunun oğuznaməsi kimi də möhtəşəmdir.

Dədə Qorqud indiki Azərbaycan ərazilərindən də geniş coğrafiyada məskunlaşmış oğuz elinin rəmzi olan ümumiləşmiş obrazdır. Dədə Qorqudun məskəni, Vətəni Azərbaycan, tayfası, milləti isə daha böyük bir məkanda yayılmış oğuzlardır. Altuntaxt - Qorqud elinin paytaxtı, Dərbənd - qapısı, Alınca (Əlincə) isə qalasıdır. “Dədə Qorqud”da qədim Azərbaycanın fərqli coğrafi ərazilərindəki Bayat eli, Göyçə gölü, Bərdə, Gəncə, Şərur, Qaraçuq, Ağ qaya, Dərəşam, Sürməli, Qazan göl və başqa yer adlarından bəhs edilməsi də dastanın geniş mənada Azərbaycanı əhatə etdiyini göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səfərəli Babayev “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” adlı monoqrafiyasında (Bakı, “Yeni nəşrlər evi”, 1999) muxtar respublikanın ərazilərində dastandakı yer adları ilə səsləşən 30-dan çox toponimi qeydə almış, onların haqqında geniş tarixi-coğrafi məlumatları ictimaiyyətə çatdırmışdır. Filologiya elmləri doktoru Şamil Cəmşidovun “Kitabi-Dədə Qorqud” monoqrafiyasındakı (Bakı, “”Elm”, 1999) “Kitabi-Dədəm Qorqud”da təsvir edilən coğrafi mühit” bölməsində isə 40-dan çox yer adı haqqında məlumatlar öz əksini tapmışdır. Qorqudşünaslığa aid digər əsərlərdə də yaşayan Dədə Qorqud yerləri və ya dastanın qəhrəmanlarının adlarını əks etdirən toponimlər barədə məlumatlar vardır.

Hətta mənbələrdə dastanda adı çəkilən yerlərin hazırda ölkəmizdə bir neçə coğrafi məkanda eyni adlarla mövcudluğunun göstərilməsi də Dədə Qorqud boylarındakı motivlərin müxtəlif areallarda formalaşaraq nəhayət, vahid bir süjet halına gəlib çatdığını düşünməyə əsas verir. Məsələn, Xocavənd rayonu ərazisində Qaraca Çobana aid edilən qədim qəbrin müəyyən olunması bu barədə mövcud olan versiyaları Azərbaycan hadisəsi səviyyəsində yekunlaşdırır və daha da konkretləşdirərək möhkəmləndirir. Dastandakı bir çox əsas motivlər “Dədə Qorqud” boylarını üzvi surətdə əlaqələndirərək birləşdirir. Bu baxımdan yanaşdıqda “Dədə Qorqud” dastanlarındakı Bayandır xan - bütün oğuz elinin rəhbəri, Ulaşoğlu Salur Qazan xan baş komandanı, Beyrək və Basat sərkərdəsidir. Qaraca Çoban - oğuz tayfasının sadə adamlarının vətənsevərliyinin və şücaətinin nümunəsidir. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, “Kitabi-Dədə Qorqud” dastanlarındakı oğuz eli - şərti olaraq Oğuzustan adlandırdığımız siyasi-coğrafi məkan, yaxud Azərbaycan dövləti deməkdir. Dədə Qorqud - oğuz elinin, daha geniş mənada türk dünyasının rəmzidir. Bu mənada “Dədə Qorqud” dastanları müstəqil Azərbaycan dövlətçiliyinin də təməl əsaslarını əks etdirən qiymətli ədəbi abidədir. “Dədə Qorqud”dakı oğuz dövlətçilik sistemi Azərbaycanda və türk dünyasında müstəqil milli dövlət quruculuğu ənənəsi baxımından yenidən öyrənilməlidir.

Beləliklə, “Dədə Qorqud” - dünya ədəbiyyatında ideya-mövzu cəhətdən və bədii-sənətkarlıq baxımından çox qiymətli və mükəmməl bir dastandır. “Dədə Qorqud” - türk oğuznamələrinin şahıdır. Dünya xalqlarının şifahi xalq ədəbiyyatında “Kitabi-Dədə Qorqud” dastanları ilə müqayisə edilə biləcək bir əsər tapmaq çətindir. Bu mənada “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının, türk dastan təfəkkürünün dünya eposu xəzinəsinə bəxş etdiyi möhtəşəm sənət abidəsidir. Bəşəri ideyalarına görə “Dədə Qorqud” dünya şifahi xalq mədəniyyəti və ədəbiyyatının da möhtəşəm dastan nümunəsidir.

 

(Ardı var)

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

 Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2015.- 5 mart.- S.8.