Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

 

5 mart Bədən Tərbiyəsi və İdman Günüdür

 

Milli müstəqilliyin bərpasından ötən dövr ərzində ölkəmiz və xalqımız bir-birindən ağır tarixi sınaqlardan keçmişdir. Keçən əsrin 90-cı illərinin əvvəllərində ərazisinin böyük bir hissəsi işğal olunmuş, bir milyondan çox vətəndaşı yurd-yuvasından didərgin düşmüşdü. Dərin ictimai-iqtisadi-siyasi böhran içində çapalayan müstəqil Azərbaycanın qısa müddət ərzində ayağa qalxıb sabit inkişaf yoluna çıxacağını, regionda və beynəlxalq aləmdə layiqli mövqe tutacağını təsəvvür etmək belə çətin idi.

Böyük dövlət xadimi, təcrübəli siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı belə bir həqiqətin gerçəkləşməsi ilə nəticələndi. Cəmi bir neçə il ərzində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində daxili siyasi sabitlik bərqərar edildi, cəmiyyət həyatının müxtəlif sahələrində islahatlar keçirildi, iqtisadi tənəzzülə son qoyuldu və davamlı inkişaf dövrü başladı.

Diqqətəlayiq haldır ki, ümumi inkişaf prosesində bədən tərbiyəsi və idmana da xüsusi əhəmiyyət verilir. Bu sahənin tərəqqisi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Hələ 1994-cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlət bədən tərbiyəsi və idmana sahib çıxdığını bəyan etdi, sağlam, vətənpərvər gəncliyin yetişdirilməsini başlıca vəzifərlərdən biri kimi müəyyənləşdirdi.

Çünki SSRİ-nin süqutundan sonra olub-qalan idman qurğuları da başlı-başına buraxılmış, yararsız vəziyyətə düşmüşdü. Odur ki, qarşıda müasir tələblərə cavab verən yeni infrastruktur yaratmaq, idmanın maddi-texniki bazasını möhkəmlətmək, ölkəni beynəlxalq aləmdə layiqincə təmsil edə biləcək idmançılar yetişdirmək, bədən tərbiyəsinin kütləviliyinə nail olmaq kimi çətin vəzifə dururdu. İllər keçdikcə bu məqsədə çatmaq üçün uğurlu addımlar atıldı, nəticədə Azərbaycan dünyada idman ölkəsi kimi tanındı, azərbaycanlı idmançıların beynəlxalq turnirlərdə qazandıqları möhtəşəm qələbələr dünya idman tarixinə yazıldı.

Azərbaycan idmanının bugünkü səviyyəyə çatmasında milli olimpiya hərəkatı əvəzsiz rol oynamışdır. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycan idmançılarının olimpiya oyunlarında iştirakı həm onların sayı, həm də əldə edilən uğurlar baxımından bir növ rəmzi xarakter daşıyırdı. MOK-un fəaliyyəti isə demək olar nəzərə çarpmırdı. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə idmanın inkişafında dönüş mərhələsi başladı. Çox keçmədi ki, vəziyyət köklü şəkildə dəyişdi, milli olimpiya hərəkatı genişlənərək ölkə idmanının lokomotivinə çevrildi.

Bütün bunlar milli olimpiya hərəkatının, bütövlükdə ölkə idmanının beynəlxalq aləmdə nüfuz qazanmasına gətirib çıxardı. İdmançılarla şəxsi görüşlər, qarşıya çıxan problemlərin operativ həll edilməsi onların beynəlxalq turinirlərdə böyük məqsədlər uğrunda mübarizə əzmini artırdı.

2000-ci ildən etibarən ölkənin müxtəlif bölgələrində müasir tipli olimpiya idman komplekslərinin inşası başladı və proses indidavam edir. Hazırda belə komplekslərin sayı 50-yə çatır.

İdmançılarımızın olimpiya oyunlarındakı uğurlarına nəzər salaq: Azərbaycan ilk dəfə müstəqil dövlət kimi qatıldığı Atlanta Olimpiadasında (1996) 1 medal qazanmışdısa, Sidneydə (2000) 3 medal, Afinada (2004) 5 medal, Pekində (2008) 7 medal, Londonda (2012) 10 medal qazanmışdır. Göründüyü kimi, hər olimpiadada ölkə rekordu yenilənmişdir. Medal sıralamasında da olimpiyaçılarımız hər dəfə yeni milli rekorda imza atmışlar. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdur. Eyni zamanda, yığma komandamız hər yeni olimpiadaya daha çox idmançı ilə qatılır, daha çox idman növündə təmsil olunur.

Onu da qeyd etmək lazımdır ki, dövlət başçısı olimpiya oyunlarında idmançılarımızın yanında olur, onları dəstəkləyir. Bu, olimpiyaçıların mübarizə əzmini daha da artırır, onları yeni-yeni qələbələrə ruhlandırır.

Komanda yarışlarında şahmatçıların uğurlarını isə xüsusi qeyd etmək lazımdır. Azərbaycanlı şahmat ustalarının əldə etdikləri nailiyyətlər hər cür təqdirə layiqdir. 2013-cü il noyabrın 8-18-də seçmə komandamız Polşanın paytaxtı Varşavada keçirilmiş kişi şahmatçılar arasında qitə komanda çempionatında birinci yeri tutdu. Bununla şahmatçılarımız ölkəmizin şahmat tarixinə yeni qızıl səhifə yazdılar. Özübu, Azərbaycan şahmatının qitə miqyasında ilk böyük uğuru deyildi. Son səkkiz ildə kişi şahmat komandamız dörd qitə çempionatında iştirak etmiş, bu turnirlərin dördündə də medal qazanmışdır. Milli komanda iki dəfə qitə çempionu olmuşdur. İndiyədək Avropanın heç bir ölkəsi belə bir nəticə göstərə bilməmişdir.

Qeyd etdiyimiz kimi, Azərbaycan neçə illərdir ki, qitə və dünya miqyaslı turnirlərə də ev sahibliyi edir, beynəlxalq idman aləmində mövqeyini möhkəmlədir, idman ölkəsi kimi özünü təsdiq edir. Ölkəmiz indiyədək bir çox mötəbər beynəlxalq turnirləri qəbul etmiş, bu işdə zəngin təcrübə qazanmışdır. Ona görə də beynəlxalq idman təşkilatları müxtəlif idman növləri üzrə turnirlərin təşkilini Azərbaycana etibar edir. Bu il birinci Avropa Oyunlarını təşkil etmək hüququ ölkəmizə verilmişdir. Bakı şahmatçıların 2015-ci il Dünya kubokuna və 2016-cı il Olimpiadasına da ev sahibliyi edəcək. 2017-ci ildə isə Azərbaycan başqa bir mötəbər idman tədbirini - IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək.

İdmanın inkişafı ölkənin ümumi inkişafını da şərtləndirir. Prezident İlham Əliyevin XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və idman mütəxəssislərini qəbul edərkən dediyi kimi: “Azərbaycanın belə uğurları ölkəmizin ümumi inkişafını göstərir. Çünki sirr deyildir ki, ancaq güclü, qüdrətli dövlətlərdə idman uğurla inkişaf edə və idmanda böyük uğurlar ola bilər”. Dövlət başçısı onu da qeyd etdi ki, cəmiyyətimiz idman sahəsində uğurlara artıq bir növ vərdiş edibdir: “Əvvəlki illərdə hər bir qələbə böyük bir rezonansa səbəb olurdu. Ancaq bu da təbiidir. Çünki qələbələrin sayı artdıqca insanlar buna öyrəşir və elə gəlir ki, bu qələbələri əldə etmək çox asandır. Siz idmançılar və idmanla məşğul olanlar yaxşı bilirsiniz ki, bütün bu nailiyyətlər nə qədər böyük zəhmət hesabına əldə edilir. İdmançılar nəyin bahasına öz dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər, xəsarət alırlar, yorulurlar. Bütün bu işlər, necə deyərlər, diqqətdən bir qədər kənarda qalır. Ancaq bunu hamı bilməlidir. Çünki belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir”.

Bu gün Azərbaycan idmanı intibah dövrünü yaşayır. Dövlətin bu sahəyə diqqəti daimidir. İdmançılar, idman mütəxəssisləri hər cür qayğı ilə əhatə olunublar. Hər il yeni-yeni idman qurğuları tikilib istifadəyə verilir. Dövlət başçısının fərmanı ilə 2012-ci ilİdman ilielan olunmuşdu. 2005-ci ildən bəri ölkədə 5 mart Bədən Tərbiyəsi İdman Günü qeyd edilir. Bir sözlə, bədən tərbiyəsi idman cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilmişdir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 5 mart.- S.11.