8 mart – Beynəlxalq
Qadınlar Günü
münasibəti ilə
Azərbaycan qadınlarına təbrik
Hörmətli
xanımlar!
Sizi
Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi
qəlbdən təbrik edir, hamınıza
cansağlığı, səadət və yüksək
amallar naminə fəaliyyətinizdə uğurlar
arzulayıram.
Siz
Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə
tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar
üçün göstərdiyiniz səylər, həmçinin
mötəbər qurumlarda təmsil olunmağınız fəxr
etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız
ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi
kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim
keçmişimizin hər bir səhifəsi müdrikliyinizin,
fədakarlıq və qəhrəmanlığınızın
parlaq nümunələri ilə zəngindir. Milli
varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi
dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin
bu günlərədək layiqincə yaşadılması
sizin misilsiz xidmətinizdir.
Mədəniyyət
salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə
öz istedadı və zəkasıyla yeni səhifələr
yazmış maarifpərvər Azərbaycan
xanımlarının yolunu siz bu gün də şərəflə
davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr
boyunca sosial-mədəni fəaliyyətin genişləndirilməsi
istiqamətindəki müvəffəqiyyətlərinizi
müasir mərhələdə vətəndaş cəmiyyətinin
təşəkkülü və əsaslarının möhkəmləndirilməsi
prosesində yaxından iştirakınızla daha da zənginləşdirmisiniz.
Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından
sonrakı müddət ərzində milli dövlət
quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna
rolunuz vardır.
Azərbaycançılıq
məfkurəsinə, milli dövlətçilik ideallarına
sədaqət, vətənə məhəbbət ruhunda
formalaşmış gənclik ölkəmizə ən
böyük töhfənizdir. İnanıram ki, istedad və
bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və
intellektual-mənəvi həyatımızda bundan sonra da
gerçəkləşdirərək, Azərbaycanın
davamlı inkişafı naminə var qüvvənizlə
çalışacaqsınız.
Bayramınız
mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 mart 2015-ci il.
Azərbaycan.-2015.-
6 mart.- S.1.