Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstanın
Baş naziri Boyko Borisovun
mətbuat konfransı
Azərbaycan Prezidenti İlham
Əliyevin Bolqarıstana
rəsmi səfəri
Prezident İlham Əliyevin bəyanatı
- Çox sağ
olun hörmətli cənab Baş nazir.
İlk növbədə
məni Bolqarıstana
dəvət etdiyinizə
görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Sizin
gözəl ölkənizdə
olmağımdan çox
məmnunam.
Bu gün biz Sizinlə
Bolqarıstan-Azərbaycan əlaqələrinin
müxtəlif aspektlərini
çox səmimi şəkildə müzakirə
etdik və bir daha gördük
ki, əlaqələrimiz
ən yüksək səviyyədədir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq
əlaqələridir. Bu əlaqələrin çox gözəl perspektivləri vardır.
İlk növbədə, siyasi əlaqələr yüksək
səviyyədədir. Biz Sizinlə mütəmadi
qaydada görüşürük.
Siyasi əlaqələrin güclü
olması, əlbəttə
ki, bütün başqa sahələrə
də müsbət təsir göstərir.
Biz, eyni zamanda,
beynəlxalq təşkilatlar
çərçivəsində uğurlu əməkdaşlıq
edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri
də görüşümüz
zamanı müzakirə
edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında
çox mühüm rol oynayır.
Təbii ki, əsas danışıqlar mövzusu ikitərəfli əlaqələr olmuşdur və bu sahədə biz çox müsbət nəticələri görürük. İqtisadi sahədə çox gözəl imkanlar var. Bilirəm ki, həm Bolqarıstan, həm Azərbaycan şirkətləri birgə fəaliyyət aparmaq üçün böyük səylər göstərirlər. İnvestisiya imkanları araşdırılır. Azərbaycan şirkətləri çox böyük həvəslə Bolqarıstana investisiya qoymağa hazırlaşırlar. Eyni zamanda, Bolqarıstan şirkətlərini də investorlar kimi Azərbaycanda görmək istəyərdik. Bolqarıstan şirkətləri, eyni zamanda, Azərbaycanda infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.
Nəqliyyat sahəsində gözəl imkanlar var. Bu barədə də fikir mübadiləsi aparıldı. Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanı Asiya ilə birləşdirən ölkəyə çevriləcəkdir. Təbii ki, nəqliyyat infrastrukturunun yaradılması, birgə addımlar bizim iqtisadi maraqlarımıza xidmət göstərəcək və ölkələrimizi bir-birinə daha da sıx bağlayacaqdır.
Təbii ki, bu gün danışıqların əsas mövzusu energetika məsələləri, “Cənub” qaz dəhlizinin icrası məsələsi idi. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr bu gün “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi isə, sadəcə olaraq, Avropada bu gün reallaşan ən böyük infrastruktur layihəsidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik - TAP layihəsinin tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir. Bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən ilin sentyabr ayında Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu ilin fevralında isə Bolqarıstanın energetika nazirinin iştirakı ilə Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin birgə Məşvərət Şurası keçirilmişdir.
Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyonkubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları tərəfindən də dəstəklənir. Əslində, keçən ay Bakıda keçirilən birinci Məşvərət Şurası işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur.
Biz ümid edirik ki, Bolqarıstan-Azərbaycan əlaqələri, eyni zamanda, “Cənub” qaz dəhlizinin digər üzvləri ilə bərabər apardığımız işlər bu layihənin vaxtında icra edilməsinə gətirib çıxaracaq və bir neçə ildən sonra böyük həcmdə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir.
Bununla bərabər, qeyd etmək istəyirəm və çox şadam ki, Bolqarıstan bu layihənin
iştirakçısıdır, hazırda Azərbaycan
qazını alan bir
ölkədir. Amma ümid
edirəm ki, gələcəkdə Azərbaycan
qazını digər ölkələrə nəql edən tranzit ölkə kimi
Bolqarıstan öz xidmətlərini
göstərəcək və öz rolunu oynayacaq. Beləliklə,
əslində, bu gün
ölkələrimiz arasında uzunmüddətli strateji tərəfdaşlıq dövrü başlayır. Bu,
məni çox sevindirir.
Bolqarıstan bizim üçün
əziz dostdur, çox
yaxın ölkədir, bolqar xalqına bizim çox böyük rəğbətimiz var. Fürsətdən istifadə edərək,
dünən qeyd olunan
milli bayram münasibətilə
Sizi, bütün
Bolqarıstan xalqını ürəkdən təbrik etmək
istəyirəm. Bolqarıstana yeni uğurlar arzulayıram. Sağ
olun.
Azərbaycan.-2015.- 6 mart.- S.1-2.