Qorqudşünaslıq elminin genişlənən
imkanları
“Kitabi-Dədə Qorqud”
dastanlarının tapılmasından 200 il ötür
“Kitabi-Dədə Qorqud” dastanlarının ayrı-ayrı boyları bizim eranın VII əsrinə qədər formalaşmışdır. Bununla belə, “Dədə Qorqud” boyları içərisində qədim mifologiya ilə bağlı olan süjetlər və obrazlar da vardır. Dastandakı məşhur Təpəgöz boyu bizim eradan əvvəlki mifoloji düşüncə və mifik obrazlarla səsləşir. Eposu elm aləminə ilk dəfə bəlli edən alman şərqşünası Fridrix Fon Dits də “Basatın Təpəgözü öldürdüyü boy”un antik yunan ədəbiyyatındakı Homerin məşhur “Odisseya” əsərindəki Polifem - Təpəgöz obrazından qədimlərə aid olduğunu və hətta həmin əsərə təsir etdiyini göstərmişdir.
Əvvəla, “Dədə Qorqud” dastanlarının hələ XIX əsrdə Qərbdə dünya üzrə möhkəm bir möhürü olan antik yunan mifologiyası ilə müqayisə edilməsi, bərabər tutulması özlüyündə qədimlik baxımından da, möhtəşəmlik mənasında da mühüm hadisədir. İkincisi isə “Dədə Qorqud” kitabının “Basatın Təpəgözü öldürməsi” boyundakı yer adlarının Azərbaycan ərazisində bu günə qədər yaşaması dastanla yanaşı, onu yaradan xalqın da tarixi keçmişinin qədim izlərini müəyyən etməyə imkan verir. Artıq qorqudşünaslığa məlumdur ki, “Basatın Təpəgözü öldürdüyü boy”dakı toponimlər hazırda da Naxçıvan Muxtar Respublikası ərazisində yaşamaqdadır. Bizə görə Şərur rayonu ərazisindəki tarixi eramızdan min illərlə əvvəllərə aid olan məşhur daş dövrü abidəsi Qazma mağarası Dədə Qorqud Təpəgözünün məskənidir.
“Təpəgöz boyu”nda adı çəkilən Salaxana mağarası ilə Qazma mağarası arasında böyük oxşarlıq var. AMEA-nın müxbir üzvü Səfərəli Babayevin vaxtilə müəyyən etdiyi, indiki Babək rayonu ilə Şərur rayonunun qovuşduğu ərazidə olan Salaxana mağarası Qazma mağarası ilə coğrafi cəhətdən bir-birinə çox yaxındır. Həm də dastanda Təpəgözün iki mağaradan, böyük və kiçik mağaralardan istifadə etdiyi göstərilir. Fikrimizcə, eyni coğrafi ərazidə yerləşən bu mağaralar adamyeyən Təpəgözün sallaqxanasıdır. “Kitabi-Dədə Qorqud”un həmin boyundakı Basatın oturduğu, yəni yaşadığı yurd kimi təsvir edilən Günortac yer adının da Salaxana - Qazma mağaraları ərazisinə yaxın olması bu ehtimalı daha da dərinləşdirir. Çox ehtimal ki, Salaxana qayası bütövlükdə Təpəgözün oğuzların arasından qovularkən gəlib yerləşdiyi “uca dağ məskəni” olan ərazinin ümumi adıdır. Səfərəli Babayev də Babək rayonunun dağlıq sahəsində Salaxan qayası, Salaxan yurdu və Salaxan mağarasının olduğunu yazır. Salaxana mağarası isə Salaxana qayası ərazisində yerləşən bir mağaradır. Təpəgözün Basatla vuruşduğu Salaxana mağarası quruluşuna görə Qazma mağarasına bənzəyir. O biri mağara isə Təpəgözün silah-sursat, ərzaq anbarı təəssüratı yaradır. Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, “Odisseya”da təsvir olunduğu kimi, Qazma mağarasının da girişi çox dardır və buradan kiminsə ayaqları arasından asanlıqla keçmək çox çətin məsələdir.
Dastanda Təpəgözün Basatı ələ keçirmək istədiyi anlara həsr olunan təsvirlər Qazma mağarasının quruluşuna uyğun gəlir: “Təpəgöz bildi ki, Basat mağaradadır. Mağaranın qarşısında durub bir ayağını qapının bir yanına, birini digər yanına qoydu. Dedi: “Ay qoyunların başçıları ərkəclər, bir-bir gəlin keçin!” Bir-bir gəlib keçdilər. Hər birinin başını sığalladı. Basat bir anda qoçu basıb kəsdi, dərisini çıxardı, quyruğu ilə başını isə dəridən ayırmadı, dərinin içinə girdi. Basat Təpəgözün önünə gəldi. Təpəgöz bildi ki, Basat dəri içindədir. Dedi: “Ay qara qoç, ...elə vurram səni mağara divarına ki, quyruğun mağaranı yağlasın!” Basat qoçun başını Təpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan bərk tutdu. Buynuzla dəri əlində qaldı. Basat Təpəgözün ayaqları altından sıçrayıb çıxdı”.
Alman şərqşünası Fridrix Ditsin qənaətinə görə, “Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas həyatını oradan almışdır. Kim bilir, o, bəlkə əfsanəni hər hansı bir oğuz qəbiləsi arasından eşitmişdir. Çünki bu qəbilə Primanın müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb etmişdir”. Deməli, Fridrix Fon Ditsin tezislərinin işığında Homerin Asiya səfərinin marşrutunu öyrənmək və oğuz-yunan münasibətlərini aydınlaşdırmaqla Təpəgözün mənşəyini dəqiq müəyyən etmək mümkündür. Bu mənada Salaxana - Qazma mağaraları oğuz məskənləri kimi dünyada geniş yayılmış məşhur Təpəgöz süjetinə şahidlik edə bilər. “Dədə Qorqud” dastanlarındakı Buğa çeşmə, Günortac, Qaranquş yaylağı və başqa yer adlarının da həmin ərazilərdə indiyədək xalq yaddaşında varlığını qoruyub saxlaması məlum süjetin bu eposla daha çox bağlı olduğunu düşünməyə əsas verir.
Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib də vaxtilə tədqiqatlarında “Dədə Qorqud” Təpəgözünün “Odisseya”dakı Polifemdən fərqli və üstün olduğu qənaətinə gəlmişdir. M.H.Təhmasibə görə, Odisseylə Polifem arasında heç bir qohumluq olmadığı halda Basatla Təpəgöz eyni ailədə böyümüşlər: “Polifemə nisbətən Təpəgöz daha rəzil, daha eybəcərdir... Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor axırda ona bəla kəsilmişdir”. Odissey Polifemlə təsadüfən üz-üzə gəldiyi üçün sadəcə olaraq özünü xilas etmək naminə mübarizə aparmışdır. Basat isə “Qalın Oğuz eli”ni bəladan qurtarmağa görə məqsədli şəkildə Təpəgözlə vuruşa getmiş “Dədə Qorqud” qəhrəmanıdır. Bundan başqa, “Odisseya”da Polifemin yalnız gözləri çıxarılır və nəticədə insanlar keçi dərisi geyib mağaradan qaçaraq xilas olurlarsa, Basat qoyun dərisi geyinərək mağaradan çıxandan sonra da mübarizəsini davam etdirir və Təpəgözü öldürənədək vuruşur. M.H.Təhmasibin qənaətinə görə, Odissey Basat olmadığı kimi, Polifem də Təpəgöz deyildir. Buna görə də “Dədə Qorqud”dakı “Təpəgöz boyu” daha mükəmməldir. Professor Əli Sultanlı da “Dədə Qorqud” dastanlarındakı Təpəgöz-Polifem müqayisəsində üstünlüyü Təpəgözə vermişdir.
Fikrimizcə, “Dədə Oorqud” boylarındakı Dəli Domrul süjeti də mifoloji motiv olub, dastanın erkən yaranmış boylarından biridir. Dəli Domruldakı dirilik uğrunda mübarizə motivi qədim türklərin yeni tarixə qədərki mifoloji düşüncəsinin dastandakı əks-sədasıdır. Eyni zamanda, “Dirsə xan oğlu Buğac” boyunda tanrıçılığın izləri yaşayır. “Dədə Qorqud” dastanlarındakı savaşların da izlərini bizim eranın əvvəlki dövrlərində baş vermiş hadisələrlə əlaqələndirmək mümkündür. “Dədə Qorqud” dastanlarında İç Oğuz və Daş Oğuz anlayışlarının mövcud olması oğuzların artıq bəlli bir coğrafiyada məskunlaşdıqlarını, oturaq həyat sürdüklərini göstərir. Fikrimizcə, oğuzların gedib-gəlməsi köçəri həyatdan çox qarşılıqlı əlaqələrin, bir çox məqamlarda isə birliyə cəhdin təzahürləridir. Oğuzların oturaq həyat sisteminin formalaşması əsasən bizim eranın III-V yüzilliklərində başa çatdığı üçün “Dədə Qorqud” boylarının da həmin dövrlərdən etibarən daha sürətlə yaradılmaqda olduğunu düşünmək mümkündür. Şifahi şəkildə uzun əsrlər ərzində formalaşsa da, “Kitabi-Dədə Qorqud” boyları artıq VII əsrdə tam bitkin bir dastana çevrilmişdir. “Kitabi-Dədə Qorqud” kimi mükəmməl bir dastanın yaranması onu yaradan xalqın qədim dövrlərdəki epos təfəkkürünün dərinlik və genişliyinin çox mühüm göstəricisidir. Bu mənada yalnız at çapıb qılınc çalan, sapand atan Dədə Qorqud qəhrəmanları deyil, belə möhtəşəm dastan yarada bilmiş xalqın özü də qüdrətlidir. Torpağı müqəddəs sayan Dədə Qorqud igidləri oğuz elinin basılmazlığını təmin edən qəhrəmanlardırsa, “Dədə Qorqud” boyda böyük epos təfəkkürünə malik olmaq bu möhtəşəm dastanı yaratmış xalqın mənəvi zənginliyinin, geniş dünyagörüşünün, dərin milli təfəkkürünün, yüksək səviyyədə müdrikliyinin real miqyasını əks etdirir.
Dünya dastanları arasında cəngavər - bahadır dastan qəhrəmanları çox olsa da, Dədə Qorqud səviyyəsində müdrik dastan başçısı yoxdur. Dədə Qorqud dünya xalqlarının dastanlarındakı at çapan, yürüşlərə çıxan, qılınc çalan qəhrəman tipini “boy boylayan, söz söyləyən”, qopuz çalan, öyüd verən müdrik qəhrəmanla əvəz etməklə fərqli ad qazanan böyük el ağsaqqalıdır. Qərb dastanlarının bir çoxunun qəhrəmanları mənsub olduqları xalqı pərakəndə olmaqdan qurtarmağa çalışmaq, həyata, insani münasibətlərə, cəmiyyətə alışdırmaq uğrunda mübarizə aparırlar. Dədə Qorqud isə ucu-bucağı bəlli olan geniş ərazilərində torpaqları əkilən, sürüləri arana-yaylağa köç edən, xalqı ova çıxan, mərasimlər keçirən bir elin birliyinin daha da möhkəmləndirilməsini ümummilli ideal olaraq yaşatmağı varlığının əsas meyarı hesab edir. “Dədə Qorqud” möhkəm milli köklərə və qüvvətli mənəvi dəyərlərə malik olan Azərbaycan oğuzları kimi formalaşmış bir xalqın oturuşmuş həyat tərzinin və qəhrəmanlıq ruhunun dastanıdır. Xalq olaraq azərbaycanlıların yüksək milli-mənəvi dəyərləri “Dədə Qorqud” dastanlarında öz əksini tapmışdır. “Dədə Qorqud” ümumtürk əhəmiyyətinə malik olan möhtəşəm Azərbaycan qəhrəmanlıq dastanıdır.
***
“Kitabi-Dədə Qorqud” dastanlarını 1815-ci ildə ilk dəfə dünyaya bəlli edən alman şərqşünası Fridrix Fon Dits bu möhtəşəm dastanın ilk bələdçisidir. Fridrix Fon Ditsin Almaniyanın Drezden kitabxanasında saxlanılan “Kitabi-Dədə Qorqud” dastanlarını elm aləminə bəyan etməsi ümumən şərqşünaslıq elminə və folklorşünaslığa əvəzsiz xidmətidir. Fridrix Fon Ditsin “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək yayması, dastana dair məqalə yazması qorqudşünaslığın təməlini təşkil edən mühüm elmi hadisədir.
Bu mənada Fridrix Fon Dits “Kitabi-Dədə Qorqud” dastanlarının ilk kəşfiyyatçısı olmaqla bərabər, dünya qorqudşünaslıq elminin də yaradıcısıdır. Bu böyük xidməti ilə alman alimi Fridrix Fon Dits eyni zamanda “Dədə Qorqud”la bərabər öz adını da əbədi olaraq tarixə yazmışdır. Fikrimizcə, Azərbaycanda, türk dünyasında Fridrix Fon Dits haqqında geniş elmi təsəvvür yaradan elmi əsərlərə ehtiyac vardır. “Dədə Qorqud” dastanlarını dünya elminə bəlli etmiş şəxsiyyətin kimliyini, fəaliyyətini ətraflı və əsaslı şəkildə bilmək maraqlı və əhəmiyyətlidir. Hələlik isə Fridrix Fon Dits haqqında öyrəndiklərimiz Rusiya və Türkiyə şərqşünaslığındakı bəzi məlumatlardan ibarətdir. Məlumdur ki, Fridrix Fon Dits (1751-1817) Almaniyanın Konstantinopolda səfiri olmuş, şərqşünaslığa ciddi maraq göstərmişdir. Çoxlu sayda türk atalar sözü və məsəlləri toplamış, bunlardan 400-nü kitab halında çap etdirmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarını elm aləminə təqdim etmiş və “Təpəgöz boyu”nu alman dilinə tərcümə edərək tədqiq və nəşr etdirmişdir. Fridrix Fon Ditsin tərcümeyi-halını, ictimai-siyasi və elmi fəaliyyətini tam halda öyrənib cəmiyyətə çatdırmaq yeni dövr Azərbaycan qorqudşünaslığının üzərinə düşür. Eyni zamanda, Fridrix Fon Ditsin şərqşünaslığa dair əsərlərinin də Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması elmi-ədəbi əlaqələrimizin daha da inkişafına şərait yaradar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı sərəncamı bütün bunlar üçün münasib imkanlar açır.
“Kitabi-Dədə Qorqud” dastanları Azərbaycanda müəyyən dairələrdə, xüsusən xalq yaddaşında uzun əsrlər boyu bəlli olsa da, dastan bütövlükdə Həmid Araslı tərəfindən Bakıda 1939-cu ildə ilk dəfə kitab halında nəşr edilərək yayılmışdır. Bundan sonra görkəmli Azərbaycan alimi Həmid Araslı “Dədə Qorqud” dastanlarını 1962 və 1978-ci illərdə yenidən nəşr etdirmişdir. Sonrakı mərhələdə tanınmış dilçi alimlər Fərhad Zeynalov və Samət Əlizadə 1988-ci ildə “Dədə Qorqud” dastanlarını geniş elmi şərhlərlə və izahlarla Azərbaycan oxucusuna çatdırmışlar. Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmi ilə dastanın Azərbaycanda müəyyən bir oxucu auditoriyasının çərçivəsindən çıxaraq ümumxalq sərvətinə çevrilməsi istiqamətində mühüm addım atılmışdır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqındakı 20 aprel 1997-ci il tarixli fərmanından sonra dastanın Azərbaycan xalqına və UNESCO səviyyəsində dünya ictimaiyyətinə çatdırılması sahəsində daha genişmiqyaslı və sistemli iş aparılmış, çoxsaylı elmi tədqiqat əsərləri meydana çıxmışdır. “Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edildiyi dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev bu qəhrəmanlıq eposunun Azərbaycan xalqına çatdırılmasının əhəmiyyətindən bəhs edərkən demişdir: “Biz onu da qiymətləndirməliyik ki, bir çox alimlərimiz, yazıçılarımız bu mövzuya xüsusi fikir vermiş, əsərlər yaratmışlar və “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın həyatında, ədəbiyyatında yaşamış və inkişaf etmişdir. Bu nəşrlər içərisində “Kitabi-Dədə Qorqud”un 1988-ci ildə Fərhad Zeynalovun və Samət Əlizadənin rəhbərliyi altında həyata keçirilmiş samballı nəşrini xüsusi qeyd etmək olar”.
Ümumiyyətlə, “Dədə Qorqud” dastanları Azərbaycanda dövlət müstəqilliyi ideyasının dərinləşdirilməsinə və daha da möhkəmləndirilməsinə geniş meydan açan, xalqın qəhrəmanlıq ruhunu inkişaf etdirən və birlik ideyasına uğurla xidmət edən əsər kimi həmişə xüsusi olaraq diqqət mərkəzinə çəkilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə latın qrafikalı ədəbiyyatın kütləvi nəşri haqqındakı 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr edilən “Dədə Qorqud” dastanları ölkəmizdə XXI əsrin yeni nəsillərinə təqdim olunmuşdur. Bütövlükdə “Kitabi-Dədə Qorqud” dastanları Azərbaycan xalqının Ata kitabı səviyyəsində qəbul olunmuş, möhtəşəm azərbaycançılıq abidəsinə çevrilmişdir.
***
Doğru olaraq qeyd edildiyi kimi, son yüzillikdə “Kitabi-Dədə Qorqud” dastanları haqqında “elmi bir kitabxana” (Kitabi-Dədə Qorqud (tərtib, transkripsiya və müqəddimə Fərhad Zeynalov və Samət Əlizadə). Bakı, “Yazıçı”, 1988) yaranmışdır. Son bir əsrə yaxın dövr ərzində Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanlarını tədqiq edib öyrənmiş böyük elm adamları qvardiyası formalaşmışdır. Əmin Abid, Salman Mümtaz, Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif Dadaşzadə, Məhəmmədhüseyn Təhmasib, Əli Sultanlı, Anar, Mirəli Seyidov, Şamil Cəmşidov, Kamal Abdulla, Tofiq Hacıyev, Nizami Cəfərov, Azad Nəbiyev, Fərhad Zeynalov, Səfərəli Babayev, Samət Əlizadə, Elməddin Əlibəyzadə, Kamil Vəliyev, Bəhlul Abdulla, Muxtar İmanov, Məhərrəm Qasımlı, Qəzənfər Paşayev, Məmməd Əliyev, Cəlal Bəydili, Cəlal Qasımov, İsmayıl Məmmədov və başqalarının əsərlərində “Dədə Qorqud” dastanlarının mahiyyəti müxtəlif yönlərdən hərtərəfli şəkildə açıqlanmışdır. Ümumiyyətlə, Dədə Qorqud mövzusu dünya elmi miqyasında əhəmiyyətli bir problem olsa da, Azərbaycan qorqudşünaslıq elminin əsas mərkəzi olmaq statusunu qazanmışdır. Məlumdur ki, XX əsrin əllinci illərində “Dədə Qorqud” dastanlarına görə Azərbaycan alimlərinin “pantürkist” damğası ilə təqib olunduğu dövrlər də olmuşdur. Lakin Azərbaycanda qorqudşünaslıq elmi həmişə çətin yollardan keçərək yaşamış, axtarışlarını davam etdirmişdir.
Türkiyə qorqudşünaslığı dastanın tədqiqi və nəşri istiqamətində mühüm nəticələr əldə etmişdir. Kilisli müəllim Rüfətlə 1916-cı ildən başlanan “Dədə Qorqud” axtarışları Türkiyədə Fuad Köprülüzadə, Orxan Şaiq Gökyay, Məhərrəm Ergin və Fəxrəddin Kırzıoğlu kimi dünyada tanınmış məşhur qorqudşünas alimləri meydana çıxarmışdır. Orxan Şaiq Gökyayın min səhifədən çox olan “Dədə Qorqud kitabı” adlı əsəri qorqudşünaslıq elminin möhtəşəm abidəsi hesab olunur. Orxan Şaiq Gökyay qorqudşünaslığın böyük başbiləni olaraq qəbul edilir.
Avropa qorqudşünaslığı baxımından Dədə Qorqud tədqiqatları alman şərqşünaslığında daha çox inkişaf etmişdir. Yakov Reyske, Fleyşer, Fridrix Fon Dits, Vilhelm Qrimm, Fyodor Nyoldeks, Volter Ruben və başqalarının Dədə Qorqudun üzə çıxarılması, tərcüməsi, nəşri və tədqiqi sahəsindəki xidmətləri sayəsində dastan Avropada yayılmış, digər Qərb ölkələrində də tədqiqatlar və nəşrlər əsasən bu zəmində meydana çıxmışdır. “Kitabi-Dədə Qorqud” dastanlarının vətəni Azərbaycan olduğu kimi, dastanın əsas əlyazmasının ölkəsi də Drezden, Almaniyadır. Azərbaycan - dünya dastan hadisəsi olan “Dədə Qorqud”un paytaxtı, Drezden isə dastanın əlyazmasının mavzoleyidir.
Vaxtilə İtaliyada tapılmış Vatikan nüsxəsi əsasında bu ölkədə də qorqudşünaslıq müəyyən inkişaf yolu keçmişdir. Almaniyada Fridrix Fon Ditsin gördüyü işi İtaliyada həyata keçirmiş Ettore Rossi qorqudşünaslığa qiymətli bir əlavə etmişdir. Beləliklə, Vatikan “Kitabi-Dədə Qorqud” əlyazmalarının daha bir qiymətli xəzinəsinə çevrilmişdir.
Heç şübhəsiz, “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqində Rusiya şərqşünaslığının böyük rolu və xidmətləri vardır. Akademik Vasili Bartold Rusiya qorqudşünaslığının atasıdır. “Dədə Qorqud” dastanını rus dilinə tam halda tərcümə edən V.Bartoldun yazdığı şərhlər və izahlar, apardığı tədqiqatlar qorqudşünaslığa mükəmməl elmi xidmət kimi daxil olmuşdur. Burası da əhəmiyyətlidir ki, Dədə Qorqud boyları haqqında qiymətli tədqiqatında V.V.Bartold dastanı Qafqaz, Azərbaycan hadisəsi hesab etmişdir. Onun fikrincə, o zaman “nə kiçik Asiyada, nə də Balkan yarımadasında epik hekayələrin qorunub saxlanılması üçün münasib şərait var idi. Dədə Qorqud əfsanələrinin mənşəyinin necə olmasından asılı olmayaraq, dastandakı epik süjetlər çətin ki, Qafqaz mühitindən kənarda formalaşa biləydi”. Eyni zamanda, Dədə Qorqudun və dastanın digər qəhrəmanlarının məzarlarına Dərbənddə, Təbrizdə və Urmiyada rast gəlinməsi haqqında irəli sürdüyü mülahizələr də Vasili Bartoldun dastanın Azərbaycanla üzvi surətdə əlaqədar olmasına dərindən inam bəslədiyini göstərir. Həqiqətən də görkəmli alimin “Türk eposu və Qafqaz” məqaləsi yığcam həcmə malik olan böyük elmi əsər kimi qəbul edilməyə layiqdir. Bundan başqa, Rusiya alimlərindən A.Y.Yakubovski, xüsusən V.M.Jirmunski, V.V.Radlov, A.N.Kononov, K.A.İnostransev, Moskvada yaşamış Azərbaycan alimi Xalıq Koroğlu qorqudşünaslığa sanballı elmi töhfələr vermişlər. Özbəkistanda Hadi Zərifov, Qazaxıstanda Çokan Vəlixanov, Baltabek İsakov, Şakir İbrayev, E.Konbatbayev, Türkmənistanda Aşır Orazov, Annaquban Aşırov, Ata Rəhmanov, Əhməd Bekmuradov, Məti Kosayev və başqalarının tədqiqatlarında “Dədə Qorqud” dastanları geniş təhlil edilmiş və tanıdılmışdır. V.M.Jirmunskinin “Kitabi-Dədə Qorqud” və oğuz qəhrəmanlıq eposu” monoqrafiyası dünyada qəbul edilmiş mötəbər elmi mənbələrdən biridir.
“Kitabi-Dədə Qorqud” dastanları rus, alman, ingilis, fransız, italyan, polyak, fars, latış, litva, gürcü və başqa dillərə tərcümə edilərək nəşr olunmuşdur. “Dədə Qorqud” Türkiyədə və Mərkəzi Asiyada ortaq dastan kimi geniş yayılmışdır. Beləliklə, həm “Dədə Qorqud” dastanının nəşri, həm də bu möhtəşəm abidəyə həsr edilmiş tədqiqatların coğrafiyası dünyanın bir neçə qitəsini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı 20 fevral 2015-ci il tarixli sərəncamı dastanın və onun haqqında olan tədqiqatların Odisseyasının daha da genişlənməsinə böyük imkanlar yaradacaqdır. Hazırkı dövrdə Azərbaycan qorqudşünaslığının elmi nailiyyəti hesab edilməyə layiq olan tədqiqat əsərlərinin dünya dillərinə tərcümə edilərək yayılması “Dədə Qorqud” dastanlarının öyrənilməsində ölkəmizin rolunun və alimlərimizin xidmətlərinin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli olar. İnanırıq ki, dünyanın mükəmməl epos nümunəsi olan “Dədə Qorqud”a müasir mərhələdə yeni münasibət xüsusi və böyük bir elm sahəsinə çevrilmiş qorqudşünaslığın müstəqillik işığında Azərbaycanda və beynəlxalq miqyasda daha dərinliklərə doğru inkişafına öz töhfəsini verəcəkdir.
İsa
HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik
Azərbaycan.-2015.-
6 mart.- S.6.