Almaniyalı rəssamların Bakı təəssüratları bu ölkənin nüfuzlu qəzetində

 

Almaniyanın “Augsburger Allgemeine” qəzetində “Onlar  Odlar ölkəsinə heyrandır” başlıqlı məqalə dərc olunub.  Məqalədə Babenhauzerdən olan rəssamlar Adi HösleMarqret Ayherin Azərbaycana səfəri barədə məlumat verilir.

Qeyd edək ki, səfər Marqret Ayherin Bakıda YARAT Müasir İncəsənət Məkanının dəvəti ilə “Yay” Qalereyasında xalça rəsmlərinin sərgisinə həsr edilmişdir. Səfər çərçivəsində alman rəssamlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  prorektoru, xalq rəssamı Səlhab Məmmədov, tanınmış incəsənət xadimləri və tələbələrlə görüşmüşlər.

Məqalədə almaniyalı rəssamlar təəssüratlarını belə bölüşür: “Xəzər dənizinin sahilində yerləşən bu ölkədə rəssamlıq və heykəltəraşlıq nümunələri sovet dövründən olan üslubla müasir üslubun qarışığından ibarətdir.  Azərbaycanda müasir incəsənət inkişaf etməkdə  bununla da incəsənət aləmində yeni nəsil yetişməkdədir. Xəzər dənizinin sahilində yerləşən, müasir üslubdakı  tikililəri göz oxşayan Bakı, axşam işıqlanarkən xüsusi gözəlliklə insanı valeh edir”.

Azərbaycanlıların qonaqpərvərliyi almaniyalı rəssamları heyrətləndirib. Rəssamlar Bakıda olduqları bir həftə ərzində şəhərlə yaxından tanış olmaqla yanaşı, Qobustan Milli Tarix-Bədii Qoruğuna və palçıq vulkanlarına da baş çəkmişlər. Özündə Şərq və Qərb mədəniyyətinin elementlərini birləşdirən Bakı hər iki rəssamı heyrətləndirib.

 

Vüqar SEYİDOV,

AZƏRTAC-ın xüsusi müxbiri

 Berlin

Azərbaycan.-2015.- 6 mart.- S.7.