Bərdə regional “ASAN
xidmət” mərkəzinin açılışı olub
Prezident İlham Əliyevin Bərdəyə
səfəri
Martın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN
xidmət” mərkəzinin açılışında
iştirak edib.
Dövlət
qurumlarının fəaliyyətində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi istiqamətində son illərdə
əhəmiyyətli işlər görülüb, müvafiq
hüquqi baza formalaşdırılıb. Əksər dövlət
orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi
təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri
və mümkün korrupsiya hallarını aradan
qaldırır. 2012-ci ilin iyul ayının 13-də bu sahədə
daha mühüm islahata imza atıldı, Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi yaradıldı. 2012-ci il dekabrın 29-da isə pilot
layihə olaraq Bakıda 1 saylı
“ASAN xidmət” mərkəzi fəaliyyətə
başladı. 2013-cü il ərzində paytaxtın bir
neçə rayonunda da “ASAN xidmət” sakinlərin istifadəsinə
verildi. Daha sonra bu proses regionları da əhatə etməyə
başladı. Hazırda bu mərkəzlərə daxil olan
müraciətlər arasında şəxsiyyət vəsiqələrinin
alınması və dəyişdirilməsi,
sürücülük vəsiqələrinin dəyişdirilməsi,
notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak
məsələləri ilə bağlı olan xidmətlər
üstünlük təşkil edir. Əgər əvvəllər
“ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət
həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən
30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə
32 növ funksional yardımçı xidmətlər təşkil
edilib. Bütün bunlar dövlət
qulluqçusu-vətəndaş münasibətlərində
yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin
həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi beynəlxalq əlaqələrə də
üstünlük verir. Belə ki, Avropa Parlamentində
“İnnovasiya və Mobil İmza-Avropa ilə yeni rəqəmsal
inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən
konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimat
olub. Bu faktın özü bir daha təsdiqləyir ki, Azərbaycan
brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq
vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin
rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin
fəaliyyəti ilə yaxından tanış olurlar. Artıq
Bərdə rayonunda da “ASAN xidmət” mərkəzi fəaliyyətə
başlayır.
Prezident
İlham Əliyevə məlumat verildi ki, Bərdə
regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel
ayında başlanılıb və bu ilin mart ayında başa
çatdırılıb. Dördmərtəbəli
binanın tikintisi ən yüksək standartlara uyğun həyata
keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində
şəhər infrastruktur obyektlərinə yaxın ərazidə
yerləşir. Həyətdə uşaq avtoşəhərciyi
yaradılıb və burada balacaların yol hərəkəti
qaydalarını öyrənmələri və yol
nişanlarını tanımaları üçün
bütün şərait var. Bundan əlavə, böyüklərin
istirahəti və əylənmələri üçün də
tələblər nəzərə alınıb.
Dövlətimizin
başçısı mərkəzin rəmzi
açılışını bildirən lenti kəsdi.
Mərkəzdə
müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri
olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Prezident
İlham Əliyev yeni xidmətin işə
başlamasını bildirən düyməni basdı.
Geniş
beynəlxalq marağın nəticəsidir ki, bu il Bərdə
“ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə
beynəlxalq dərəcəli sertifikata layiq
görülüb. Standartın əsas tələbi xidmət
mərkəzinin fəaliyyət göstərdiyi inzibati
binalarda təhlükəsiz və sağlam iş mühitinin
yaradılmasıdır.
Hazırda
ölkəmizdə 7 “ASAN xidmət” mərkəzi fəaliyyət
göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü
isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və
Sabirabaddadır. Bərdə “ASAN xidmət” mərkəzi sayca
8-ci mərkəzdir.
Prezident
İlham Əliyev xidmətdə yaradılan şəraitlə
tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin
fəaliyyətindən Bərdə də daxildə
olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və
Tərtər rayonlarının 800 minə yaxın sakini
yararlanacaq. Ümumilikdə fəaliyyətə
başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4 milyon 120
mindən çox müraciət daxil olub.
Dövlətimizin
başçısına “ASAN məktəb” layihəsi barədə
də məlumat verildi. Bildirildi ki, layihə Təhsil Nazirliyi
tərəfindən həyata
keçiriləcək. Layihə çərçivəsində
ilkin mərhələdə məktəbə Bərdə
rayonunda qəbul aparılacaq. Xatırladaq ki, digər mərkəzlərdə
olduğu kimi, burada da internetə açıq olan kompyuterlər
qoyulub və vətəndaşların bütün növ
elektron xidmətlərdən yararlanması üçün
şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi
və vaxtını səmərəli keçirməsi
üçün funksional yardımçı xidmətlər
-bank, sığorta, hüquqi yardım və tərcümə
mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt
şöbələri, fotostudiya fəaliyyət göstərir.
Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet,
işıq, su, qaz və digər kommunal xidmətlərin,
kredit və sığorta ödənişlərinin həyata
keçirilməsi mümkündür. Xidmət sistemi
müasir İP telefon və İP şəbəkə ilə
təmin edilib.
Prezident
İlham Əliyev
İnnovasiyalar zalında yeni layihələrlə
tanış oldu.
Bildirildi
ki, sorğu robotu - ASAN robot “ASAN xidmət” mərkəzlərinə
müraciət edən vətəndaşların istiqamətləndirilməsi
və məlumatlandırılmasına xidmət edir. Belə
ki, robot “Çağrı” mərkəzinin operatorları ilə
canlı bağlantı yaradaraq vətəndaşın
sorğu və müraciətinin qəbul olunmasını təmin
edir.
“ASAN xidmət”
mərkəzində “ASAN İnteraktiv Bələdçi” Azərbaycana
gələcək turistlərin ölkəmizə dair məlumatları
heç bir fərdi bələdçiyə ehtiyac duymadan,
birbaşa öz smartfonları vasitəsilə əldə etmələrinə
imkan verən mobil yenilikdir. Proqramı öz telefonlarına
konfiqurasiya edən turistlər üzərində xüsusi
Artex markeri olan obyektlərə dair məlumatları interaktiv və
əyləncəli formada öyrənə biləcəklər.
Proqram təminatının digər bir xüsusiyyəti də
turistlərin konkret və darıxdırıcı proqrama tabe
olmağa məcbur edilməməsidir. Bu da onların gəzinti
vaxtı rahatlığına və maraqlandıqları obyektlərlə
yaxından tanış ola bilmələrinə imkan verəcək.
Proqramın təqdim olunan hissəsi üç bölmədən
ibarətdir və hər bir bölmə Artex markeri yerləşdirilmiş
fərqli posterlər üzərindən işləyir.
Bölmələrdən biri iyun ayında “Bakı-2015” birinci
Avropa Oyunlarının açılış və
bağlanış tədbirlərinin
keçiriləcəyi Olimpiya Stadionunun nümayişindən
ibarətdir. Bu bölmədə Olimpiya Stadionuna dair məlumatlar
görüntülü formada yerləşdirilib. Proqramın
ikinci hissəsi Bərdə
“ASAN xidmət”inin açılışına həsr olunub.
Üçüncü bölmə isə Bərdə şəhərində
yeni inşa edilən və Ümummilli Liderin adını
daşıyan Heydər Əliyev Parkı haqqındadır.
Burada parka dair məlumatlandırıcı videoçarx yerləşdirilib.
Buradakı
“ASAN kadr” karyera mərkəzi “ASAN Məktəb”
könüllülük proqramını bitirmiş gənclərə
işə qəbul prosesində dəstək olmaq
üçün yaradılmış elektron portaldır.
www.asankadr.az portalı vasitəsilə işaxtaranlar və
işəgötürənlər üçün məlumat
bazası yaradılır. Belə ki, həm
könüllülük proqramını bitirmiş gənclər
öz tərcümeyi-hallarını portalda yerləşdirir,
həm də işəgötürənlər burada vakant yerlər
barədə elanlar verə bilirlər. Portalın
axtarış sistemi hər iki tərəfin öz tələbatına
uyğun iş yeri və ya kadrla təmin olunmasına şərait
yaradır.
Məlumat
verildi ki, Elektron Lisenziya üzrə Mərkəzləşdirilmiş
İdarəetmə Sistemi
lisenziyaların verilməsi prosesində sui-istifadə
hallarını aradan qaldıran və şəffaflığı
təmin edən elektron informasiya sistemidir. Sistem vasitəsilə
115 adda müxtəlif növ lisenziyanın elektron qaydada təqdim
edilməsi həyata keçiriləcək. Sistemdən istifadə
etməklə sahibkarlıq subyekti dövlət orqanlarına
getmədən lisenziya ala biləcək. Uyğun baza və
sistemlərin yaradılması və təkmilləşdirilməsi
lisenziya alınması prosesinin daha şəffaf təşkili
və sadələşdirilməsinə, yekun sənədin
elektron şəkildə təqdim edilməsinə səbəb
olacaq.
Sonra “ASAN həyat” və “ASAN xidmət”
dünya mətbuatında videoçarxları nümayiş
olundu.
Bərdədəki
“ASAN xidmət” mərkəzində işçilərin
ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri
könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq
otağı, uşaq əyləncə mərkəzi də
yaradılıb.
Dövlətimizin
başçısı mərkəzdə Bərdə rayon
ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Mərasim
iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV
dedi:
- Yenidən
Bərdədə olmağımdan çox məmnunam,
çox şadam. Mən Bərdədə dəfələrlə
olmuşam. Hər dəfə burada olanda gözəl obyektlərin
açılışını qeyd edirik. Bu gün Bərdədə
“ASAN xidmət” fəaliyyətə başlayıb. Bu gözəl
hadisə münasibətilə sizi ürəkdən təbrik
edirəm.
Gözəl
binadır. Şəhərə yaraşıq verir. Daxili dizayn
da gözəldir. Əsas məsələ ondan ibarətdir ki,
burada yüksək xidmətlər göstəriləcəkdir.
Bu, sayca səkkizinci “ASAN xidmət”dir. Dördü Bakıda fəaliyyət
göstərir. Üçü bölgələrdə - Gəncə,
Sumqayıt, Sabirabad şəhərlərində.
Dördüncüsü də bölgələrdə məhz
Bərdə şəhərində
açılmışdır. Qəbələdə və Bakıda
iki mərkəz tikilməkdədir. Əminəm ki, yaxın
zamanlarda Masallıda da tikiləcək. Beləliklə,
bütün ölkə üzrə “ASAN xidmət” fəaliyyət
göstərəcək.
Bərdə
şəhərində “ASAN xidmət”in fəaliyyətə
başlaması əlbəttə ki, xüsusi məna
daşıyır. Qarabağ bölgəsində ilk dəfə
olaraq bu gözəl xidmət artıq fəaliyyətə
başlayır. Bu gün rəsmi
açılışını edirik. Novruz bayramından sonra
isə artıq vətəndaşları qəbul etməyə
başlayacaq.
SAKİN:
Sağ olun, cənab Prezident. Biz Sizə çox minnətdarıq.
Prezident
İlham ƏLİYEV: Bu, gözəl hadisədir. “ASAN xidmət”
Azərbaycan məhsuludur. İki ildən bir qədər
çox müddət ərzində fəaliyyət göstərir.
Bu gün buradakı lövhədə göstərilən bu dəyişən
rəqəmlər, - görürsünüz, 4 milyon 120 min
müraciət olub, - getdikcə artır. Bu müraciətlərin
sayı bu lövhədə göstərilir - 4 milyon 120 min
müraciət. Təxminən 4 milyon insan müraciət
etmişdir və bürokratiyatısız, korrupsiyasız,
rahat, mədəni şəkildə gözəl xidmətlər
almışdır. “ASAN xidmət” doğrudan da ictimai xidmətlər,
ümumiyyətlə ictimai əlaqələr sahəsində
bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə
qurumları bizim təcrübəmizi çox yüksək
qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə
başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan
indi intellektual məhsulları həm yaradır, həm də
ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir.
Ümumiyyətlə,
Azərbaycanda gedən bütün işlər müasir səviyyədə
görülür. Ölkəmiz müasirləşir,
inkişaf edir. “ASAN xidmət”in fəaliyyətə
başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik
ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə
malik olsunlar. Azərbaycan vətəndaşları bu xidmətdə
fəaliyyət göstərir və yüksək xidmət
göstərir. Korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizədə “ASAN xidmət” çox
mühüm rol oynayır. Eyni zamanda, bu mərkəzdə yeni
texnologiyalar, innovasiyalar tətbiq olunur. Artıq səkkizinci mərkəzdir
ki, mən açılışında iştirak edirəm. Hər
dəfə mənə yeni bir xidmət təqdim olunur. Sonra isə
bu, geniş şəkildə tətbiq edilir. Yəni,
innovasiya, yeni fikrin, yeni yanaşmanın yaranması məni
çox sevindirir. Çünki Azərbaycan belə inkişaf
etməlidir. Bizim gözəl, təbii imkanlarımız, təbii
resurslarımız, istedadlı insanlarımız var.
Eyni
zamanda, bu xidmətdə yüzlərlə Azərbaycan gənci
fəaliyyət göstərir. Keçən dəfə
Sabirabad mərkəzinin açılışında, eyni
zamanda, biz könüllülərin forumunu keçirdik. Bu da
yenilikdir. Azərbaycanda artıq könüllülər qrupu
yaranıbdır. Bu gənclər insanlara könüllü
şəkildə kömək etmək istəyirlər. Bu, ən
gözəl niyyətdir. Bu, Azərbaycanda ictimai əlaqələr
sahəsində yenilikdir. Könüllülər, eyni zamanda,
bizim kadr ehtiyatımızdır.
Bu gün
mənə göstərilən təqdimatda “ASAN kadr” sistemi də
artıq fəaliyyətə başlayıb. Bütün
könüllülərin iş qabiliyyəti, onlarla
bağlı bütün məlumat artıq vahid sistemdə cəmləşir.
İstər dövlət qurumu olsun, özəl şirkət
olsun, əgər hazırlıqlı kadr işə
götürmək istəyirsə artıq o sistemə
müraciət edir. Mənə verilən məlumata görə,
artıq dörd yüzdən çox könüllü
işlə təmin edilib. Bu, bizim kadr ehtiyatımızdır,
gənclərin tərbiyəsidir. Doğrudan da hansısa bir
işi könüllü surətdə görmək əzmində
olan insan böyük hörmətə malikdir.
Gənclər
bu mərkəzdə uğurla fəaliyyət göstərirlər.
Bu mərkəzlərdə işləyənlərin mütləq
əksəriyyəti gənclərdir, Azərbaycan gəncləridir.
Gələcəkdə ölkəmizin taleyi onların əlində
olacaq. Ona görə onlar gənc yaşlarından bilikli, savadlı,
Vətənə bağlı və insanlarla ünsiyyətdə
olmalıdırlar. “ASAN xidmət”in fəaliyyəti nəticəsində,
gördüyünüz kimi, bir neçə məqsəd
artıq təmin edilir: innovasiya, insanlara xidmət, rüşvətxorluğa
qarşı mübarizə, yenilik, müasirlik,
könüllülər qrupunun yaradılması, bölgələrin
inkişafı. Bu xidmətin fəaliyyəti indi
özünü başqa sahələrdə də göstərir.
Yəni, bu xidmətin yaradılması doğrudan da məni həddindən
çox sevindirir. Çünki son illər ərzində Azərbaycanda
iqtisadi, sosial və digər sahələrdə bir çox
işlər görülmüşdür. Məsələn,
bu gün biz Bərdədə məcburi köçkünlər
üçün yeni şəhərciyin
açılışını qeyd etdik.
Ancaq bu
sahə xüsusi əhəmiyyət daşıyır.
Çünki adətən yeni texnologiyalar, yeniliklər bizə
xaricdən gəlir. Bu da təbiidir. Yəni, inkişaf
etmiş ölkələr intellektual məhsulun sahibləridir.
Onlar bu intellektual məhsulu yaradır, icad edirlər. Təbii
ki, o ölkələrdə ənənələr
böyükdür, sənaye inkişaf edib və elmi fikir kifayət
qədər yüksək səviyyədədir. Ona görə
adətən inkişaf etmiş ölkələr intellektual məhsulu
yaradır və ondan sonra onu başqa ölkələrə
satır. Bu intellektual məhsul isə Azərbaycanda
yaradılıb. Bu, xalqımızın intellektual səviyyəsini,
Azərbaycanın inamla inkişafını göstərir.
Şadam ki, artıq Qarabağ torpağında “ASAN xidmət”
var və bu xidmət bütün ətraf rayonların sakinlərinə,
məcburi köçkünlərə xidmət göstərəcək.
Əminəm ki, bərdəliləri də sevindirəcək.
SAKİN:
İnşallah, Sizin sayənizdə, Sizin rəhbərliyinizlə.
Sizə minnətdarıq, cənab Prezident. Sizinlə fəxr
edirik. Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Mən də çox
şadam ki, yenidən Bərdədəyəm, doğma
Qarabağ torpağındayam. Əminəm ki, Azərbaycanın
ərazi bütövlüyü də bərpa ediləcək.
Biz buna nail olmaq üçün daha da güclü
olmalıyıq. Çünki bildiyiniz kimi, biz bu barədə
dəfələrlə fikir mübadiləsi aparmışıq.
Bütün beynəlxalq hüquq normaları Azərbaycanın
mövqeyini dəstəkləyir. Tarixi ədalət də
bizim mövqeyimizi dəstəkləyir. Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq
təşkilatların qəbul etdikləri qərar və qətnamələr
bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan
Prezidenti ilə strateji tərəfdaşlıq haqqında
imzaladığımız Bəyannamədə münaqişənin
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi
çərçivəsində həll edilməsi öz əksini
tapıb. Bu ayın əvvəlində Bolqarıstanda da
strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul
edilmişdir. Orada da eyni cümlələr əksini tapıb:
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı.
Yəni, əgər
bu məsələ beynəlxalq hüquq çərçivəsində
həll edilsə idi, çoxdan həll olunardı. Əsas məsələ
ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl
qoymur, qətnamələri icra etmir. Belə olan halda biz ancaq
öz gücümüzə güvənməliyik və
güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat,
güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi
yaxınlaşdırır. Son aylar ərzində Azərbaycan
təmas xəttində üstünlüyü tam şəkildə
təmin edibdir və bizim ordumuz, orduda xidmət edən gənclərimiz
Vətəni ləyaqətlə qoruyurlar, düşmənə
çox güclü zərbələr vururlar.
Belə də
olmalıdır. Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti
bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi
müşahidə olunan həmrəylik, səfərbərlik
iqtisadi və hərbi gücümüz bizim qələbəmizi
şərtləndirən amillərdən biridir. Biz ərazi
bütövlüyümüzü istənilən yolla bərpa
edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i
Şuşada da yaradacağıq.
SAKİNLƏR:
İnşallah, Sizin rəhbərliyinizlə. Çox sağ
olun. Minnətdarıq.
Prezident
İlham ƏLİYEV: Bir daha Sizi gözəl mərkəzin
açılışı münasibətilə ürəkdən
təbrik edirəm. Bu gün burada digər tədbirlər nəzərdə
tutulur, Bərdədə yollar çəkilir, kənd
yolları, ictimai, sosial obyektlər, məktəblər tikilir,
tarixi abidələr bərpa edilir. Köçkünlər
üçün gözəl evlər tikilir, mərkəzlər,
Olimpiya Mərkəzi, xəstəxanalar yaradılır.
SAKİN:
Bu, bizə bayramqabağı ən böyük hədiyyədir.
Prezident İlham
ƏLİYEV: Əlbəttə, biz nəzərə
almışdıq ki, ilk növbədə regional mərkəzlər
yaradılsın. Təbii ki, bir neçə region
seçilibdir. Bakıdan sonra, ilk növbədə, Gəncə
mərkəzi regionu əhatə edir. Sumqayıt böyük
şəhərdir. Sabirabad mərkəzi regionu əhatə
edir və ondan sonra Qarabağ bölgəsini biz mütləq
nəzərə almalı idik. Bu gün Qarabağda da “ASAN
xidmət” var. Qeyd etdiyim kimi, növbəti mərkəzlər
Qəbələdə, Masallıda və yəqin ki, gələn
il şimal zonasında yaradılacaqdır. Bu, birinci mərhələdir.
Eyni zamanda, səyyar xidmət də göstərilir. Yəqin
ki, əvvəlki dövrlərdə Bərdəyə də
avtobuslar gəlmişdir. Belə mərkəz olandan sonra indi
avtobusa ehtiyac yoxdur. Sizi qarşıdan gələn bayram
münasibətilə təbrik edirəm.
SAKİNLƏR:
Çox sağ olun, cənab Prezident, Sizin də
bayramınızı təbrik edirik.
X X X
Sonda xatirə
şəkli çəkdirildi.
Azərbaycan.-2015.- 13 mart.- S.2-3.