Antiazərbaycançı şəbəkənin
ölkəmizə qarşı apardığı məkrli
kampaniya bu dəfə də fiaskoya
uğrayacaq
Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində respublikamızın aparıcı rola malik olduğunu deməyə əsas yaradır. Ölkə başçısının yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.
Ötən 11 ildə ölkəmizin dünyadakı mövqeləri xeyli güclənmişdir. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Ötən illər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun, İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir. Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də ölkəmizin nüfuzunun artdığını bir daha sübuta yetirdi. Ötən dövr ərzində I Avropa Oyunlarının Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb. Yeni idman qurğularının tikintisi, mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyadakı qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər uğurla həll olunur və artıq başa çatmaq üzrədir. Avropa Olimpiya Komitəsi öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib. Bütün bunlar əminliklə deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq.
Azərbaycanın qüdrətli dövlət kimi dünya siyasi arenasında öz layiqli yerini tutması antiazərbaycançı şəbəkədə böyük narahatlıq yaradıb. Xarici antiazərbaycançı şəbəkə və onların buyuruq quluna çevrilən bəzi yerli dairələr I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı “qara piar” kampaniyası aparmağa başlayıblar. “Amnesty International” təşkilatının I Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir. Müasir dövrdə “demokratiya çətiri” altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların “ikili standartları” demokratik ideallara kölgə salır. Müstəqil Azərbaycan ötən illərdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir.
Bununla belə, aşkar görünür ki, regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq “rıçaqlarını” itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar “demokratiya bayrağı” altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Ən müxtəlif vaxtlarda “Amnesty İnternational”, “Fredoom House”, “Article-19”, “Human Rights Watch”, “Norveç İnsan Haqları Evi” kimi təşkilatların hesabatları ifrat qərəzli olmaları ilə diqqəti cəlb edib. Bu çirkin kampaniyaya qoşulan təşkilatların “demokratiya çətiri” altında pərdələnmələri sadəcə təəssüf hissi doğurur.
Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də antiazərbaycançı şəbəkə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd etmişdir. Xüsusilə də “Amnesty International” və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışdılar. Həmin qərəzli dairələr bəzi müxalif qüvvələrlə iş birliyinə girərək öz məkrli planlarını həyata keçirməyə cəhd etsələr də, istəklərinə nail ola bilmədilər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, “...biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də rastlaşmışıq. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil. Əminik ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər gec deyil, həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik”.
I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdür. Bəzi dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Əminliklə demək olar ki, destruktiv qüvvələrin növbəti “qara piar” kampaniyaları əvvələrdə olduğu kimi, yenə də fiaskoya uğrayacaq.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 7 mart.- S.2.