Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi,

mədəni həyatında mühüm rol oynayırlar

 

 

Martın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 8 mart - Beynəlxalq Qadınlar Gününə və Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının 20 illiyinə həsr edilən tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül çələngi qoyulub.

Tədbirdə Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi həyatda mühüm xidmətləri olan qadınlar iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunu oxuyub.

Fatma Abdullazadə Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi, bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra həmin sərəncamlara əsasən bir qrup qadın təltif olunub.

Fatma Abdullazadə 1995-ci ildə Pekində keçirilmiş, Azərbaycan qadınlarından ibarət nümayəndə heyətinin də iştirak etdiyi Qadın Məsələlərinə dair IV Ümumdünya Konfransı haqqında danışıb. Şöbə müdiri Azərbaycan qadınlarının bu konfransda iştirakının əhəmiyyətini qeyd edib. Bildirib ki, 20 il bundan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin səyi nəticəsində Azərbaycan qadınları Pekin konfransında yüksək səviyyədə təmsil olunub.

Prezident Administrasiyasının rəsmisi ölkəmizdə qadınlara göstərilən diqqət və qayıdan bəhs edib, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Həmin nümayəndə heyətinə daxil olan qadınlara xatirə hədiyyələri təqdim edilib. Eyni zamanda dövlət, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalı qadınlar AQUPDK tərəfindən mükafatlandırılıblar.

Komitənin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək

 

respublikamızın ictimai-siyasi həyatında qadınların oynadığı rol, dövlətimizin qadın siyasəti haqqında məlumat verib. Bildirib ki, ölkəmizin sürətli iqtisadisiyasi inkişafı Azərbaycan qadınlarının ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən çətin və mürəkkəb istiqamətlərdə uğur qazanmağı bacarırlar. Bu isə Azərbaycan hökuməti və Prezident İlham Əliyev tərəfindən aparılan güclü qadın siyasətinin məntiqi nəticəsidir. Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib, milli qadın hərəkatının formalaşması üçün böyük işlər görüb.

 

Diqqətə çatdırılıb ki, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulmaq həmin dövr üçün böyük siyasi iradə tələb edirdi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində dövlətimiz bu Konvensiyanı ratifikasiya etdi.

H.Hüseynova qeyd edib ki, 1995-ci ildə Pekin konfransında qadınlarımızın iştirakı müasir qadın hərəkatına yeni bir nəfəs gətirdi.

O vaxt respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu olmadığından 1994-cü il sentyabrın 19-da Heydər Əliyev “Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin sədrlik etdiyi komitədə dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunurdular. Heydər Əliyev yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20 faizini itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir.

Pekin Konfransından sonra qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində müəyyən olunmuş 12 strateji istiqamət üzrə ölkəmizdə çox güclü və əsaslı tədbirlər həyata keçirilib. Lakin bir sıra sahələr var ki, orada aktiv aparmaq, bu istiqamətləri inkişaf etdirmək lazımdır. Bu məsələlərə Azərbaycan hökuməti və ölkə başçısı xüsusi diqqət yetirir, respublikada gender siyasəti uğurla həyata keçirilir. Azərbaycan Prezidenti cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir, respublikamızın inkişafına töhfələrini verən qadınların əməyi həmişə layiqincə qiymətləndirilir.

Komitə sədri dövlət qadın siyasətinin həyata keçirilməsində beynəlxalq aləmdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyini xüsusi vurğulayıb. Bildirilib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına öz təsirini göstərir. Birinci xanımın Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərimizin vəziyyətinin dünya birliyinə çatdırılmasında çox böyük xidmətləri var.

Daha sonra konfransın 20 illiyinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

 

Azərbaycan.-2015.- 7 mart.- S.5.