Ölkə - ana ocağı

 

Azərbaycanın istiqlal yolu qadın azadlığı hərəkatından heç zaman ayrı olmayıb. Bu da təbiidir, həm də bizim fəxr yerimizdir. Qadının azad olmadığı cəmiyyət özünü azad saya bilməz. Bu, bizim elat adət-ənənəsində də yazılmamış qanun olub. Birinci ona görə ki, köçəri ukladında qadının və ananın rolu az qala kişilər qədər idi: həyat məcbur edəndə qadın hər işdə ərini əvəz edə bilirdi. At da minirdi, çomaq da götürürdü, köç başında da dururdu. Üstəlik də çölçülük şəraitində ailənin ruzi-bərəkətinin də əsas qayğıkeşi olurdu.

Koroğlu” dastanındakı Nigar, “Dədə Qorqud”dakı Burla Xatın, “Qaçaq Nəbi”dəki Həcər obrazları Azərbaycan qadınının hünərinə və qeyrətinə qoyulan abidələrdir. “Aslanın erkəyi, dişisi olmaz” məsəli də məhz Azərbaycan qadını haqqındadır. Biz onun zəhmətkeşliyinə və möhlətkeşliyinə öyrəşmişik, o qədər öyrəşmişik ki, bəzən buna qiymət də qoymuruq. Elat ailəsindən çıxmış bir adam kimi deyim ki, bu qədirbilməzliyin əsas səbəbkarı bəlkə də bizim qadınların özüdür. Bilmirəm, buna qüsur demək olar, ya yox. Amma bizim dağ dolanışığında ananın öhdəsinə düşənlər o qədər çoxdur ki, əmək bölgüsündə ədalətsizlik yaranır. Analarımız isə buna heç zaman ədalətsizlik kimi baxmayıblar, əksinə, bununla fəxr ediblər. Fitri bir fədakarlıq - ata, qardaş, övlad üçün hər şeydən keçmək - bizdə bir əxlaqi ideal olub.

Gileylənmək, kömək istəmək eyib sayılıb. Elat həyatı özü bizim analarımıza ən böyük hüquq verib: ocaq sahibi olmaq! Bəlkə də qadın üçün bundan uca bir ad yoxdur. Çünki ocaqçılıq dünyanın ən böyük əzabıdır, həm də qadına hüquq və hörmət verən, onun ömrünü mənalı edən xoşbəxtlik əzabıdır. Dünyadan kam almaq istirahət və ləzzətdə deyil, fədakarlıqdadır. Bizim yaylaqçı nənələr qocalanda əriyib yumağa dönürlər. Çünki onlar Allahdan aldıqları hər şeyi öz ocaqlarına və balalarına verməkdə görürlər yaşayışın mənasını. Onlar hər şeyi davamçılara ötürməklə əriyib yox olurlar.

Elat həyatı, köçərilik bizim qadınlığı dini xurafatın qarasından da qoruyurdu. Qadın təbiətin özüdür, yaradıcı və doğucudur. Köçəri ukladında qadın öz təbii fitrəti ilə yaşayır, təbiətlə vəhdətdə və mübarizədə olur. Ona başqa həyat, mistika lazım deyil. Onun mistikası təbiətdən ruzi gözləntisində, bu ruzini qarşılamaqda və ocağına verməkdədir. Hər gələn baharın bərəkətinə, gətirəcəyi uğura, yağacaq yağışa, sağılacaq heyvana, onun verdiyi ruzi-bərəkətə bayatılar qoşmağındadır.

Azərbaycan folkloru ən çox nənələrimizin mirasıdır, ocaq-elat mirasıdır. Çünki bərəkətlə yaddaş ayrılmazdır. Ocaq isə bərəkətin yuvasıdır. Məhz bu yuvada uzun qış gecələrində, yay bürkülərində ünsiyyət, müşküllərə müqavimət, onları unutmaq yolu olub. Ana dilimizin şəhdi-şirəsi nənələrin söhbətlərindən, xatirələrindən, həyat nağıllarından övladların, nəvələrin qan yaddaşına keçib.

Bəlkə buna görə bizdə qadın hərəkatı həmişə qadınların öz xislətinin hərəkatı olub. Xalqımız həmişə burla xatınlar, həcərlər, sevillər yetişdirməyi bacarıb.

Müasir ədəbiyyat yaranan kimi Mirzə Fətəlinin diribaş qadınları meydana gəldi. Çünki onlar həyatın reallığı idilər, yaşayışımızın həqiqəti və özü idilər. Ona görə bizdə qadın hərəkatı başqa müsəlman ölkələrindən fəal və nəticəli oldu. Bizim qadınlıq sanki yenidən yarandı. Bunda mən həm də bolşeviklərin görünməmiş təkidlə həyata keçirdikləri mədəni inqilabın mühüm tarixi rolunu görürəm. Bu inqilabı unutmayaq, dərslik və kitablardan kənarda qoymayaq.

Bilirəm ki, indi çoxları sovet dönəminə aid yaxşı şeylərdən danışmağı da, eşitməyi də xoşlamırlar. Doğrusu, mən də bir vaxt belə olmuşam. Amma bir neçə il əvvəl mədəni inqilab dövrü haqqında kitabım üzərində işləyəndə başa düşdüm ki, mədəni inqilab bizim tariximizdironun çox xeyirli idealları və nəticələri olub. Mədəni inqilab bizim düşüncəmizi, mədəniyyətimizi müasirləşdirib, xurafatdan ayırıb. Axı, Azərbaycan əhalisi XIX əsrdə ancaq elat həyatı yaşamırdı, bizim əkinçi əhalimiz də, qədim şəhərlərimiz və onların yaşayış şərtləri də vardı. Bu şərtlər bizim insanlarımızın yarıdan çox hissəsi idi. Yoxsa “Ölülər”, “Od gəlini”, “Şeyx Sənan” yaranmazdı və yaşamazdı. Bakının mərkəzində Azad qadına heykəl qoyulmazdı. Bu heykəl təkcə qadın hərəkatına qoyulan abidə deyil. Bu bizim xalqımızın, milli düşüncəsinin uca bir pilləsinə, ən yaxşı dəyərlərinə qoyulan bir abidədir. Və müəllim kimi mən öz ünvanımıza deməliyəm ki, biz qadın azadlığı uğrunda aparılmış mübarizələrin tarixini, bu barədə yazılan bədii əsərlərimizi tədris proqramlarında və məktəbdə az təbliğ edirik. Sovet dövrü haqqında mənfi şeylər demək, istehza ilə danışmaq indi dəb olub. Amma qadın azadlığı uğrunda sosial hərəkat, sözün əsl mənasında mədəni inqilab bizim tariximizdir.

Biz haradan gəlirik və haraya gedirik, bu, hər bir azərbaycanlının şüuru üçün mühüm, köklü məsələdir. Biz nələrdən imtina etmişik və nə üçün imtina etmişik, gənc nəsil bunu bilməlidir, lap bu barədə diskussiyalar aparmalıdır. Açıq deyək: qadın azadlığı məsələsinə istehza ilə yanaşanlar bir qədər geri qalan kişilərdir. Maarifli, şəxsiyyət olmuş qadınla davranmaq asan deyil, bunun üçün gərək özün də şəxsiyyət olasan, maarifli olasan...

Bunları bilməyəndə, buna laqeydlik yarananda gənclərdə belə təsəvvür yaranır ki, biz elə həmişə belə olmuşuq. Amma həqiqət bu cür deyil. Bizim adətlərimizdə guya şəriətlə qızları doqquz yaşında ərə vermək də, başlıq almaq da, qadına mülkiyyət kimi baxmaq da olub. Hətta deyərdim ki, bunların izləri hələ də qalmaqdadır və tam aradan götürülməyib. Ona görə “Sevilkimi böyük tarixi və əxlaqi mənası olan əsərlərə bəzi müəllimlərimizin və ziyalılarımızın ironik münasibəti qınağa layiqdir.

Qədimdən bəri qadınlar müharibədə birbaşa iştirak etmirlər. İndi bu da aradan qalxıb, bütün ölkələrin ordularında qadınlar da var. Keçmişdə qadının döyüşdə iştirak etməməsi sadə və humanist bir səbəblə bağlı idi. Ata davada öləndə ocaq sönmürdü, övladlar yaxşı-pis böyüyürdülər. Anasız isə uşaqlar da ölümə məhkum olurdular, çünki o zaman indiki sosial qurumlar, tibbi xidmət yox idi.

Ailənin atası müharibədə öləndə uşaqlara sosial müavinət təyin olunur. Bütün dünyada bu, indi belədir. Əvvəllər isə belə olmayıb. Amma qadın kişidən zəifdirsə, iki-üç uşaqla tək yetim böyüdən analaraüçün üstünlük verilmir?! Bu hallarda qadınlar kişilərlə bərabər sayılır. Mən ərləri Rusiya bazarlarına qaçmış on minlərlə tək qadınlarımızı nəzərdə tuturam. Bəs onlara necə kömək etmək olar? Məncə, bu köməyin ən yaxşı üsulu qadınlarla kişilərin tam bərabərliyi prinsipinə əməl etməkdir. Mən bir müəllimə kimi deyərdim ki, təhsildə, ixtisas seçimində, ixtisas artırılmasında qadınlar üçün üstünlüklər olmalıdır. Bu üstünlüklər ona görə lazımdır ki, ana olandan sonra bizim qızlarımız hər hansı səbəbdən tək qalanda işləyə, övladlarını böyütməyə vəsait qazana bilsinlər. Bizdə qızlar üçün olan orta ixtisas məktəblərinə qəbul daim ixtisar olunur. Sanıram ki, bu, doğru deyildir. Hər bir ağıllı valideyn öz qız övladına da ən azı, orta ixtisas təhsili vermək qayğısına qalmalıdır.

Qadın hüquqlarından söz düşəndə istehza edənlərin bir hissəsi də bizim dəbə-baba qaydalarına tərəfdar olanlardır. Onlar bizim qadınlığın fədakarlığından sui-istifadə vəziyyətini norma kimi görürlər. Bu, doğru mövqe deyildirbir mənada islamçıların mövqeyindən daha sərtdir. Onlar üçün sadəcə problem yoxdur, mövcud vəziyyət heç müzakirəyə də ehtiyac doğurmur. Guya bu barədə danışılmasa, məsələ də yox olub aradan çıxır. Amma bu, belə deyildir...

Mən əminliklə deyirəm ki, bizim cəmiyyətdə qadınlarla bağlı problemlər var. Amma bu problemlər insan alveri və məişət zorakılığı ilə bağlı deyildir. Bu problemlər Qərbin ən inkişaf etmiş cəmiyyətlərində də özünü göstərir. Bizi bu baxımdan pis misal göstərənlərlə razı deyiləm. Birinci, anaların sosial hüquqlarının müdafiəsində problemlər vardır. Çoxuşaqlı, atasız, müvəqqəti işsiz ailələrdəki qadınlara yardım tələb olunan səviyyədə deyildir. İkinci tərəfdən isə ölkəmizin kənd və şəhər hissələrində qadınların sosial vəziyyətində qeyri-bərabərlik mövcuddur.

Bu istiqamətdə dövlət proqramları da qəbul olunmuşdur. Mətbuatda oxudum ki, tək analara yardım üçün xüsusi aliment fondu yaratmaq təşəbbüsü ortaya gəlmişdir. Mən bu təşəbbüsü alqışlayıram. İşçi qüvvəsinin miqrasiyası bütün dünya ölkələrində özünü göstərən reallıqdır, qloballaşmanın bir nəticəsidir. Amma bizim Rusiya bazarlarına gedən kişilərin əksəriyyəti ixtisası olmayanya ixtisasına tələbat az olan adamlardır. Onların çoxu ölkədən müvəqqəti gedir, pul qazanmağa gedir, amma sonra yoxa çıxırlar. Qərbdə alimentdən yayınmaya görə cinayət məsuliyyəti var. Doğrusu, bu, bizdə də var. Amma bizim qadın hüquqlarına etinasız yanaşan bəzi orqanlar özünü görməzliyə vurur. Haradasa iki uşaq aclıq çəkirsə, bu, artıq ciddi məsələdir. İctimai rəy, mətbuat, cəmiyyət buna həssas yanaşmalıdır.

Ailə cəmiyyətin hüceyrəsidir, deyirlər. Xalqlar, dövlətlər sağlam ailəsi ilə qüvvətli olur. Normal insanın, ləyaqətli Vətən övladlarının ailəsiz tərbiyə edilməsi mümkün deyildir. Çünki vətənçiliyin bünövrəsi, rəmzləri, şirin dadı anaların ocaqlarındadır. Ona görə ailələrin sağlamlığına və möhkəmliyinə göstərilən qayğı xalqın, dövlətin sabahına qayğıdır. Dövlətimiz bunu daim həyata keçirir. Şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə hər cür qayğı göstərilir, onlar üçün dövlət hesabına mənzillər tikilir və hər il paylanır. Cəmiyyət dövlət maraqlarına görə itkilər vermiş ailələrə hər sahədə güzəştlər edir.

Azərbaycanda qadının özünü rahat hiss etməsi həm də ölkədə tibbin və təhsilin səviyyəsindən və keyfiyyətindən asılıdır. Dövlət bu sahəyə daim qayğı göstərir. Azərbaycanın təhsil sistemi islahatlar yolu ilə müasirləşdirilir. Təhsil müəssisələrinin maddi təminatı və görkəmi on il əvvəlkindən köklü surətdə fərqlənir. Bunun nəticəsi də göz qabağındadır: xalqımızın yaxşı, keyfiyyətli təhsilə marağı ildən-ilə artır. Lakin məktəblərimizin və universitetlərimizin verdiyi təhsilin keyfiyyətində ciddi fərqlər də var. Biz bunu aradan qaldırmalıyıq. Mənə elə gəlir ki, təhsil islahatlarında biz ən çox təhsilin keyfiyyətini nəzarətdə saxlamalıyıq. Çünki yalnız təhsilə ayrılan vəsait tərəqqi amili olmur. Keyfiyyətli təhsil tərəqqiyə xidmət edir.

Son on ildə ölkəmizdə ən çox yaxşılaşan sahələrdən biri tibb xidmətinin səviyyəsidir. Onlarla yeni xəstəxanalar tikilir. Köhnələr əsaslı təmir edilir. Başlıcası odur ki, ölkəmiz tibb müəssisələrinin yeni texnika ilə təmin edilməsinə külli miqdarda vəsait ayırır, ən müasir texnologiyalar alıb gətirilir. Ailələrə, balalarımıza bundan mühüm qayğı ola bilməz. Amma bir məsələ həllini gözləyir: dərmanların qiymətlərinə dövlət nəzarəti. Dünyanın ən varlı ölkələrində belə bu nəzarət var.

Dağlıq Qarabağ münaqişəsinin ən faciəli nəticələri əsasən bizim qadınların payına düşdü. Analar oğul itirdi, uşaqlar atasız qaldı, ocaqlar damsız. Bunların ağrı-əzabını analar, nənələr çəkdi. İnsanlar ömür boyu qurduqları, min əziyyətlə tikdikləri yuvalarından, bərəkətli torpaqlarından, şəfalı bulaqlarından ayrı düşdülər. Dədə-baba qəbirləri düşmən tapdağında qaldı. Şəfa verən yaylaqlar əldən çıxdı. İkimərtəbəli mülklərdə yaşayan ailələr künclərə, qoltuqlara sığınmalı oldu. Ruzi-bərəkət, bir parça sərin su qəhət oldu. Və bu itirilənlərin hamısını körpələr və uşaqlar analarından, nənələrindən istədilər...

Amma bizim anaların əlləri yanlarına düşmədi. Onlar qəhətliyi öz ölçüsüz məhəbbətləri ilə boğdular, balalarını qoruyub böyütdülər. Həyat, illər yaraları sağaltdı, ağrıları kovşaltdı. Qaçqın və köçkünlüyün ağrılarını anaların ürəkləri özünə götürdü. Qaçqın balalarının yeni nəsli ata-baba yurdlarını görmədən böyüyüb. Amma qisas qiyamətə qalmaz, deyiblər. Dövlətimiz torpaqlarımızı qaytarmaq üçün daim aparır və gələcəkdə də aparacaqdır. Biz itirilən ocaqlarımızı gec-tez qaytaracayıq.

Müstəqillik illəri ölkəmizdə qadın hərəkatının çiçəklənmə dövrüdür. Heç şübhəsiz ki, bu dövr ilk növbədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət həm ölkəmizin daxilində, həm xaricdə qol-budaq atıb böyüyür, respublikanın beynəlxalq imicini, xalqımızın nəcib xarakterini, humanizmini tanıdır və sevdirir. Onun öz şəxsiyyəti də Azərbaycan qadınlığının timsalıdır, onun qədim köklərinin və ən yaxşı keyfiyyətlərinin timsalıdır.

Bu baxımdan Mehriban xanım Əliyevanın humanitar sahədə fəaliyyəti və layihələri ölkəmizdə yeni bir hərəkata çevrilmişdir. Bu hərəkatın əsas qüvvəsi də bizim qadınlarımızdır, gənc qızlarımızdır. Uşaq evlərini, anadangəlmə qüsurları olan körpələri, müxtəlif səbəblərdən internatlarda böyüyən uşaqları himayəyə götürməkdən, onlara maddi və ən başlıcası, mənəvi qayğıdan uca heçyoxdur. Rəhm - böyük Allahın adlarındandır. Bu uca ürək, uca mərhəmət hissi Azərbaycan qadınının fitrətindədir. Bilavasitə Mehriban xanımın nümunəsi və təsiri ilə bizim uşaq evləri diqqət mərkəzindədir.

UNESCO-nun xoşməramlı səfiri kimiMehriban xanım ölkəmizdən xaricdə bizim mədəniyyət və incəsənətimizi, bu sahədə dünyaya təqdim olunan nailiyyətlərimizi təbliğ etmək üçün planlı və yüksək səviyyəli tədbirlər hazırlayıb həyata keçirir. Bu işdə özü birbaşa iştirak edir, gözəl təşkilatçılıq nümunəsi, parlaq və sadə natiqlik bacarığı nümayiş etdirir. Qərbin özünə xas auditoriyası ilə dil tapır, nüfuzlu insanları Azərbaycanın dostlarına və təbliğatçılarına çevirir. Onun səsi Parisin, Vaşinqtonun, Moskvanın, Romanın uca mədəniyyət tribunalarından gələndə fərəhlənməmək olmur.

Ölkəmizi Şərqin qədim mədəniyyətinin əsas ocaqlarından biri kimi tanıtmaq, xalça sənətindən musiqiyə qədər bütün sahələrdə ənənələrimizi sevdirmək Mehriban Əliyevanın beynəlxalq miqyasdakı fəaliyyətinə xüsusi milli məna və çəki verir. Ölkədaxili beynəlxalq mədəni və humanitar tədbirlərdə isə yurdumuzun qədim multikulturalist dəyərləri rəğbətlə qarşılanır. Azərbaycan nisbətən kiçik ölkədir, amma bizim regionlarımız nə qədər fərqli və özünəməxsusdur, nə qədər çoxrəngli və çoxçalarlıdır. Azərbaycanın mənəvi dəyərləri onun nəcib təbiətindən ayrı deyil.

Mehriban xanım Əliyeva yayda Bakıda keçiriləcək Avropa oyunlarının təşkilat komitəsinin rəhbəridir. Burada nə qədər böyük məsuliyyət var! Bu oyunlara hazırlıq həm beynəlxalq miqyasda, həm də ölkə daxilində, o cümlədən ona qədər tikinti obyektlərində işlər yekunlaşmaq üzrədir. Mehriban xanım bu tarixi miqyaslı tədbirin həm diplomatı, həm təsərrüfatçısıdır. Onu tez-tez oyunlara qədər təhvil verilməli olan tikinti meydançalarında görmək olar.

Bircə Böyükşor gölünün bir hissəsində inşa edilən dairəvi stadiona baxmaq kifayətdir. Orada bir yeni şəhər tikilir. Acıgöl sularından insan hünəri ilə alınmış şəhər salınır. Buraya yollar çəkilir, bəzək işləri aparılır. Çəkilən yol Abşerondakı nəqliyyat sıxlığını da aradan götürməyə kömək edəcəkdir. Görülən böyük işlər, qurub-yaratdığımız idmaninfrastruktur obyektləri bizim övladlarımıza qalacaqdır, xalqımızın davamlı tərəqqisinə xidmət edəcəkdir.

Bəlkə də biz hiss etmədən Azərbaycan xalqının tarixində parlaq bir mərhələni yaşayırıq: bu XXI əsrdə Azərbaycanın yeniləşməsi dövrüdür, möcüzə kimi davam edən intibah dövrüdür. Bu yeniləşməni quranlardan biri də Azərbaycan qadınıdır, onun xoşbəxtlik və yaxşı həyat haqqında arzularıdır. Çünki ölkə də bir ocaqdır, ana ocağıdır. Ocağın bərəkəti və sevinci də anaların ürəklərindəki niyyətlərlə gəlir.

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, professor

Azərbaycan.-2015.- 7 mart.- S.7.