Polad adanın çiçəkləri

 

Neft Daşlarında çiçək... Həm də gəmi ilə, vertolyotla Bakıdan gətirilən deyil, məhz dəniz şəhərinin özündə bitən çiçək. Bu, necə ola bilər? Neft Daşları polad dirəklər üstündə qurulmuş bir şəhərdir. Burada çiçək bitirəcək torpaq yoxdur axı... Lakin son illərdə “Möcüzələr adası”nda bir möcüzə də baş verib. Kənardan torpaq gətirilərək burada park salınıb, idarə binasının qarşısında, vertolyot meydançasının yaxınlığında və digər yerlərdə həmişəyaşıl ağaclar, güllər əkilib.

Neft Daşlarında çalışan qadınlar vəzifələrindən, peşələrindən asılı olmayaraq bu yaşıllıqlara, güllərə qulluq etməyi çox sevirlər.

Neft Daşları və qadın... Əslində, bunlar da bir araya sığmayan anlayışlardır. Lakin bu, yalnız ilk baxışdan belə görünə bilər. Canlı güllər olan qızlar, xanımlar Neft Daşlarına onun tarixinin ilk günlərindən qədəm basıblar. Hətta 1948-ci ildə o vaxtQara daşlaradlanan bu sahəyə gedən 23 nəfərlik ilk ekspedisiya dəstəsinin tərkibində adaşlar - Anna adlı iki qadın da olub. 1949-cu il noyabrın 7-də burada ilk quyunun fontan vurması - dünyada dəniz neftinin erasının başlanması xəbərini Xəzərdən sahilə Zeynəb adlı rabitəçi qadın çatdırıb.

O vaxtdan keçən 66 il ərzində Neft Daşları yüzlərlə qadının tərcümeyi-halına yazılıb, ömrünün ayrılmaz bir hissəsinə çevrilib. Başqa sözlə, bu əfsanəvi dəniz şəhərinin əmək ahənginə yüzlərlə qadının zəhməti qovuşub. Onun inkişafında qadınların da dəst-xətti özünü göstərib.

Neft Daşları elə bir məkandır ki, orada hər kəs dözüm gətirə bilməz. Onunla yalnız cəsurlar öz talelərini bağlaya bilirlər. Qocaman bir neftçidən eşitdiklərimizi xatırlayırıq: “Buraya çox böyük həvəslə gələn, lakin birinci qasırğadan sonra çıxıb gedən və bir də geriyə dönməyən bəzi oğlanları da görmüşük. Xəzərlə ülfət bağlayıb, burada çalışmağın özü bir qəhrəmanlıqdır”.

Odur ki, polad adada  çiçəklərin bitməsi kimi qadınların işləməsi də heyrət doğurur. Başqa sözlə, bu cür ekstremal şəraitdə qadınların işləməsi ikiqat hünərdir. Ona görə də kimi isə fərqləndirmək, kimi isə xüsusi qeyd etmək istəməzdik. Bu gün polad dirəklər üstündə dayanan şəhərdə 155 qadın əmək növbəsi çəkir. Günlərlə, bəzən həftələrlə evindən, ailəsindən, doğmalarından uzaqda olur.

Neft Daşları” NQÇİ-nin Qadınlar Şurasının sədri Sənəm Abdullayevanın özü uzun illərdir taleyini Xəzərlə, “Möcüzələr adası” ilə bağlayıb. İdarənin elektrik avadanlıqlarının və elektrik təchizatının kirayəsi və təmiri sexində dispetçer işləyir.

Sənəm deyir ki, doğrudur, qadınlar bilavasitə mədəndə işləmir, quyu qazmır, neft çıxarmır. Amma onlar elə sahələrdə işləyirlər ki, bunsuz neftçilər dənizdə nə işləyə, nə də yaşaya bilərdi. Məsələn, onların yeməyini kim bişirər, çayını kim dəmləyər, otaqlarını kim səliqə-sahmana salardı?

Dəniz şəhərində təkcə neft və qazçıxarma idarəsinin deyil, bir sıra digər təşkilatların nümayəndələri olan qadınlar da çalışır. Sözügedən 155 qadının 13-ü həkimlər və tibb bacılarıdır. Onlar tibb-sanitar hissəsində işləyirlər, “AzmedikomMMC-nin nümayəndələridir. 11 qadın məişət obyektlərində çalışır. 11 nəfəri isə Neft Daşlarında təmir və tikinti işləri aparan inşaatçıların sırasındadır. NQÇİ-nin aparatında da xeyli qadın çalışır ki, onların da arasında ixtisasca mühəndis, iqtisadçı, texnik olanlar var. Qadınların böyük bir qrupu NQÇİ-nin mənzil-kommunal idarəsində çalışır. 

Neftçilər onlar üçün yataqxanalarda, yeməkxanalarda, tibb məntəqəsində qadın əllərinin yaratdığı səliqə-sahmandan, onların əsl ana-bacı qayğısından çox razılıq edirlər.

Bəli, Neft Daşlarındakı qadınlar neft çıxarmasalar da, çiyin-çiyinə çalışdıqları neftçilər kimi xüsusi geyim formasında olurlar. Bu geyim onların zərifliyinə heç bir xələl gətirmir, əksinə, onlara çox yaraşır. Xəzərin sərt küləkləri bu qadınları mətinləşdirib, amma kobudlaşdırmayıb. Neftçilərin hər birinin “bacı” deyə çağırdığı bu xanımların üzü həmişə gülür. Bir sözlə, onların özləri də polad üstündə yetişdirdikləri çiçəklər kimi zərif və gözəldirlər.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 8 mart.- S.1.