Azərbaycan iqtisadiyyatında artım
meyilləri davam edir
Prezident İlham
ƏLİYEV: “Güclü iqtisadiyyat bizə imkan verir ki, sosial
məsələləri uğurla həll
edək, eyni zamanda, dünya miqyasında beynəlxalq arenada müstəqil siyasət aparaq”
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının layiqli davamçısı Prezident İlham Əliyev zamanın çağırışlarına adekvat olaraq uğurlu qərarlar qəbul etməklə respublikamızın iqtisadi gücünü artırmışdır. Davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların icrasının nəticəsi kimi respublikamız dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhranına qətiyyətlə sinə gərən dövlətləri sırasına yüksəlmişdir.
Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin də diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan, eyni zamanda böyük tikinti meydanını xatırladır. Azərbaycan Prezidenti İlham Əliyev çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir.
Dünyada iqtisadi-maliyyə böhranının kəskinləşməsinə baxmayaraq, ötən ildə Azərbaycanın bütün şəhər və rayonları inkişaf etmiş, müasirləşmişdir. Kompleks islahatların uğurla davam etdirilməsi Azərbaycan iqtisadiyyatında artım meyillərini saxlamışdır. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda yüksək iqtisadi inkişaf meyilləri respublikanın maliyyə resurslarının kəskin artımına, iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan vermişdir. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Azərbaycanın valyuta ehtiyatları da artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatları 50 milyard dolları ötmüşdür. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə hətta bir çox ölkələri də qabaqlayır.
Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Cənab İlham Əliyev demişdir ki, qeyri-neft sektorunda qazanılan uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılı olması ilə bağlı qərəzli iddiaları alt-üst edir. İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları da bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.
Cənab İlham Əliyevin son 11 illik fəaliyyətinin üstün cəhəti bundan ibarətdir ki, dövlət başçısı praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən institusional islahatlar, səmərəli idarəetmə üsulları Azərbaycanın davamlı inkişafını təmin edib. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimət əzmini gücləndirir.
Prezident İlham Əliyev bu yaxınlarda Mingəçevirə səfəri zamanı bildirib: “Bu il də iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat yanvar ayında 4,4 faiz, qeyri-neft iqtisadiyyatı isə 5,5 faiz artmışdır. Yəni, bu onu göstərir ki, hətta dünyada və regionda gedən böhran illərində də Azərbaycan iqtisadiyyatı artır və artacaq. Güclü iqtisadiyyat bizə imkan verir ki, sosial məsələləri uğurla həll edək, eyni zamanda dünya miqyasında beynəlxalq arenada müstəqil siyasət aparaq. İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı yüksək qiymətləndirir”.
İqtisadi inkişaf göstəricilərinə görə, dünyada üstün mövqeyini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də yeni iş yerlərinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin kəskin aşağı enməsidir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır. Sosialyönümlü dövlətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirməyin, cəmiyyətdə qarşıdurmanın azalmasının, vətəndaş həmrəyliyinin formalaşmasının, bütün sosial qrup və fərdlərin mənəviyyatının artmasının labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri arasındakı balansın nə qədər çətinliklə əldə olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən vergilərin qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri üçün maneə yaradır. Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur. Yəni, ən inkişaf etmiş dövlətlərin təcrübəsində də sosial-iqtisadi və mədəni hüquqların təmini ilə bağlı böyük çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Xüsusi vurğulamaq lazımdır ki, insana qayğı və hörmət prinsipinə əsaslanan liberal siyasət nəticəsində bu gün hər bir vətəndaşın əmək hüququ da yüksək səviyyədə qorunur.
Müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltməkdir.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 8 mart.- S.2.