Nənələrimizin yadigarı
Çiçək
haşiyəli, buta yelənli kəlağayı
Novruz ovqatlı bu günlərdə səməni göyərdən, şəkərbura naxışlayan, süfrəsinə yüz cür nemət düzən qarabuğdayı bakılı qız, sarışın qubalı gözəl, şirindilli şəkili xanım! Qarabağın və Gəncənin, Milin və Muğanın, Naxçıvanın, Şirvanın, Lənkəranın, bütün elin-elatın qız-gəlinləri! Bilirsiniz ki, Novruzda xanımlar tər-təzə geyinər, al-yaşıl bəzənərlər. Məbada kəlağayı yadınızdan çıxa!..
Kəlağayı bizim qürur doğuran keçmişimiz, heç vaxt unudulmayan tariximiz, nənələrimizin yadigarıdır. “Kəlağayı” deyəndə ilk növbədə nənələrimiz yada düşdü. Bəlkə bu da bir qanunauyğunluqdur. Çünki Novruzda ulularımızı, dünyasını dəyişmiş əzizlərimizi anmaq gözəl ənənələrimizdən biridir.
Mən də dünyaya gözümü açanda evimizdə kəlağayı görmüşəm. Onu nənəm örtərdi. Anamın da bir cüt kəlağayısı vardı - ağ və narıncı. Yaşa dolandan, nəvə-nəticə sahibi olandan sonra onları bizə bağışlayıb özü artıq tünd rənglisini örtdü. Xalqımızın bir xoşbəxtliyi də adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülərək həmişəyaşar olmasıdır.
Bu an eləcə də “bizim gəlinlərin bayramqabağı fəsəli yaymağı yadıma düşdü”. Bayrama hazırlıq görən, bir-biri ilə bayramlaşan, bir-birinin evinə Novruz sovqatı aparan qız-gəlinin başındakı kəlağayı onların gözəlliyinə gözəllik qatardı. Bəziləri kəlağayını başına bağlayar, bəziləri sadəcə olaraq boynuna dolayar, yaxud çiyninə atardı. Kəlağayı ilə sanki bayram koloriti tamamlanardı.
Əvəzsiz baş örtüyümüz kəlağayı Azərbaycan qızlarının abır-ismətinin rəmzidir. Xoş ovqat, incəlik, zəriflik nişanəsidir. Özündə min arzu-kam, min xatirə yaşadır.
Kəlağayı həm də ucalıq, namus, qeyrət rəmzidir. Ulu nənələrimiz ortaya bir kəlağayı atmaqla böyük-böyük qanları yatırarmışlar. Kişilər onun üstündən keçməz, silah işlətməz, düşmənçilik etməz, qan tökməzdilər.
Bəzən qız evinə gələn elçilər “hə” cavabı alan kimi həmin ana qədər gizli saxladıqları “tədarük”ü üzə çıxarar - ortaya bir kəlağayı qoyub gedərdilər. Bu, nişana, toya qədər bir xatircəmlik idi. Hər iki tərəfin sözünün kəsəri, təsdiqi idi bu kəlağayı.
Xeyir işdən söz düşmüşkən: bizə qədimdən ərməğan qalan və günümüzdə də yaşayan bir ənənə var. Oğlan adamları qıza nişan gətirərkən ona üzüklə bərabər örpək də bağışlayırlar. İndi gələcək gəlinə əksər hallarda simvolik olaraq qırmızı, yaxud istənilən xoş rəngli bir şərf gətirirlər. Bu, niyə kəlağayı olmasın?!
Kəlağayılar cürbəcürdür. Ağ, tünd çəhrayı, noxudu, bənövşəyi, qırmızı, qızılı və s. rəngli. Onların rəngi kimi adları, haşiyə naxışları da müxtəlifdir. Hər ovqatın, hər olayın, hər məclisin öz kəlağayısı var. Ümumən isə kəlağayı elə bir baş örtüyüdür ki, ondan ilin bütün fəsillərində, xeyirdə də, uzaq olsun, şərdə də istifadə etmək mümkündür.
Kəlağayı öz gözəlliyi və sehri ilə Azərbaycana gələn turistlərin də diqqətini cəlb edir. Bakıda İçərişəhərdəki və Şəkidə “Xan sarayı”nın yaxınlığındakı hədiyyə mağazalarında əcnəbilərin kəlağayını əllərindən yerə qoymaq istəmədiklərinin, öz dillərində onu bir-birinə təriflədiklərinin şahidi olmuşam. Qiymətinin heç də ucuz olmadığına baxmayaraq, bir çox turistlər onu həvəslə alırlar. Əcnəbilər kəlağayını bizlərdən bir hədiyyə kimi də böyük məmnuniyyətlə qəbul edirlər.
Ötən illərin birinin yayında Rusiyada yaşayan yaxın qohumlarımın qonağı olarkən Voronej Aqrar Universitetində onlarla birlikdə çalışan və ailəvi dostluq edən Olqaya kəlağayı bağışladım. Aqrar sahənin alimi olan bu xanım kəlağayını ömründə birinci dəfə görsə də, onun təbii xammaldan hazırlandığını dərhal qeyd etdi, “ekoloji cəhətdən saf məhsuldur” dedi.
Beş-altı ay bundan sonra, yəni həmin ilin qışında Olqadan bir məktub aldım. “Mənə möcüzə bağışlamısınız, - yazırdı. - Yəqin bilirsiniz ki, bizim vilayətin yayı isti, qışı isə sərt keçir. Hədiyyə etdiyiniz kəlağayını yayda başıma örtəndə mənə olmazın bir sərinlik və məmnunluq gətirmişdi. İndi bu çovğunlu havada onu başıma bağlayanda məni üşüməkdən qoruyur...”
Doğrusu, utandım. Çünki o vaxta qədər özüm heç kəlağayı bağlamamışdım və təbii ki, onun bu yüksək keyfiyyətlərini əyani hiss etməmişdim.
Amma yadıma düşdü ki, yay-qış nənəmin başından kəlağayı əskik olmazdı. Bir dəfə yayın qorabişirən ayında onu yenə də başı kəlağayılı görüb soruşduq ki, sənə isti deyil? Dedi ki, bala, bu kəlağayı olmasa, gün mənim başımı aparar... O illərdə onun bol südlü bir inəyi vardı. İnəyə rənginə uyğun olaraq “Narınc” deyirdi. Evdə qız-gəlin çox olsa da, “Narınc”ı özü sağardı. Qış səhərlərində kəlağayısını ikiqat tənləyib başına örtər, uclarını isə boynuna dolayıb qarın üstü ilə asta-asta evdən xeyli aralıda yerləşən tövləyə tərəf gedərdi. Deməli, üşüməzdi...
İnanmıram dünyada ikinci belə bir baş örtüyü ola ki, həm istidən, həm soyuqdan qoruya. Gözəllik bəxş etməyi də öz yerində...
Biz tərəflərdə kəlağayını çox sevərlər. Xatirələr məni yenə də uzaq illərə, uşaqlığıma, az qala yarım əsr əvvələ qaytarır. O vaxt kənddə-kəsəkdə, elə yaşadığımız rayon mərkəzində də qadınlar kəlağayını çox örtərdilər.
Arzusuna çatan, mətləbinə yetişən aparıb pir və ziyarətgahlarda kəlağayı asardı. Kimsəsiz, kasıb qadının könlünü tər-təzə bir kəlağayı ilə xoş edərdilər.
Ana olmağa hazırlaşan xanımlar kəlağayını qıyğacı şəkildə çiyinlərinə atar, hər iki ucunu sinələrində bir-birinə bənd edər, beləliklə, həm orijinal bir aksesuar yaradar, həm də görkəmlərində olan dəyişikliyi abır-həya ilə ağsaqqalın, ağbirçəyin nəzərinə çatdırmamağa çalışardılar.
Sonrakı illərdə “müasirləşdiyimizdənmi”, yeni, cürbəcür baş örtüklərinin dəbə düşməsindənmi, bir çox hallarda isə soyuqda da başıaçıq gəzməyin zərərli vərdişə çevrildiyindənmi kəlağayılar hər yanda yavaş-yavaş seyrəlməyə başladı. Etiraf edək ki, indi qadınlar istər kənddə, istərsə də şəhərdə bu baş örtüyündən tək-tək hallarda istifadə edirlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə kəlağayının xalqımızın mədəni tarixini yaşadan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi hamını sevindirib. Nə xoş ki, elə sevimli bayramımız Novruz da bu siyahıdadır.
Saçaqlı yapon şalları, şəbəkəli rus yaylıqları, İtaliyada, Türkiyədə, Çində istehsal olunan cürbəcür ləçək və şərflər bolluğunda özümüzün çox dəyərli kəlağayılarımızı arxa plana keçirəriksə, bu, bağışlanmaz səhv olar. Şəkidə, İsmayıllıda, Gəncədə və digər bölgələrimizdə istehsal olunan kəlağayıları təkcə sərgilərə göndərmək, tamaşalarda oynayan aktrisaları rollarına uyğun bəzəmək, yaxud ölkəmizə gələn qonaqlara suvenir “status”unda bağışlamaq üçün istifadə etməməliyik. Biz - qızlar, qadınlar yaşımıza, zövqümüzə, ovqatımıza uyğun kəlağayı seçib onu nənələrimizdən qalan bir əmanət, bəlalardan qoruyan bir talisman kimi əzizləməli, yeri gəldikcə bər-bəzəyimizdə ona gen-bol yer verməliyik.
Hərgah analarımızın, nənələrimizin qədim sandıqlarında haçandansa unudulub qalan kəlağayı varsa, oradan çıxarıb ona yeni bir ömür və təravət bəxş etməliyik.
Qoy kəlağayılarımız təkcə muzeylərdə, bazarlarda, folklor ansambllarının qarderoblarında, nənələrimizin sandığında deyil, həmişə qız-gəlinlərimizin başında olsun. Gözü özgə torpağında, özgə ocağında və malında, özgənin maddi və qeyri-maddi irsində olanlar kəlağayını mağazalardan, yarmarkalardan, sərgilərdən oğurlaya bilərlər. Amma Azərbaycan qızının başında olanda, ona heç kəsin əli çata bilməz!
Flora SADIQLI,
Azərbaycan.-2015.- 8 mart.- S.3.