Cəmiyyətin bəzəyidir qadınlar
8 mart Beynəlxalq Qadınlar Günü ölkəmiz üçün çox əlamətdar hadisələrdən biridir. Azərbaycan bir neçə gün əvvəl BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasının V dövri hesabatını vermişdir. 20 il bundan qabaq isə digər dövlətlərlə birgə respublikamız Pekin Platformasına qoşulmuş və 12 istiqamət üzrə qadınlarla kişilər arasında bərabər imkanların yaradılması üzrə öhdəlik götürmüşdür. Bütün beynəlxalq təşkilatlar və ölkələr dünya qadınlarının hüquqlarının qorunması və gender bərabərliyinə nail olmaq üçün müxtəlif konfranslar, forumlar keçirmiş, qətnamələr qəbul etmişdir. Digər tərəfdən ölkəmizdə yaranmış sabitlik, sosial-iqtisadi irəliləyiş, davamlı inkişaf qadınlarımızın bütün sahələrdə fəal iştirakına yol açmışdır.
Qadınsız heç bir cəmiyyəti, sosial təsisatı təsəvvür etmək mümkün deyil. Qadın ailənin möhkəmliyini, onun bütövlüyünü qoruyan, yeni nəsli böyüdən, tərbiyə edəndir. Qadın, ana, xanım - triadasının fəlsəfəsi bu rolun mahiyyətini açır. O, həyat yoldaşını sevən və ona hörmət edən, ailə ocağını qoruyandır. O, dünyaya yeni insan bəxş edən, onu adət-ənənələrə, milli dəyərlərə uyğun böyüdən, tərbiyə edən anadır. O, cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan xanımdır, vətəndaşdır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi də bacarırlar.
Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur.
Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Tarixə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi böyük nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 122 il bundan əvvəl Bakıda yaradılmışdır. Bu məktəbləri açan Azərbaycanın xeyriyyəçi və maarifpərvər sahibkarları, ziyalılar başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlamışdır. Zaman keçdikcə bu istiqamətlərdə iş aparılmış və müsbət nəticələr əldə olunmuşdur.
Danılmaz faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü ildə - tariximizin həlledici dövründə xalqın tələbi və arzusu ilə hakimiyyətə qayıdışı Azərbaycanı vətəndaş müharibəsinin alovundan, dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai-siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi, qadın hərəkatının inkişafına da güclü stimul verdi. Ümummilli lider qadınların idarəetmə və hakimiyyətin bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. O, qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuş, milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ulu öndərin qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlardır. 1995-ci ildə sentyabrın 4-dən 15-dək BMT-nin təşəbbüsü ilə Pekində keçirilən Qadın məsələlərinə dair 4-cü Ümumdünya Konfransında qadınlarımızın iştirakı isə müasir qadın hərəkatına yeni nəfəs gətirdi. Bu tədbirə hazırlıq işləri bir il əvvəl başlamışdı. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də ümummilli lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli fərman imzaladı. Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma xanım Abdullazadənin sədrlik etdiyi Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunurdu. Milli Komitə bir il ərzində Pekin konfransına ciddi hazırlaşdı. Ulu öndər Heydər Əliyev bu məsələni xüsusi nəzarətdə saxladı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan ərazisinin 20 faizini itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi, qadın və təhsil, qadın və sağlamlıq, qadınlara qarşı zorakılıq, qadınlar və silahlı münaqişələr, qadınlar və yoxsulluq, qadınların insan hüquqları, qərar qəbuletmədə qadınların rolu və digər bu kimi vacib məsələlər diqqət mərkəzinə gətirildi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər.
Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərdən biridir. Bu, bütün sahə və istiqamətləri əhatə edir. Qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm səylər göstərilmişdir. XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaratmışdır. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edirdi. Bunlar adi rəqəmlər deyil. Bu gün biz qaçqın və məcburi köçkün, həmçinin şəhid ailəsi olan və müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımızın fədakarlığını xüsusi qeyd edirik. Bütün çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində iştirak etməyə başladılar. Azərbaycan hökuməti həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi üçün bütün qüvvəsini səfərbər etmişdir. Hazırda həmin qadınlar arasında Milli Məclisin deputatları, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar vardır. İşlə təmin olunmuş köçkün qadınların sayı 53.230 nəfərdir. Onların 2 nəfəri Milli Məclisin üzvü, 495 nəfəri dövlət işində, 16.351 nəfəri təhsil sahəsində, 4543 nəfəri səhiyyə, 23.793 nəfəri isə kənd təsərrüfatı sahəsində çalışır.
Qeyd etdiyimiz kimi, qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya (CEDAW) qoşulmaq böyük siyasi iradə tələb edirdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində dövlətimiz bu Konvensiyanı ratifikasiya etdi. Bununla əlaqədar olaraq Azərbaycan hökuməti dövrlərarası hesabatlar verir. Artıq hər hesabatdan sonra verilən tövsiyələrin azalması onu göstərir ki, Azərbaycan dövləti qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, onların beynəlxalq səviyyədə təmsil olunmalarını təmin etmək üçün qadınlara kişilərlə bərabər imkan və hüquqlar yaradır. 2015-ci il fevralın 18-də Azərbaycan hökumətinin Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya dair növbəti V Dövri Hesabatı xüsusi Komitədə dinlənilmişdir. Müzakirələr zamanı BMT komitəsinin ekspertləri Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları müsbət qiymətləndirmiş, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə xoşməramlı səfir kimi fəaliyyətini xüsusi qeyd etmişlər. BMT Komitəsinin nümayəndələri də öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi və sosial inkişafı, o cümlədən dövlət qadın siyasətinin həyata keçirilməsində əldə ounan nailiyyətləri, qanunvericilik bazasının təkmilləşdirilməsini yüksək dəyərləndirmişlər. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəklər”. 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu fikrin əməli sübutudur. Eyni zamanda hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunları qəbul olunmuşdu. Bu proses davam edir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramı” təsdiq edilmişdir. Bu yaxınlarda Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən tərəflər bu il iyunun 1-dən etibarən nikahdan əvvəl tibbi müayinədən keçəcəklər.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmini istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər öz bəhrəsini verir. Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Respublikada rayonların icra hakimiyyəti başçılarının qadın müavinlərinin sayı 78-ə çatmışdır. Qadın hakimlərin də sayı yüksələrək 65 olmuşdur. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri qadındır, rəhbər vəzifələrdə çalışan qadınlar 84 nəfərdir. Notariuslardan 40 nəfəri qadındır. Diplomat qadınlarımızın sayı da artaraq 181 olmuşdur. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır. Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16 faizə çatıb. 2009-cu ildə bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 26,7 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil etmişdir. 2014-cü ildə isə bu göstərici 35 faizə qalxmışdır.
Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Hazırda təkcə 200 qadın təşkilatı fəaliyyət göstərir. Ailə, qadın və uşaq problemlərinə dair layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi vermiş Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rolu xüsusi qeyd olunmalıdır. 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş Azərbaycan qadınlarının qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir.
Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox və Müstəqil Dövlətlər Birliyi, eləcə də müsəlman ölkələrində sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır.
Hazırda Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsində yeni mərhələ başlanmışdır. Gender qadın hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində bir neçə konfrans və forumlar keçirilmişdir. Azərbaycan bu tədbirlərdə fəal iştirak etmişdir. 2012-ci ildə qadın sahibkarların III Forumu da Bakıda keçirlmişdir. SPECA-ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır. Keçən il Bakıda SPECA çərçivəsində qadın sahibkarlığın inkişafı üzrə beynəlxalq konfrans keçirildi. Konfransın əsas məqsədi beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qadın sahibkarların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Digər mühüm bir tədbir isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransın keçirilməsi oldu. Prezident İlham Əliyevin konfrans iştirkaçılarına müraciəti dövlətimizin bu məsələyə xüsusi maraq və diqqət göstərdiyini bir daha sübut etdi.
Azərbaycan dövləti Türkiyə, Litva, Fransa, Belorus, Mərakeş, Küveyt, Sloveniya kimi ölkələrlə memorandum, İordaniya Haşimilər Krallığı ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalamışdır.
Biz bir sıra beynəlxalq təşkilatlarla yaxın tərəfdaşıq. Belə əməkdaşlıq ölkədə qadın və uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Aparılan təcrübə mübadiləsi uşaq və qadın siyasətinin yerinə yetirilməsi istiqamətində Azərbaycan Respublikasının ekspertlərinin yetişməsində də xüsusi rol oynayır. Bizim kifayət qədər mütəxəssislərimiz var ki, onlar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və digər istiqamətləri də beynəlxalq səviyyədə öz təcrübələrini bölüşə bilərlər. Nümunə üçün qeyd etmək istərdik ki, Astanada, Küveytdə keçirilən tədbirdə erkən nikahlar və onların fəsadları, qadın hüquqları ilə bağlı Azərbaycan təcrübəsi öyrənilir. Bu, Azərbaycan dövlətinin ailə, qadın və uşaq istiqamətində apadığı düzgün siyasətin göstəricisidir.
Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər də vardır.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”.
Hicran HÜSEYNOVA,
Ailə, Qadın
və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin
sədri, siyasi
elmlər doktoru,
professor
Azərbaycan.-2015.- 8 mart.- S.4.