Qırxqızdan baxan qızlar
Yenə 8 Martdır. Yenə güllərin və
gülən üzlərin
bayramı diqqət, qayğı günüdür.
Ancaq niyə məhz bu gün? Bəs bu günün daha hansı mənaları, yaddaş kodları var? Lap qədimlərə getsək e.ə. 480-ci ilin bu günü
ilk dəfə yəhudilərin
Babil əsarətindən
sonra Qüdsə qayıtmasına icazə verildi və bununla 60 ildən artıqdır davam edən İsrail-Fələstin
qarşıdurmasına da,
bir növ start verildi. Elə o vaxtdan minlərlə
ananın gözünün
yaşı qurumaq bilmir.
Bu gün həm
də dünya qədər qoca və müdrik Əbülqasım Firdovsinin
yüz illər boyu ataların, anaların stolüstü kitabına çevrilən
“Şahnamə”sinin tamamlandığı
gündür (1010). 1942-ci ilin bu günü
İkinci Dünya müharibəsinin gedişində
holland əsgərləri
Yava adasını yaponlara təslim edərək analarının
yanına döndülər.
“Bəlkə bir ananı sevindirmək hər cür döyüşdən
və qələbədən
əzizdir” düşüncəsi
ilə.
İndi
təlatümlər içində
olan Misir isə onun üçün
həyat rəmzi olan, ilk dəfə açılışına Osmanlı
hökmdarı Sultan II Əbdülhəmidin
qatıldığı Süveyş
kanalını 1957-ci ildə
yenidən istifadəyə
verdi. O vaxtdan
bu günə su həsrəti çəkən analara, qızlara bundan yaxşı nə hədiyyə etmək olardı? Parisin Şarl de Qoll adına Hava
Limanının 1974-cü ilin
məhz bu günü fəaliyyətə
başlaması da təsadüfi deyil. Axı göylər də ən çox anaları sevir. Bu gün, eyni
zamanda, hazırda çoxumuzun həsrətində
olduğu, xüsusilə
qadın, qız, ana iztirabına dözməyən ürəklərə
cərrahi müdaxilələrlə
tarixə düşüb
- 1952-ci ilin 8 martında
Filadelfiyada ilk süni
ürək əməliyyatı
aparılıb.
8 Mart ənənəyə görə qadınların
daha çox diqqət, gül və hədiyyə gözlədiyi gündür. Bu da təsadüfi deyil.
1857-ci ilin 8 mart gününü
dolayısı ilə
bu bayramın başlanğıcı hesab
etmək olar. Həmin
gün Nyu Yorkda yüzlərlə qadın aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda çətin
iş şəraitinə
etiraz olaraq tətil etdi və təəssüf ki, toqquşmalarda onlardan 129-u həlak oldu. 1908-ci ildə yenə Nyu Yorkda
15 000 qadın növbəti
dəfə nümayişə
çıxanda onların
da şüarı, 50
il əvvəl
olduğu kimi, “Çörək və Gül” idi. Həmişə olduğu kimi,
çörək həyat
eşqini, gül isə daha firavan
həyat tərzini ifadə edirdi. 1910-cu ildə Kopenhagen
şəhərində keçirilən
Qadın Sosialist İnternasionalının qurultayında
1857-ci ilin 8 martında
Nyu Yorkda başlayan mübarizə qadın hüquqlarının
genişləndirilməsi və
qadın həmrəyliyinin
simvolu kimi qəbul edildi.
Bəzi tədqiqatçıların fikrincə,
8 Martın bayram kimi qeyd olunması
səbəblərini bilmək
üçün bu təşəbbüsü ilk dəfə
irəli sürən Klara Setkinin şəxsiyyətinə, onun
milli mənsubiyyətinə
nəzər salmaq lazımdır. Onun təklif etdiyi
1910-cu ilin 8 Mart günü
yəhudilərin Purim bayramı
ilə üst-üstə
düşürdü. Purim bayramı isə
yəhudilərdə qadın
ağlını, eyni
zamanda, bu millətin özünümüdafiə
haqlarını təcəssüm
etdirir.
Elə
o gündən dünyanı
idarə edənlərin
ağlına gəlib
ki, cəmiyyətin necə yaşadığını
görmək, hiss etmək
istəyirsənsə, evdə
ananın, küçədə
qadın və qızların üzünə
baxmaq kifayətdir. Ona görə 1975-ci ilin Beynəlxalq Qadınlar ili
olaraq tarixə düşməsi təsadüf
deyil. Həmin ilin 8 Martı
ilk dəfə Beynəlxalq
Qadınlar Günü
kimi qeyd olundu. İki il sonra
isə BMT-nin ümumi qurultayında 8
Mart qadın hüquqları
və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Ancaq hansı
mənaları verməsindən
asılı olmayaraq, Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin
və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin
xatırlanması üçün
də xüsusi gündür. O, postsovet respublikalarında, habelə
Anqola, Burkina-Faso, Qvineya-Bisau,
Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyd edilir,
həm də bu ölkələrdə həmin gün istirahət günüdür.
Beynəlxalq Qadınlar Günü,
eyni zamanda, qadın hüquqlarının
genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin
xatırlanması üçün
də xüsusi gündür. Nəzərdən qaçırmayaq ki, hələ də dünyada yoxsullar var və
onların da əksəriyyətini qadınlar
təşkil edir.
Təhsildən kənarda qalanların
da böyük bir qismi qadınlardır.
Bəzi ölkələrdə qadın
hüquqlarının qorunması
lazımi səviyyədə
deyil. Bu mənada, heç olmasa ildə bir dəfə 8 Mart münasibətilə qadın
hüquqlarının dünyada
qeyd olunması, xatırlanması xüsusi
əhəmiyyət daşıyır.
Bu bayram Azərbaycanda
da geniş qeyd edilir. 1998-ci ildə respublikamızda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan həm də
Avropa Şurasının
qadınlarla bağlı
bürosunda təmsil olunur və BMT-nin qadın məsələləri üzrə
komissiyasının tam hüquqlu
üzvüdür. 1995-ci
ildə isə ölkəmiz rəsmi şəkildə qadınlara
qarşı münasibətdə
ayrı-seçkiliyin bütün
formalarının aradan
qaldırılması haqqında
beynəlxalq konvensiyaya
qoşulub. İndi səhiyyədə
çalışanların 70, təhsildəkilərin 69 faizi
qadınlardan ibarətdir.
8 Martla yanaşı
dünyanın bəzi
yerlərində “Analar
günü” adlanan bir bayram da
geniş qeyd olunur. Bu bayram Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya,
ABŞ və Yaponiyada
mayın ikinci bazar gününə təsadüf edir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də,
Fransa və İsveçdə mayın
sonuncu bazar günündə təbrik
edirlər. Serbiyada isə
analar günü tamamilə fərqli şəkildə qarşılanır.
Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə səhər tezdən uşaqlar analarının
yatağına yaxınlaşıb
onu çarpayıya “bağlayırlar”. Ana “əsirlik”dən
qurtulmaq üçün
bir gün əvvəldən balışının
altında hazır qoyduğu hədiyyələri
balaca “quldurlar”a verməli olur...
Son olaraq yenə
tarixə qayıdaq. 8 martdan öncə 7 martda Aleksandr Bell telefonu ixtira etdi (1876), bir gün sonra - 9 mart 1842-ci ildə Cüzeppe Verdinin “Nabucco” əsəri Milanda səhnəyə qoyuldu.
Bunlar həm də qadın gözəlliyi və məhəbbət haqqında ən yaxşı əsərlərdəndir.
2004-cü
ilin bu günü
İstanbulda baş verən hüznlü bir hadisə ilə yadda qalıb - bir kafeyə hücum nəticəsində beş nəfər həyatını itirib və o gündən beş kişinin anası ağlar qalıb.
Bizim Xocalıda, Şuşada ağlar qalan analarımız kimi...
İndi analarımıza bir zəng, bir də bir qələbə
lazımdır - Ağdamda,
Kəlbəcərdə və
digər işğal olunmuş ərazilərimizdə.
O, bu bayram günündə
verəcəyimiz hər
cür hədiyyədən
qiymətli və dəyərlidir...
Bir də xatırlayırsınızmı Şuşanın, Xankəndinin
arxasından bizə baxan qızları? Namusuna, ismətinə
sığınan o qızlar
bizi gözləyə-gözləyə
dönüb dağ oldular. Adına Qırxqız deyirik.
O dağ və o dağa sığınan qızlar bizdən illərdir qələbə
ətirli güllər
gözləyirlər.
Bəxtiyar QARACA,
Azərbaycan.-2015.- 8 mart.- S.4.