Azərbaycan səhnəsinin
ilk balerinası
Almaszadə Qəmər-100
İncəsənətin ən qədim növlərindən
olan rəqsin tarixini insanın torpaq üstündə ilk
addımlarını atdığı gündən hesablayanlar
yəqin ki, yanılmırlar. Azərbaycan rəqsləri
də xalqımızın xarakterinə, mentalitetinə, tarixinə
uyğun olaraq çox qədimlərdən üzübəri
formalaşaraq, təkmilləşə-təkmilləşə,
cilalana-cilalana gəlib. Hələ Qobustan
qayalarında əksini tapan həmin rəqslər ötən əsrdə
öz inkişaf formalarının birində - baletdə də
yüksək zirvəyə çatıb.
“Balet” deyəndə, onun Azərbaycanda inkişaf tarixindən
danışanda bu sahəyə ilk imza atmış bir sıra
sənətkarlar yada düşür ki, Qəmər xanım
Almaszadə də onların birinciləri cərgəsindədir. SSRİ xalq artisti, dövlət
mükafatı laureatı, görkəmli xoreoqraf, balet
ustasının yaradıcılığı, Azərbaycan incəsənətinin
inkişafındakı rolu qısaca belə xarakterizə
edilir: “Qəmər Almaszadə Azərbaycanın musiqi mədəniyyətində
yeni bir janrın meydana çıxmasına güclü təkan
vermiş, Azərbaycan qadınlarının XX əsrdə incəsənət
sahəsindəki uğurlarının təməlini
qoymuşdur. Milli baletin təşəkkülündə
böyük rol oynamış, Azərbaycan balet məktəbinin
yaradıcılarından olmuşdur”.
İfa etdiyi partiyalar tariximizdə sənət inciləri
kimi qalmış bu virtuoz balerinanı yaxından tanımaq və
tanıtmaq həmişə borcumuzdur. Onun
yaradıcılığı dərindən
araşdırılmalı, tədqiq və geniş təbliğ
olunmalıdır.
...Bir əsr
bundan əvvəl Novruz əhval-ruhiyyəli günlərin
birində - 1915-ci il martın 10-da
Bakının mərkəzində yaşayan gənc ailənin
ilk övladı anadan olur. Vidadi küçəsindəki
112 nömrəli evdə dünyaya göz açan bu qız
uşağını görənlər deyirdi ki, körpə
sanki bir ay parçasıdır. Adını
da bu bənzəyişdən alır. Atası
Hacıağa kişi qızına Qəmər
adını verir.
Onda hələ
heç kəsin ağlına belə gəlməzdi ki, bu
gözəl qız ölkənin mədəniyyət və
incəsənət tarixində böyük bir yeniliyə imza
atacaq: Azərbaycanın ilk balerinası olacaq...
Kiçik Qəmərin ayağı sayalı olur. Ondan sonra ailənin daha
üç övladı dünyaya gəlir: Adilə, Ənvər
və Əkbər.
Xoşbəxt böyüyürdülər. Ticarətlə
məşğul olan Hacıağanın elə
yaşadığı küçə boyu bir sıra
ayaqqabı dükanları vardı. Uşaqların
anası Məryəm xanım isə həkim idi. Odur ki, ailənin heç bir maddi çətinliyi
yox idi. Uşaqlar boş vaxtlarında məhəllədəki
yaşıdları ilə oynayır, dostluq edirdilər.
Qəmər ən çox Şura Stepanova adlı bir rus
qızı ilə ünsiyyət saxlayırdı. Günlərin
birində rəfiqəsindən aldığı xəbər
Qəmərin həyatında həlledici hadisə olur. O
dövrdə Bakıda şəxsi bir balet studiyası
yaradılmışdı. Sonralar həmin studiya
Bakı Xoreoqrafiya Məktəbinə çevrilir. Onu təşkil edənlər də, orada məşğul
olan uşaqlar da digər millətlərin nümayəndələri
idi. Qəmərin həmin uşaqlıq rəfiqəsi
Şura da o studiyanın üzvü idi.
Bir gün qızlar studiyaya birlikdə gedirlər. Məktəbin
sahibi gözlənilmədən qızın soyadını
soruşur. “Almaszadə” sözünü
eşidən kimi onu dərhal üzvlərin siyahısına
yazır. Bunun səbəbini o zaman
heç kəs anlamır. Əslində isə
Qəməri azərbaycanlı olduğu üçün qəbul
etmişdilər. Həmin insanlar çox
istəyirdilər ki, buraya azərbaycanlı uşaqlar da gəlsinlər.
Beləliklə, Azərbaycan mədəniyyətinin, incəsənətinin
yeni bir səhifəsi yazılmağa başlayır. Azərbaycanın ilk
balerinasının karyerasına start verilir.
1926-cı ildə balet studiyasının yetirmələri
opera teatrının səhnəsində L.Delibin “Koppeliya” əsərində
oynayırdılar. Qəmər də burada iştirak etdiyindən
Məryəm xanım balaca oğlu Ənvəri də
götürüb qızının
çıxışına baxmaq üçün teatra gəlir.
İkinci hissə başlanarkən pərdə
açılanda Ənvər səhnədə
düzülmüş kuklaların arasında
bacısını görüb qışqırır. Salonda hay-küy qalxır.
Çəhrayıpaltarlı “kukla” səhnədə irəli
yeriyərək qardaşını sakit olmağa
çağırır. Bu an Qəmərin anasını və
qardaşını tamaşa salonundan çıxarırlar. Onun özünü isə tamaşadan sonra tənbeh
edirlər.
Sonralar Qəmərgil bu əhvalatı lətifə kimi
danışır, gülürdülər. Amma bu
tamaşanın gətirdiyi qanqaraçılıq daha
böyük olur. Belə ki, “Koppeliya”dan sonra
Hacıağa kişi qızının
gizli məşğuliyyətindən xəbər tutur və
“tufan qoparır”.
Qəmər
xanım həmin günləri belə xatırlayırdı:
“Atam baletlə məşğul olduğumu və səhnəyə
çıxdığımı biləndə qəzəbindən
evdə hər şeyi sındırıb dağıtmağa
başladı. Mən qorxumdan gizlənmişdim.
O, məni tapanda üstümə yeriyib qışqıraraq
deyirdi: “Səni öldürəcəyəm. Ay qız, sən
dəli olmusan? Məşədi Hacağanın
qızı... açıq camaatın qarşısına
çıxır. Bu nə deməkdir?
Öldürəcəyəm səni”.
Atasının əlindən qurtulan Qəmər bir
neçə gün studiyaya getmir. Anası böyük
çətinliklə atasını yola gətirməyə
çalışır. Nəhayət, kişi
Qəmərin studiyaya getməsinə icazə verir. Ancaq bir
şərtlə: səhnəyə çıxmaq olmaz!
Lakin sənət sevgisi heç bir qadağaları qəbul
etmir. 1930-cu ildə Qəmər balet studiyasını bitirərək
opera teatrına işə qəbul olunur. Atasının
arzusunu yerinə yetirərək pedaqoji texnikumda təhsil alsa
da, opera teatrında çalışır, peşəkarlığını
artırır, yaradıcılığını təkmilləşdirirdi.
Lakin qəlbindəki qorxu hissi onu rahat buraxmırdı: “Hər
dəfə səhnəyə çıxandan sonra evə
qorxa-qorxa, ehtiyatla gedirdim. Atamın qəzəbindən
çəkinirdim. Bilirdim ki, nə qədər
gizlətsəm də, əvvəl-axır o, səhnəyə
çıxmağımdan xəbər tutacaq. Həmin dəhşətli anın qorxusu, həyəcanı
məni rahat buraxmırdı”.
Lakin günlərin birində tamaşaya hazırlaşan
balerinaya atasının artıq salonda olduğunu xəbər
verirlər.
O, əvvəlcə çox narahat olur, buna baxmayaraq,
çıxışını müvəffəqiyyətlə
başa çatdırır. Həmin gün və ondan sonra da
dəfələrlə Qəmərin
çıxışlarına baxan atası ona bu barədə
bir kəlmə də demir. Əslində,
heç sözə də ehtiyac yox idi. Hərəkətlərindən,
baxışlarından məmnun olduğu aydın duyulurdu.
Qızının çıxışından razı
qalmışdı...
Qəmər Almaszadənin peşəkar səhnəyə
qədəm qoyduğu dövr çox çətin idi. O vaxt Azərbaycan
qadını hələ çadra altında gəzirdi,
heç bir hüquqa malik deyildi, səhnədə qadın
rollarını kişilər ifa edirdi. Məhz
belə bir dövrdə böyük səhnəyə gəlib
kütləvi tamaşalarda oynamaq, rəqsləri ifa etmək
böyük cəsarət idi. O özü də fərqinə
varmadan cəmiyyətin heç cür qəbul edə bilmədiyi
bir addımı atırdı. Bütün
birincilər kimi mümkünsüz olanın
mümkünlüyünü sübut edir, yol
açırdı. Bununla da çətin
sınaqlardan keçirdi.
Dahi Üzeyir bəy Hacıbəyli Qəmərin
istedadını görür, dəyərləndirir, gələcəyinə
ümid bəsləyirdi. Böyük bəstəkar onu doğma
övladı kimi sevirdi. Qeyd edək ki,
atası Hacıağanın sonralar qızının sənət
yoluna sədd çəkməməsinin bir səbəbi də
böyük Üzeyir bəyin ona bu münasibəti idi.
1932-ci ildə Qəmərin peşəkar balet təhsili
almaq üçün Moskvaya göndərilməsi də
Üzeyir bəyin təşəbbüsü idi. Qəmər
orada Böyük Teatrın nəzdindəki balet məktəbində
oxuyur. SSRİ-nin Leontyeva, Çekrigin, Monaxov kimi balet
ustalarından dərs alır.
Həmin il Bakıda Qlierin “Şahsənəm”
operası yenidən səhnəyə qoyulmağa
hazırlanırdı. 1927-ci ildə dramaturq
Qalperinin librettosu əsasında yazılan və birinci dəfə
tamaşaya qoyulan əsər uğur qazana bilməmişdi.
Bu dəfə libretto dramaturq Cəfər
Cabbarlıya tapşırılır. Moskva
Konservatoriyasının dirijorluq fakültəsində təhsil
alan Əfrasiyab Bədəlbəyli yeni
tamaşa ilə bağlı Bakıya
çağırılır. Əsərdəki
“Vakxanalıya” və fars rəqslərini
yalnız Qəmər Almaszadənin məharətlə
oynayacağı fikri ortaya atılır. Beləliklə,
Qəmər də Moskvadan geriyə dönməli olur.
Təhsilinin yarımçıq qalması Qəmərin
heç ürəyincə olmur. Odur ki, 1933-cü ildə
yenidən Azərbaycanı tərk edir. Bu
dəfə Sankt-Peterburqa üz tutur. Buradakı
məşhur xoreoqrafiya məktəbində təhsil alır.
Mariya Romanova-Ulyanovanın sinfində oxuyur.
Tələbəsinin istedadına valeh olan Mariya
Fyodorovna ona fərdi şəkildə dərslər keçməyə
başlayır.
Qəmər Almaszadə 1936-cı ildə Bakıya yeni
bilik və arzularla qayıdır. Həmin il
Üzeyir bəy filarmoniyanın nəzdində təşkil
etdiyi Azərbaycan Xalq Rəqsləri Ansamblına Qəməri
bədii rəhbər seçir. Üzeyir bəyin
göstərişi ilə ansamblın nəzdində ekspedisiya
qrupları yaradılır. Bu
ekspedisiyanın tərkibində Qəmər xanım bölgələrdə
xalq rəqslərini toplayır.
Qəmər Almaszadənin sonrakı həyatı
ansamblla yanaşı, həm də Opera və Balet Teatrı,
eləcə də Bakı Xoreoqrafiya Məktəbi ilə
bağlı olur.
Mariya,
Esmiralda, Tao-Xao, Medora, Raymonda, Gülyanaq, Maşa, Gülşən...
Bu adlar Qəmərin obrazlar qalereyasını hələ
tam əks etdirmir. Onun səhnəmizdə
dünya və Azərbaycan klassiklərinin şah əsərlərində
canlandırdığı rəhgarəng, dolğun obrazlar həm
özünə, həm də incəsənətimizə
şöhrət gətirir.
Üzeyir bəyin 1937-ci ildə tamaşaya qoyulmuş
“Koroğlu” operasında rəqslərə xeyli yer
verilmişdi.
Bu rəqslər hətta Moskva
tamaşaçılarını da valeh etmişdi. Burada Qəmər xanımın rəqsi incə
duyğularla, milli üslubla fərqlənirdi. Xalq artisti
V.Davidova sanki bütün tamaşaçıların fikrini
ifadə edərək yazmışdı: “Prima-balerina Qəmər
Almaszadə tamamilə müstəsna bir təzahürdür.
O, nağıllarda olduğu kimi rəqs edir. Onu
görmək lazımdır. Çünki
onun bütün rəqs sənətkarlığını
sözlə ifadə etmək mümkünsüzdür”.
Sankt-Peterburq
Teatr Sənəti Akademiyasının məzunu, beynəlxalq
müsabiqələr laureatı Tahir Eynullayev balerinanın
R.Çaykovskinin “Qu gölü” əsərində
yaratdığı obrazları belə səciyyələndirir:
“Öz istedadının mahiyyəti baxımından Qəmər
Almaszadəyə Odetta obrazı daha yaxındır. Bu partiyada ifası təbiidir. Balerina
Odiliyanın da cizgilərini tapa bilmişdi. Şər dühanın qızı onun ifasında
şux bir sevinc içərisindədir. Onun
məkri gülüşün, fərəhin, məftun etmənin
stixiyasında, virtuoz variasiyasında duyulan şərdən
aldığı həzz və ləzzətlə
açılır”.
Həmin
illərdə Qəmər klassik baletdən milli “Qız
qalası”, “Gülşən”, “Yeddi gözəl”
tamaşalarına doğru uğurlu bir yol gəlirdi. Şöhrəti günbəgün artırdı.
1940-cı ildə bəstəkar Əfrasiyab Bədəlbəyli
və balerina Qəmər Almaszadə sanki Azərbaycan baletinin
təməl daşını qoyurlar. Ə.Bədəlbəyli
“Qız qalası” baletini yaradır və onu sevimli
xanımı Qəmər Almaszadəyə həsr edir. Qəmər xanım buradakı Gülyanaq rolunu qeyri-adi
bir məharətlə oynayır. Beləliklə,
Azərbaycan balet məktəbinin əsası bu iki
böyük istedadın sənət eşqindən, həyat
sevgisindən qaynaqlanaraq yaranır.
T.Eynullayev
bu əsər haqqında yazır: “Qız qalası” ilə Azərbaycan
balet sənətinin şərəfli səhifəsi
açılır. Balerina öz qəhrəmanının
daxili aləmini son dərəcə incəliklə
açır. Başlanğıcda bu dəcəl
və şən, demək olar, yeniyetmə bir
qızcığazdır. Onun kövrək
utancaqlığı və saf işvəsi Poladla
görüşündəki lirik-oynaq rəqslərdə
açıq duyulur. Toy zamanı onun
işıqlı sevinc hissləri ilə dolu cazibəsi və
mənəvi gözəlliyi nə qədər saf və təmizdir.
Bu xoş anlarda qəfildən Cahangir xan peyda
olur. O gəlib ki, qəşəng qızları öz hərəmxanasına
aparsın. Hökmdarın nəzəri
Gülyanağın üzərində dayanır. Onu özünə almaq istəyirdi. Sonluq, aydınlaşma sürətlə
yaxınlaşır. Onun tragizmi həm mənəvi
qüvvə, həm də ümidsizliklə şərtlənib.
Gülyanaq intihar etməyi qəti qərara
alıb və qapının arxasından asta addımları
eşidib özünü dənizə atır, amma xəbəri
olmur ki, bu, Polad idi. Onun yanına tələsirdi...”
Beləliklə,
1940-cı il aprelin 18-də premyerası
keçirilən “Qız qalası” Azərbaycanın ilk milli
baleti olur. Bu, məzmunu Azərbaycanın
keçmişindən bəhs edən bir balet idi. Lakin o, çox müasir və yeni idi, çünki
təzəcə “doğulmuşdu”. Azərbaycan
incəsənətinə yenilik gətirmişdi. Daha bir önəmli fakt isə o idi ki, burada baş qəhrəman
olan qadının obrazını azərbaycanlı qız - Azərbaycanın
ilk balerinası Qəmər xanım Almaszadə
oynayırdı. Özü də çox
məharətlə oynayırdı. Dahi Üzeyir bəyin
dediyi kimi: “Qəmər Almaszadə öz ifasında müasir
xoreoqrafiya sənətinin texnikasını xalq rəqs
yaradıcılığı ilə uğurla birləşdirə
bilib... Onun yaratdığı obraz
inandırıcı və məqsədyönlüdür.
O, azərbaycanlı qadının faciəsinin təcəssümü
olmaqla uzaq fərəhsiz keçmişi özündə
xatırladaraq bizi həyəcanlandırır”.
Qəmər Almaszadə bir çox operalarda da rəqslər
ifa edib. Bunlar həm xarici, həm də Azərbaycan bəstəkarlarının
operalarıdır. Qəmər xanım
tamaşaçıları S.Qunonun “Faust”, M.Musorqskinin “Boris
Oodunov”, A.Borodinin “Knyaz İqor”, C.Verdinin “Aida”, R.Qlierin
“Şahsənəm” operalarında öz rəqsləri ilə
dönə-dönə valeh etmişdi. Üzeyir bəy
Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”,
Müslüm Maqomayevin “Şah İsmayıl”
operalarının tamaşaçıları bu əsərlərin
digər məziyyətləri ilə yanaşı, uzun müddət
Qəmərin mələkvari süzməsini də unuda
bilmirdilər.
1959-cu ildə Qəmər xanım Cahangir Cahangirovun “Məhsul”
süitasının solo hissəsini Moskvada, Böyük
Teatrın səhnəsində ifa edir. Bu, Qəmər Almaszadənin
səhnədə son çıxışı olur. Qeyd
edək ki, həmin il sənətkar
SSRİ xalq artisti adına layiq görülür.
Qəmər Almaszadə gözəl pedaqoq idi. İlk rəqs
dərslərini ötən əsrin 30-cu illərində
Bakı Xoreoqrafiya Məktəbində keçən Qəmər
xanım ahıl yaşlarına, yəni gücü
çatıb qüvvəsi yetənə qədər sevimli sənətini
gənclərə öyrədib. Onun
müəllim missiyası təkcə məktəb
divarları çərçivəsində deyil, hər yerdə
özünü göstərirdi. O, uzun illər milli
kadrların hazırlanması üçün böyük əmək
sərf etmişdi. Azərbaycan balet sənətinin
sirlərini gənc nəslə öyrətmək sahəsində
gərgin fəaliyyət göstərmişdir. Uzun illər Bakı Xoreoqrafiya Məktəbinə rəhbərlik
etmişdir. Onun yetirmələri - görkəmli balet
ustaları Leyla Vəkilova, Nailə Nəzirova, Vera Tsiqnadze, Rəfiqə
Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, Tamilla Məmmədova,
Olqa Arifulina, Olqa Pavlova və başqaları sənət aləmində
şöhrət qazanmış, özləri də sənətin
inkişafına töhfələr vermişlər.
Qəmər xanım Azərbaycanı, Azərbaycan incəsənətini
ölkəmizin hüdudlarından kənarda həmişə
layiqincə təmsil edib. O, Fransada, Hindistanda, Nepalda, keçmiş
SSRİ məkanının müxtəlif şəhərlərində
uğurlu çıxışları ilə yaddaşlarda
qalıb. Həmişə də
alqışlarla qarşılanıb, sənəti yüksək
dəyərləndirilib.
1970-ci ildə İraqın Mədəniyyət Nazirliyi
orada ilk milli rəqs ansamblını yaratmaq üçün Qəmər
xanımı Bağdad şəhərinə dəvət edir. Cəmi iki il
ərzində İraqda çox gözəl bir rəqs
kollektivinin yaranması böyük sənətkarın gərgin
əməyinin bəhrəsi olur. Təsadüfi
deyil ki, ansambl tək İraqda deyil, onun hüdudlarından kənarda
da şöhrət qazanır. Bunun bir səbəbi
Qəmər xanımın İraqda da milli rəqsləri
öyrənməsi, toplaması və böyük səhnəyə
gətirməsidir. Kollektiv dünyanın
50-dən çox ölkəsində uğurlu qastrol səfərlərində
olur, beynəlxalq rəqs festivallarında iştirak edir və
qələbələr qazanır. İraq
xalqı bu xidmətlərinə görə Qəmər
xanıma minnətdar duyğularını hələ də
yaşadır.
Səhnə fəaliyyətini dayandırandan sonra
Q.Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında baş baletmeyster, balet truppasının bədii rəhbəri,
quruluşçu baletmeyster vəzifələrində
çalışır. Onun quruluş verdiyi əsərlərdən bir neçəsinin
adını çəkmək kifayətdir: “Yeddi gözəl”
(1952), “Qırmızı lalə” (1954), “Yatmış gözəl”
(1955), “Laurensiya” (1956), B.Asafyevin “Baxçasaray fontanı”
(1951), F.Əmirovun “Şur” (1968). Sonrakı illərdə isə
o, “Qızıl açar”, “Qaraca qız”, “Qu gölü”, “Don
Kixot” və neçə-neçə digər əsərə
quruluş verir.
Qəmər xanımın rəqsləri bir sıra filmlərdə
də əbədiləşib.
Görkəmli
incəsənət xadiminin həyatında məhrumiyyətlər,
acınacaqlı hadisələr də az
olmamışdı. Bu istedadlı və gözəl
xanımı ömrü boyu sevinc, şöhrət, bəxtiyarlıqla
yanaşı, şəxsi həyatının bir sıra
uğursuzluqları, acıları da müşayiət
etmişdi. Hələ gənc ikən
seçdiyi sənət qohum-əqrəbasını çox
hiddətləndirmiş, ona ciddi təzyiqlər göstərilmişdi.
Hətta bir dəfə küçədə
gedərkən ona atəş açmış,
ayağından yaralamışdılar. Yəqin bir daha rəqs
etməməsinə qərar vermək üçün...
İradə, sənət sevgisi və bir də qismət,
şans ona yenidən səhnəyə dönmək səadətini
nəsib etdi.
Günlərin birində gənc bəstəkar
Əfrasiyab Bədəlbəylinin anası Rəhilə
xanımın onların evinə elçiliyə gəlməsi
ilə ailənin, qohum-əqrəbanın
narahatlıqlarına son qoyulur. Beləliklə, gənc, az qala yeniyetmə Qəmər ailə həyatı
qurub ömrünün ən şirin, ən bəxtəvər
çağlarını yaşayır. İki istedadlı
yaradıcı gənc həm həyatda, həm də sənətdə
birlikdə idilər, sanki bir-birindən ayrılmaz idilər,
ortaq düşüncələri, istəkləri vardı...
Lakin tale,
qismət, alın yazısı deyilən bir məsəl də
var: “Gör fələk nə sayır”. Görünür,
bu sözü də xalq əsrlər boyu sınaqdan
keçirib. Uzun illər - 15 illik ailə həyatından
sonra bu sevimli cütlük ayrılmalı olur, çünki
taledən onlara övlad qisməti düşmür. Deyilənlərə
görə, ayrılmaq qərarını Qəmər
xanım özü verir ki, həyatda və sənətdə əziz
dostu olan insan övladsız qalmasın... Onların
sənət bağlılıqları isə illərlə
davam edir.
Sevimli qardaşı Əkbəri gənc ikən itirməsi
də Qəmərin həyatda aldığı ən
böyük mənəvi zərbələrdən olmuşdu. Belə ki,
Böyük Vətən müharibəsi başlananda Əkbər
də birincilər sırasında cəbhəyə
getmişdi. Qəmər xanım onun hər
məktubunu ürək çırpıntıları ilə
gözləyirdi. Çox çəkmir
ki, qardaşının məktublarının arası kəsilir.
Bir gün isə onun “qara kağız”ı gəlir...
Lakin dərd
bununla bitsə, nə var idi ki?.. Böyük bacısının yolunu davam etdirən
Adilə də dünyasını dəyişir. Leninqrada (Sankt-Peterburq) təhsil almağa getmişdi.
Bu şəhərin rütubətli havası gənc
qıza düşmür və o, vərəm xəstəliyinə
tutulur. Adilənin xilası mümkün
olmur. Beləliklə, Qəmər həm
sevimli bacısını, həm də ilk
ardıcılını itirir. On ay sonra
anası Məryəm xanım maşın qəzasında həlak
olur. Qəmər bir-birinin ardınca gələn
itkilərin yükünü çəkmək
üçün iradəsini köməyə
çağırır. Bu dərdlərə
dözüb yaşamaq naminə təsəllisini də sənətdə
axtarır, ondan möhkəm yapışır.
Qardaşı Ənvər yaxşı rəssam idi. Opera və
Balet Teatrında quruluşçu rəssam işləyirdi.
Bu sənətə sevgini ona bibisinin həyat
yoldaşı Əzim Əzimzadə
aşılamışdı. O da teatr sənətinə
bağlı idi. Qəmərin bu qardaşı
da ilk bəxtindən yarımamışdı. Balerina Leyla Vəkilova ilə ailə qurmuşdu.
Bir-birlərini çox sevirdilər. Amma
Leyla ilə Ənvərin evliliyi cəmi bircə il çəkir. Xasiyyətləri
tutmur, ona görə də ayrılırlar. İkinci evliliyi Ənvərə səadət gətirir.
Onların yeganə övladları dünyaya gələndə
ailənin sevincinin həddi-hüdudu yerə-göyə
sığmır. Çingiz təkcə
Ənvərə deyil, Qəmər xanıma da oğul olur.
Mənən güclü həyatsevər bir insan idi Qəmər
Almaszadə.
O, daim irəliyə baxır, irəliyə doğru gedirdi. İctimai işlərdə fəal iştirak etməsi
də bundan qaynaqlanırdı. Q.Almaszadə
respublika Ali Sovetinin deputatı olmuşdu.
İstər sovet dönəmində, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət onun əməyini yüksək qiymətləndirmişdir. O, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti ongünlüyündə iştirakına görə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görüldü. 1940-cı ildə Azərbaycanın əməkdar, üç ildən sonra xalq artisti, 1959-cu ildə SSRİ xalq artisti fəxri adlarını aldı. 1952-ci ildə Soltan Hacıbəyovun “Gülşən” baletinə verdiyi quruluş ona SSRİ-nin Dövlət mükafatını qazandırdı.
Qəmər xanım ömrünün ahıl çağını müstəqillik qazanmış Azərbaycanda yaşadı. Bu dövrdə dövlət onu unutmadı, diqqət və qayğısını əsirgəmədi. Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görüldü. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il tarixli sərəncamı ilə ona fərdi təqaüd verildi.
Həyat heç zaman Qəmər xanımın gözlərində öz gözəlliyini, təravətini, cazibəsini itirmədi. Ömrü boyu ona şan, şöhrət, uğur, nailiyyət, pərəstiş, sonsuz sevgi gətirdi. Böyük sənətkar, virtuoz balerina 2006-cı il aprelin 7-də 91 yaşında dünyasını dəyişdi.
Qəmər Almaszadə yaşlı nəslə mənsub olan tamaşaçıların yaddaşında təkrarsız, bənzərsiz bir rəqqasə - balerina kimi qalıb. Yeni nəsillər üçün isə o, tarixdir. Elə bir tarix ki, gənclər oradan onun milli rəqslərin mahir ifaçısı, klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətini yarada bilmiş obraz olduğunu öyrənirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin görkəmli balerinanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamında da onun yüksək sənətkarlıq xüsusiyyətləri qeyd edilib. Sənəddə həmçinin Qəmər Almaszadənin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılan bir çox əsərlərə məharətlə quruluş verdiyi, milli kadrların hazırlanması sahəsində fəaliyyətinin təqdirəlayiq olduğu göstərilib.
Qəmər xanımın balet səhnəsini tərk etdiyi gündən onilliklər ötüb. On ilə yaxındır özü də artıq həyatda yoxdur. Amma Azərbaycan səhnəsi var, Azərbaycan bəstəkarlarının vaxtilə yaratdıqları və günümüzdə yazdıqları yeni balet əsərləri, onlarda oynayan balerinaların yeni-yeni nəsilləri var. Bu gün Azərbaycan səhnəsində qu quşu kimi süzən və incəsənətimizi yaxın-uzaq ellərdə layiqincə təmsil edən həmin qızların çoxu Qəmər Almaszadəni heç görməyib. Amma hər birini Qəmər Almaszadənin xeyir-duası müşayiət edir. Onlar Qəmər sevgisi ilə pərvazlanır, onun sənətini yaşadır, yolunu davam etdirirlər.
İradə ƏLİYEVA,
Azərbaycan.-2015.- 8 mart.- S.5.