Səhnə sənətinin şərəfli
yolu
10 mart Milli Teatr Günüdür
Teatra getmək, baxmaq, tamaşa haqqında düşünmək olduqca maraqlıdır. Vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənasını verən teatr tezliklə bütün dünyaya yayıldı. Yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar.
Teatr sonralar qədim Romada, Şərq ölkələrində - Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi.
Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk teatr konqresi toplandı. Orada belə qərara gəldilər ki, həmin gün Beynəlxalq Teatr Günü kimi qeyd olunsun. Təsadüf olsa da, Beynəlxalq Teatr Günü ilə Azərbaycan Milli Teatr Gününün mart ayına düşməsi olduqca maraqlıdır. Uzun illər teatrsevərlər 10 martı Azərbaycanın teatr günü kimi qeyd ediblər. Milli Teatr Gününün təsis edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixdə imzaladığı sərəncam, sözün əsl mənasında, teatrsevərlərə bir töhfədir.
Əsrlərdir ki, həyat hadisələrinin bədii ifadəsi olduğunu təsdiqləyən səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablanır. Bünövrəsi hələ meydan tamaşalarından qoyulan və bu günə qədər gəlib çıxmış bir sıra folklor nümunələri (“Maraloyunu”, “Zopu-zopu”, yaxud “Kilimarası”, eləcə də Novruz bayramı şənliklərində göstərilən “Kosa-kosa”, “Qodu-qodu”, həmçinin digər tamaşa və məzhəkələr) var ki, onlar səhnə sənətinin rüşeymləri sayılıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı fikirləri olduqca maraqlı idi: “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”.
Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarların fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla insanın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, adətləri, inamları, idealları, arzu və istəkləri M.F.Axundzadə, S.S.Axundov, N.B.Vəzirov, Ə.B.Haqverdiyev, eləcə də S.Ruhulla, H.Sarabski, H.Ərəblinski, M.A.Əliyev, C.Zeynalov, M.Davudova, M.Sənani, F.Qədri, M.Kələntərli, İ.Osmanlı, A.Gəraybəyli, R.Əfqanlı, L.Abdullayev, B.Səfəroğlu, Y.Vəliyev, B.Şəkinskaya, C.Cəfərov, S.Rzayev, L.Bədirbəyli, H.Qurbanova, H.Turabov, N.Məlikova və digər sənətkarların yaradıcılığında təcəssüm etdirilib. Mənbələrdə göstərildiyi kimi, şərəfli və keşməkeşli tarix yaşamış Azərbaycan milli teatrı müxtəlif siyasi, ədəbi-bədii mərhələlərdən keçib. Bu gün də səhnə fədailəri eyni həvəs və məhəbbətlərini əsirgəmirlər.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, respublikanın xalq artisti Azərpaşa Nemətov da söhbətə məhz milli teatrımızın keçdiyi şərəfli yola nəzər salmaqla başladı: “M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyaları ilə səhnə pərdələrini geniş tamaşaçı üzünə açan Azərbaycan teatrı qarşısına qoyduğu məqsədə çatmaq üçün heç də hamar olmayan yollar keçib, siyasi cərəyanların bir-birini əvəz etməsindən meydana çıxan məşəqqətləri də yaşayıb. Lakin xalqımızın mədəniyyət, o cümlədən milli teatr tarixindən görünür ki, tamaşaçı məhəbbəti, sənətə bağlılıq qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmaqla həyat hadisələrini səhnəyə daha böyük sevgi və şövqlə gətirib”.
Həmsöhbətim bildirir ki, H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realnı məktəbin şagirdləri tərəfindən göstərilən ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün mühüm təkan olmuşdu. Qabaqcıl Azərbaycan ziyalıları, Qori Müəllimlər Seminariyasını bitirənlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları hazırlayır, eyni zamanda aktyor kimi çıxış edirdilər: “Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundzadənin komediyalarını (“Xırs quldurbasan”, “Müsyö Jordan və dərviş Məstəli şah”) oynayırdılar.
1876-cı ildən M.F.Axundzadənin komediyaları Tiflisdə də Azərbaycan dilində oynanılır. Qabaqcıl ziyalılardan bir sıra komediyalar müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti xüsusi qeyd olunmalıdır”.
XIX əsrin 70-80-ci illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən səhnə sənəti həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında toplaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır. Demək olar ki, bu da sözün əsl mənasında müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirib truppa halına salırlar. Bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlayır.
1890-cı illərdən başlayaraq Nəriman Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam istiqamətdə, yəni milli zəmində inkişaf etməsində, səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və bundan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.
1896-cı ildə H.Zərdabi
Bakıda “Birinci müsəlman dram truppası”
adlı ilk professional teatr
kollektivini təşkil
edir. 1897-ci ildə Bakıda ilk dəfə “Artistlər ittifaqı” yaradılır. İnqilabaqədərki
Azərbaycan teatrının
repertuarı milli dramaturqların - M.F.Axundzadə,
N.Vəzirov, N.Nərimanov,
Ə.Haqverdiyev, C.Məmmədquluzadə
və başqalarının
pyeslərindən tərtib
olunur, həmçinin
rus (N.V.Qoqol, İ.S.Turgenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı
ilk illərdən maarifçilik
və demokratik ideyalara sadiq idi. M.F.Axundzadənin
komediyaları ilə yanaşı, N.Vəzirovun
“Müsibəti-Fəxrəddin”, “Yağışdan çıxdıq,
yağmura düşdük”,
Ə.Haqverdiyevin “Dağılan
tifaq”, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, N.Nərimanovun “Nadanlıq”, “Nadir şah” pyeslərində feodal adətlər, quruluşun
zülm və despotizmi, cəhalətpərəstlik
ifşa olunur.
1906-cı ildə Bakıda
“Müsəlman dram artistləri”
adlı şirkət yaradılır. Şirkətə məşhur teatr
xadimi C.Zeynalov rəhbərlik edir. Təqiblərə, maddi çətinliklərə
baxmayaraq, şirkət
arası kəsilmədən
tamaşalar verir, repertuarını genişləndirir.
Həmin
illərdə Bakının
fəhlə rayonlarında
tamaşalar göstərən
dram dərnəkləri və
teatr truppaları (“Balaxanı dram dərnəyi”,
“Həmiyyət”) təşkil
edilir. “Təkamül”
qəzeti yanında yaradılmış “Həmiyyət”
truppasının heyətində
onun bilavasitə təşkilatçısı M.A.Əliyevdən
başqa Ə.Rzayev, C.Hacınski və başqaları olub. Truppanın üzvləri həm tamaşa hazırlayır,
həm də tamaşaçı yığırlar.
Yaxşı bina kirayələməyə
vəsait olmadığından
tamaşalar ticarət
passajının “Qranvio”
adlı salonunda göstərilir. 1905-ci il inqilabından sonra Bakıda bir sıra cəmiyyətlər
yaradılmasına icazə
verilir, əvvəllər
gizli fəaliyyət göstərənlər isə
üzə çıxır.
Bunlardan biri də “Nicat”
Mədəni-Maarif Cəmiyyəti
idi. 1907-ci ildə bu cəmiyyətin
yanında teatr truppasının təşkil
edilməsi həmin dövr teatr həyatında mühüm
rol oynayıb. 1908-ci ildə “Nicat”
cəmiyyəti yanında
H.Ərəblinski, S.Ruhulla,
Ə.Vəli kimi
professional aktyorları birləşdirən
vahid dram truppası yaradılır, onun daimi qarderobu, rekviziti var idi.
Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamaşalar verirdi. Ə.Haqverdiyevin
“Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, N.Nərimanovun “Nadir şah”,
F.Şillerin “Qaçaqlar”,
H.Heynenin “Əlmənsur”,
V.Şekspirin “Otello”, J.B.Molyerin “Zorən təbib”, N.V.Qoqolun “Müfəttiş”, “Evlənmə”,
L.N.Tolstoyun “Əvvəlinci
şərabçı” pyesləri
məhz o dövrdə
Azərbaycan teatrının
repertuarında mühüm
yer tutur.
Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi
dəyərlərinin qorunmasında,
təbliğində, estetik
zövqünün formalaşmasında,
maarifləndirmənin sürətləndirilməsində
mütərəqqi ideyaların
carçısına çevrildi.
Mədəniyyət tarixinin parlaq səhifələrini şərəflə
yazan milli teatr dövlət müstəqilliyinin bərpasından
sonra özünün
yeni inkişaf mərhələsinə qədəm
qoydu. İllərdən bəri baxımsızlıq
üzündən öz
simasını dəyişmiş
teatr binalarının
bərpası ilə yanaşı, yaradıcı
kollektivlərə diqqət
və qayğı öz bəhrəsini göstərdi. Respublikada olan
27 dövlət, həmçinin
bələdiyyə, uşaq
və özəl teatrların səmərəli
fəaliyyətini təmin
etmək məqsədilə
onlara hər cür yardım edilir.
“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 19 fevral 2007-ci il
tarixli sərəncamında
milli mədəniyyətimizin
inkişafında böyük
rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi
və yaradıcılıq
potensialının yaxşılaşdırılması
üçün bir sıra tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur.
Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən studiyalar gənc səhnə sənəti mütəxəssislərinin peşəkarlığının artırılmasında mühüm rol oynayır. A.Nemətov deyir: “İnformasiya texnologiyalarının həyat və məişətimizə sürətlə daxil olması teatr aləminə də müəyyən təsirlərini göstərir. Bu, həm müsbət, həm də mənfi təsirlərdir. Yalnız onu deyək ki, cəmiyyətimiz yeniləşdikcə zövqlər də zənginləşir, şüur inkişaf etdikcə tələblər dəyişir. Bu, teatr sənətində də belədir. Yeniliklər özündən əvvəlkiləri inkar edir. Ona görə də bəzən teatrlara marağın azalması barədə söz-söhbətlər gəzir. Əslində, nələr baş verdiyindən tələbkar tamaşaçılar xəbərdardır. Yeni nəsil səhnə sənətinə yiyələndikcə onların gətirdiyi yeniliklər, Avropa teatrlarının mütəxəssisləri bizdəki texniki avadanlıqların olmasına və dövlət tərəfindən səhnə sənətinə, ümumiyyətlə, mədəniyyət və incəsənətə göstərilən maddi və mənəvi diqqətə heyran qalırlar. Ona görə də son illər əcnəbi rejissorlar Azərbaycan teatrlarında müştərək tamaşalar hazırlamağa maraq göstərirlər. Burada Ramiz Fətəliyev, Natiq Rəsulzadə kimi beynəlxalq aləmdə tanınmış yazıçı-ssenaristlərimizin əsərləri hazırlanır. “M.F.Axundzadə dərsləri” laboratoriyasına qəbul edilən əsərlər xarici ölkələrdə, müxtəlif dillərdə çap edilir. Xalq artisti Cənnət Səlimova kimi sənətkardan bu laboratoriya və studiyalarda dərs alan gənc rejissorlar az deyillər. Qələbə mənasını daşıyan “Zəfər” studiyasında hazırlanan əsərlər sırf vətənpərvərlik mövzularında olur. Onların qayəsi düşmən üzərində qələbə çalmaqdır. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının yerləşdiyi bina mərhum və klassik sənətkarlarımız Mustafa Mərdanovla Zəfər Nemətovun o zamanlar həm təşəbbüsləri, həm də maliyyə yardımları ilə tikilmişdir. Aktyorlar Evi isə Abbas Mirzə Şərifzadənin adını əbədiləşdirib. Burada “Mustafa Mərdanov səhnəsi” və “Zəfər studiyası”nın fəaliyyət göstərməsi də məhz ölməz sənətkarlarımızın böyük teatra məhəbbətlərinin ifadəsidir”.
Azərbaycan milli teatrının tarixi keçmişi və bugünkü vəziyyəti barədə söz açarkən ilk növbədə onların bəzilərinin erməni vandalizminin qurbanlarına çevrilməsini xatırlatmalıyıq. İrəvan, Şuşa, Ağdam, Füzuli dövlət dram teatrlarının kollektivləri ötən müddət ərzində qaçqınlıq-köçkünlük ağrılarını daşımaqla yanaşı, düşmənin məkrli, çirkin siyasətinin ifşasının bədii ifadəsini tapmaq üçün yaradıcı potensialından səmərəli istifadə ediblər.
Lakin müxtəlif yerlərdə, sadəcə, uyğunlaşdırılmış şəraitdə tamaşalar hazırlayan Füzuli Dövlət Dram Teatrı yenidən Horadiz şəhərinə qayıdıb və fəaliyyətini doğma yurd yerində bərpa edib. Ağdam, Şuşa, İrəvan dövlət dram teatrlarının öz fəaliyyətlərini bərpa etmələri, təbii ki, mədəniyyətimizə dövlət qayğısının təzahürüdür.
Azərbaycan milli teatrının inkişafı bir sıra digər amillərdə də özünün təsdiqini tapıb. UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun konqresinin Bakıda keçirilməsi də məhz Azərbaycan mədəniyyətinin bugünkü tərəqqisinin ifadəsidir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2015.- 8 mart.- S.6.