ANA şərəfin, şanın ucalığında dayanan varlıqdır

 

...Müqəddəs varlıqlardan biri - zərif, incə məxluq epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradının ən gözəl əsərlərindən sayılıb.

Ana və Vətən!

Bu iki müəqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb, ayrılsalar cənnət cəhənnəmə dönər. Bəlkə elə buna görə peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirir, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.

Ana ailədə od-ocaq, istilik, mərhəmdir. Ana qardaşa bacı, həyandır. Ana yurddaşdır - yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən ucadadır: baş tacıdır, ar-namusdur. Ana həm el-obada ağbirçək - yolgöstərəndir...

8 mart Beynəxlaq Qadınlar Günündə anaları anmaq, xatırlamaq, onların xidmətində dayanmaq müqəddəs borca çevrilib. 8 Mart qadın gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin qadın bayramının qeyd olunması daha qədim tarixə malikdir. Hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda böyük ailə anası deməkdir) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar bayram günü bütün işlərindən azad olunur hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın məbədinə gedirdilər.

Bütün bunlarla yanaşı, ötən əsrin 90-cı illərindən analarımız daha müqəddəs bir obraza çevrildilər, həm səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir yurd, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında, qundağında körpəsi boğulan, yurdu-tifaqı dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən ağbirçək obrazı xatırlatdı analar! Çünki analar bağrı yarılan, əli xınalı, qırmızı gərdəyi qana boyalı gəlin, yaşmaqlı ağbirçək nənə kimi yazıldılar yaddaşlara... Analarımız itkin, əsir balalarını laylalarla deyil, bayatı-ağılarla harayladılar:

Yağı, nələr eylədin?

Karvanımı əylədin.

Bir balamı apardın,

Bəs o birini neylədin?!

Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar - bu zərif məxluqlar həyatın mənası, bəzəyi əbədi gözəlliyidir.

8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ümummilli lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”.

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərin nəticəsi belə deməyə əsas verir ki, ölkəmizdə qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma göstəriciləri ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə Azərbaycan cəmiyyətində qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Qadınlarımız taleyüklü məsələlərin həllinə qərar vermək səlahiyyəti əldə etməklə belə bu günün lideri rolunu oynayır. UNESCO İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu mənada örnək kimi beynəlxalq miqyasda Azərbaycan qadınının parlaq obrazıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, qadınlarımız Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar: “Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları tükənməz daxili potensialları ilə bu gün xalqa cəmiyyətə fədakarcasına xidmət edirlər”.

Xalqımızın şərəfli, çoxəsrlik qədim tarixinin səhifələrinə müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair sənətkar qadınlarımızın adları qızıl hərflərlə yazılıb.

Qadınların özünəməxsusluqları odur ki, onlar xarakter baxımından bir-birinə bənzəməzlər - zəif olduqları qədər güclülükləri ilə diqqət çəkirlər. Onları birləşdirən yeganə bir ad var - ana! Qadınlar fərqli, analar isə eyni olurlar. Onlar istəkləri, arzuları, sevinc kədərləri ilə bir-birilərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur - gözlərinin nurunu, gecələrin bal yuxusunu balasından əsirgəmir.

Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar.

Bədii əsərlərdə obrazlaşdırılmış belə nümunələr az deyil. S.Rüstəmin “Ana poçtalyon” şeirinin qəhrəman obrazı olan ananın oğul yolu gözləməkdən gözləri tor gətirmədimi?

Dörd ay vardı ananın gözləri yol çəkirdi,

Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi...

...Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum?

Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum”?

Oğlundan məktubu gec-gec gətirən poçtalyonu qınayan, sonralar isə onun özünün yolunu gözləyən ananın dərdi bir idisə, olmuşdu min.

Yaxud “, Ə. Kərimin “Qaytar ana borcunu” şeirində obrazlaşdırıldığı kimi, gecələr sübhə kimi beşiyi başında layla çalan ana oğulluq borcunu qaytarmaq barədə düşünməyən, onu damın altında tək qoyub şəhərə “oxumağa” gedən balasının yolunu gözləməkdən bezmir. Heç gücü ürəyində onu qınamağa da yetmir. Bircə balasına yalvarır ki, gümanımı yanıltma:

Ana fikirləşdi ki: “Gör neçə aya getdi”,

Ana yuxularında tez-tez Bakıya getdi.

Ana məktub yazdı ki: “Yanıltma gümanımı,

Pul nədir, pul deyirsən, göndərərəm canımı”...

Budur anaların müqəddəsliyi, bütün varlıqlardan yüksəklikdə dayanmaları, yaxud cənnətin onların ayaqları altında olmasını təsdiqləyən səbəblər...

8 Mart Azərbaycanda müstəqillik bərpa edildikdən sonra da öz mahiyyətini qoruyub saxladı. Bu gün qadınlara diqqət, qayğı sevgi özünü müxtəlif formalarda göstərir. Onlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılırlar.

...Ana cəmiyyətdə öz vacibliyini təsdiqləyən adilikdən ali kürsülərədək ucalan vətəndaşdır, həm yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir, əyricidir, toxucudur... Ana müəllimdir, həkimdir, təyyarəçidir, mühəndisdir, nəhayət, şairdir, bəstəkardır, səhnə xadimidir, rəssamdır... Kim deyil ki, analar?! Sənət dünyasının sevilənlərinin sırasında, önündə gedəndir! O, alimdir, diplomatdır, Milli Qəhrəman anasıdır!..

Analar müqəddəsdirlər, həm Vətənə şəhid oğul verdikləri üçün! Analar dözümlüdürlər, dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi qəlblərində qaynayan analar səbirlidirlər... Analar ölməzdirlər!

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 8 mart.- S.8.