Yel çərşənbəsi
İlaxır çərşənbələrin üçüncüsü hesab edilən Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Açması külək olan “Əl ilə tutmaq olmaz, göz ilə görmək olmaz” tapmacasının özək qatında yelin, havanın gücünə işarə olunur, onun gözəgörünməz, ələkeçməz, sirli-sehrli ünsür olduğu vurğulanır. “İgidlik ondur, doqquzu qaçıb canını qurtarmaqdır, biri isə heç gözə görünməməkdir” deyimimizdə də gözəgörünməz və bununla həm də ələkeçməz, tutula bilməyən əlamətə malik olmağın bir igidlik, güc göstəricilik funksiyası daşıması aydın görünür.
Bu amil xüsusən də düşmənə qarşı döyüşən kəşfiyyatçının timsalında daha çox özünü doğruldur. Müharibədə kəşfiyyat dəstələrinin, əks-kəşfiyyatın əsas sarsıdıcı güc olması da mühüm şərtlərdən sayılır. Elə yaz fəslinin gəlişini qabaqcadan işarələyən ilaxır çərşənbələrin mahiyyətində də ölgün təbiətli qış fəsli ilə mübarizə zəminində yeni həyatı - yenidən dirilməni canlandırmaq motivi dayanır. Havanın yaradıcılıq stixiyasını öz üzərinə götürən, el arasında yel, külək çərşənbəsi və s. adlarla tanınan çərşənbənin də bu sırada məxsusi yeri var.
“Xalq arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə”, “küləkli çərşənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” adları ilə tanınan yel çərşənbəsinin səciyyəvi xüsusiyyətlərindən mərhum professor Azad Nəbiyev belə söhbət açırdı: “Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi kimi qəbul edilir.
Əski etiqadlara görə, torpaq altda - “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq əvvəlcə təmizlənir, sonra isə müxtəlif libaslarda özünü göstərir. Libasların adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik deyimi xüsusi məna daşıyır. Belə ki, türk mifologiyasında Ağ yel - ağ libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda təsəvvür edilir”.
Burada göstərildiyi kimi, küləyin gün ərzində bir neçə dəfə dəyişməsi, isti və soyuq şəkillərə düşməsi və s. dəyişkən təbiətlilik nümayiş etdirməklə “ərzi gəzməsi” əslində onun kəşfiyyata çıxmış obrazını - suyu, odu, həmçinin torpağı hərəkətə gətirmək kimi misilsiz gücünü ifadə edir. Təbiətdə əsən yelin gücü ilə külək enerjisinin alınması faktı da bir daha yelin (havanın) dörd yaradılış elementindən biri olmaqla, eyni zamanda həm də onun enerji - istilik, güc mənbəyi olduğunu (yaradıcı stixiyasını) göstərir. Mifik məzmunun real həyati çalarda təzahürünü ortaya qoyur. Küləklərin mifik rəng göstəricilərində ifadə olunması isə yelin, küləyin (havanın) mahiyyətində dayanan kosmos (Ağ yel) və antikosmos (Qara yel) qoşalığının olmasından xəbər verir. Qara libasda olan Qara yel və ağ libasda Ağ yel qarşıdurmasında biri qışı və digəri yazı (Novruzu) təmsil etməklə bunların hər ikisi arasında gedən mübarizəni təcəssüm etdirir. Od çərşənbəsindəki od (ünsürü) od olub dünyanı yandırmadığı kimi, məhv etmədiyi kimi, yel çərşənbəsində də yel öz dağıdıcı qasırğasını bir kənara qoyub, xeyirxahlıq iradəsini (yaradıcılıq missiyasını) diktə etdirir. Bununla da xaosdan çıxış missiyasını ifadə edən mərasimin keyfiyyətini təbii proses kimi reallaşdırır.
Azərbaycan mifoloji mətnlərində də Yelin xeyirxah obrazı öz əksini belə tapıb:
“Dünyada nə ki yel, külək var, hamısının ixtiyarı Yel babanın əlindədir. Xırman savıranda cəməhət Yel babanı köməyə çağırıb deyər: Yel baba, gəl atına saman apar.
Yel baba da gəlib xırmanı
savırar. Dən qalar adamlara,
samanı da Yel baba aparar
öz atına”.
Bu mətnlə səsləşən
bir tapmaca da var:
Ələk olar, vələk
olar,
Xırmanlarda gərək olar.
Cavabı külək olan bu tapmacada yuxarıdakı
Yel babanın gəlib xırmanı sovurub insanlara kömək etməsi inamının izləri müşahidə olunur. Küləyin (havanın) antropomorflaşmış
obrazı olan Yel babanın burada insanlara himayədarlığı - taxılını
sovurub, dəni adamlara verməsi ilə maddi yardımçı olması
göstərilir. Dən - taxıl
yaşayış stimulu
verən ərzağı,
insanlara acından ölməmək üçün
qida, ruzi ilə təmin etmək gücü verir. Bu gücü
isə yel, külək (hava) - Yel baba bəxş
edir. Bu da
acından ölməkdə
olan və xilası, yeni həyat tapması üçün haraya çağırılan hava
ünsürünün (Yel
babanın) yaradıcı
gücünü - yaradıcılıq
stixiyasını ifadə
edir. Su, od və torpaqla yanaşı, dördüncü yaradıcı
element kimi havanın (yelin, küləyin) varlığını özündə
inikas edir. Bu, həm də
qış azuqəsinin
tükəndiyi bir məqama təsadüf etməklə həyat, yaşayış üçün
zəruri olan ərzaq amilinin təmin olunmasında Yel babanın (yelin, havanın) mühüm rol oynayacağına inamı
əks etdirir. Xalqımızın Yel baba ilə əlaqəli
söylədiyi inanc nümunələrində də
onun bu kimi
əlamətlərinə işarələr
əks olunur:
Yel baba xırmana gəlməmişdən
öncə ordan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin
oğlu ölər.
Xırman sovrulandan sonra ilk buğda götürənin
oğlu olar.
Taxıl sovrulanda Yel baba əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk
bağlayarlar, onda Yel baba insafa
gəlib yavaş əsər.
Taxıl
döyüləndə yel
boğanağı qalxarsa,
qızlar: “ - gəlmə, gəlmə,
sənə gedərəm”,
- deyərlər.
Bu tipli inanclarda yelin taxılla - ərzaqla bağlı mühüm funksiyasının
olduğu diqqətə
çatdırılır, yaşayış,
dirilik üçün
zəruri olan qida (çörək) bolluğunda yelin köməyinə ehtiyac duyulduğu ifadə olunur. Yel babadan icazəsiz
(Yel baba gəlməmiş) taxıl
(sovrulmamış buğda)
götürənin oğlunun
öləcəyinə (ölüm
hadisəsi) inamla Yel babanın xeyir-duası ilə (xırman sovrulandan sonra) buğda götürənin oğlunun
olması (doğulma -
dirilik tapma aktı) inancı arasında görünən
ziddiyyətli fərqlər
də birbaşa onu göstərir ki, yel özlüyündə
ikili təbiəti (xaosu və kosmosu)
təmsil edir. Yelin güclü əsib işə mane olması ilə (yenə xaosu təmsil etməsi) Yel babanın insafa gəlib yavaş əsməsi (burada isə kosmos yaradıcılığına xidmət
göstərməsi) arasındakı
qarşıdurma da yelin ikili təbiətini
xarakterizə edir.
Həmçinin də
taxıl döyülən
- sovrulan zaman qalxan yel boğanağına
(güclü külək
əsməsinə - dağıdıcılıq
gücünə) rəğmən
qızların onun könlünü alıb:
gəlmə, gəlmə
(yəni boğanaq dolu nəfəsinlə - külək qasırğası
ilə bizə tərəf əsmə) deyib, bunun müqabilində
- əsməyəcəyi halda
“sənə gedərəm”
(sənə ərə
gələrəm) deyə
vəd etmələri
də yel ruhunu razı salmaqla - Yel babanın könlünü
xoş etməklə həm də yel (hava) ilə
insanların birbaşa
kontakta girməsini əks etdirir. Bu cür inamlar
insanların yel (hava) ünsürünün
dağıdıcı, məhvedici
xislətinin yumşaldılıb
yeni həyat nəfəsi bəxş etməyə yönləndirilməsinə
olan mifik baxışlarının göstəricisidir.
“Yeli əsdirəni söyməzlər” tabu - inancı da elə birbaşa yel tanrısının - yel ruhunun müqəddəsliyi
anlamını özündə
ehtiva etməklə yelin gücünə (dağıdıcılıq və
yaradıcılıq - quruculuq
gücünə) olan
inamın təsdiqi təzahürüdür.
Bir məqamı
da burada diqqətə çatdırmaq
istərdim. Sual doğa bilər
ki, axı taxıl biçini vaxtı tam başqa vaxta - başqa bir mövsümə (fəslə) təsadüf
edir. Aydınlıq gətirib deyirəm
ki, bu mövsüm
mərasimi, birincisi, bizim xalqımızın dünyagörüşünün ifadəsidir. İkincisi, burada
xalqımızın Yel
baba (yel, külək və onun yaradıcı ünsürünün ifadəçisi
olan hava) ilə bağlı mifik düşüncələrini
ortaya qoyur və nəticədə Yel çərşənbəsindəki
yel-hava ünsürünə
olan xalq münasibətini üzə
çıxarır. Başqa sözlə,
Yel çərşənbəsinin
rəmzini əks etdirən hava stixiyasının xalq təfəkküründəki yerinə,
mövqeyinə aydınlıq
gətirir. Xalqımızın havaya yaradıcı ünsür kimi mifik baxışlarına işıq salır.
Nəhayət, üçüncüsü,
ilaxır çərşənbədə,
eləcə də Novruzun özündə Yel baba ilə
bağlı söylənən
nəğmələr də,
icra edilən ayinlər də təqlidi xarakterdə olub, təqlidi mərasim aktını əks etdirir. Yəni Novruzqabağı çərşənbə
rituallarında həyata
keçirilən ayin-mərasimlər
ümumilikdə təqlidçi
xarakterdə olub, xalqın həyata baxışını işarələyir,
bu təqlidi mərasimlərlə təbiət
qüvvələrinə təsir
edəcəkləri inamını
əks etdirir.
Xalqımızın yelə inancını əks etdirən bir sıra folklor örnəkləri ilə rastlaşırıq. Hətta soydaşlarımızın yaşadığı Gürcüstandakı Bolnisi rayonunun Kəpənəkçi kəndi yaxınlığında Yel dağı adlı ziyarətgah da var. Müqəddəs sayılan Yel dağına ürəklərində arzu, dilək tutub, nəzir-niyaz edir, qurban gətirib kəsirlər. Yaxın ərazidə yaşayan qonşu xalqların əhalisindən də (yunanlar, gürcülər, ermənilər) bura etiqad edib, iman gətirənlər olur. Yel dağı (insaniləşmiş Yel baba obrazı) nəzirini, qurbanını qəbul edən şəxsin xeyir tapıb arzusuna yetəcəyinə inanılır. Yel dağına nəzir gətirilməsi, qurban deyilməsi, and içilməsi özü bir daha təsdiq edir ki, xalqımızın yelin, küləyin (havanın) yaradıcı gücünə, ilahi bəxşedicilik missiyasına inamı mifik çağlardan qaynaqlanır.
Yelin ilaxır çərşənbəsi ilə əlaqəli mifik gücünə inamımızı əks etdirən inanclarımızdan birinə üz tutaq:
Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Bəli, bayram ovqatı insanlarda xoş əhval-ruhiyyə yaradır, həyata nikbin baxışlarını əks etdirir. Eyni zamanda müqəddəs günləri işarələyən bayramlar insanlara arzu və ümidlərinin gerçəkləşəcəyinə inamı təlqin edir. İlaxır çərşənbə bayramları sırasında duran yel çərşənbəsində Yel babanı niyyət edib çağırmaqla, onun səsi - diləyi eşidib gəlməsi və əsməsi nəticəsində ağacın (söyüdün) budaqlarını yerə əyib toxundurması ilə ürəkdəki arzunun hasil olması inancı isə birbaşa xalqın bayrama - yel çərşənbəsi bayramına olan müqəddəs mifik baxışlarını əks elətdirir. Yel çərşənbəsinin xalq təfəkküründəki canlandırılmış obrazı olan Yel baba xalqımızın arzu-diləklərini, niyyətlərini öz nəfəsi - ilıq mehi, xoş havası ilə cana gətirib, əməli cəhətdən həyata keçirən gücün təmsilçisidir.
Qoy yel çərşənbəsinin ilıq məhrəm nəfəsi bütün xoş arzularımızı cücərtsin!
Şakir ALBALIYEV,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi,
filologiya üzrə
fəlsəfə doktoru
Azərbaycan.-2015.- 8 mart.- S.8.